Payız gəldi, bazarlarda qiymətlər qalxdı

0
606

Payızın gəlişi bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətinə təsirsiz ötüşməyib. Meyvə-tərəvəz, ağartı və balığın qiyməti qalxıb. Satıcılar maya dəyəri və daşınma xərclərinin artması səbəbindən ötən illə müqayisədə 20-25 faiz bahalaşma olduğunu etiraf edirlər. Bazarlarda çeşid bol olsa da, qiymət artımı alıcılıq qabiliyyətinə təsir edir.

Virtualaz.org saytının əməkdaşlarının gəldikləri qənaətə görə, meyvə-tərəvəz məhsullarının qiyməti 20 qəpikdən 3 manata qədər dəyişib. Beləliklə, bazarlardakı qiymətləri təqdim edirik:

El arasında ucuz bazar kimi tanınan Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki 4 saylı bazarda qiymətlər 50 qəpik – 2 manat arasında artıb. Hazırda lobyanın kiloqramı 1 manat 30 qəpikdir.

Kartof – 50 qəpik (Cəlilabad)

Soğan – 60 qəpik

Kök – 80 qəpik (Bərdə)

Göyərti – 10-15 qəpik

Pomidor – 1.50 – 3 manat

Xiyar – 80 qəpik – 2 manat

Nar – 1-2 manat

Xurma – 1.30-1.50

Üzüm – 1-3 manat

Heyva – 1 manat 80 qəpik – 2 manat (Göyçay)

Naringi – 1.50 – 2.50

Limon – 1 ədədi 50 qəpik (Astara)

Gül kələmi – 2 manat (yerli)

Sarımsaq – 4-6 manat.

“Təzə bazar”da isə qiymətlər bir qədər bahadır. Məsələn, kələmin 1 kiloqamı 60 qəpik, göyərti 20 qəpiyədir. İrandan gətirilən kartofun kiloqramı 70-80 qəpiyə təklif edilir. Bu bazarda sarımsağın 1 kiloqramı 6-7 manata satılır ki, bu da marketlərdəki qiymətlərlə eynidir. Pomidor 2 manat, xiyar 1.50-2.50 qəpik, naringi 1 manat 50 qəpik, xurma 1 manat 50 qəpik, üzüm 2 manatadır. Ağartı məhsullarına gəldikdə isə, pendir 5-8 manat, şor 2 manat, nehrə yağı 8 manatadır.

“Yaşıl bazar”da qiymətlər elə də fəqrli deyil. Yaşıl bibər 80 qəpik, pomidor 1 manat 50 qəpik, Sabirabad narı 3 manat, çuğundur 80 qəpik, xiyar 2 manat, alma 3 manat, zoğal 1 manat 20 qəpik, üzüm 2-4 manat, portağal 3 manatdır.

Satıcılar bahalaşmanın alıcılıq qabiliyyətinə təsir etmədiyini deyirlər. Alıcılar isə, əksinə, qış tədarükünə görə meyvə və balığı menyudan çıxarmağa məcbur qaldıqlarını söyləyirlər.

“Qışa hazırlıq görürəm, badımcan kürüsü, turşu hazırlayıram. Bu il hələ balıq almamışam. İndi balığın bir kiloqramı növünə görə 6-15 manatdan başlayır. Balığa verəcəyim pulu lobyaya, badımcana verirəm ki, qışda uşaqlarım ac qalmasın”, – 45 yaşlı Xanım Cavadova deyir.

Onun sözlərinə yaxınlıqdakı digər alıcı da qoşulur: “Qış tədarükü daha vacibdir. Yayda badımcan, lobya, kələm yeyirdik. Qışda vəziyyətimiz daha çətin olacaq”.

“Yaşıl bazar”da alver edən Nəsimi adlı müsahibimiz deyir ki, meyvələri alverçilərdən alırlar. “Səhər Hacıqabul narını 1 manat 50 qəpiyə, Sabirabad narını isə 3 manata almışam. Mən onun üstünə 20-30 qəpik qoyub satıram ki, heç olmasa, yerpulunu çıxarım. Məhsul birbaşa kənddən bazara gətirilmir ki, ucuzluq da olsun”.

Digər satıcı Cavid Məmmədov isə məhsulları kənddən alıb gətirdiyini deyir: “Bu lobyanı Sabirabaddan 1 manat 30 qəpiyə almışam, indi 1 manat 80 qəpiyə satmağa məcburam. Yol xərci, yerpulu ödəniləndən sonra çörək pulu güclə çıxır”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi də 8 ayın göstəricilərini açıqlayıb. Bu ilin yanvar-avqust aylarında ərzaq məhsullarının qiymətləri 12,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,6 faiz bahalaşıb. Ötən ay düyünün, unun, çörəyin, qarabaşağın, yulaf və arpa yarmasının, mal, qoyun və toyuq ətinin, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, kələmin, kökün, göy lobyanın, çuğundurun, sarımsağın, göyərtinin, tütün məmulatlarının qiymətlərində bahalaşma, balıq məhsullarının, almanın, armudun, bananın, gavalının, şaftalının, üzümün, pomidorun, xiyarın, badımcanın, bibərin, soğanın, kartofun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Kənd mövsümün sonudur, buna görə də, qarşıdakı aylarda yenidən qiymət atrımının şahidi olacağıq.

Jalə

Gülnar

Fotor Samirənindir

Virtualaz.org

BIR CAVAB BURAXIN