Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan (2. Yazı)

0
213

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Qacarlar dövlətinin yeniləşməsi Türk hakimiyyətinin davamlılığı üçün vacib amil idi. Çünki Qacarlar özündə güc tapıb yeniləşməyəcəyi təqdirdə, onların devrilərək yerində aryançı farsların hakimiyyətin qurulması planı çoxdan hazırlanmışdı. Bu anlamda 1906-1909-cu illərdə Qacarlarda baş verən inqilabın iki xətdən biri üzərində inkişafı qaçılmaz idi. Birinci xəttə görə, Qacarlar ölkədə baş verən yeniləşmə hərəkatını lehinə çevirərək yenidən Azərbaycan Türk mərkəzli siyasət yürütməli, eyni zamanda dini məz-həbçilikdən uzaq dünyəvi hakimiyyətə söykənməli bununla da ağalıqlarına davam etməli idi. İkinci xəttə görə, ölkədə baş verən yeniləşmə hərəkatı Qacarların əleyhinə çevrilməli, onun yerinə “liberal-demokrat” qılıqlı irançılar-aryançılar hakimiyyətə gətirilməli idi.
Bizcə, ilk dövrlərdə nisbətən birinci xəttin tərəfdarları uğur qazanmağa balamışdılar. Belə ki, Müzəffərəddin şah Qacar Türk düşmənlərinin gözləmədiyi halda, heç bir dirəniş göstərmədən Qacarlar Məclisinin açılması (1906, oktyabr), daha sonra Konstitusiyalı dövlətin elan olunması (1906, 30 dekabr) barədə fərmanlar vermişdir. Bu isə, özəlliklə Qacarların da qanını daşıdığı hakim Türk ulusu tərəfindən böyük sevinclə qarşılanmışdır. Başqa sözlə, Müzəffərəddin şah bu addımıyla əsasən yenilikçilik tərəfdarı olan türklərin sevgisini qazanmışdır ki, Türk ulusuyla Qacarlar arasında qopmuş bağlar yenidən birləşməyə üz qoymuşdur. Bununla da, aryançı irançılarla onların havadarlarının sayəsində uzun müddət “dərin bir uyqu içində hərəkətsiz duran” Qacarlar dövlətində yenilkçi ruhlu bir oyanış baş vermişdir.
Müzəffərəddin şah Qacarın ölkədə məşrutiyyət elan etməsini böyük sevinclə qarşılayan Türkçülyün, Turançılığın ideoloqu Əli bəy Hüseynzadə “Həyat” qəzetində nəşr olunan “Hüriyyət və Vətəni-Firdovsi” (1906, sentyabr) məqaləsində şahın bu addımını Əmir Teymurun bütün hərbi qələbələrinə bərabər tutmuşdu: “Türk nəslindən olan yeni bir hökmdarın, Teymurun bütün zəfərlərinə bədəl böyük bir müzəffəriyyətə nail oluyor! Yaşa Müzəffərəddin, yaşa!”. O, daha sonra “Füyuzat” jurnalında Müzəffərəddin şahın ölümü münasibətiylə qələmə aldığı “Müzəf¬fərəddin” adlı məqaləsində onun hələ Təbrizdə vəlihəd olarkən islahatlara meyilli olmasından, daha sonra şah olduğu dövrdə bu islahatları davam etdirməsindən bəhs etmişdir: “Elm və maarifin qədrini bilən Müzəffərəddin şah Azərbaycandakı canişinliyi zamanı bir çox icraati-nafiədən xali qalmadı. Qərbin əfkari-tərəqqi və mədəniyyətini İranda nəşr üçün Təbrizdə “Nasiri” namilə bir cəridə çıxmağa başladı. Avropa üsulunda mütəfənnin zabitlər yetişdirmək üçün yenə eyni şəhərdə “Müzəffəriyyə” namilə bir məktəbi-ali bina olunub, bunun üçün Avropadan Vaqner xan kimi xüsusi müəllimlər dəvət edildi. Bu sayədə ümuri-əskəriyyədə bir xeyli islahat və tənzimat vücuda gəldi. Mərhum hər yerdə Azərbaycan əhalisinin imdadına yetişməyə qeyrət ediyordu”.
Ə.Hüseynzadə yazırdı ki, ölkənin şahı seçildikdən sonra da Müzəffərəddin şah islahatlarına davam etmiş, dövlətin idarə üsulunun yenilənməsi üçün fərmanlar vermişdir. İlk dövrlərdə bu fərmanları ciddi uğur qazanmasa da, çox keçmədən ölkədə kök salmış istibdad bürokratiyasının yenilməsində mühüm rol oynamışdı. O, yazırdı: “Tərəqqi və islahatə ziddi və istibdad və fəsad tərəfdarı olan mənfur bürokratizmənin axır nəfəsi yaqlaşıb, yavaş-yavaş təcəddüd və inqilab əmarələri zühura başladı”.
Ə.Hüseynzadəyə görə, Müzəffərəddin şahın ölkədə məşrutəni elan etməsində də bir tərəfdən Avropanın, Rusiyanın, Yaponiyanın inkişafı fonunda İslam aləminin, İslam mədəniyyətinin geriliyi, digər tərəfdən Qacarlarda mütləqiyyətin Osmanlıda olduğu kimi, dərindən kök atmaması, xüsusilə də buranın üləma və alverçi sinfinin hökumətə qarşı etibarla istiqlallarını mühafizə edə bilmələri, əyalət və yerli hökumətlərin xeyli dərəcədə müstəqil olmaları mühüm rol oynamışdır. O, yazırdı: “Müzəffərəddin şah həzrətləri həm özünü, həm xanədanını, həm də millətini istibdadın, məiyyət və bürokratiya istibdadının əlindən xilas edib hökmdar ilə millət arasındakı haili qismən rəf edə bildi”. Onun fikrincə, İttihada-İslama böyük bir cığır hazırlayanlardan olan Müzəffərəddin şah məşrutə elan etməklə də yalnız Qacarlar tarixinə deyil, ölkənin bütün tarixi üçün bir ilkə qol qoymuş oldu.
M.Ə.Rəsulzadə də 1912-ci ildə Türkiyədə qələmə aldığı “İran inqilabının tarixi” məqaləsində yazırdı ki, ölümünə az qalmış məşrutəçiliyi (anayasaçılığı) bildirmiş Müzəffərəddin şah ulusun içdən sevgisini qazanmışdı. Rəsulzadə yazırdı: “Şah anayasaçılığı bildirdikdən sonra demək olar Avropa ağaları kimi çox az deyiləcək düzəydə, bir kaç qulluqçuları ilə saya bir biçimdə Tehran küçələrini dolaşır, bazarlara çıxır, yaşayanların alqışlarını qazanır, xeyir-dua görür, bundan olduqca duyğulanırdı. Oxumamışlar Müzəffərəddin şahı tarixin yetişdirdiyi təklərdən sayaraq incə qəlbli olduğunu düşünürdü. Yaşayanlar içində ona ürəkdən güvənənlər, bağlananlar olmuş, ulusal coşqunun bundan yüksəyi düşünülmürdü. Parlamentin önündə toplanan yaşayanlardan “Yaşasın Asiya imperatoru” deyə bağıranlar olmuşdu”.
Hesab edirik ki, dünya tarixi, o cümlədən Türk (Azərbaycan) tarixi Müzəffərəddin şahla bağlı mənfi cəhətlərlə yanaşı, müsbət tarixi məqamları da unutmamalıdır. Hər halda onun Türk məşrutəçilərin də təsiriylə ruhanilərin basqısından uzaqlaşıb Türk ulusuyla yaxınlaşdıqca yenilkçi cəhətləri ortaya çıxmışdı. Təbrizdən Tehrana gələrkən Türk şahzadələrini özü ilə bərabər mərkəzə gətirən, üstəlik Türk şahzadələrindən Eynülddövləni özünün vəziri təyin etmiş Müzəffərəddin şahın bütün bunlarla yanaşı Türk məşrutəçiləri dəstəkləməsi, 1906-cı ildə Azərbaycan Əyaləti Əncüməninin, ya da Azərbaycan Milli Cəmiyyətinin yaranmasına da razılıq verməsi təsadüfi ola bilməzdi. A.Qasımlı yazır: “Bu Əncümən sayəsində iyirmi nəfər Azərbaycan Türkü Əncümənə üzv seçilmiş, Güney Azərbaycanda milli təfəkkür surətlə inkişaf etməyə başlamış, məzhəb çatışmalarına son verilmiş, Türkcə tədris yapan məktəblər yaranmış, Türkcə mətbuat inkişaf etmiş, yeni siyasi təşkilatlar yaranmağa başlamış, ümumiyyətlə “Əncüməni Milli Təbriz” Güney Azərbaycanın idarə edilməsində önəmli yer qazanmışdı. “Əncüməni Milli Təbriz”in siyasi beynini “Mərkəzi-Qeybi” adlı təşkilat təşkil edirdi ki, bu gizli təşkilat tədqiqatçıların fikrincə, Nəriman Nərimanovun dəstəklədiyi Güney Azərbaycan türkləri tərəfindən Bakıda yaradılan Sosial Demokrat Partiyasının kod adı olan “İctimaiyyun Amiyun” Partiyası idi”. M.Ə.Rəsulzadə də vaxtilə “İran türkləri” əsərində yazırdı ki, 1-ci Rusiya inqilabı dövründə (1905-1906) onun təsiri altında Qafqazdakı iranılar (çoxu türklər olmaqla) Bakıda Sosial Demokrat Partiyası adlı cəmiyyət yaradıblar. Bu təşkilatın Qacarlar dövlətində və Qafqazda özəklərinin olduğunu yazan Rəsulzadəyə görə, Məşrutənin elan olunmasında onların mühüm rolu olmuşdur. Bu təşkilatın liderləri arasında Əli Müsyö Təbrizi, Heydər Əmioğlu və başqaları var idi.
Müzəffərəddin Şah Qacardan sonra Qacarlar dövlətinin başına keçən oğlu Məhəmməd Əli Şah Qacarın (1907-1909) Türk ulusu ilə Qacarlar arasında yenidən yaranan birlik bağını gücləndirmək yolunu tutmaq əvəzinə, əks addımlar atması diqqətçəkicidir. Türk ulusu, o cümlədən Türk aydınları Məhəmməd Əli şah Qacarın da atasının yolunu davam etdirəcəyini gözləyirdilər. Məsələn, Əli bəy Hüseynzadə 1907-ci ildə “Füyüzat”da yazdığı bir məqaləsində ina¬nırdı ki, Müzəffərəddin şahın “müqəddəs vəsiyyətləri ortada dururkan Məhəmməd Əli şah mənfur istibdadların nəsihətlərinə qulaq verən deyildi”. Hüseynzadəyə görə, Qacarların konstitusiyalı dövlət olması Avropa dövlətlərinə, o cümlədən Almaniya, İngiltərə və Rusiyaya sərf etmir. Ona görə də, Qacarlar dövlətinin şahı mütləq¬iyyət yolu tutmamalı, məşrutiyyət fikrindən əsla vaz keçməməlidir.
1907-ci ilin yanvarında Azərbaycan Əyalət Əncüməni 7 maddə¬dən ibarət tələblərini (Anayasaya uyğun bir idarəetmə sisteminin qurulması, ölkə ərazisində əyalət və vilayət əncümənlərinin təşkil olunması və s.) saraya göndərdi və həmin tələblər yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycanın Qacarlar dövlətindən ayrıla biləcəyini elan etdi. Məhəmməd Əli Şah da taxta oturduqdan sonra, yəni 12 fevral 1907-ci ildə əvvəlcə sədrəzəm vasitəsiylə Məclisə təzkərə göndərərək məşrutiyyət rejiminə bağlılığını bildirdi. Bundan sonra birinci Məclis 122 maddədən ibarət olan qanun qəbul etdi ki, prof. Nəsib Nəsibliyə görə, buradakı bəzi qanunlar, o cümlədən əyalət və vilayət əncümənlərinin yaradılması da əsasən Qacarlar dövlətinin idarəetmə quruluşuna görə müəyyənləşdirilmişdi. O, yazırdı: “Əyalət və vilayət əncümənləri dönəmin İran dövlətinin “Məmalik-i Mahruse-yi Qacar” prinisipindən qaynaqlanırdı (lakin bu prinsip anayasada yer almırdı). Əncümən, İrandakı xalqların önəmli və tək demokratik və milli uğurlarından biri sayılmalıdır. Çox millətli İranda millətlərarası problemlərin yumşaldılması, hətta sonralar həll edilməsində həssas rol oynama potensialına sahib idi”.
Məşrutə dövründə Təbriz, Urmiya və Tehranda yayınlanan qəzetlər əsasən türk və fars dillərində olsa da, əsas ağırlıq fars dili idi. Türk və fars dillərində yayınlanan qəzetlərdə bir qayda olaraq ümum ölkə problemlərinə müraciət edilmiş, türklük məsələsi demək olar ki, mətbuat səhifələrində yer almamışdır. Bu baxımdan N.Nəsibliyə görə, Məşrutə dövründən ən karlı çıxan farslar olmuşdur. Hər şeydən öncə farsların on illərcə alışamadıqları Qacar hakimiyyəti zəifləmiş, ölkə idarəetməsində böyük ağırlığı olan fars bürokratiyasının rolu daha da artmışdı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × 4 =