2018-ci il ədəbiyyat dünyası, eləcə də Qırğızıstan xalqı üçün çox əhəmiyyətli hadisı ilə yadda qalacaq. Çünki üzümüzə gələn il qırğız ədəbiyyatının əfsanəvi siması Çingiz Aytmatovun 90 yaşı qeyd olunacaq.
Publika.az xəbər verir ki, qüdrətli yazıçı əslən qədim qırğızların məskəni sayılan Talas vadisindəndir. “Özüm haqda qeydlər” əsərində yazır ki, bir qırğız 7 qat ulu əcdadını tanımırsa o layiqli vətən övladı sayıla bilməz. Maraqlı xatirələr arasında daha bir diqqət çəkən məqam – “Bizim ailədə ağsaqqalar çox zəhimli idilər. Onlar tez-tez “Batır, de görüm sən kimin oğlusan, atanın atası kimdir, atanın babasının adı söylə, babalarının əsas peşəsi nə olub?” deyə nəvələrini imtahan edirdilər. Vay o gündən ki, balaca öz şəcərəsini sadalayarkən səhvə yol verərdi. Bu xəbər onun atasına çatar və kənd ağsaqqalarının qınağına tuş gələrdi. Axı o necə atadır ki, oğluna əsilini-kökünü tanıtmayıb?!
Bəlkə mən də öz hekayəmi belə başlaya bilərdim. Deyərdim ki, Şəkər nəsilindənəm. Atam Torekul, onun atası Aytmat, babamın atası Kimbildi, babamın babasnın ismi halı isə Koncucokdur. “
Aytmatovun mənsub olduğu Şəkər tayfası böyük qıtaylar kökünə aid edilir. Onlar Qırğızıstan tarixində böyük əhəmiyyətə malik nəsildirlər.
Çingizin ulu babası Koncucok o dövrün ayaq geyimi olan çarıq düzəldib satarmış, oğlu Kimbildi isə zəmanəsinin varlı şəxslərindən biri olub. Aytmat atasından ona qalmış mirası qoruya bilməyib, müflis olmuşdu.
Çingiz babasını belə xatırlayırdı:
”Aytmat babam mən doğulan ərəfədə dünyadan köçmüşdü. Lakin onun haqda az məlumata sahib deyiləm. Deyilənə görə, biz tərəflərə ilk tikiş maşınını o gətiribmiş. Çox gözəl tikmə qabiliyyəti olub.Buna görə də hamı onu “maşınəçi Aytmat” deyə çağırardı. Babam ərəb dilində sərbəst yazıb, oxuyarmış”.
Bütün bunlara baxmayaraq Çingizin babası çox qədərsiz insan olub. Tez-tez borca girər, sonra isə pulu ödəmək üçün aylarla durmadan çalışarmış.
Roza Aytmatova böyük yazıçının doğma bacısı dır. O, mənsub olduqları qıtay kökü haqda bunları deyir:
”Günlərin bir günü Kuba Uulun nəvəsi Qaranay çin tayfaları ilə savaşdan qalib kimi geri dönür. Elə həmin gecə ailədə daha bir əlamətdar hadisə baş verir. Qaranayın arvadı oğul dünyaya gətirir. Elə həmin gecə təzə ay, hilal çıxır. Sərkərdə oğluna təzə ayın şərəfinə Qutay adı verir. Sonralar Qutay təhrifə uğryaraq qıtay kimi səsləndirilir.
Çingiz Torekuloviç isə ulu babası Qıtayın taleyini fərqli şəkildə ərz edirdi. Ondan əsil nəcabəti haqda soruşanda zarafatla “kitay (çin) imperatorlarının nəsilindənəm” deyirdi. Axı qıtaylar etnik cəhətdən kitaylar yəni çinlilərdən fərqli tayfalardır. Lakin burada həqiqətin payı da ola bilər. Aytmatov bu əhvalatla bağlı çox maraqlı tarixi faktlar dilə gətirirdi. Belə faktlardan biri odur ki, döyüşçü qırğız tayfaları mütəmadi olaraq sərhəddə yaşayan çin tayfalarının ərazilərinə hücum edər, bol azuqə ilə geri dönərmişlər. Çinlilər nə qədər hücumun qarşısını alıb, düşməni məhv etməyə çalışsalar da, qırğızlar uca dağlarda gizlənməyə nail olurmuşlar. Bu uğursuzluqdan təngə gələn Çin imperatoru bir gün vəzirini yanına çağırıb, qırğız xanı ilə görüş təşkil etməsini tapşırır. İmperator və xan görüş zamanı razılığa gəlirlər. Hər iki xalq sülh içərisində yaşayır, imperator isə öz qızını qırğız xanına ərə verir. Xanın Çin şahzadəsindən oğlu dünyaya gəlir. Onu digər övladlarından seçmək üçün “kıtay ələldin balası” yəni “çinli arvaddan olan övlad” adlandırır. Sonra adı qısaldaraq “kıtaydın”, “kıtay” kimi çağırmağa başlayır. Beləcə “qıtay” tayfası yaranır. Buradan belə qənaətə gəlmək olut ki, böyük yazıçının damarlarında çinlı qanı axıb. Əslində isə onun hansı millətdən olmağının heç bir önəmi yoxdur. Çünki qüdrətli qələm ustası əsl qəlb xaqanı, söz padşahı idi.
Yazıçının atası Torekul Aytmatov haqda məlumat əcadlarına nisbətən daha çoxdur. O, leninçi bolşevik olub. Qırğızıstan partiyasında yüksək vəzifələrdə çalışıb. Onu şəxsən tanıyanların xatirələrinə inansaq Torokul çox mülayim və mərhəmətli şəxsiyyət idi.
Torekul bəy qəlbində azad Türküstan xəyalları ilə yaşayan sovet məmuru idi. 20-ci illərdə qazax və qırğız xalqının ali təbəqəsi sayılan pantürkistlər böyük Turan sevgisi ilə aşıb-daşırdılar.
Amerikalı tarixçi Fişer sovet ittifaqı haqda yazırdı:
” Əgər türk xalqları sovet birliyindən ayrılmaq istəyirlərsə, onları sakitcə buraxmaq lazmdır”.
Fişer həmçinin istehza ilə qeyd edirdi:
“Lenin xalqların haqları formulunda dönə-dönə vurğulayırdı ki, zəif inkişaf etmiş, iqtisadi baxımdan gücsüz xalqlar Rusiyasız var ola bilməzlər”.
Lenindən sonra isə İosif Stalin mərkəzləşdirilmiş hakimiyyəti ələ alaraq, azadlıq xəyalları ilə yaşayan ziyalıları xalq düşməni elan edib 1937-1938-ci illərdə öz terrorunun qurbanı edir.
Uzun illər ölkəni idarə edən insanlardan biri olan Torekul bəy 10 il müddətinə azadlıqdan məhrum edilir. Burada məhbuslara doğmaları ilə yazışma hüququ da verilmirdi. Çox keçmir ki, Torekul Aytmatov digər məsləkdaşları ilə birgə gizli şəkildə sovet ordusu tərəfindən güllələnir. Onun itmiş qəbiri isə yalnız 50 ildən sonra tapılır.
Ana tərəfdən Aytmatov Qırğızıstan ərazisində yaşayan Kazan tatarlarına mənsub olub. Yazıçının tatar qohumlarının olduqca ziyalı və dünya görüşlü insanlar olduğu məlumdur.
Qüdrətli qələm ustasının anası Nagimə Aytmatova zərif və çox gözəl xanım, sədaqətli həyat yoldaşı olub. Nagimə xanım dövrünə görə savadlı və dünyagörmüş qadın idi. Oğlunun tərbiyəsində də böyük rol oynayıb. Aytmatov anası haqda hər zaman böyük qüssə və sevgi ilə danışardı:
“Anam atamı çox sevirdi. Ailə həyatının ilk illərində xoşbəxt və qayğısız yaşasa da, sevimli ərinin ölümündən sonra 4 yetim övladının qarnını doyurmaqdan ötrü 1 tikə çörək üçün ən ağır işlərdə işləyib. Amma o əsil qadın idi, nə özü büdrədi, nə də bizi əzdirdi. Mənimçün anam sözün hər mənasında müqəddəsdir”.
Çingiz Aytmatovun qalxdığı sənət zirvəsi gec də olsa, anasına bütün acılarını unutdura bilir. O, ömrünün sonunədək dünyaşöhrətli yazıçısının anası kimi bəxtəvər yaşayır.
Böyük yazıçısının bacısı Roza anası haqda maraqlı bir əhvalatı yada salır:
“Biz hələ uşaq ikən anama bir qaraçı yaxınlaşır, oğullarından biri böyük adam olacaq deyir. Anam bu əhvalatı bizə qardaşım məşhur yazıçı olandan sonra danışmışdı”.
Doğmaları bildirirlər ki Aytmatov çox təmkinli insan olub. Onu heç kim ağlayan görməyib. Türk dünyasının böyük yazıçısı sadəcə həyatında 3 dəfə qəhərlənib. Sevimli mələyi Nagimə xanım dünyadan köçəndə, birinci həyat yoldaşı Kərəz uzun xəstəlikdən sonra vəfat edəndə ( Çingiz bəy həyat yoldaşından ayrıldığı üçün hər zaman özünü günahkar sayıb, hətta Kərəzdən ayrılanda qarşısında diz çoküb, üzr istəyib) və nəhayət atasının qəbrinə gül düzərkən.
Bir ildən sonra 90 illik yubileyi keçiriləcək Çingiz Aytmatov tək qırğız deyil, bütün türk dünyasının əzəmətli şəxsiyyəti və qürur mənbəyidir.
Leyla Sarabi