Partizanları güllələyən fahişə-cəllad 33 ildən sonra necə ifşa olundu?

0
431

O, qısa müddət ərzində Bryansk ərazisində Vermaxt zabitlərinin sevimlisinə çevrilib. “Qısa ətəkli cəllad”, “pulemyotçu Tonka”, “yataq kraliçası” kimi titullar qazanan Antonina Makarova almanlar tərəfindən işğal olunmuş Lokotsk dairəsində faşistlərin ən yaxın köməkçisinə çevrilib. Nasistlər bu rus qadınına təkcə tapança yox, hətta “Maksim” pulemyotunu da etibar ediblər və o, sovet ordusunun əsir düşmüş döyüşçülərini, dinc əhalini, qocaları, uşaqları böyük həvəs və peşəkarlıqla məhv edib.

Onun xidmətləri təkcə cəlladlığı ilə bitməyib. Antonina Makarova gecələr cəllad libasını dəyişib alman zabitlərinin yatağında “hökmranlıq” edib, bir gecədə bir neçə nəfərə nəyə “qadir” olduğunu da sübut edib…

Antonina Makarova 1920-ci ildə Smolenskdə anadan olub. 7 yaşında 1-ci sinifə gedəndə ö, öz soyadını söyləməkdə hər dəfə şətinlik çəkib. Belə ki, onun əsl soyadı Parfyonova olub. Bu “çətinliyi” aradan qaldırmaq üçün o atasının adına uyğun soyadla, Makarova kimi təqdim olunub. Elə sonralar da bir çox sənədlərdə soyadı belə yazılıb.

Səkkizinci sinifdə oxuyanda ailə Moskvaya köçüb. Antonina Makarova Moskvada tibb məktəbində təhsilini davam etdirib. 1941-ci ildə müharibə başlananda o, könüllü olaraq cəbhəyə yollanıb.

1941-ci ilin payızında Antonina Makarovanın sanitar kimi xidmət etdiyi hərbi hissə Moskva ətrafında gedən döyüşlərdə mühasirəyə düşüb. Antonina əsir düşməmək üçün Nikolay Fedçuk adlı bir döyüşçü ilə vəziyyətdən çıxa biliblər, onlar mühasirədən çıxıb meşələrə üz tutublar. İki ay müddətində ayrı-ayrı kəndlərdə yaşayan Makarova və Fedçuk, nəhayət, 1942-ci ildə Bryanskın Krasnı Kolodes kəndinə çatıblar. Məhz bu kəndə gəlib çatanda Antonina Makarovaya məlum olub ki, Nikolay Fedçukun bu kənddə ailəsi və uşaqları var. Buradan onların yolu ayrılıb.

Antonina Makarova yaxınlıqdakı qəsəbədə, hazırda Bryansk ərazisində yerləşən, həmin dövrdə almanların işğal etdiyi Lokotsk qəsəbəsində məskunlaşıb. O, əvvəlcə tək yaşayan bir qadının evində kiçik bir otaq kirayələyib. Bu otağa görə az da olsa ev sahibəsinə pul ödəmək Antonina üçün çətinlik yaradıb. Çıxış yolu axtaran Antonina Makarova alman zabitləri ilə yaxınlıq edən qəsəbə sakinlərinin vəziyyətinin yaxşı olduğunu müşahidə edib və özü də “rahat”lığını məhz bunda tapıb.
Beləliklə Antonina Makarova özünün ilk işinə fahişəlikdən başlayıb. Səhərə qədər Vermaxt zabitlərini əyləndirən 22 yaşlı Antonina qida, içki və geyim problemlərini qismən də olsa həll edə bilib.

Belə gecə əyləncələrinin birində sərxoş vəziyyətdə olan Antonina Makarovaya daha “maraqlı” və daha gəlirli bir iş təklif olunub. Alman zabiti onu süfrə arxasından qaldırıb çölə çıxarıb, qarşıdakı həyətdə düzülmüş partizanları və onların ailə üzvlərini ona göstərərk təklifini söyləyib:

– Bunları güllələsən, hər birinə görə 30 reyxsmarka alacaqsan. Üstəlik, mükafat olaraq sənə daimi yatacaq yeri də veriləcək.
Antonina düşünmədən razılıq verib, amma şərtini də bildirib: “Yalnız “Maksim” pulemyotu ilə”.

Anbaardan “Maksim” pulemyotu gətirilib. Antonina Makarova qəsəbənin yerli rus sakinlərinin gözü qarşısında partizanları və onların ailə üzvlərini bir göz qırpımında güllələyib.

Bu hadisədən sonra Antonina Makarova fahişəlik etməklə yanaşı, edam cəzalarını da icra etməyə başlayıb. Ona bonus olaraq güllələnən adamların əşyalarını götürməyə də icazə veriblər.

Bir neçə ay ərzində onun “xidməti kitabçası”nda 1500 nəfərin güllələndiyi qeyd olunub.

Sovet qoşunları işğal olunmuş əraziləri almanlardan təmizlədikcə Antonina Makarova vəziyyətin heç də yaxşı olmayacağını anlayıb.

1943-cü ilin yayında sifilis xəstəliyinə tutulan Makarovanı almanlar qospitala göndərəndə o, müalicə dövründə Lokotskun sovet ordusu tərəfindən azad olunduğu xəbərini eşidib.

Uzun cəhdlərdən sonra Makarova müvafiq qurumlara 422-ci sanitar səhra batalyonunda tibb bacısı kimi xidmət etdiyini və hərbi biletini itirdiyini bildirib, hərbi biletini bərpa etməyə nail olub, yenidən səhra qospitalında tibb bacısı kimi xidmətini davam etdirib. Burada o, milliyətcə rus olan serjant Viktor Ginzburqla tanış olub, onunla evlənərək soyadını dəyişib.
Müharibədən sonra ailə Belarusiyanın Lepel şəhərində yaşayıb. Çütlüyün iki qız övladı olub.

Antonina tikiş fabrikində nəzarətçi işləyib. O, kollektivdə ən vicdanlı, məsuliyyətli işçilərdən biri sayılıb. Məktəblərdə müharibə veteranı kimi onunla tez-tez görüşlər keçirilib. Yerli tarix muzeyində onun şəkli ağır döyüş yolları keşmiş veteran qadın kimi xüsusi lövhədən asılıb.

Onun bu “şərəfli” həyatı düz 30 il davam edib.

Müharibədən sonra hərbi cinayətlərlə bağlı araşdırmalar və istintaqlar başlananda Lokotskda baş vermiş hərbi cinayətlər də xüsusi komissiya tərəfindən araşdırılıb. Yüzlərlə şahid və zərərçəkmiş Antonina Makarovanın adını xüsusilə vurğulayıblar.
Bu məsələ birbaşa DTK-nın nəzarətinə götürülüb. Amma uzun illə aparılan axtarışlar heç bir nəticə verməyib. Belə ki, axtarış zamanı məhz Makarova axtarılıb, əslində isə yuxarıda qeyd etdiyimiz kimi Antoninanın əsl soyadı Parfyonova olub.
Axtarış zamanı 1920-1921-ci ildə anadan olan 278 nəfər Antonina Makarova adlı şəxs aşkar olunub. Onların hamısı haqqında xüsusi arayışlar toplanılıb, amma onlardan heç biri axtarılan Antonina olmayıb.

Təsadüfi bir fakt DTK əməkdaşlarının diqqətindən yayınmayıb. Belə ki, uzun müddət Müdafiə Nazirliyi sistemində işləyən, sonradan tərxis olunan, Tümendə yaşayan Antoninanın qardaşı xaricə getmək üçün anket dolduranda bacı və qardaşları haqqında anket məlumatları yazıb. Həmin anketlərdə o, qeyd edib ki, 6 bacı və qardaşı var, bir bacısından başqa digərləri hamısı Parfyonov soyadını daşıyır, həmən bacısı isə ailə qurduqdan sonra ərinin Ginzburq soyadını götürüb, uşalıqda isə Makarova soyadını daşıyıb. Qeyd edək SSRİ-də xaricə getmək məsələsində sənədləşmə işi kifayət qədər ciddi aparılıb.
Bu anketlərdən sonra Antonina Ginzburqun axtarışı başlanılıb və çox asanlıqla onu tapmaq mümkün olub.

Antonina qısa müddətdən sonra sorğu-suala tutulub. O, özünü ilkin istintaqda çox rahat aparıb. Sonralar özü dediyi kimi, elə düşünüb ki, uzaqbaşı 3 il azadlıqdan məhrum ediləcək. Amma heç də onun düşündüyü kimi olmayıb.
168 nəfər zərəçəkmiş şəxs istintaqdan və məhkəmədən onun layiqli cəzasını tələb edib.

20 noyabr 1978-ci ildə məhkəmə Antonina Makarovanı ən ağır cəzaya, ölüm hökmünə, güllələnmə cəzasına məhkum edib.
Onun dəfələrlə Mərkəzi Komitəyə, şəxsən Leonid İliç Brejnevə əfv olunması ilə bağlı müraciətləri cavabsız qalıb.

Xüsusi qəddarlığı ilə fərqlənən, şahidlərin birinin dediyinə görə, alman zabitinin qucağında əyləşib sovet zabitini azyaşlı körpəsinin gözü qarşısında güllələyən Antonina Makarova haqqında çıxarılan hökm 11 avqust 1979-cu ildə səhər saat 6-da icra olunub.

Qeyd edək ki, Stalin hakimiyyəti illərindən sonra SSRİ-də cəmisi 3 qadın ölüm hökmünə məhkum edilib. Onlardan biri Antonina Makarova olub.

2014-cü ildə Rusiyanın I kanalında nümayiş olunan “Cəllad” serialı da məhz Antonina Makarovanın amansız cəlladlığına həsr edilib.

İlham Cəmiloğlu, Musavat.com