Qərb münaqişə bölgələrindəki addəyişidrmə referendumlarına niyə fərqli mövqedən yanaşır?

0
558

 

Ötən gün Cənubi Osetiyanın adının dəyişdirilərək “Cənubi Osetiya-Alaniya Respublikası” adlandırılması ilə bağlı keçirilən referendum beynəlxalq aləmdə böyük əks-sədaya səbəb olub. Belə ki, ABŞ-da daxil olmaqla əksər Qərb dövlətləri, o cümlədən Avropa Birliyi, ATƏT, BMT, Avropa Şurası və digərləri Cənubi Osetiyada keçirilən referendumu tanımadıqlarını və bunun beynəlxalq hüquq normalarına zidd olduğunu xüsusi vurğulayıblar. Eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən məsələ ilə bağlı verilən bəyanatlarda Gürcüstanın ərazi bütövlüyünün dəstəkləndiyi bir daha qeyd edilib. Öz növbəsində ABŞ Dövlət departamentinin yaydığı bəyanatda Gürcüstanın razılığı olmadan bölgədə keçirilən hər hansı referendumun tanınmayacağı bildirilib. Bəyanatda xüsusi olaraq vurğulanıb ki, Gürcüstanın beynəlxalq sərhədləri daxilində keçirilən qeyri-qanuni seçkilər və referendumları ABŞ heç zaman qəbul etməyəcək: “Gürcüstanın ərazi bütövlüyünü tanıdığımızı bir daha bəyan edir və onu dəstəkləyirik. Bizim Abxaziya və Cənubi Osetiyaya münasibətimiz aydındır. Adı çəkilən bölgələr Gürcüstan əraziləridir və bu, beynəlxalq səviyyədə də öz əksini tapıb”.

Avropa Parlamentinin Təhlükəsizlik və müdafiə yarımkomitəsinin sədri Anna Fotıqa da mart ayının 31-də Cənubi Osetiyanın qeyri-qanuni silahlı birləşmələrinin Rusiya ordusunun tərkibinə daxil edilməsi barədə imzalanan anlaşmanı və aprelin 9-da Cənubi Osetiyada keçirilən referendumu kəskin şəkildə pisləyərək təmsil etdiyi quurmun Gürüstanın ərazi bitövlüyünü qəti şəkildə dəstəklədiyini bəyan edib. Nə qədər qəribə olsa da bir müddət öncə Dağlıq Qarabağn adının dəyişdirilərək “Artsax” adlandırılması ilə bağlı separatçı və qondarma qurum tərəfindən keçirilən “referendum”a Qərbin reaksiyası bu qədər sərt olmadı. Bununla bağlı Qərbdəki beynəlxalq təşkilatlar, o cümlədən münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATİT Minsk Qrupu da referendumu pisləsələr və onun nəticələrini tanımadıqlarını bildirsələr də bölgənin Azərbaycanın ərazisi olduğunu və problemin də bu əsasda həll edilməsi barədə bir kəlmə olsun belə demədilər. Bəs başda ABŞ olmaqla Qərb dövlətlərinin, o cümlədən münaqişənin həllində “vasitəçi” missiyasını həyata keçirən ATƏT Minsk Qrupu və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağın adının dəyişdirilməsi ilə bağlı keçirilən referenduma reaksiyaları niyə Cənubi Osetiyanın Alaniya adlandırılmasına göstərdikləri sərt münasibət kimi olmadı? Məsələ ilə bağlı “Yeniavaz.com”-a açıqlama verən politoloq Qabil Hüseynli Qərbin MDB məkanındakı etnik münaqişə ocaqlarına münasibətdə fərqli mövqe nümayiş etdirmələrini onlar tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə tapdalanması, biabırçılıq adlandırdı: “Qərbin MDB məkanındakı münaqişələrə ikili standartlardan yanaşmasını anlamaq mümkün deyil. Halbuki istər Dağlıq Qarabağ, istərsə də Dnestryanı, Abxaziya, Cənubi Osetiya münaqişələri arasında mahiyyətcə hər hansı fərq yoxdur. Üstəlik Cənubi Osetiya bölünmüş ərazidir, Abxaziyada əhali yerli avtoxton xalqdır. Onların müstəil dövləti də yoxdur. Amma Dağlıq Qarabağa ermənilər İrandan köçürülüb və bu onların özləri tərəfindən etiraf edilib. Buna paralel olaraq ermənilər bir dəfə öz müqəddaratlarını təyin ediblər, müstəqil dövlətləri var. Amma MDB məkanındakı digər etnik münaqişə ocaqları ilə müqayisədə Dağlıq Qarabağa gələndə beynəxalq təşklatlar millətlərin öz müqəddaratını təyin etmə hüququndan danışırlar. Abxaziyanın, Cənubi Osetiyanın, o cümlədən Dnestryanının Moldova və Gürcüstan əraziləri olduğunu və bunu dəstəklədiklərini deyən beynəlxalq təşkilatlar Qarabağa gələndə sadəcə olaraq qondarma rejimin müstəqilliyini tanımadıqlarını deyirlər. Belə ikili standartların arxasında zənnimcə xristian təəssübkeşliyi dayanır”.

Politoloqun fikrincə, Azərbaycan məsələnin bu tərəfini xüsusi diqqət mərkəzində saxlamalı və belə mövqedən gələ biləcək təhlükəyə qarşı hər an hazır olmalıdır.

Əziz Mustafa

BIR CAVAB BURAXIN