Qarabağa görə Yeltsini günahlandıran rus politoloqa etirazlar

0
609

Rusiyanın bir qrup ekspertinin iştirakı ilə Qarabağ bölgəsində-Cəbrayılın Cocuq Mərcanlı kəndində keçirilən konfransda və ondan sonra Ermənistanın işğalına qarşı çıxışların edilməsi İrəvanda və Rusiyadakı ermənipərəst qüvvələrdə kəskin qıcığa səbəb olub. Ancaq maraqlısı budur ki, hətta açıq şəkildə təqib olunmalarına baxmayaraq, Azərbaycanın dostları olan rus ekspertlər mövqelərindən geri çəkilməyərək, ədalətli yanaşmalarını davam etdirirlər.

Belə ki, ötən həftə rusiyalı tanınmış ekspert və teleaparıcı Maksim Şevçenko videomüraciətində bir sıra maraqlı məqamlara toxunub. O deyib ki, Azərbaycan torpaqları Boris Yeltsin hakimiyyəti dövründə işğal olunub. Doğrudur, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonları məhz SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun və Rusiyanın ilk prezidenti Boris Yeltsinin dövründə işğal olunub. Ancaq üstündən onilliklər keçəndən sonra verilən bu açıqlama ilə rusiyalı politoloq sanki Rusiyanın hazırkı hakimiyyətini sığortalamağa çalışır. Hər halda, Rusiyanın hazırkı prezidentinin bir işarəsi yetərlidir ki, Ermənistan işğal etdiyi əraziləri tərk etsin, amma bunu etməyib.

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında son vaxtlar rusiyalı ekspert və politoloqların Qarabağla bağlıaktivləşməsinə və ara vermədən bəyanatlar səsləndirməsinə diqqət çəkdi: “Bu, bir neçə məqamla izah oluna bilər. Məlumdur ki, Ermənistanın yeni rəhbərliyi Rusiyaya bir neçə mesaj verib. Birincisi və əsası odur ki, Qarabağ münaqişəsi həll olarsa, Rusiya artıq Ermənistana lazım olmayacaq. İkincisi, bütün bu proseslərin həll edilməsində əsas maneə yenə Rusiyadır. Ermənistanı Türkiyə ilə qorxudan qüvvələrə cavab olaraq yeni hakimiyyət artıq bu proseslərdən çəkinmir. Bundan başqa, Ermənistanda ən yuxarı eşelonlarda baş verən korrupsiya hallarından Rusiya xəbərdar olmaya bilməzdi. Bütün bunlara görə artıq anti-Rusiya meylləri artmaqdadır. Məlum məsələdir ki, Dağlıq Qarabağ münaqişəsi SSRİ tərəfindən yaradılan bir münaqişə və hətta deyərdim ki, müharibə ocağıdır”.

A.Nağıyev qeyd etdi ki, əgər bütün xarici və ya daxili siyasətdə Rusiya özünü SSRİ-nin varisi hesab edirsə, deməli, bu münaqişə ilə bağlı da varis olmalıdır: “Əgər Rusiya politoloqlarının dediyi kimi, bu, Yeltsinin vaxtında baş veribsə, o vaxtdan kifayət qədər müddət ötüb və yeni rəhbərliyin vaxtında Ermənistan Rusiyanın tərəfdaş və vassalına çevrilib. Bu da münaqişənin həlli üçün kifayət qədər vaxtdır. Deməli, münaqişənin həlli üçün maraq olmayıb. Məhz buna görə də Rusiyanın indiki və keçmiş iqtidarı arasında Qarabağla bağlı hər hansı bir fərq hiss olunmur”.

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Politoloq Elçin Mirzəbəyli isə qəzetimizə dedi ki, Qarabağın hansı prezidentin dövründə işğal edilməsi Rusiyanın bu məsələdəki rolunu və məsuliyyətini azaltmır: “Hətta sovet dövründə də başlayan qanlı separatızm dalğasına, 20 Yanvar qətliamına görə Rusiya məsuliyyət daşıyır. Rusiya özünü SSRİ-nin hüquqi varisi elan edibsə, bu, Moskvanın yalnız SSRİ-nin nüvə arsenalına və digər üstünlüklərinə sahiblənməsi ilə yekunlaşmır. Rusiya SSRİ-nin hüquqi varisidirsə, deməli, həmin dövlətin bütün hüquqi öhdəliklərinə görə məsuliyyət daşıyır. Digər tərəfdən, Rusiyanın hazırkı prezidenti də Yeltsinin komandasının üzvü olub və Rusiyanın ilk prezidenti tərəfindən varis elan olunub. Bu baxımdan Vladimir Putin həm də Boris Yeltsinin siyasi varisidir”.

E.Mirzəbəyli digər məqamı da xüsusi vurğuladı: “Sirr deyil ki, Azərbaycan torpaqlarının işğalı prosesində Rusiya silahlı qüvvələrinin hərbi birləşmələri də fəal iştirak ediblər. Həmin birləşmələrə kimin əmr və ya göstəriş verməsinin də heç bir əhəmiyyəti yoxdur. Çünki onlar Rusiya dövlətinin adından çıxış ediblər. Boris Yeltsin də, digərləri də həmçinin. Azərbaycan ərazilərinin işğalı ilə bağlı Rusiyanın siyasətində fundamental dəyişiklik yoxdur. Yeltsinin hakimiyyətdən getdiyi zaman kəsiyində Kreml Ermənistanı dəstəkləməyə davam edib. Rusiyanın Gümrüdəki hərbi bazası gücləndirilib, Ermənistana əvəzsiz, yaxud guya kredit yolu ilə silah-sursat, hərbi texnika verib, işğalçı ölkə ilə hərbi-siyasi müttəfiqlik münasibətlərini genişləndirib və s”.

Politoloq qeyd etdi ki, əgər Yeltsin və komandası işğala dəstək veribsə, Putin də işğalın qalmasına dəstək verir: “Onu da nəzərə almaq lazımdır ki, Yeltsinin dövründə Rusiyada dövlət idarəçilik sistemi bərbad vəziyyətdə idi, ölkədə hərc-mərclik hökm sürürdü. İndi isə vəziyyət tamamilə fərqlidir. Yəni Putin Rusiyasının Ermənistana təsir və təzyiq imkanları Yeltsin Rusiyasının imkanlarından daha çoxdur. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə Yeltsinin rəhbərlik etdiyi Rusiya da səs verib. Yəni Rusiya həmin dövrdə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququndan da istifadə edə bilərdi. Amma Putin Rusiyası nəinki BMT Təhlükəsizlik Şurasında, hətta BMT Baş Assambleyasında belə Azərbaycanın ərazi bütövlüyü, həmçinin Ermənistanın işğalçılıq siyasətinə son qoyulması ilə bağlı sənədlərin müzakirəsinə mane olmağa çalışır. Sabah Rusiyanın mövqeyində hansı dəyişikliyin olacağını deyə bilmərəm, amma indi fərq göz qabağındadır. Əgər rusiyalı ekspert bu fərqi görə bilmirsə, o zaman onun ”görmə” ilə bağlı ciddi problemləri var”.“Yeni Müsavat”

BIR CAVAB BURAXIN