Qəbələ dünyanın əsas turizm mərkəzlərindən birinə çevrilməkdədir

0
425

Bu gün turizm sektoru Qəbələ rayonunda iqtisadiyyatın ən əlverişli sahəsi olmaqla kiçik və orta sahibkarlıq üçün möhkəm baza yaradır, yeni iş yerlərinin açılmasına kömək edir, regionun infrastrukturunun formalaşdırılmasında mühüm rol oynayır. Bütün bunlar 2013-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əsas müddəalarının uğurla həyata keçirilməsinə əlverişli zəmin yaradıb. Bu dövlət proqramının uğurla icrası nəticəsində rayonda yoxsulluğun səviyyəsi aşağı düşüb, işsizlərin sayı azalıb. Qəbələnin turizm obyektləri hər il nüfuzlu sərgilərə, beynəlxalq səviyyəli ixtisaslaşdırılmış yarmarkalara qatılır və dünya bazarında öz məhsullarını nümayiş etdirir. Rayonun turizm sektorunda çalışan peşəkarlar yaxşı bilirlər ki, xarici turistləri necə qarşılamaq lazımdır, onlar nəyi görmək, hansı adət-ənənələrlə tanış olmaq istəyirlər, milli mətbəximizin hansı nümunələrini daha çox xoşlayırlar, hansı xidmətə üstünlük verirlər.

Ümummilli lider Heydər Əliyev hələ 2002-ci ildə Qəbələ rayonunda səfərdə olarkən bu diyarın gözəlliyinə məftun olduğunu bildirmiş və Qəbələ gecələrini İsveçrə gecələrinə bənzətmişdi. Həmin vaxtdan da bu diyarın çiçəklənməsinin bünövrəsi qoyulub. Bu gün ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, ölkəmizin hər bir bölgəsi kimi, Qəbələnin də iqtisadiyyatı sürətlə inkişaf edir. Belə vüsətli inkişaf və zəngin turizm potensialı yaxın illərdə Qəbələnin dünyanın əsas turizm mərkəzinə çevriləcəyinə zəmin yaradır. Bu gün Qəbələ rayonunda eyni vaxtda 2500-dən çox qonağı yüksək səviyyədə qəbul etmək imkanına malik olan müasir tipli otellər kompleksi mövcuddur. Rayonda təbiət qoynunda rahat şəkildə ailəvi istirahət etmək üçün həmçinin kiçik otellər, bir neçə istirahət və əyləncə mərkəzləri də fəaliyyət göstərir. Bölgənin füsunkar təbiəti, təbii resursları, insan potensialı, qonaqpərvərliyi və yüksək xidmət səviyyəsi bütün bunlar birləşərək Qəbələni gözəl bir turizm məkanına çevirib.

Məşhur “Şabalıd meşəsi”, “Rus meşəsi”, Nohur gölü, mənzərəli, Qəmərvan, Çuxur Qəbələ, Yengicə, Nohurqışlaq, Həmzəli, Duruca, Bunud kəndləri, həmçinin Vəndam, Nic və Bum qəsəbələri turistlərin ən çox səfər etdikləri məkanlardandır. Həmçinin, rayonun səsli-küylü dağ çayları olan Dəmiraparançay, Türyançay, Tikanlıçay, Bum çay, Vəndam çay və digər kiçik çaylar, Mucux və Yeddi Gözəl şəlalələri, 60 min hektar ərazini əhatə edən fıstıq, palıd, vələs, ardıc, şabalıd meşələri, mineral və qeyri-mineral bulaqlar da əcnəbi qonaqların gəzdikləri yerlərdəndir. Regionun bitki və heyvanat aləmi qeyri-adi dərəcədə zəngindir. Qəbələnin meşələrində və dağ otlaq sahələrində maral, qaban, ayı və boz dovşana, nadir quşlardan qırqovul, kəklik və turaca rast gəlmək olar. Mövsüm vaxtı dağlarda vəhşi heyvan və quşların bolluğu rayona çoxlu sayda ovçu cəlb edir. Rayonun təbii iqlim şəraiti də burada turizmin inkişafı üçün yeni perspektivlər açır. Relyefi müxtəlif olan Qəbələnin şimal hissəsi Böyük Qafqaz dağ silsiləsinin cənub yamacına, mərkəzi hissəsi Alazan-Həftəran vadisinə, cənub hissəsi isə Acınohur ön dağlığına daxildir. Respublikanın ən yüksək dağ zirvəsi olan Bazardüzü (4466 metr) bu rayonun ərazisində yerləşir. Azərbaycanın ən gözəl məkanlarından biri olan Qəbələ həm də çoxlu sayda tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə məşhurdur.

Qəbələ Tarix Diyarşünaslıq Muzeyində bu diyarın qədimliyini əks etdirən yüzlərlə eksponat, tarixi maddi-mədəniyyət nümunələri Qəbələ haqqında tam təəssürat yaradır. Hazırda muzeydə 12 mindən çox tarixi-elmi əhəmiyyətə malik əşya saxlanılır. Bütün bu nümunələr Qəbələnin 2500 illik tarixinin əyani sübutudur. Qədim Qəbələ şəhərini əhatə edən qala divarlarının qalıqları rayonun Çuxur Qəbələ kəndində yerləşir. Çuxur Qəbələ Dövlət Tarix Mədəniyyət Qoruğunun 480 hektar ərazisi vardır. Rayonun Böyük Əmili və Nic kəndlərində alban məbədləri, Bum qəsəbəsində XIX əsrə aid məscid, Bayramkoxa kəndində IX-XIV əsrlərə aid Ustacan qalası, Həzrə kəndində XV əsrə aid Şeyx Bədrəddin və Şeyx Mansur məqbərələri turistlərin böyük marağına səbəb olan abidələrdəndir. Nazirlər Kabinetinin qərarı ilə rayonun ümumilikdə 93 tarixi mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb. Onlardan biri, qədim Qəbələ şəhərinin qalıqları olan ərazi dünya əhəmiyyətli arxeoloji abidələr siyahısına aiddir. 8 memarlıq, 53 arxeoloji abidə ölkə, digərləri isə yerli əhəmiyyətlidir.

Qədim Qəbələnin maddi-mədəniyyət nümunələri ilə yanaşı, müasir Qəbələ şəhəri də turistlərin böyük marağına səbəb olur. Müasir Qəbələ geniş, rahat asfalt yolları və küçələri, möhtəşəm binaları, beynəlxalq hava limanı, dünya səviyyəli Heydər Əliyev konqres salonu, beşulduzlu otelləri, yaraşıqlı parkları, idman meydançaları, istirahət mərkəzləri olan modern şəhərdir. Arxitekturası gündən-günə dəyişən və gözəlləşən müasir Qəbələ Azərbaycanın əsas turizm məkanlarından biri sayılır. Qəbələnin son illər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də bu rayona işgüzar səfərə və istirahətə gələnlərin sayını dəfələrlə artırıb. Şəhərin Heydər Əliyev Konqres Mərkəzində hətta dövlət başçıları səviyyəsində zirvə görüşlərinin keçirilməsinə yaradılan şərait dünya standartlarının bütün tələblərinə tam cavab verir. Ənənəvi Qəbələ Beynəlxalq Musiqi Festivalının sorağı da bu gün dünyanın hər yerinə yayılıb. Festivala hər il məşhur musiqiçilər və bəstəkarlar, tanınmış ifaçılar toplaşırlar. Qonaqlar musiqi bayramında iştirak etməklə yanaşı, rayonun müasir turizm obyektlərində dincəlir, tarixi abidələri ilə tanış olur, əsrarəngiz təbiətini seyr edirlər. Hər il Qəbələ rayonunda turizm mövsümünə rəsmən iyunun 15-də başlanılır və turistlərin bu diyara intensiv axını müşahidə olunur.

Qəbələ özünəməxsus, dadlı-tamlı mətbəxi ilə də diqqəti cəlb edir. Müxtəlif növ şirniyyatları, qozla hazırlanan Həmzəli halvasını Qəbələdən başqa, heç yerdə görmək olmur. Döşəməli plov və daşarası kababı isə Qəbələ mətbəxinin şahı sayılır. Bölgədə həm böyüklərin, həm də uşaqların istirahət etməsi, əylənməsi üçün hər cür şərait vardır. Rayonda turizm sektorunun inkişafı üçün ixtisaslı kadrlar hazırlayan Qəbələ Rayon Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzi respublikamızın müxtəlif bölgələrindəki turizm obyektlərinin kadrla təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərir. Tədris mərkəzində mehmanxana inzibatçısı, mühasib-fərdi kompüter, barmen-bufetçi-xörəkpaylayan, aşpaz, qənnadçı ixtisası üzrə kadrlar hazırlanır.

Bu gün Qəbələdə irili-xırdalı 100-ə yaxın turizm obyekti fəaliyyət göstərir. Son 8 il ərzində Qəbələdə müasir turizm obyektlərinin sayı 5 dəfə artaraq 20-yə çatıb. “Qafqaz” brendi altında fəaliyyət göstərən beşulduzlu otellər, o cümlədən “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Sport”, “Qafqaz Karvansaray”, “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksi, “Qafqaz Yeddi Gözəl”, “Qafqaz QabalaCity” otelləri xidmətin səviyyəsinə görə ölkənin ən qabaqcıl otelləri sırasındadır. “Sərin meşə”, “Duyma”, “Karvan”, “Yeddi gözəl”, “Sahil”, “Selbasar”, “Ay işığı”, “Yengicə”, “Xanlar”, “Çənlibel”, “Soyuq bulaq” və s. istirahət mərkəzləri son illərdə inşa edilən turizm obyektlərindəndir və bu məkanlarda qonaqların mənalı, xoş istirahəti üçün hər cür şərait yaradılıb. Gün ərzində bu obyektlərdə qonaqlara milli, türk və Avropa yeməklərinin daxil olduğu restoran xidmətləri və müasir otelçilik, meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətləri göstərilə bilir. Bundan əlavə, turistlər “Qəbələnd” istirahət və əyləncə mərkəzinin, otellərin nəzdindəki fitnes sağlamlıq mərkəzlərinin, sauna, masaj salonu, türk hamamı və diskotekaların xidmətlərindən də bəhrələnirlər. Hazırda Qəbələ ərazisində inşa edilən “Aquapark” istirahət və əyləncə və “Golf Resort” idman və istirahət mərkəzləri, eləcə də iki müasir otelin tikintisinin davam etdirilməsi gələcəkdə bu rayona daha çox turistin cəlb olunmasına xidmət edəcəkdir. Çoxsaylı otellər, “Tufandağ” Qış-Yay Turizm istirahət Kompleksi, süni buz meydançaları, xizəkçilik mərkəzi, dağlara çəkilmiş kanat yolları, Stend və Ox Atıcılığı Kompleksi, Atçılıq Mərkəzi, “Qəbələ” İdman Klubunun Uşaq Futbol Akademiyası, stadionlar kompleksi, Qəbələ Mədəniyyət Mərkəzi bölgənin mədəniyyət, turizm, idman infrastrukturunda mühüm yer tutur. Hər il Qəbələ rayonunun turizm potensialının təqdimatı ilə bağlı infoturlar təşkil olunur ki, bu da yerli və xarici turizm şirkətlərinin nümayəndələrinin bu məkanla yaxından tanış olması baxımından bölgədə turizmin daha sürətlə inkişafına təkan verir. Rayonda turizmin inkişaf dinamikasına nəzər salsaq görərik ki, bu yerlərə turist axını yüksələn templə davam edir. Məsələn, 2008-ci ildə Qəbələyə 14 min 630 turist gəldiyi halda, 2013-cü ildə bu rəqəm 45 mini keçib. 2015-ci ildə Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 50 min 200 nəfər olub. Turist axınının artmasına səbəb olan amillərdən biri də əvvəlki illərlə müqayisədə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti ilə bağlıdır. Rayonun təbii şəraitinin zənginliyi və qədim tarixi ilə ilin bütün fəsillərində dünyanın bütün guşələrindən turistləri özünə cəlb edir. Bir sözlə, bu gün qədim və müasir Qəbələ özünün inkişaf dövrünü yaşayır, dünyanın əsas turizm mərkəzlərindən birinə çevrilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

18 − eleven =