Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan (1. Yazı)

0
140

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

XX əsrin əvvəllərində Qacarlar dövlətinə son zərbəni vurmaq üçün aryançı farsdilli zümrə havadarları ingilislərin təlimatı əsasında hərəkətə keçməyə başladılar. Əslində bu təlimata görə, Qacarların devrilməsi üçün öncə inqilabi şərait yaranmalı idi, daha sonra isə bu inqilabi şəraitin gedişi əsasında siyasi taktiki gedişlərlə aryançı farsdilli zümrənin hakimiyyətə gətirilməsi həyata keçirilməli idi. Şübhəsiz, ingilis ideoloqlar da yaxşı anlayırdılar ki, dünyanın əksər imperiya dövlətlərində olduğu kimi, Qacarlar dövlətində də gec-tez inqilab baş verəcək və bu prosesi türlərin əleyhinə, farsların isə lehinə çevirmək lazımdır. Bu anlamda o zaman olduğu kimi, indi də iddia etmək ki, Qacarlardakı inqilab hərəkat ingilislərin əsəridir, tamamilə yanlışdır. Hələ, həmin dövrdə bu mülahizəyə qarşı çıxan böyük Türk aydını Əli bəy Hüseynzadə yazırdı ki, bir fərdin həddi-büluğa yetişməsi ətrafında olan insanlardan kimsənin əsəri-təşviqi olmayacağı kimi, Qacarlar dövlətindəki vətəndaşların da hürriyyət davası edərək inqilab etmələri ingilis əsəri ola bilməz: “İngilislərin aləmi-siyasətdə ən böyük hünərləri hadisələr törətmək olmayıb bəlkə binəfsə hüsulə gələn hadisələrdən istifadə etmələridir”.
Əli bəy Hüseynzadənin bu fikirlərinə qatılmaqla yanaşı hesab edirik ki, ingilis ideoloqlarının, o cümlədən rusların da əsas məqsədi Qacarlarda inqilab baş verəcəyi təqdirdə ədalətlik, bərabərlik, insanlıq kimi ideyalara sarılaraq hərəkatın aparıcı qüvvəsini təşkil edəcək yenilikçi-mütərəqqi ruhlu türkləri öz soyundan olan Qacarlarla düşmən halına gətirmək, bunun fonunda isə aryançı farsları ön plana çıxarmaq olmuşdur. Başqa sözlə, Qacarlarda gözlənilən inqilabda hökumət və inqilabçılar qismində (Qacarlar və türk inqilabçılar) daha çox qurban verən Türklər, qazanan isə aryançı farsdilli zümrə olmalı idi. Belə olduğu təqdirdə də, Türk Qacarlar dövləti devrilərək onun yerinə aryançı farsdilli Pəhləvilərin hakimiyyətə gətirilməsi çox da çətin olmayacaqdı. Bu anlamda hələ, inqilaba qədər aryançı farsdilli zümrə içində mövcud olan “ingilis barmağının” Qacarlar dövlətindəki inqilabın gedişində daha da fəallaşması, eyni zamanda 100 il əvvəl olduğu kimi bu fəallaşmanın sözdə rus-ingilis rəqabəti (rusların Hindistana gedən yoluna sipər çəkmək) olaraq qələmə verilməsi başa düşüləndir. Əslində inqilabı gerçəkləşdirən Qacarlardan çar Rusiyasına ticarət və fəhləlik üçün gedən Güney Azərbaycan türkləri idi ki, Çarlıqda yaşadıqları müddətdə hürriyyət düşüncəsinə qapılmış, eyni zamanda buradakı soydaşlarının, özəlliklə də Quzey Azərbaycan türklərinin də bunda böyük rolu olmuşdur. Hüseynzadə yazır: “Hal və keyfiyyət bu mərkəzdə ikən İrandakı hürriyyət hərəkatının səbəbini ingilis hökuməti barmağının ucunda degil, Rusiya camaatının qəlbindən fövran edən hürriyyət atəşinin İrana düşmüş şərarələrində aramalıdır”.
Əhməd bəy Ağaoğlu da “İran və inqilabı” əsərində Qacarlar dövlətində baş verən iniqlabın maddi və mənəvi səbəblərini dəyərləndirərkən bu məsələdə Qafqaz və Azərbaycan amilini də qeyd etmişdir: “İnqilabın maddi səbəbləri arasında ən çox diqqətə layiq olanlar bunlardır: 1) idarəçilikdə uyğunsuzluq, 2) sui-istifadə; 3) cəbr və zülm; 4) fəqirlik, ehtiyac; 5) əcnəbi hücumları. Mənəvi səbəblərə gəlincə, onları da belə müəyyənləşdirmək mümkündür; 1) iranlıların xariclə münasibətlərinin artması və bu sayədə müyyən qədər avropalılaşmaları; fikirlərə olan təsirlər; Rusiyada və xüsusən İranın yaxın¬lığındakı Qafqaz və Azərbaycandakı oyanma hərəkatları”. Ağaoğlu mənəvi amilə aid axrıncı məsələylə bağlı onu da yazırdı ki, vaxtilə çar Rusiyasına mühacir edən “iranlılar” (əksəri də türk olmaqla) Qacarlar dövlətində baş verən inqilabda mühüm rol oynamışlar.
Ümumilikdə, hesab edirik ki, Qacarlar dövlətində baş verən inqilabın gedişində ingilislərin ya da rusların rolunun şişirdilməsi doğru olmadığı kimi, onların aryançı farsdilli qüvvələri etdiyi yardımlar da tamamilə gözardı edilməməlidir. Başqa sözlə, hər iki xalq və onların dövlətləri Qacarlar dövlətinə və onun əsas sütunu olan türklərə münasibətdə mənfi rol oynamışlar. Özəlliklə, ingilislərlə rusların Nəsrəddin şahın qətlindən (1896) sonra taxta oturan Müzəffərəddin şah Qacarın (1896-1907) hakimiyyəti dönəmində Qacarlar üzərində oynadığı qorxunc siyasət unudulmamalıdır. Əslində 1896-cı ildə “yenilikçi” Mirzə Rza Kirmani tərəfindən Nəsrəddin şahın qətlə yetirilməsi yanlız ingilislərlə rusları deyil, eyni zamanda ölkədəki bütün daxili və xarici qüvvələrin hərəkətə keçməsinə səbəb oldu. Hər halda bütün yerli və xarici qüvvələr üçün 50 ilə yaxın hakimiyyət sürmüş Nəsrəddin şahla müqayisədə Müzəffərəddin şahla dil tapmaq daha asan olmalı idi.
Müzəffərəddin şah dövründə Qacarlar dövlətində idarəetmə məsələsinə gəlincə, əvvəllər olduğu kimi demək olar ki, federalizm və muxtariyyət prinsiplərinə əməl olunurdu. Belə ki, ölkədə idarəetmə 4 böyük əyalət (Azərbaycan, Xorasan, Kirman, Fars) və bir sıra müstəqil qurumlar, yerli hökumətlər (Astarabad, Gilan, Mazandaran, Tehran, Zəncan, Həmədan, Qəzvin, İsfahan, Lorustan, Xuzistan və b.) şəklində həyata keçirilirdi. Həmin əyalət və yerli hökumətlər Tehrandan göndərilən hakim təyin olunsa da, ölkədə vahid idarəetmə üsulu ilə bağlı qanun olmadığı üçün, hər biri öz qabiliyyətlərinə, milli adət-ənənələrə uyğun olaraq idarə olunurdu. Demək olar ki, əyalətlər və yerli hökumətlər müstəqil olub, yalnız ümummilli əhə-miyyətli məsələlərdə Tehran hökumətinə bağlı idilər.
Tarixçi alim Eynulla Mədətli doğru yazır ki, həmin dövrdə Qacarlar dövlətinin idarə olunmasında isə ənənəvi olaraq əsas rolu Azərbaycan türkləri oynayırdılar: “İranın idarə edilməsində azərbaycanlıların ənənəvi üstün rol oynaması, hakimiyyətdə olan sülalələrin, əsasən, Azərbaycan türklərindən olması, İran ordusunda, xüsusən zabitlər arasında onların aparıcı mövqelərdə olması, azərbaycanlı və ilk növbədə, Azərbaycandan olan Qacar ziyalılarının ölkənin mədəni həyatında mühüm rol oynayaraq Azərbaycanda və bütün İranda əhəmiyyətli təbəqə təşkil etmələri XIX əsrin sonu – XX əsrin əvvəllərində ölkədə milli münasibətlərin vəziyyətinə müəyyən dərəcədə təsir göstərirdi”.
Bizcə, Qacarlar dövlətində xeyli dərəcədə federativ bir idarə üsulu olduğu halda, ölkənin anarxiyaya sürüklənməsi heç də təsadüfi olmamışdır. Xüsusilə də, Müzəffərəddin şah dövründə Qacarların anarxiyaya doğru sürüklənməsində başlıca rolu ingilislər, müəyyən qədər də ruslar oynadılar. İngilislərlə ruslar Qacarları özlərindən asılı vəziyyətə salmaq, daha sonra da süqutuna səbəb olmaq üçün hər cür vasitəyə əl atırdılar. İlk növbədə, iqtisadi sahədə Qacarlar dövləti Rusiyayla İngiltərənin tamamilə “borc bataqlılığı” aslılığına düşürüldü. Bu borcalmaları ölkənin müstəqilliyini qorxu altına alan, mənliyini əksildən, namusunu pozan hal kimi dəyərləndirən Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk cümhurbaşqanı, tanınmış mütəfəkkirimiz Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Dövləti bu ağır, mənlikqıran ortamlarda alınan borca tutdurub ağır maliyyə durumuna salan Müzəffərəddin şah para bulmaq siyasəti baxımından ortamı ağırlaşdıran bir çox üstünlüklər də vermiş, bu yöndə atası Nəsrəddin şahı da keçmişdir”. Bütün bunlar yetməzmiş kimi, üstəlik Qacarlar hərbi gücünü də bir vaxtlar Quzey Azərbaycan uğrunda savaşda uduzduğu rusların ixtiyarına buraxmışdır. Sözün açığı, Qacarlar hökmdarlarının ingilislərdən sonra real düşmənləri olan ruslar qarşısında bu qədər aciz duruma düşmələri çox ağrılı bir hal idi. Rəsulzadə yazırdı: “Özülü Nəsrəddin şah çağında qoyulmuş rus subayları başçılığında yaradılmış İran kazak alayına da Müzəffərəddin şahın ağalığı dönəmində özəl üstünlüklər verilmişdi”.
Beləliklə, Qacarlar dövlətində yeniləşmənin qaçılmaz olması gündəmə gəlmişdi. Sadəcə, bu yeniləşmənin hansı şəkildə baş verməsi, daha önəmlisi hansı qüvvənin gerçəkləşdirməsi məsələsi var idi. Bir çoxlarından fərqli olaraq hesab edirik ki, o zaman Qacarlar dövlətində islahatçılıq istəyilə meydana çıxanlar arasında Türk yenilikçilərin olması təbii idi. Türk yenilikçilərinin burada əsas məqsədi heç də Qacarların zəiflədilməsi ya da devrilməsi deyil, tam əksinə şiəlik, irançılıq qılığına girmiş şovinist farsları hakimiyyətdən uzaqlaşdırmaq, bu dövlətin ilk başlarda olduğu kimi ədalətli şəkildə idarə olunmasına nail olmaq idi. Ancaq ingilislər Azərbaycan türklərin qarşı aryançılıq, irançılıq ideolojisi adı altında fars amilindən məharətlə istifadə etdilər. Başqa sözlə, hakimiyyəti, ordunu türklərin əlindən almaq üçün, aryançılığı, irançılığı ortaya atıb türk-fars münasibətlərini kəskinləşdirdilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

12 + nineteen =