“Polonez”in gücü: “yandırılmış torpaq” taktikası… – Polkovnik

0
575

Azərbaycan bu silahı əldə etməklə regionda Rusiya və İrandan sonra ən öndə gələn raket silahlarına malik dövlətə çevrilir.

Arazinfo.com-un verdiyi xəbərər görə, bu sözləri axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik İlqar Əliyev 301 mm-lik “Polonez”lərin Azərbaycan ordusunun silahlanmasına daxil edilməsini şərh edərkən deyib. O bildirib ki, bu silahlar “İsgəndər”lərə alternativdir:

“İndiyə qədər Ermənistan “İsgəndər”lə Azərbaycanın infrastrukturlarını vuracaqları ilə bağlı hədə-qorxu gəlməyə çalışırdı. Amma bu silahları Azərbaycanın əldə etməsi ilə artıq bu təhdidlərin qarşısı tam alınacaq. Azərbaycan bununla öz şərtlərini Ermənistana daha rahat diktə edə biləcək”.

İ.Əliyev vurğulayıb ki, bu silahların alınmasını əvvəlcədən açıqlamaq qabaqlayıcı tədbirdir:

“Danışıqlara bunun təsiri çox güclüdür. Bu silahların alınmasını Azərbaycan tərəfi açıqlamaya da bilərdi. Bu, bir növ, bəyan etmədir ki, biz istədiyimiz anda, istədiyimiz nöqtəni vura bilərik. Azərbaycan bu silahları əldə etməklə tək diplomatik mənada deyil, həm də hərbi cəhətdən üstünlüyünü artırmış olur. Bu silahların əldə olunmasında əsas məqsəd ən az itki ilə düşmənə zərbə vurmaqdır. Gələcəkdə Ermənistanla müharibə şəraiti yaransa, Azərbaycan ”yandırılmış torpaq” taktikası əsasında elə bir zərbə vuracaq ki, Azərbaycan əsgərinin ayaqqabısı boş, erməni olmayan ərazilərə dəyəcək”.

Polkovnik qeyd edib ki, Ermənistanın “İsgəndər”ə malik olub-olmaması hələ şübhə altındadır:

“Ancaq bu silahlar Azərbaycanın özünündür. Və istədiyi vaxt da bu silahlardan istifadə edə bilər”.

Ehtiyatda olan polkovnik Kamal Hüseynovun sözlərinə görə isə “Polonez” sistemləri əsasən yaylım atəşli reaktiv sistemlərdir:

“Bu silahların alınması ordumuzun gücünü daha da artırır. Əməliyyat-taktiki raket kompleksi olan “Polonez”in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir və maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqədir”.

Polkovnik vurğulayıb ki, bu, bizə istənilən zaman nəinki Qarabağın ərazisini, Ermənistanın istənilən nöqtəsini vurmaq imkanı verir:

“Azərbaycan silahlanmanın hər bir sahəsində Ermənistandan güclüdür. Azərbaycan “Polonez”i və İsraildən raketlər almaqla “İsgəndər”lərə alternativ formalaşdırdı”.

Qeyd edək ki, MN-dən verilən məlumata görə, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən 301 mm-lik “Polonez”lər Ordumuzun silahlanmasına daxil edilib.

BIR CAVAB BURAXIN