Prezidentliyə namizədlər arasında “əsəb müharibəsi başlanıb”

0
564

Əziz Mustafa

ABŞ-da qarşıdan gələn seçkilər ərəfəsində prezidentliyə namizədlər arasında əsəb gərginliyi ən yüksək həddə çatıb. Respublikaçılar Partiyasından prezidentliyə namizəd, müsəlmanlara münasibətdə faşist çağırışları ilə diqqəti cəlb edən Donald Trampla Demokratlar Partiyasının namizədi Hillari Klinton bir-birilərinə qarşı ən sərt ittihamlar səsləndirməkdən belə çəkinmirlər. ABŞ-ı gələcəkdə idarə etməyə hazırlaşan hər iki namizəd faktiki olaraq təmkinlərini qoruyub saxlaya bilmir və emosiyalarının təsiri altında ən sərt ifadələri dilə gətirməkdən belə çəkinmirlər. Bunu ötən gün Donald Trampın Hillari Klinton barəsində işlətdiyi sərt ifadələr də bir daha sübut edir.

Donald Tramp iddia edib ki, Hillari Klinton ABŞ-la İran arasında nüvə anlaşmasını razılaşdırmaqla ölkənin milli maraqlarını alver hədəfinə çevirib və Tehran qarşısında Vaşinqtonun acizliyini ortaya qoyub. Trampın sözlərinə görə, məhz bu amilə, yəni milli maraqları müdafiə edə bilmədiyinə görə xanım Klinton həbs edilməlidir. Bundan əlavə, Hillari Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən öz məktublarını xüsusi müdafiə olunan dövlət sistemi ilə deyil, şəxsi elektron poçtundan göndərib. Belə bir fikir söylənilir ki, Klinton bunu da yazışmalarının dövlət orqanları tərəfindən nəzarət edilə bilinməməsi üçün edib. Ötən il bu məsələ ətrafında ajiotaj qalxan zaman Hillari Klinton xüsusi elektron poçtu vasitəsilə apardığı yazışmaları, təxminən 55 min məktubu müvafiq qurumlara təqdim edib. Öz növbəsində, məsələni araşdıran məhkəmə Klintonun məktublarının məzmununu (gizli məlumatlar istisna olmaqla) mətbuata açıqlayıb. Amma iş bununla bitməyib. Bu ilin may ayında məlum olub ki, məsələni araşdıran məhkəmə yaxın aylarda adıçəkilən qalmaqalla bağlı Hillari Klintonu dindirəcək. Dindirilmə zamanı Klintonın gizli və şəxsi yazışmalarını xüsusi qorunan sistem vasitəsi ilə deyil, şəxsi poçtu vasitəsi ilə aparmasının səbəblərinə aydınlıq gətirilməlidir. Belə ehtimal edilir ki, adı çəkilən məsələ ətrafında qalxan ajiotaj xanım Klinton üçün əsl başağrısına çevriləcək.

Öz növbəsində, xanım Klinton da Trampı radikal çıxışlarına və çağırışlarına görə tənqid edib. Keçmiş Dövlət katibinin sözlərinə görə, Trampın prezident seçilməsi ABŞ üçün əsl fəlakət olacaq. Prezidentliyə namizəd xanım belə hesab edir ki, Trampın ölkə daxilində və beynəlxalq aləmdə irqi ayrı-seçkiliyi körükləyən təxribatçı çıxışları ABŞ daxilində vaxtilə SSRİ-ni uçuruma sürükləyən milli, etnik, dini qarşıdurmalara gətirib çıxara bilər. Xanım Klinton: “ABŞ-da bu günə kimi milli, irqi, dini qarşıdurmalar olmayıb və kimliyindən, hansı irqə, dinə mənsub olmasından asılı olmayaraq, hamı özünü ölkənin bərabərhüquqlu vətəndaşı kimi hiss edib və etməkdədir. Lakin bu gün Tramp ABŞ-ı dağıtmaq istəyən xarici düşmənlərin dəyirmanına su tökərək radikal, irqçi çıxışları ilə ölkə daxilində qarşıdurma salmaq, eyni zamanda beynəlxalq aləmdə sivilizasiyalararası münaqişəni körükləmək yolu tutub. Trampın belə çıxışları Rusiyanın maraqlarına uyğun gəlir”,-deyib.

Xanım Klinton həmçinin xəbərdarlıq edib ki, Tramp prezident seçiləcəyi təqdirdə, ölkəni nüvə müharibəsi təhlükəsi qarşısında qoyacaq. Onun sözlərinə görə, ağılla, təmkinlə, səbirlə, məntiqlə deyil, emosiyalarının təsiri altında hərəkət edən Tramp ABŞ-ı sonu bilinməyən müharibəyə sürükləyə bilər. Prezidentliyə namizədin fikrincə, Trampa ölkənin təhlükəsizliyinin qarantı olan nüvə çantasını etibar etmək olmaz: “Trampın emosiyalarının təsiri altında nə edəcəyini, hansı addımı atacağını heç vaxt planlaşdırmaq, müəyyənləşdirmək mümkün deyil. Tramp prezident seçiləcəyi təqdirdə, ölkənin təhlükəsizliyi şübhə altına düşəcək. Bunu öncədən hamı bilməlidir. ABŞ-a ağlı ilə, ətrafındakıların məsləhətlərini nəzərə alaraq dövlətin milli maraqlarını, təhlükəsizliyini müdafiə etməyi bacaran prezident lazımdır. Emosiyalarının əsiri olan adam ABŞ-a rəhbərlik edə bilməz”.

Qeyd edək ki, ABŞ-ın hazırkı Prezidenti Barak Obama da mətbuata verdiyi açıqlamasında Trampın prezident seçilməsinin ABŞ üçün faciə ola biləcəyini söyləyib. Obama belə hesab edir ki, Tramp radikal ovqatlı şəxsdir, nə danışdığını, necə hərəkət etdiyini, milli və dövləti maraqların, ölkənin təhlükəsizliyinin nə olduğunu anlamır, öz məsuliyyətini dərk edə bilmir: “Tramp təhlükəli çıxışlar edir, onun hər sözü cəmiyyətdə həmrəylik əvəzinə, qarşıdurma, qütbləşmə əmələ gətirir. ABŞ-a onu parçalayan, ölkə daxilində qarşıdurma, çəkişmə, milli, dini, etnik düşmənçiliyi körükləyən prezidentin rəhbərlik etməsi böyük faciələrə gətirib çıxara bilər.”

Beləliklə, Trampın prezident olmasına münasibətdə Obama və Klintonun mövqeləri üst-üstə düşür. Lakin yalnız Obama və Klinton deyil, ABŞ-ın əksər aparıcı siyasətçiləri Trampın prezident seçilməsinin ölkə üçün faciə ola biləcəyi qənaətindədirlər və onlar respublikaçıların namizədinə qarşı müxalifətdə olduqlarını gizlətmirlər.

Trampa yaxın “National İnterest”dən Hillari Klintona “hücum”

Hillari Klintonla Donald Tramp arasında gedən mübarizə mətbuatda da qarşıdurma yaradıb. Ötən gün Trampa yaxınlığı ilə seçilən “National İnterest”də xanım Klintonu sərt şəkildə ittiham edən və onu ABŞ-ın xarici siyasətini yanlış istiqamətə yönəltməkdə günahlandıran məqalə dərc olunub. Məqalədə xanım Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində işləyərkən ölkəni mənasız münaqişələrə sürükləyən siyasət yeritdiyi vurğulanır. Məqalədə qeyd edilir ki, Klinton heç bir əsas olmadan “ərəb baharı”nı körüklədi, Liviyada və Suriyada ölkəni münaqişələr bataqlığına sürüklədi. Bununla bağlı “National İnterest” yazır: “BAAS partiyasının hakimiyyətdən uzaqlaşdırılması islamçı qüvvələrin əl-qolunun açılmasına gətirib çıxardı. Bu, ABŞ-a minlərlə vətəndaşını itirməsinə, dövlət büdcəsindən yüzmilyardlarla dolların mənasız qarşıdurmalara xərclənməsinə səbəb oldu. Xanım Klintonun siyasəti Misirdə ABŞ-a dost olan rejimin devrilməsinə və onların yerinə ölkəmizə düşmən olan “Müsəlman Qardaşlar”ın hakimiyyətə gəlməsində önəmli rol oynadı. Klintonun İraqdan qoşunların çıxarılmasını dəstəkləməsi adıçəkilən ölkəni İŞİD-çilərin işğalı təhlükəsi altında qoydu və yüz minlərlə günahsız insan bu mənasız siyasətin qurbanına çevrildi”.

Məqalədə həmçinin Klinton xarici siyasət sahəsində buraxdığı digər səhvlərdə günahlandırılır və onun prezident kimi ölkəni idarə edə bilməyəcəyi vurğulanır. Lakin Hillari Klintona yaxın bəzi nəşrlər, o cümlədən namizədlərin heç birini müdafiə etməyən, yalnız adıçəkilən məsələdə ölkənin milli maraqları çərçivəsindən çıxış edən ABŞ-ın aparıcı qəzetləri bütün hallarda Trampın Klintonla müqayisədə dəlisovluğuna diqqəti cəlb edərək, belə bir adamın prezidentliyinin əleyhinə çıxırlar. ABŞ-ın aparıcı qəzetlərinin, demək olar, hamısında Trampın prezidentliyinin ABŞ daxilində milli, dini, etnik çəkişmələrə yol açacağı, ölkənin beynəlxalq aləmdə nüfuzdan düşəcəyi barədə xəbərdarlıq edilir.

Tramp ölkəni ikiyə bölüb

Trampın populist çıxışları ABŞ daxilindəki irqçi gücləri hərəkətə gətirərək, onlar arasında, belə demək mümkünsə, “ruh” yüksəkliyi əmələ gətirib. İrqçi güclər Trampı dəstəkləyərək onun ABŞ-ı düşmən güclərdən (müsəlman “terrorçular”dan) təmizləyəcəyini vurğulayır və onunla həmrəy olduqlarını addımbaşı nümayiş etdirirlər. Onların bu hərəkətləri vaxtilə Almaniyada Hitler hakimiyyətə gələrkən onun tərəfdarlarının arasında baş verən coşqunu xatırladır. Əlbəttə, Trampın irqçi çağırışlarının ölkəni haraya sürükləyəcəyini yaxşı bilən demokratik güclər isə Tramp əleyhinə birləşməkdədirlər. Necə deyərlər, Trampın irqçi çağırışları faktiki olaraq ölkəni iki cəbhəyə bölüb. Bu isə çoxmillətli ABŞ-a yaxşı heç nə vəd etmir.

BIR CAVAB BURAXIN