Putin “Nazarbayev modeli”nə keçir: Rusiyada nələr dəyişir?

0
415

Rusiya prezident respublikası olaraq qalır, amma ölkənin idarəetmə sistemində qanunverici orqanın rolu gücləndirilir. Bu məqsədlə Dövlət Duması və Federasiya Şurasının səlahiyyətləri artırılacaq. Hökuməti artıq prezident yox, parlament formalaşdıracaq, baş naziri də prezident təyin etməyəcək, parlament seçəcək.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, bu qərardan sonra Rusiyada da ABŞ-da olduğu kimi, bir şəxs yalnız iki dəfə prezident ola biləcək:

“Yəni 2 dəfə ardıcıl prezident vəzifəsini tutub, sonra növbəti müddət namizəd olmayıb, ondan sonra təkrar prezidentliyə namizəd olmağın önü kəsilir. Həmçinin, Konstitusiya Məhkəməsinin qanunvericilik prosesinə nəzarəti təmin ediləcək.

Putinə inansaq, hazırda kağız üzərində mövcud olan federalizmin də idarəçilikdə real olaraq əksini tapması, ədəbi mərkəziyyətin (desentralizasiya) təmin olunaraq yerli hakimiyyətlərin (qubernatorlar, bələdiyyələr) səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur”.

Politoloq bildirib ki, referenduma çıxarılacaq bu təkliflərə “2024-cü il problemi” kontekstində yanaşmaq lazımdır:

“Bilirsiniz ki, 2024-cü ildə Putinin səlahiyyətləri başa çatır və o, prezidentliyə namizəd ola bilməyəcək. Putinin hakimiyyətdən tamamilə əl çəkib, təqaüdçü kimi öz köşəsinə çəkilməsini gözləmək sadəlövhlük olar. Kreml siyasi texnoloqları (Vayno – Kiriyenko) xeyli vaxt idi Putinin prezidentlikdən getsə də, hakimiyyətdə qalmasının formulunu axtarırdı. Belə görünür ki, tapıblar”.

Ş.Cəfərli deyib ki, burada iki mümkün variant var:

“1. Putinin yenidən baş nazir olması, amma bu dəfə real səlahiyyətlərlə.

2. Dövlət Şurasına sədr seçilməsi.

Bugünkü çıxışında Putin Dövlət Şurasının rolunun və statusunun Konstitusiyada təsbit olunması təklifi ilə çıxış etdi. Hazırda Şura konstitusion orqan deyil, prezident yanında məşvərətçi orqandır. Şuraya prezident sədrlik edir, Federasiya Şurasının sədri, Dövlət Dumasının sədri, ali vəzifəli şəxslər (ali icra orqanlarının rəhbərləri), Dumadakı fraksiyaların rəhbərləri, federasiya subyektlərinin başçıları Şuranın üzvləridir. Əgər Konstitusiya dəyişikliyi ilə bu orqan prezidentin tabeliyindən çıxarılaraq səlahiyyətli və prezidentüstü dövlət institutuna çevrilərsə, onda Nazarbayev modelinə oxşar şəkildə Putin Dövlət Şurasının sədri – həm icra, həm də qanunverici hakimiyyət qollarının fəaliyyətini əlaqələndirən, onlara rəhbərlik edən ali lider qismində Rusiya dövlət idarəçiliyi sistemində öz yerini ala bilər.

Əslində ilk variant mənə daha ağlabatan gəlir, amma belə görünür ki, Putin Dövlət Şurasına sədrlik variantını da ehtiyatda saxlamaq istəyir”.