Pompeo Fransanın S.Qasiminin ölümü ilə bağlı bəyanatına cavab verib

0
395

ABŞ Dövlət katibi Mayk Pompeo Fransanın S.Qasiminin öldürülməsi ilə bağlı bəyanatına münasibət bildirib.

APA-nın “CNN”-ə istinadən verdiyi xəbərə görə, Mayk Pompeo bu məsələdə fransızların yanıldığını deyib. 

“Fransızlar bu barədə səhv düşünürlər. Bu gün dünya daha təhlükəsiz bir yerdir və sizi əmin edə bilərəm ki, Qasim Süleymaninin  ölümündən sonra bölgədəki amerikalılar daha təhlükəsizlikdədirlər. Biz gözləyirik ki, yalnız İraqda deyil, İranda da insanlar Amerikanın ötən gecə atdığı addıma onlara verilən azadlıq kimi baxacaq. Müvəffəqiyyət, rifah və çiçəklənmə üçün bir azadlıq fürsəti, təbii ki, siyasi rəhbərlik bunu istəməyə bilər, lakin bu xalqlar onu tələb edəcək”, – deyə Pompeo qeyd edib.

İranda ABŞ əleyhinə keçirilən aksiyalara toxunan ABŞ Dövlət katibi bildirib ki, bu, İran hakimiyyəti tərəfindən edilir: “Onlar minlərlə insanı həbs edib, yüzlərlə insanı öldürüb. Bu əməlləri davam etdirməyə çalışsalar, bu məni təəccübləndirməyəcək. Lakin bunu bilin: İran xalqı başa düşür ki, Amerika  regionda yaxşılıq üçün çalışan bir gücdür və mən inanıram ki, bizim İrandakı insanlara göstərdiyimiz dəstək və İraq xalqına bundan sonra verəcəyimiz dəstək Amerikanın maraqlarını qorumağa xidmət edəcək və həmçinin bu insanların həyatlarını daha da yaxşılaşdıracaq”. 

Qeyd edək ki, Fransa hökuməti Q.Süleymaninin öldürülməsinin dünyanı daha az təhlükəsiz bir yerə çevirəcəyi və regionda təhlükəli gərginliyə səbəb olacağı barədə açıqlama yayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quterreş general Qasım Süleymaninin öldürülməsindən sonra İranın ətrafında yaranan vəziyyətlə bağlı tərəfləri təmkinli olmağa çağırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə baş katibin rəsmi nümayəndəsinin müavini Fərhan Haq məlumat yayıb.

BMT baş katibi qeyd edib ki, dünya Fars körfəzində daha bir müharibəyə yol verməməlidir.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.

“ABŞ da İsrail kimi özünümüdafiə hüququna malikdir”.

APA-nın xəbərinə görə, bunu İsrailin Baş Naziri Binyamin Netanyahu deyib.

“Qasım Süleymani Amerika vətəndaşlarının və bir çox digər günahsız insanların ölümündə məsuliyyət daşıyır. O, daha çox belə hücumları planlaşdırırdı. Prezident Donald Tramp cəld, güclü və qətiyyətli davrandığı üçün hörmətə layiqdir. İsrail ABŞ-ın sülh, təhlükəsizlik və özünümüdafiə uğrunda ədalətli mübarizəsində onun yanındadır”,- deyə İsrailin Baş Naziri qeyd edib.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.