“Putin seçilənədək Suriyada ölmüş rusları soyuducularda saxlayacaqlar”

0
663

“Putin seçilənədək Suriyada ölmüş rusları soyuducularda saxlayacaqlar”

“The Business Insider” saytı yazır ki, Rusiya vətəndaşlarını Suriyada muzdlu əsgər kimi xidmətə göndərən hərbi səfərbərçilərdən biri France 24 kanalına anonim müsahibə verib.

Həmin şəxs bu müsahibədə Rusiya vətəndaşlarının bu yaxınlarda Suriyada Amerika qüvvələri tərəfindən zərbəyə məruz qalaraq həlak olmasının ölkəsi üçün nə dərəcədə böyük bir rüsvayçılıq olmasından söz açıb.

“Mənə hər həftə beş-altı yeni səfərbər müraciət edir, – həmin şəxs deyib, – Bəziləri mənə zəng edirlər, bəziləri isə şəxsən görüşürlər”.

O bunu da deyib ki, özünün çalışdığı Yekaterinburq şəhərində hazırda yüzədək vətəndaş muzdlu əsgər kimi Suriyaya getmək istəyir.

Amma onun sözlərinə görə, Amerika qüvvələri fevralın 7-də Suriyanın hökumət qoşunlarının hücum edən önçü dəstələrinə zərbə endirəndən bəri, Rusiya səfərbərləri arasında əhval-ruhiyyə bir qədər dəyişib. Axı bəzi məlumatlara görə zərbəyə məruz qalmış hökumət qüvvələrinin sıralarında yüzlərlə Rusiya muzdlusu da həlak olub.

“İndi adamlar bu zərbəyə görə qisas almağın vacibliyindən danışırlar” -rusiyalı səfərbərçi deyib.

Məqalədə deyilir ki, Suriyada müharibəyə yollanan rusiyalı kontraktçıları çox qəddar və təhlükəli şəraitlər gözləyir. Orada onlara biznes və siyasi maraqlara görə qətllər törətmək əmr oluna bilər. Onlar ora yaxşı maaşa görə gedirlər, amma əksəriyyəti bu pulları görməyəcək.

“Əgər özəl şirkətlə hərbi xitmət barədə müqavilə imzalamısansa, deməli, özünü onlara pula satmısan, -anonim rusiyalı deyib, – Şirkət səndən istədiyi kimi istifadə edə bilər. Bəs sən öləndən sonra nə olacaq? Əgər sən tikə-tikə olmusansa, onda necə olsun? Yaxşı halda meyitini evə göndərəcəklər. Pis halda elə orda basdıracaqlar. Əgər sən adamları öldürməklə və ya başqalarının biznes maraqlarını qorumaqla pul qazanmağa hazırsansa, çox gözəl”.

Həmin şəxs France 24 kanalına deyib ki, amerikalıların son aviazərbəsi nəticəsində 210 rus öldürülüb. O deyib ki, rusiyalı muzdluların işini ağırlaşdıran əsas faktor onların havadan Suriya və ya Rusiya aviasiyası tərəfindən dəstəklənməməsidir.

Bəzi məlumatlara görə, fevralın 7-də baş vermiş döyüşdə yüzlərlə rusiyalını onların tank və BTR-ləri qoruya bilməyib.

ABŞ-ın hava zərbələri, artilleriyası və Apache helikopterləri Rusiya muzdlularının külünü göyə sovurub. Bu da deyilir ki, Rusiya muzdlularının antitəyyarə silahları olmayıb. Havadan dəstəkləri olmadan, təyyarə vuran silahlarsız rusiyalı muzdluların Amerika tərəfindən təlimləndirilmiş qüvvələrlə necə döyüşə biləcəyi sual doğurur.

Lakin Rusiya nizami qoşunlarının kifayət qədər aviasiya qüvvəsi ola-ola muzdlu soydaşlarına dəstək verməməsi o demək deyildir ki, onların ABŞ koalisya qüvvələrinin hücumundan xəbərləri olmayıb.

“Washington Post” qəzetinin ötən həftə yazdığına görə, Rusiya prezidenti Vladimir Putinə yaxın olan bir iş adamı rusiyalı muzdluların da iştirak etdiyi bu hücuma Kremldən icazə alıbmış.

Reuters agentliyi bildirir ki, Amerika qüvvələri üzərinə hücum ABŞ-ın reaksiyasını yoxlamaq üçün edilib və göründüyü kimi bu cavab Kremlin gözlədiyindən də sərt olub.

Rusiyanın muzdlu əsgərlərdən istifadə etməsinin bir səbəbi də onun Suriyadakı əsl itkiləri gizlətmək niyyətidir.

Bu hərbi emissar France 24 kanalına deyib ki, Rusiya səfərbərçilərindən birinin soyuducularında xurd-xəşil olmuş 150-dək muzdlu əsgərin meyiti saxlanır.

O deyib ki, bu meyitləri ailələrinə versələr də, yalnız Rusiyada mart seçkisi keçiriləndən sonra verəcəklər.

“Biz hamımız bunun səbəbini bilirik. Bu ölümləri gizli saxlamaq problem olmamalıdır” -anonim müsahib deyib.

BIR CAVAB BURAXIN