Qazaxıstan “şahzadəsi” Dariqa Nazarbayeva siyasətdən niyə uzaqlaşdırıldı?

0
242

Postsovet məkanının həm ərazi, həm də iqtisadi baxımdan ən böyük ölkələrindən biri hesab edilən Qazaxıstan  yeni çaxnaşmalar dövrünə qədəm qoyub. Buna da səbəb may ayının əvvəllərində gözlənilmədən Nursultan Nazarbayevin varisi hesab edilən Dariqanın ölkənin siyasi həyatından uzaqlaşdırılmasıdır. Belə ki, çoxlarının gözləmədiyi halda  prezident Kasım-Jomart Tokayev heç bir izahat vermədən Senatın spikeri Dariqi Nazarbayevanın, yəni Elbasın böyük qızının səlahiyyətlərinin dayandırılması haqqında fərman imzalayıb. Fərmanın verilməsinin ardınca dərhal vakant yerə deputat Maulen Aşimbayevi təyin ediblər. İldırım sürəti ilə baş verən Qazaxıstanın siyasi dairəsini çaş-baş salan hadisələr bununla bitməyib  Maulen Aşimbayevi  dərhal da Dariqanın yerinə parlamentin yuxarı palatasının spikeri seçiblər. Onu da deyək ki, Maulen əvvəllər Prezident Administrasiyası rəhbərinin birinci müavini işləyirdi.  Baş verən hadisələrlə  bağlı diqqəti cəlb edən bir məsələ də yeni təyinatların mətbuata heç bir məlumat sızdırılmadan həyata keçirilməsidir. Dariqanın özünün də vəzifədən götürülməsini çaşqınlıqla qarşılaması da onun baş verən hadisədən öncədən xəbərinin olmadığını göstərir. Əlbəttə, formal olaraq fərman Prezident Tokayev tərəfindən imzalansa da bunun elbasının razılığı olmadan edildiyini düşünmək sadəlövhlük olardı. Tamamilə aydındır ki, qızının yüksək vəzifədən kənarlaşdırılması dövlətin birinci başçısı Nursultan Nazarbayev tərəfindən irəli sürülüb.

 

 Lakin buna səbəb nədir? Doğrudanmı Nazarbayev varis planından əl çəkərək  Tokayevi birdəfəlik olaraq  özünün siyasi varisi hesab edir? Hələlik bu sullara cavab vermək çətindir,çünki pərdəarxasında bizə məlum olmayan siyasi oyunların getdiyi ehtimal edilir. Belə ki, Dariqanın adı  son vaxtlar Londonda yaşayan oğlu ilə bağlı bəzi xoşagəlməz hadisələrdə hallandırılırdı. Onun narkotikaya qurşanan oğlunun anasının və babasının əleyhinə səsləndirdiyi xoşagəlməz ittihamlar Nazarbayev üçün başağrısına çevrilmişdi. Eyni zamanda  Dariqanın oğlunun taleyinə biganəliyi və onun Londonda mülklərinin olması barədə məsələ gündəmə gətirilərək ölkənin imicinə zərbə vurmaqda idi.  Bütün bunların da  Dariqanın vəzifəsindən uzaqlaşdırılmasında önəmli rol oynaya biləcəyi istisna edilmir. Bundan əlavə Dariqanın bir çox biznes layihələrin həyata keçirilməsinə mane olduğu və bu zaman şəxsi maraqlarından çıxış etdiyi də sirr deyildi. Qızının hərəkətlərinin nəticədə Nursultan Nazarbayevin səbrini daşdırdığı da irəli sürülən ehtimallar arasındadır.  İstənilən halda Dariqanın tutduğu vəzifəsindən gözlənilmədən uzaqlaşdırılması onun varisiliyini şübhə altına alıb. Çünki faktiki olaraq Dariqa prezident Tokayevi özünün kölgəsində qoymuşdu və ona istədiyi kimi ölkəni idarəetmyə imkan vermirdi. Nazarbayevin Dariqanın vəzifədən uzaqlaşdırılması ilə varis planından imtina etməsi ehtimalına gəlincə

 bu, yaranmış vəziyyətin ən sadə izahıdır. Çünki  Tokayev faktiki olaraq öz yerinə keçməyə əsas namizəd hesab edilən və  yüksək vəzifə sahibi hesab edilən ikinci şəxsi işdən çıxarıb. Bu isə o deməkdir ki, bir çoxlarının potensial dövlət başçısı hesab etdikləri Dariqanın vəzifəsindən azad edilməsi ailə varisliyindən imtina edilməsi anlamına gəlir.

Belə çıxır ki, indi ön plana Tokayev çıxır. Çünki Senatın yeni spikeri Tokayevə ən yaxın adamlardan biri hesab edilir. Beləliklə son hadisələr faktiki olaraq hazırkı prezidentin mövqelərini möhkəmlədərək, onun daha sərbəst şəkildə fəaliyyət göstərməsinə, özünü sözün əsl mənasında dövlət başçısı kimi  hiss etməsinə imkan verir. Əlbəttə bütün bunların Tokayev üçün həm müsbət, həm də mənfi tərəfləri var. Belə ki, Tokayevin səlahiyyətlərinin genişlənməsi və onun Dariqanın kölgəsindən çıxması nə qədər önəmli isə, bütün bunlar onun siyasi və iqtisadi fəaliyyəti zamanı başağrısına çevrilə bilər. Belə ki, indi Tokayev koronavirusla bağlı mübarizədə uğurun əldə edilməsi, eyni zamanda ölkədə iqtisadi islahatların arzuedilən səviyyədə həyata keçirilməsi üçün cavabdehlik daşıyacaq. Tokayevdən atdığı hər addımda müsbət nəticələr gözləyəcəklər. O büdrədiyi halda dərhal sərt tənqid hədəfinə çevriləcək,koronavirusla bağlı artan ölümlərdə günahlandırılacaq, iqtisadi layihələrlə bağlı problemlərlə üzləşəcəyi təqdirdə sərt çəkildə tənqid atəşinə tutulacaq.

Necə deyərlər, Tokayev faktiki olaraq  nüfuz və hakimiyyət səlahiyyətlərinin genişlənməsi ilə özünü güclü zərbə altına qoyur. Ən azı ona görə ki, o, COVİD-19 pandemiyasından ciddi zərər çəkmiş Qazaxıstanı kifayət qədər dərin iqtisadi böhrandan çıxarılmalı olacaq.  Bu proses zamanı Tokayev yalnız adi ölümlər arasında deyil, siyasi elitada və nüfuzlu biznes dairələrində çoxlu narazı şəxslərlə qarşılaşacaq. Bundan başqa, geosiyasi xarakterli problemlər getdikcə daha da artacaq və o bundan çıxış yolları  axtarmalı olacaq. İstənilən halda Dariqanın işdən çıxarılmasından sonra Tokayevi asan günlər gözləyəcəyini dədüşünmək sadəlövhlük olardı.

Bəs  Dariqanın gələcəyi necə olacaq, o doğrudanmı atası tərəfindən həmişəlik siyasətdən uzaqlaşdırılacaq? Bu a birmənalı cavab vermək çətindir. Ancaq o da heç kimə sirr deyil ki, Dariqanın taleyi məhz Nursultan Nazarbayevin ona münasibətdə yaxın gələcəkdə atacağı addımlardan asılı olacaq. Belə ehtimal edilir ki, Nazarbayev Tokayevin əli ilə  Dariqanı vəzifədən çıxarmaqla faktiki olaraq ölkədə onun fəaliyyətindən narazı olan geniş əhali kütləsinin rəğbətini qazanmaq, onların arasında nüfuzunu daha da möhkəmlətmək xətti yeridib. Bununla belə Dariqanın gələcək siyasi karyerası üçün digər ehtimalların da olduğu istisna edilmir. Məsələ ilə bağlı ortaya atılan iddiaların birinə görə, Nazarbayev qızını vəzifədən uzaqlaşdırmaqla onun gələcəkdə siyasi karyersı üçün ehtiyat planlar hazırlayıb. Əgər Nazarbaeyin belə planı varsa, onda hadisələrin inkişafı üçün bir neçə variant mümkündür. O cümlədən, ilk prezidentin qızı vaxtilə “Asar” partiyasını yaradıb və indi onun növbəti parlament seçkilərinə doğru irəliləməsi və möhkəmlənməsi anı gəlib. Əgər bu” ölü ” nömrədirsə, onda Nazarbayev  ona hazırda özünün rəhbərlik etdiyi hakim “Nur Otan” partiyasına rəhbərlik etməyə kömək edə bilər.

Nəhayət Nazarbayevin uzaqgörən siyasətçi olduğunu və hərtərəfli düşünmədən hər hansı bir addım atmadığını nəzərə  alsaq, onda Dariqanın vəzifəsindən uzaqlaşdırılmasının da təsadüfi olmadığını ehtimal etmək məntiqi baxımdan daha ağlabatan görünür.  Necə deyərlər, Nazarbayevin tətbiq etdiyi siyasi kriteriyalardan çıxış etsək onda  xanım Dariqa Tokayevi partiyanın gücü ilə “yıxmaq” və özü prezident olmaq perspektivi ilə qarşılayacaq

O da istisna deyil ki, ata hazırda qızını  ölkənin birinci şəxsi hesab edə bilmədiyindən  Tokayevin prezidentlyini daha arzu olunan hesab edir. Qızını tam şəkilldə gələcək prezidentliyə hazırlamaq üçün Nazarbyevin onun Baş nazirin birinci müavini təyin etdirəcəyi məsələsi də müzakirə hədəfidir. Əgər həqiqətən də Tokayev Nazarbayevin həqiqi mənada varisi deyilsə, onda Dariqanın baş nazirin birinci müavini və ya siyasi partiya lideri kimi hakimiyyətə gedən yolunun önü açılmış olacaq.

Bir sözlə, Dariqanın vəzifədən kənarlaşdırılmasının əsl səbəbi hələlik məlum deyil. Bəlkə də Nazarbayev Dariqanın ölkənin biznes mühitində sevilmədiyini nəzərə alıb və gələcəkdə bununla bağlı daxili qarşıdurmalara yol verməmək üçün belə bir addım atıb. Buraya beynəlxalq iqtisadi və siyasi dairələrdə də Dariqaya münasibətin müsbət olmadığını nəzərə alsaq, onda atılan son addımların Nazarbayevin özündən sonra  Qazaxıstanın  dünyadakı siyasi nüfuzunu qoruyub saxlaması, siyasi güc mərkəzlərinə münasibətdə tarazlaşdırıcı siyasətin davam etdirilməsi məqsədlərinə xidmət etdiyini düşünmək olar.

Burada daha bir sual yaranır: Dariqa Nazarbayeva vəzifədən azad edilməsi, siyasətdən birdəfəlik getməsi və nüfuz imkanlarının zəifləməsi  ilə barışa biləcəkmi? Ola bilsin ki, son hadisələrdən sonra müəyyən qədər gözləmə  mövqeyində dayanmağa məcbur olacaq dariqa  bir qədər “ istirahət”dən sonra    yenidən qızğn siyasi fəaliyyətə başlasın. Onun belə bir qızğın siyasi fəaliyyətə başlaması isə ilk növbədə atasının fiziki və siyasi fəaliyyət qabiliyyətinin nə qədər davam edəcəyindən asılı olacaq. Bir sözlə  Dariqanın vəzifədən uzaqlaşdırılması ilə bağlı Qazaxıstanın siyasi həyatında baş verən son hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi istənilən halda Tokayevdən deyil, Nursultan Nazarbayevin atacağı addımlardan asılı olacaq.

Əziz Mustafa