“Pullu şəxslər özlərini yuxarıdan aparır, kasıb insanlara əşya kimi baxırlar”-Azərbaycanda

0
765

“Azərbaycanda yaşamaq üçün müsbət şeylər çoxdur, amma pulun olmalıdır. Bahaçılıqdır, bir də pulun yoxdursa, hörmətin də yoxdur. Pullu şəxslər özlərini yuxarıdan aparır, kasıb insanlara əşya kimi baxırlar. Azərbaycanda insanlar arasındakı bu münasibət çox pisdir”.

 

Ölkəmiz haqda bu qənaətə gələn şəxs urmiyalı tələbə Milad Cəfəridir. 27 yaşı var. Artıq bir ildir burada yaşayır və bu müddət ərzində Azərbaycan haqqında onda çox maraqlı fikirlər formalaşıb.

 

Lent.az-ın budəfəki əcnəbi tələbə müsahibi Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat mühəndisliyi ixtisası üzrə hazırlıq kursunda təhsil alır. Almaniyada dünyaya gələn Milad 7 yaşına kimi orda qalıb. Valideynləri İran azərbaycanlısıdır. 7 yaşından sonra ailəsi ilə birgə İranın Urmiya şəhərinə köçüb. İki qardaşı var. Atası ingilis dili müəllimi işləyib, indi isə inşaat işçisidir. Anası evdar xanımdır. Milad evlidir və ilk dəfə ölkəmizə bal ayı üçün gəzməyə gəlib. 25 yaşında evlənib və bizim gənc oğlanlardan fərqli olaraq, bu yaşı evlilik üçün tez hesab etmir.

 

 

– İlk dəfə xanımımla bal ayı üçün Azərbaycana gəldim. Həyat yoldaşım buranı sevdi. Qərara gəldik ki, elə burda qalaq. Həyat yoldaşımı da burda universitetlərdən birinə hazırlıq kursuna yazdırdım. Özümün oxumaq niyyətim yox idi, işləmək istəyirdim, ancaq gördüm ki, belə mümkün deyil, heç cür iş tapa, pul qazana bilməyəcəyəm.  Boş durmaq istəmədim və qərara gəldim ki, mən də universitetdə oxuyum.

 

 

 

“Azərbaycanlı kişilər çox rahatlıqla xanımlarına xəyanət edirlər”

 

 

 

Milad deyir ki, İranda dörd arvadlılığa icazə verilsə də, özü bunu heç vaxt etməz. Çünki xanımını çox sevir.

 

 

– İranda gənc qız və oğlan sevgili ola bilər, amma ictimai yerlərdə tək gəzə, ya otura bilməzlər. Polis onlara müdaxilə edir. Xanımımla 6 ay sevgili olmuşuq. O, atasının işi ilə bağlı Tehranda qalırdı, mən də Urmiyada. Aramızda məsafə uzaq idi. Üç dəfə elçi getdik. Birinci dəfə analar görüşdü, sonra ailələr, üçüncü dəfə isə qohumlarla birgə görüş oldu və kəbin razılaşdırıldı. Bizdə kəbin olur və gənclər nişanlanır. İranda dörd arvadlılıq olsa da, biri qanuni sayılır. Yəni kişi arvadlardan birini rəsmi nikaha götürə bilər, digər üç qadın isə siğə sayılır. Həm də İranda hər adam dörd arvad ala bilməz, icazə verməzlər. Mənim həyat yoldaşım həyatda buna icazə verməz, elə mən özüm də heç istəmərəm belə şey edim.

 

Bizdə 18 yaşdan aşağı nikaha icazə verilmir. Elə hallar olanda da gizli siğə edirlər, yaşı çatanda rəsmi nikaha salırlar.

 

 

Müsahibim Azərbaycan və İranda ər-arvad münasibətlərinin fərqli olduğunu deyir. Onun fikrincə, azərbaycanlı kişilər daha rahatlıqla arvadına xəyanət edir.

 

 

– Bizdə ər-arvad münasibətləri daha möhkəmdir. Amma Azərbaycanda belə deyil. Məsələn, evləndikdən sonra yoldaşıma qarşı heç bir yanlışım, xəyanətim olmayıb, eləcə də yoldaşımın mənə qarşı. Amma Azərbaycanda ər-arvad rahatdır. Kişi özünə görə rahat şəkildə gəzir. Azərbaycanlı kişilər xəyanət etməkdən çəkinmir. Sərbəstdirlər. Bizdə də arvadına xəyanət edən kişilər var, amma onlar artıq tanınır və hər yerdə barmaqla göstərilir.

 

İranda kişilər arvadına ev işlərinə kömək etməkdən utanmırlar. Mən özüm evdə yemək də bişirirəm, qab da yuyuram. Təbii ki, qadın da iş görür. Ancaq tətil günündə, ya yoldaşım xəstə olanda evin təmizliyinə kömək edirəm, hər işi də görürəm. Buna pis baxmıram. Can yoldaşımdır o mənim. O edirsə, mən də etməliyəm. Azərbaycanlı kişilər isə fərqlidir. Yoldaşımın burda azərbaycanlı rəfiqələri var, danışırlar ki, bəs, işdən evə yorğun gedirəm, kişi bunu başa düşmür, tez yemək tələb edir. Halbuki, özü işsiz-gücsüz bütün günü evdə oturub. Bizdə qadının işləməsinə çətin razı oluruq. İstəyi varsa, işləsin, amma ehtiyacdan dolayı deyil.

 

 

 

Milad deyir ki, İranda baş örtüyü tələbi olsa da, xanımının hicablı, ya hicabsız olmasının onun üçün fərqi yoxdur. Onun sözlərinə görə, azərbaycanlı və iranlı xanımlar daha çox geyimlərinə görə fərqlənirlər.

 

– İranda qadına açıq geyinməyə icazə yoxdur. Mütləq, baş örtülü olmalıdır. Amma indi hər kəs necə istəyir, elə örtür. Saçlar hamısı bayırdadır. Həyat yoldaşım da İranda hicab örtsə də, burda istifadə etmir. Mənim üçün də fərqi yoxdur. Ona necə rahatdırsa, elə etsin. Müasir gənclərimiz var ki, onlar avropalılar kimi geyinir. İranda qaydaları pozanda əvvəl daha ciddi tədbirlər görülürdü, bir az sıxışdırırdılar, incidirdilər. Gənclər yığışıb  qonaqlıq təşkil edəndə, polislər gəlib həmin şəxsləri tuturdu. İndi əvvəlki kimi deyil. Deyirlər, İranda qadın ya kişi taksidə yanaşı otura bilməz, ya kişinin qolu qadına toxunsa, cəzalanır. Amma İranda elə qadınlar olur ki, az qala kişinin qucağında oturur. Boş-boş sözlərdir. Adamın özündən asılıdır. İslam dininə görə qadın kişiyə toxunmamalıdır. Kişi qadın varsa çəkilir ki, ona toxunmasın.

 

 

Bizdə daşqalaq edilmə yox, amma edam cəzası hələ də qalıb. Cinayət hadisəsi olanda, ölən şəxsin ailəsi tələb edirsə, cinayətkarı edam edirlər. Məncə, doğru qərardır. Çünki həmin adam 10 il həbsxanada yatıb çıxandan sonra gedib başqasını da öldürəcək. Bir də külli miqdarda narkotik maddə aşkarlananda həmin adamı edam edirlər. Təcavüz hallarında isə məhkəmənin qərarına əsasən, o şəxs ya həbs olunur, ya da edam edilir.

 

 

“Dedim, qolunu dəbərdincə, 100 qram dilini dəbərd”

 

 

 

Müsahibimin Azərbaycanda ən xoşuna gəlməyən şey isə yol-hərəkət qaydaları və varlı insanların kasıb təbəqəyə yuxarıdan aşağı münasibətidir.

 

– Azərbaycanda xoşuma gələn çox şey var. Burda hamı sərbəstdir. Bir-birinin işinə qarışmırlar. Ancaq bəzi xoşuma gəlməyən şeylər də var. Məsələn, sizdə nəqliyyat sistemini heç xoşlamıram. Az qala adamı dəli edir! Dörd yolda sola dönməyə icazə yoxdur. Məsələn, mən evimə getmək üçün dörd yola çıxıram və sola dönsəm, 5 dəqiqəyə evimə çatacağam, amma gərək uzun bir yol gedib, fırlanıb sonra gələm. Belə olanda da bir yarım saatım gedir.

Dünyanın heç yerində dörd yolda sola dönməmək qadağasını mən görməmişəm.

 

Fikrimcə, Azərbaycanda yaşamaq istəyirsənsə, pulun olmalıdır. Pulun yoxdursa, hörmətin də yoxdur. İranda ailəm varlıdır. Gözümü açandan yaxşı imkan görmüşəm. Burda amma biri bir az varlıdırsa, bahalı maşını varsa, adama əşya kimi baxır.  Bir dəfə getmişdim gül dükanına, həyat yoldaşıma gül almağa. Güllərin qarşısında durmuşdum. İçəri 1.50 boylarında bir oğlan girdi. İmkanlı biri idi. Telefonunu çıxardıb ki, şəkil çəksin. Əlləri ilə mənə işarə edir ki, çəkil. Mən də başa düşmürəm. Dedim, qolunu dəbərdincə, 100 qram dilini dəbərd, denən ki, çəkil qırağa, mən şəkil çəkirəm. Azərbaycanda varlıların kasıb təbəqəyə münasibəti mənim heç xoşuma gəlmir. Varlılar özünü dartır. Bu pis şeydir.

Hər şey pul deyil. İmkanlı olmayan insanlar da görmüşəm, mənə hörmətlə yanaşır, yaxşı münasibət göstərir. Əvvəl kirayə qaldığım yerdə kasıb bir qonşum var idi, mənə o qədər köməklikləri olmuşdu. Deyirdim, insandan insana nə qədər fərq var.

 

 

 

 

Milad məhz bu düşüncələrinə görə varlı insanlarla dostluq etmir.

 

– Əvvəl kirayə qaldığım evdə ev sahibinin mənə qarşı münasibəti yaxşı idi. Dedim, ay nə qədər yaxşı insanlar tapmışıq. Üç ay qaldım. Qış semestrində İrana getmək qərarına gəldim. Dedim ki, istəyirsən, əşyalarım qalsın yarı kirayə ödəyim, ya da əşyalarımı da çıxardım, geri gələndə ev boş olarsa, yenə mənə verərsən bu evi. Həmin hörmətli mənimlə çox pis danışdı ki, bilirdim, elə iranlısan, belə edəcəksən. Mənə ziyan vurdun. Məni vurmuşdu az qala. Dedim, mənim müqaviləm var və gücüm çatmır ödəməyə, çıxıram. Məni hədələdi ki, səni universitetdən atdıracağam. Dedim, haradan istəyirsən at. Mən günah etməmişəm. Əlindən gələni ardına qoyma.  Üç ay pulu vaxt-vaxtında verirdim deyə yaxşı adam idim, indi oldum pis adam.

 

 

 

Milad deyir ki, İranlılar düyü yeməyini azərbaycanlılardan daha dadlı bişirir.

 

 

– Biz evdə İran yeməkləri bişiririk. Orda nə yeyirdik, burda da ondan.  Sizin və bizim yeməklərimiz arasında elə də fərq yoxdur. Məsələn, biz düyünü necə bişiririksə, siz də elə bişirirsiniz. Amma bilirəm ki, düyünü ən yaxşı iranlılarla, hindlilər bişirir. Bizim düyülər fərqli olur. Burdan gedəndə də dostlarım məndən İran düyüsü gətirməyimi istəyirlər.

 

 

 

Qonşuların gecə saatlarında bir-birini nəzərə almamağından şikayətlənir. Deyir ki, çoxmənzilli binalarda yaşayanlar bəzi qaydalara məhəl qoymurlar.

 

– Yaşadığım ünvanlarda qonşularla hələ problem olmayıb. Əvvəl başqa bir yerdə kirayə qalırdıq. Orda qonşuyla problemimiz olurdu. Bir-birini nəzərə almırdılar. Gecə saat 2-də mebel təmir edir, tozsoran qoşur. Çoxsaylı ev olan binalarda qaydalar var, amma bəziləri buna fikir vermir.

 

 

 

 

Milad oxuyub qurtardıqdan sonra burda qalmağı düşünmür və təhsilini davam etdirmək üçün Almaniyaya getmək fikrindədir.

 

 

–  Əslində təhsili burda qurtarmaq da istəmirəm. Almaniya daha yaxşıdır. Bura yeni-yeni inkişaf edir, Almaniya isə  artıq inkişaf etmiş ölkədir. Demirəm, bura pisdir, amma ora daha yaxşıdır.

BIR CAVAB BURAXIN