Prezident kənd müəllimini necə tələm-tələsik evləndirdi…

0
503
 

Bir ay bundan öncə tezliklə evlənəcəyi 23 yaşlı Saidşo Asrorovun heç ağlına da gəlməzdi. Tacikistanın ucqar kənd məktəbində adi tarix müəllimi işləyən gəncin heç nişanlısı da yox idi. Ancaq Tacikistan prezidenti Emomali Rahmonla görüşdən sonra hər şey dəyişdi.

“Azadlıq” radiosunun tacik xidməti xəbər verir ki, avqustun 16-da prezident Rahmon Boxtar rayonunun Zarqar qışlağına işçi səfər edib. Onun kənd fəalları ilə görüşü zamanı Saidşo Asrorov mikrofona yaxınlaşaraq nəhayət ki, ölkə başçısını canlı, göz qabağında görə bildiyi üçün «xoşbəxt» olduğunu deyib.

«Mən, gənc müəllim, özümü ən xoşbəxt adam hesab edirəm, çünki hazırda Sizin qarşınızda ayaqüstü dayanaraq çıxış etmək şərəfinə nail olmuşam, hörmətli Millət lideri», – deyə Asrorov bəyan edib.

O, prezidentə gənc nəslin təhsil və tərbiyəsi üçün göstərdiyi səylərə görə təşəkkür edib. Bundan sonra o, prezidentin şərəfinə şəxsən özünün yazdığı şeiri oxuyub. Tacik televiziyası görüşü yayımladığından müəllim bütün ölkədə məşhurlaşıb.

Şeiri dinləyəndən sonra Emomali Rahmon sözarası Saidşodan evli olub-olmadığını soruşub. Müəllim evli olmadığını deyəndə isə, Boxtar rayonunun rəhbərliyinə tapşırıb ki, gənc müəllimə nişanlı tapsınlar və onun toyunun təşkilinə kömək etsinlər.

Rayon rəhbərliyi prezidentin tapşırığını yerinə yetirmək üçün əlindən gələni edib və çox qısa zaman içində Asrorovu müəllim həmkarının qızı ilə nişanlayıblar. Adı Marjona olan gəlin tibb bacısıdır.

Üstəlik, elçiliyə yerli icra hakimiyyəti orqanlarından bütöv bir nümayəndə heyəti yollanıb. Elçi nümayəndə heyətinə Boxtar rayonu icra hakimiyyətinin ideologiya şöbəsinin rəis müavini başçılıq edib. «Elçiliyə özümüz getdik. Saidsho kasıb ailədəndir, valideynləri təqaüdçüdür. Biz özümüz elçiliyə hazırlaşdıq, gəlinə və ailəsinə hədiyyələr aldıq. Toyun bütün xərclərini çəkdik, qızın ailəsinə kömək etdik», – deyə məmurlardan biri danışıb.

Hökumət qızın ailəsinə gəlinə cehiz almaq üçün 16 min somoni (1800 dollar) pul verib. Gəlinin özü isə gənc müəllimin qarşısında bircə şərt qoyub: o deyib ki, toydan sonra öz ixtisası üzrə işləməyə davam edəcək.

Gəlinin anası sonradan danışıb ki, qıza elçi gələn digər namizədlər bu şərti qəbul etməyiblər. Ancaq Saidşo deyib ki, «Mən də oxumuşam və işləyirəm. Ailə qarşılıqlı anlaşma üzərində qurulmalıdır».

Marjona toya qədər öz gələcək həyat yoldaşını görməyibmiş. Toyda geydiyi ənənəvi tacik libasını isə gəlinin özü tikib.

Çox qısa zamanda, avqustun 27-də toy olub. Toya qədər gənclər Tacikistanda icbari olan tibbi yoxlamadan keçiblər. Ölkənin qanunlarına uyğun olaraq, toy məclisi üç saatdan artıq davam etməyib, qonaqların sayı isə 150 nəfəri keçməyib. Toya Düşənbədən Tacikistanın gənclər və idman naziri də qatılıb.

Ümumilikdə, Asrorovun prezident qarşısında şeir oxuması ilə evlənməsi arasında cəmi 10 gün vaxt keçib. Tacikistanda bəylə gəlinin bir-birini çox az tanıdığı, yaxud heç tanımadığı razılaşdırılmış nikahlar nadir hadisə deyil. Ancaq bəzən belə nikahlar uğursuz bitir. Ancaq prezidentin xahişi ilə keçirilmiş, üstəlik, məsrəflərini dövlətin ödədiyi toy həqiqətən qeyri-adi və hətta unikal hadisədir. Tacikistan mətbuatı keçirilən bayramı geniş işıqlandırıb. Gənc müəllimin toyu isə prezident Rahmon üçün uğurlu piar gedişi olub.

BIR CAVAB BURAXIN