Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur

0
1852

Təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur.

Dövlət başçısının imzaladığı müvafiq sərəncamla təsdiqlənən sənəddə yeni strateji mərhələdə ölkəmizdə reallaşdırılması nəzərdə tutulan 5 milli prioritet müəyyənləşdirilib. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi, işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” kimi mühüm prioritetlərdir.

Artıq “Böyük Qayıdış” milli prioritetinin həyata keçirilməsinə başlanıb. Ölkənin perspektiv planlarında təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərdə bütün infrastrukturu, yaşayış evlərini yenidən tikmək tələb olunur. Güclü və məsuliyyətli dövlət olan Azərbaycan postmüharibə mərhələsində bəhs olunan ərazilərdə çoxsaylı layihələrin icrasını tamamlamağa nail olub. Diqqəti çəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, respublikamız işğaldan azad edilmiş təxminən 11 min kvadratkilometr ərazidə bütün yenidənqurma və bərpa işlərini sırf daxili imkanları hesabına həyata keçirir. Podrat işlərinin həyata keçirilməsinə isə dost ölkələrdən olan şirkətlər cəlb olunublar.

Bildirildiyi kimi, “Böyük Qayıdış” proqramının icrası böyük vəsait tələb edəcək. İşğaldan azad edilmiş bütün ərazilərdə bərpa və yenidənqurma işləri yeni yanaşmalar əsasında reallaşdırılır. Həmin ərazilərdə tamamilə yeni, müasir standartlar əsasında layihələrin icrası planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur bölgələri Prezident cənab İlham Əliyev tərəfindən yaşıl enerji zonası elan olunub. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət göstərəcək. “Böyük Qayıdış” proqramının uğurla reallaşdırılmasından bəhs edən Prezident cənab İlham Əliyev deyib: “Biz “Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start vermişik. Biz proqramı tərtib etmişik və ilk sınaq layihəsini artıq həyata keçirmişik. Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Planımızda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaqdır, çünki erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür”.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov