Özbəkistan Rusiya və ABŞ-a münasibətdə çevik siyasət yeridir

0
781

Əziz Mustafa

Krımı işğal etdiyinə və Donbasla Luqanskda separatçılara hərbi dəstək verdiyinə görə başda ABŞ olmaqla Qərb tərəfindən sanksiyalara məruz qalan Rusiya çıxış yolunu postsovet məkanı ölkələrində, o cümlədən Orta Asiyada istər siyasi, istər iqtisadi, istərsə də hərbi-strateji baxımdan daha da möhkəmlənməkdə görür. Bu baxımdan son illərdə “Taliban” təhlükəsi adı altında bölgə ölkələrini şantaj edən Rusiya hər vasitə ilə müxtəlif bəhanələrlə region dövlətlərinin “təhlükəsizliklərini müdafiə” funksiyasını öz üzərinə götürməyə cəhd etməkdədir. Bu baxımdan Özbəkistan Prezidenti İslam Kərimovun Moskvaya səfəri və orada apardığı danışıqlar beynəlxalq aləmin diqqət mərkəzində olub. İş orasındadır ki, Orta Asiyanın ən böyük dövlətlərindən biri olan Özbəkistan həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan başda ABŞ olmaqla Qərb dövlətləri və Rusiya üçün strateji önəm daşıyır. Belə bir vəziyyət Özbəkistana Rusiya ilə Qərbin bölgədə təsir dairəsi uğrunda apardığı mübarizədən özünün milli maraqlarının təmini üçün istifadəsinə və onlar arasında manevr etməsinə geniş imkanlar verməkdədir. Hər halda son 20 ildə Özbəkistan dəfələrlə bu amildən istifadə etməyə imkan verəcək çevik siyasət yeridə bilib.

Rusiya ilə Özbəkistan arasında iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığın önə çıxarılması daha aydın şəkildə nəzərə çarpır. Rusiya iqtisadi sahədə Özbəkistanın əsas tərəfdaşlarından biri hesab edilir. Bu çərçivədə də Rusiya xarici ticarət sahəsində Özbəkistanın əsas müttəfiqlərindən biridir. Belə ki, Özbəkistanın xarici ticarətinin 27-29 faizi Rusiyanın payına düşür. Kərimovun Moskvaya səfəri ərəfəsində “LUK-oyl” şirkəti Kandım qaz emalı zavodunun inşasına başladı. Buxara vilayətində yerləşən “Kandım” qaz strukturuna “Kuvaçi-Alat”,”Akkum”, “Parsankul”, “Hacı” və “Qərbi Hacı” yataqları daxildir. Bu baxımdan Kandım Qaz Emalı Zavodunun istifadəyə verilməsinin Özbəkistana milyonlarla dollar gəlir gətirəcəyi gözlənilir. Ümumiyyətlə götürdükdə isə, “LUKoyl” Özbəkistanın neft-qazla zəngin strukturlarının işlədilməsinə 3,5 milyard dollar sərmayə qoyub ki, bu da olduqca böyük rəqəm hesab edilir. Ümumilikdə isə, Rusiya hazırda Özbəkistana 12 milyard dollar sərmayə qoyub və bu baxımdan bir çox ölkələri özündən geridə buraxıb.

Özbəkistanla Rusiyanı yaxınlaşdıran amillərdən biri də terrora qarşı birgə mübarizə vasitəsidir. İş orasındadır ki, Özbəkistan Əfqanıstanda baş verən hadisələrdən narahatlıq keçirir və “Taliban”ı özü üçün əsas təhlükə mənbəyi görməkdə davam edir. Məhz “Taliban” təhlükəsi Moskva ilə Daşkəndi bir-birinə yaxınlaşdıran əsas amillərdən biridir. Təsadüfi deyil ki, Kərimovun Moskvaya səfəri zamanı “Taliban” təhlükəsi onun Putinlə görüşündə əsas müzakirə hədəflərindən biri olub. Bu çərçivədə də tərəflər arasında terrorizmə qarşı birgə mübarizə haqqında müvafiq sənəd imzalanıb.

Qeyd edək ki, Putinlə Kərimov arasında danışıqlar 3 saatdan çox davam edib. Tərəflər terrorizm də daxil olmaqla beynəlxaq aləmdə baş verən bütün hadişələr, o cümlədən Suriya, Ukrayna, Əfqanıstandakı vəziyyət barədə fikir mübadiləsi ediblər. Görüşdən sonra mətbuata açıqlama verən İslam Kərimov Putinlə danışıqların səmimi və açıq şəkildə keçdiyini bildirib. O xatırladıb ki, iki ölkə arasında min ili əhatə edən bir əməkdaşlıq mövcuddur: “Rusiyanın bölgədə maraqları olduğunu bilirik və bunu təbii qarşılayırıq. Əgər kimlərsə bunu başa düşmək istəmirsə, onda bu, onların günahıdır”.

Putin də, öz növbəsində Özbəkistanı Rusiyanın strateji tərəfdaşı və etibarlı müttəfiqi adlandırıb. Putin: “Özbəkistanla bütün sahələrdə əməkdaşlığı daha yüksək səviyyədə inkişaf etdirmək niyyətindəyik. Bu, hər iki ölkənin maraqlarına uyğundur”,-deyib.

Rusiya mətbuatının yazdığına görə, Putin və Kərimov arasında əldə edilən razılığa əsasən, Rusiya Özbəkistana ən müasir hərbi texnika, o cümlədən tanklar, hava hücumundan müdafiə sistemləri satacaq.

Onu da deyək ki, bu ilin iyun ayında Daşkənddə Şanxay Əməkdaşlığı Təşkilatının(ŞƏT) növbəti sammiti keçiriləcək. Təbii ki, Özbəkistanın ŞƏT-də iştirakı Rusiya üçün önəmli faktorlardan biri hesab edilir. Çünki bu qurum formal şəkildə olsa da, Rusiyaya bölgədə öz təsirini saxlamağa müəyyən qədər imkan verir.

Əlbəttə, Putin Özbəkistanı Avrasiya İqtisadi Birliyində də görməyə ümid edir. Belə ki, bölgənin həm iqtisadi, həm də strateji baxımdan ən önəmli ölkəsi olan Özbəkistanın Avrasiya İqtisadi Birliyinə üzv olması Moskvaya imperiyanın bərpası istiqamətində daha bir uğurlu addım atmağa imkan verə bilər.

Ziddiyyətlər olsa da…

Təbii ki, Rusiya ilə Özbəkistan arasında ara-sıra müxtəlif fikir ayrılıqları da ortaya çıxıb. Bu baxımdan Özbəkistanın 2012-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması iki ölkə münasibətlərində soyuqluq yaratsa da, tərəflər arasında ciddi qarşıdurmaya gətirib çıxarmadı.

Xatırladaq ki, Özbəkistan 1992-ci ildə Daşkənddə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsas təşəbbüskarlarından biri idi. Lakin bölgədə baş verən hadisələr nəticəsində Özbəkistan 1999-cu ildə KTMT-ni tərk etməyə məcbur oldu. Lakin 2005-ci ildə Əndican vilayətində baş verən qarışıqlıqlardan sonra Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə daxil olmağı qərara aldı. KTMT-nin üzvü kimi bu qurumun bütün toplantılarında iştirak edən Özbəkistan bununla belə, kollektiv təhlükəsizlik haqqında sənədi imzalamaqdan imtina etdi və 4 il öncə bu qurumu tərk etdi. Qeyd edək ki, 2012-ci ilin iyun ayında Özbəkistan öz ərazisindən Tacikistanın Soqdiya vilayətində keçirilən KTMT “Sülh missiyası-2012” hərbi təlimlərində iştirak etmək istəyən Qazaxıstan hərbçilərini buraxmadı.

Özbəkistanın KTMT-dən çıxması əslində Rusiyanın bu qurumun imkanlarından istifadə edərək imperiyanı bərpa etmək niyyətləri ilə bağlı oldu. Putinin hər vasitə ilə keçmiş imperiyanı bərpa etmək cəhdləri, təbii ki, o dönəmdə Özbəkistanı narahat etməyə bilməzdi.

Buna paralel olaraq, 2006-cı ildə Özbəkistan GUAM-da fəaliyyətini dayandırdı. 2008-ci ildə isə Özbəkistan Avrasiya Gömrük İttifaqına üzvlükdən imtina etdi.

ABŞ-la əməkdaşlıq

KTMT-dən çıxdıqdan sonra Özbəkistan qarşı tərəfdən gələ biləcək təhlükəyə qarşı ABŞ-la yaxınlaşma meyilləri nümayiş etdirməyə başladı. Həmin dövrdə də Rusiya mətbuatında ABŞ-ın guya Özbəkistanda hərbi baza yaratmağa hazırlaşması barədə şayiələr yayılmağa başladı. Lakin Özbəkistan öz ərazisində hər hansı xarici ölkənin bazasını yerləşdirməyəcəyini və bununla bağlı ölkə Konstitusiyasında da müvafiq bəndin olmadığını bəyan etdi. Lakin buna paralel olaraq, Özbəkistan ABŞ və onun Qərbdəki müttəfiqləri arasında diplomatik sahədə əməkdaşlığı ildən-ilə genişləndirməkdə davam etdi. Təkcə 2015-ci ilin yanvar ayının birindən 2016-cı ilin yanvar ayına kimi Özbəkistanla ABŞ və onun əsas müttəfiqlərindən biri olan Böyük Britaniya arasında 18 dəfə yüksək səviyyəli rəsmi görüş keçirildi. Bu da Özbəkistanla ABŞ və onun müttəfiqi Böyük Britaniya arasında diplomatik əlaqələrinin kifayət qədər böyük şəkildə inkişaf etdirildiyini göstərir. Ötən il ABŞ-ın Əfqanıstandan çıxardığı və Rusiyada böyük həyəcanla qarşılanan 328 zirehli maşını Özbəkistana verməsi də iki ölkə arasında hərbi sahədə əməkdaşlığın daha da genişləndirilməsi sahəsində atılan böyük bir addım hesab edilməkdədir. Buna paralel olaraq, ABŞ xarici sərhədləri mühafizə üzrə Milli Təhlükəsizlik Xidməti İdarəsi Özbəkistana sərhədlərin mühafizəsində istifadə edilməsi üçün 20 ədəd müasir “MAN TGM 13.280” hərbi maşını hədiyyə etdi. Ötən ilin iyul ayında isə Daşkənddə NATO-nun yeni bürosu fəaliyyətə başladı. Bu büroda özbək zabitlər NATO-dan olan instruktorların köməyi ilə həm ingilis dilini öyrənir, həm də NATO-nun hərbi imkanları ilə tanış olurlar. Bu da yaxın gələcəkdə NATO ilə Özbəkistanın daha da yaxınlaşmasına imkan verəcək. Nəhayət, ötən ilin sonlarında bölgəyə səfər edən ABŞ Dövlət katibinin Orta Asiya üzrə müavini Deniel Rozenblyum Qırğızıstan, Qazaxıstan və Özbəkistana terrorizmə qarşı birgə koalisiya yaratmağı təklif etdi. ABŞ rəsmisi bu quruma ölkəsinin istənilən səviyyədə hərbi yardım göstərməyə hazır olduğunu bəyan etdi.

Nəhayət, Rusiya sərmayəsinə öz qapılarını açan Özbəkistanın təşəbbüsü ilə 2015-ci ilin noyabr ayının 5-6-da Daşkənddə Avropa Birliyinə üzv olan ölkələr, o cümlədən ABŞ, Yaponiya, Cənubi Koreyadan olan 300 iri şirkətin nümayəndələrinin iştirakı ilə biznes-forum keçirildi. Bundan məqsəd Qərb şirkətlərini Özbəkistana sərmayə qoymada həvəsləndirmək və adıçəkilən ölkənin iqtisadi imkanları ilə daha yaxından tanış olmasına imkan yaratmaq idi. Onu da deyək ki, bu biznes foruma Rusiya dəvət edilməmişdi.

Bir sözlə, Özbəkistan Rusiya ilə ABŞ və onun müttəfiqləri arasında məharətlə manevr edərək, adıçəkilən ölkələrə münasibətdə olduqca çevik siyasət yeridir. Bundan məqsəd isə Özbəkistanın milli maraqlarının ən yüksək səviyyədə təmin edilməsinə nail olunmasıdır.

BIR CAVAB BURAXIN