Ermənistan prezidenti Serj Sərkisyan general-mayor Andranik Makaryanı silahlı qüvvələrin Baş qərargah rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsinə təyin edib.
Sərkisyanın digər fərmanı ilə general Makaryan Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının komandanı vəzifəsindən azad olunub.
Bu həmin general Makaryandır ki, Ermənistan ordusunun Naxçıvan istiqamətində dislokasiya olunmuş 5-ci ordu korupsunun komandanı idi və eyni zamanda rus-erməni birləşmiş qoşun qruplaşmasına da komandanlıq edirdi. Həmin vəzifəyə təyin olunanda jurnalistlər general Makaryandan rus-erməni qoşun qruplaşmasının Qarabağda mümkün tətbiqi barədə soruşmuşdular. Çünki birgə qoşun qruplaşmasına dair müqaviləyə əsasən hərbi dövrdə bu qüvvələrdən istifadə Rusiya prezidentinin əmri əsasında mümkün ola bilər. Makaryan isə lovğalanaraq belə cavab vermişdi ki, birləşmiş qoşun qruplaşmasını Qarabağa da yeridə bilər və bu zaman Rusiya prezidenti Putinin dayanmaq barədə əmrinə tabe olmaz.(Virtualaz.org)