Qarakənd faciəsinin şahidi necə öldürüldü? – Sensasion faktlar

0
613

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycan hərbi helikopteri vuruldu. Terror aktı zamanı Azərbaycanın görkəmli dövlət xadimləri həlak oldu.

Teraktdan nə az-nə çox, düz 28 il ötür, amma hələ də bu müəmmalı faciə ətrafında xeyli cavabsız suallar dolaşmaqdadır: Hadisə necə baş verib? Terror aktını kim planlaşdırıb, kim həyata keçirib?

Uzun illər hüquq-mühafizə orqanlarında müstəntiq kimi çalışan Nicat Cəfərov Axar.az-a açıqlamasında Qarakənd faciəsi ilə bağlı könüllü şəkildə araşdırma apardığını deyib. O, həmin terrorda atası – Şuşa rayonunun birinci katibi Vaqif Cəfərovun həlak olduğunu bildirib:

“Atam həlak olanda 42 yaşı var idi. Hadisədən əvvəl ona dəfələrlə sui-qəsd törədilmişdi, amma hər dəfə sağ qalmışdı. Ona hədə-qorxu məzmunlu məktublar gəlirdi. İlk dəfə atam erməni terrorçularının hədəfinə 1989-cu ildə tuş gəlib. Belə ki, həmin vaxtlar Qarabağda yaşayan azərbaycanlılar Dağlıq Qarabağın Azərbaycandan ayrılması ilə bağlı akta qol çəkməyə məcbur edilirdi. Atam buna qarşı çıxan azsaylı insanlardan biri idi. Axıra kimi getdi və bununla da özünə ölüm hökmü verdirdi.

Atamın dostları deyirdi ki, Vaqifin hər yanda dediyi bir söz var idi: “Nə qədər ki mən sağam, ermənilər Şuşaya girə bilməyəcək!”

N.Cəfərov atasını son dəfə hadisədən bir neçə gün öncə gördüyünü deyib:

“Bacımın ad günü idi. O, çox xoşbəxt görünürdü. Hamıya deyirdi ki, Qarabağ məsələsinin həlli yolu artıq tapılıb. Atam bu məsələ ilə bağlı Moskvaya ezam olunacaqdı. Həmin günü səbirsizliklə gözləyirdi. Amma Moskva əvəzinə Xocavəndə yola salındı… Onun sənədlərinin içində 20 noyabr tarixinə yazılmış Bakı-Moskva aviabileti də tapılıb. Niyə Moskvaya yox, Qarabağa yollanır? Bu sualın cavabı sirr olaraq qalacaq.

Onu itirmək çox çətin və ağrılıdır. Atam öldükdən sonra anam – azərbaycanlı alim Laləzar Zeynalova onun yoxluğu ilə barışa bilmədi və bir müddət sonra ürək çatışmazlığından cavan yaşında dünyasını dəyişdi. Bizi bir şey həyatda saxladı: atamızın qəhrəmanlıqla şəhid olması. Oğlumun adını Vaqif qoymuşuq”.

Hadisə ilə bağlı araşdırmalara gəlincə, N.Cəfərov bir sıra maraqlı məqamlardan söz açıb:

“Uzun sürən araşdırmamın sonunda belə bir qənaətə gəldim ki, bu, dəqiq hesablanmış böyük planın bir hissəsi idi. Hər şey cüzi məqamlara qədər planlaşdırılmışdı. Hərənin bu planda öz missiyası var idi. O qədər ideal plan hazırlanmışdı ki, bu planın qarşısını ala biləcək insanlar da vertolyotda idi. Bu, Qarabağı ələ keçirmək planı idi. Terror hadisəsi isə planın bir qolu idi”.

Qarakənd hadisəsinin şahidlərindən olan filologiya elmləri doktoru, ASSA-İRADA-nın təsisçisi, bir sıra tarixi kitabların müəllifi Fazil Abbasov saytımıza açıqlamasında bildirib ki, helikopterə dəvət alan dostlarından bir neçəsi həmin gün bu hadisənin baş verəcəyindən şübhələnmişdi:

“Onların çoxunu tanıyırdım, çox qorxmaz, igid insanlar idilər. Son anadək öz aralarında zarafat edib, “Sizcə, hamımızı bir vertolyota yığmaqları səbəbsizdir? Bu, düşmən üçün ən gözəl şansdır” deyirdilər.

Bu sözlərdən bir neçə saat sonra hamı bir nəfər kimi helikopterə minir. Çox qəribədir, helikopter “qəzaya” uğrayır və qara qutu məhz Rusiyaya göndərilir… O vaxt bizə dedilər ki, Bakıda “qara qutu”nu oxuya bilən təchizat olmadığından Moskvaya göndərilib. Təəccüblü deyil ki, “qara qutu” da, bu işlə bağlı dəlillər də Moskvada yoxa çıxdı”.

F.Abbasov xatırladıb ki, orada dəlil kimi istifadə oluna biləcək daha bir amil var idi:

“Hadisənin necə baş verməyini bir çoban anbaan görüb. Amma hüquq-mühafizə orqanlarının nümayəndələri Bakıdan çobanın yanına çatanda o artıq ölmüşdü. Rəsmi məlumata görə, ehtiyatsızlıqdan həlak olub.

Qeyd edək ki, 1991-ci il noyabrın 20-si saat 14:42-də içində dövlət xadimlərinin olduğu Mİ-8 N72 helikopteri Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçarkən vurulub. Hadisə zamanı Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, Dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan Daxili İşlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev və başqa şəxslər həlak olub.

Baş prokuror İsmət Qayıbovun cibindən görkəmli şair Ömər Xəyyama məxsus bu şeir parçası tapılıb:

“Cənnət-cəhənnəmə gedən yox, könül,

Gedib də geriyə dönən yox, könül,

Ümid və qorxumuz o şeydədir ki,

O şeydən bir xəbər verən yox, könül”.

Arazinfo.com