Qərb Putinin “Donbas pasportlarını” tanımasını pisləyir

0
678

Qondarma "Donetsk Xalq Respublikasının" pasportları

Qondarma “Donetsk Xalq Respublikasının” pasportları

Rusiya Ukraynanın şərqindəki separatçı qurumların verdiyi rəsmi sənədlərin öz ərazisində tanıması barədə prezident Vladimir Putinin fərmanını müdafiə edir.

Qərb dövlətləri Rusiyanın bu addımının regionda sülhün bərqərar olunması yolunda əngələ çevriləcəyini bildiriblər.

Lakin həm Kreml, həm də Rusiyanın Xarici İşlər Nazirliyi Vladimir Putinin 18 fevral tarixli fərmanını humanizm jesti kimi təqdim etməyə çalışıblar.

Nazirliyin bəyanatında deyilir ki, fərman “beynəlxalq qanunlara tamamilə uyğundur”.

“Bu qanunlar beynəlxalq aləmdə tanınmayan hakimiyyətlərinin verdiyi hüquq vıə azadlıqları təsbit edən sənədlərin tanınmasını qadağan etmir” – deyilir bəyanatda.

Kremlin sözçüsü Dmitri Peskov isə fevralın 20-də jurnalistlərə deyib ki, fərman “humanitar” məqsədlər güdür və Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərindəki separatçıların tanınması demək deyildir.

Peskov və nazirliik iddia ediblər ki, Ukraynanın yaratdığı blokada separatçıların nəzarətində olan ərazilərdə yaşayan vətəndaşları pasportlarını yeniləmək imkanından məhrum edib.

Qərb Moskvanın separatçı pasportları tanımasını kəskin pisləyir

Qərb Moskvanın separatçı pasportları tanımasını kəskin pisləyir

Lakin bu izahatlara baxmayaraq Putinin 18 fevral tarixli fərmanı Vaşinqton və Avropa tərəfindən kəskin pislənib.

Fransanın Xarici İşlər Nazirliyi fevralın 20-də bəyan edib ki, Rusiyanın belə bir addım atması Parisdə “məyusluq” doğurub.

“Fransa Rusiyanın öz nüfuzundan istifadə edərək Minskdə imzalanmış sülh sazişinin icra edilməsini təmin etməsini istəyir” – deyilir Parisin rəsmi bəyanatında.

Almaniya kansleri Angela Merkelin sözçüsü Steffen Seibert isə deyib ki, Moskvanın bu sənədləri tanıması “Ukraynanın bütövlüyünü sarsıdır”.

Angela Merkel, Fransa prezidenti Francois Hollande, habelə Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Petro Poroşenko 2015-ci ilin fevralında Ukraynanın şərqindəki münaqişənin nizamlanmasına dair dördtərəfli saziş imzalayıblar.

Birləşmiş Ştatların Kiyevdəki səfirliyi fevralın 19-da Putinin fərmanını “həyəcan yaradan və Minsk sülh prosesinin razılaşdırılmış məqsədlərinə zidd hərəkət” adlandırıb.

Bundan bir qədər əvvəl Belarus Ukrayna separatçıları tərəfindən verilmiş sənəd və pasportları öz ərazisində tanımayacağını bildirib.

Kiyev, Birləşmiş Ştatlar, Avropa İttifaqı və NATO Rusiyanı Ukrayna ərazisindəki separatçıları canlı qüvvə və hərbi texnika ilə dəstəkləməkdə ittiham edirlər.

BIR CAVAB BURAXIN