Prezident azərbaycanlıların mafiyasına qarşı “Hüsən Moskovski”ni göndərdi

0
575

Özbəkistan hakimiyyəti məşhur kriminal avtoritet, “Hüsən Moskovski” ləqəbli biznesmen Hüsən Ziyaməhəmmədova qarşı cinayət təqibini dayandırıb. Virtualaz.org “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, bunun arxasında Özbəkistandan Rusiyaya tərəvəz ixracını genişləndirmək və Rusiyanın tərəvəz bazarına nəzarət edən azərbaycanlı kriminal qruplaşmalara müqavimət göstərmək maraqları dayanır.

Bu məsələ haqda daha sonra. Hələlik oxucuları “Hüsən Moskovski”nin kimliyi və nədən həbs olunduğu haqda məlumatlarla tanış edək. Belə məlum olur ki, “Hüsən Moskovski” 2013-cü ildə öldürülən məşhur kriminal avtoritet, “Ded Xasan” ləqəbli Aslan Usoyanın Özbəkistandakı “1 nömrəli adamı” idi. “Ded” onu şəxsən həmin titula layiq görüb. “Hüsən Moskovski” Özbəkistandan Rusiyaya meyvə-tərəvəz ixracına nəzarət edirdi. 90-cı illərin əvvəllərində Fərqana vadisində araq istehsalı biznesinə başlayan və sürətlə varlanan “Hüsən Moskovski” uzun müddət Özbəkistanın ən varlı adamlarından biri hesab olunub. Onun Rusiya və Baltik ölkələrində də güclü əlaqələri var, “Ded Xasan”ın qruplaşmasının üzvü kimi kriminal aləmdə vaxtilə böyük nüfuza malik idi.

Lakin 2015-ci ildə Özbəkistanda Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Hayot Şərifxocayev başda olmaqla bir qrup xüsusi xidmət zabitinin cinayət işi çərçivəsində Hüsən Ziyaməhəmmədov da həbs olunub. Daha doğrusu onu Özbəkistanın sorğusu əsasında Rusiyada həbs edib Daşkəndə təhvil veriblər. Avtoriteti Özbəkistandan Rusiyaya qanunsuz tərəvəz ixracında ittiham edirdilər. Bu ilin martında Ziyaməhəmmədovun barəsində seçilmiş  həbs qətimkan tədbiri dəyişdirilib, o, başqa yerə getməmək barədə iltizam verərək azadlığa çıxıb. Ancaq çox keçmədən Qazaxıstan üzərindən Rusiyaya gedib. Məlumatlara görə kriminal avtoritet Özbəkistanı tərk etmək üçün çox yüksək məbləğdə pul verib.

Özbəkistanın hakim elitasına və kriminal avtoritetin ailəsinə yaxın mənbələr deyiblər ki, “Hüsən Moskovski” may ayından etibarən yenə də Özbəkistandan Rusiyaya tərəvəz ixracına nəzarət edir, Moskvada bizneslə məşğuldur. Özbəkistandan Rusiyaya meyvə-tərəvəz ixracı yenə də onun nəzarətin verilib.

Bildirilir ki, bu qərar prezident İslam Kərimovun bu ilin aprel ayında Moskvaya səfərindən sonra qəbul edilib. Məlumata görə “Hüsən Moskovski”nin azadlığa buraxılmasına və barəsində cinayət işinə xitam verilməsinə Rusiyanın Türkiyədən tərəvəz idxalını dayandırmasından sonra bu ölkənin tərəvəz bazarında boşalan yeri tutmaq üçün başlayan sərt rəqabətin təsiri olub. Azərbaycan və digər ölkələr Rusiyaya tərəvəz ixracını genişləndirib. Özbəkistanın isə bazarda mövqeləri zəifləyirdi.  

Belə vəziyyətdə tərəvəz ixracının yenidən “Hüsən Moskovski”nin nəzarətinə verilməsi təklif edilib. Ancaq Milli Təhlükəsizlik Xidməti onun həbsdən buraxılmasının əleyhinə çıxıb. Bununla belə prezident administrasiyasının rəhbəri Zəlimxan Haydarovun qruplaşması kriminal avtoritetin həbsdən buraxılmasına prezidenti inandıra bilib. Bildirilir ki, bu işdə “Hüsən Moskovski”nin qudası, Özbəkistanda “pullu Səlim” kimi tanınan kriminal avtoritet və biznesmen Səlim Abduvaliyevin də rolu var.

“Rusiyada tərəvəz bazarına Azərbaycandan olan qruplaşmalar nəzarət edir. Onlar belə qərara gəldilər ki, Ziyaməhəmmədovdan başqa heç kim bu qruplaşmaya qarşı dayana bilməz”-radioya məlumat verən mənbə deyib.

Rusiyada meyvə-tərəvəz bazarına əsasən “Rövşən Lənkəranski”nin qruplaşması və onun düşmən münasibətlərində olduğu, “Ded Xasan”ın yerinə keçən “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun qruplaşmasında yer alan azərbaycanlı kriminal avtoritetlər nəzarət edir. Son vaxtlar “Lənkəranski”nin qruplaşmasının mövqeləri bu sahədə zəifləyib. Moskvanın ən iri topdansatış bazası-azərbaycanlı milyarderlər Qod Nisanov, İlham Rəhimov və Zarah İliyevin sahibi olduqları “Food City” aqroklasteri “Şakro Molodoy”un qruplaşmasının “krişnası” altında fəaliyyət göstərir. Belə ki, məhz “Şakro Molodoy”un əmrindən sonra Moskvanın digər topdansatış bazarlarından icarəçilər kütləvi şəkildə “Food City”yə köçüb

Virtualaz.org

BIR CAVAB BURAXIN