Öz xalqını talan edən rus hökmdarları

0
772

 

XV-XVI əsrlərdə dünyanın siyasi meydanına çıxan Rusiyada nəinki yüz illər əvvəl, günümüzdə belə dünyanı heyrətə salan idarəçilik sistemi hökm sürməkdədir. Nə qədər qəribə olsa da bu idarəçilik sisteminin əsasında tarixin müəyyən dövrlərində öz xalqını talamaq, onu var-yoxdan çıxarmaq siyasəti dayanıb. Məsələnin bu tərəfinə diqqəti cəlb edən “Kommersant” qəzeti yazır: “Son 350 ildə Rusiyada yaşayanaların elə bil nəsli olmayıb ki, öz dövləti tərəfindən talanmasın”. Əslində “Kommersant”ın yazdıqlarında həqiqət var və bunu tarixi faktlar da sübut etməkdədir.

Xalqın talanı hesabına Ukraynanın işğalı

Rusiyanı idarə edənlərin xalqını talan etməsinin ilk sübutu XVII əsrin ortalarında Polşa ilə baş verən müharibə oldu. 1653-cü ilin sonunda Rusiya çarı Aleksey Mixayloviç Polşa ilə müharibəyə başladı. Bundan məqsəd o vaxt həm Polşanın, həm də Rusiyanın işğalçılıq siyasətinə qarşı mübarizə aparan Ukraynanı ələ keçirmək idi. Ukrayna faktiki olaraq iki işğalçı dövlət arasında qalmışdı. Bundan istifadə etməyə çalışan Rusiya ilə Polşa arasında Ukrayna uğrunda qanlı döyüşlər başladı. Amma müharibə böyük xərclər tələb edirdi. Rusiya isə bu xərcləri haradan əldə edəcəyini bilmirdi. Çarın ətrafındakılar vəziyyətdən çıxış yolunu ölkə daxilində işlədilən gümüş pulların mis pullarla əvəz edilməsində gördüklərini bildirdilər. Bu ideya çar Aleksey Mixayloviçin dərhal ağlına batdı. Onun əmri ilə tədavülə böyük həcmdə mis pullar buraxıldı və onlar 1:1 nisbətdə gümüş pulla dəyişdirildi. Halbuki faktiki olaraq o vaxt gümüş pulun dəyəri mis pulun dəyərindən 62 dəfə çox idi. Nəticədə çarın öz xalqını talaması hesabına müharibənin başa çatdırılması üçün kifayət qədər pul əldə edildi. Bu da Rusiyaya Polşa ilə müharibədə qalib gəlməyə və Ukraynanı işğal etməyə imkan verdi. Beləliklə sadə ruslardan talanan milyonlar hesabına Ukrayna müstəqilliyini itirdi.

Kağız pullar talanı

Rusiya tarixində xalqın öz dövləti tərəfindən talanması ilə bağlı ikinci hadisə 1769-cu ildə baş verdi. Bu talana səbəb yenə də Rusiyanı idarə edənlərin həmin dövrdə apardığı ardı-arası kəsilməyən işğalçılıq siyasəti və bunun nəticəsində xəzinənin boşalması oldu. Həmin dövrdə Rusiyanı idarə edən II Yekaterina büdcəni doldurmaq üçün kağız pulların buraxılması barədə əmr verdi. Əvvəlcə hər şey yaxşı gedirdi. Hətta kəndlilərə vergiləri kağız pulla ödəməyə icazə verilmişdi. Lakin büdcənin vəziyyətinin ağır olaraq qalması nəticəsində çar mülkədarlara 8 faizlə 20 ill müddətinə böyük həcmdə kreditlər verilməsi barədə göstəriş verdi. Böyük həcmdə krediti və kredit faizlərini ödəməyə məcbur olan mülkədarlar bunu öz növbələrində kəndliləri qarət etmək, onları talayaraq var-yoxdan çıxarmaq yolu ilə əldə edirdilər. Nəticədə Rusiya çarı bu talanlar hesabına, daha dəqqi desək mülkədarlara verilən 2,5 milon rubl əvəzinə, o dövr üçün olduqca böyük hesab edilən 213 milyon rubl qazanc əldə etdi. Bu da büdcəni doldurmağa və işğalçılıq müharibələrini sona kimi uğurla başa çatdırmağa imkan verdi. 1790-cı ildə çarın əmri ilə 87 qəpiyə 1manat dəyərində olan gümüş pul alınırdı. Halbuki gümüş pulun dəyəri o vaxt kağız puldakından 80 dəfə çox idi. Çarın digər fərmanı şlə 1800-cü ildə 1 manat gümüş pulun dəyəri 66 qəpik elan edildi. Bununla da əhalinin yeni, daha dəhşətli talanı başladı.

Təhkimçilik hüququnun ləğv edilməsi də talanlar hesabına başa gəldi

XIX əsrdə Napeolonla müharibədə Rusiyanın dövlət büdcəsi yenidən boşaldı. Müharibələr nəticəsində dövlət büdcəsində 1,37 milyard rubl dəyərində kəsir əmələ gəlmişdi. Bu kəsiri aradan qaldırmaq və büdcəni doldurmaq üçün təhkimçilik hüququnun ləğvi barədə qərar qəbul edildi. 1861-ci ildə baş verən bu proses zamanı yenə də mülkədarları böyük faizlə banklardan götürdükləri kreditləri qaytarmağa məcbur etdilər. O vaxt dövlət tərəfindən məcburi şəkildə mülkədarlara verilən kreditlərin həcmi 900 milyon rubl idi. Mülkədarlar öz növbəsində bu vəsaiti ödəmək üçün kəndlilərdən azad edilmələri miqdarında pul yığmağa başladılar. Nəticədə mülkədarlar kəndliləri pulla azad etmək müqabilində dövlətə olan kredit borclarının 700 milyon rublunu qaytara bildilər. Təhkimçiliyin ləğv edilməsi nəticəsində dövlət xəzinəsinə 1,6 milard rubl daxil odu və bu da büdcə kəsirini aradan qaldırmağa imkan verdi.

Bolşeviklər də xalqı talamaq yolu seçdilər

1917-ci ildə dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ alan bolşeviklər büdcəni doldurmaq üçün dərhal banklardakı bütün əmanətləri müsadirə etdilər. Eyni zamanda büdcəni doldurmaq üçün əhaliyə məcburi şəkildə böyük faizlə istiqrazlar satılmasına başlanıldı. İstiqrazları almaqdan imtina edənlər isə dərhal güllələnirdi. Nəticədə əhali əlində olan-qalanı sataraq istiqrazlar almağa məcbur oldu. 1922-ci ildə aclıqla mübarizə çərçivəsində Sovet hökuməti borc adı alan kağız pullar buraxdı. Bu pullarla kənd məhsulları qaytarılacaq adı altında məcburən kəndlilərin əllərindən alınırdı. Nəticədə heç bir dəyəri olmayan kağız istiqrazlarla əhalidən 10 milyon pud taxıl alındı. 1923-cü ildə isə ikinci dəfə istiqraz buraxıldı və bu dəfə onların hesabına 30 milyon pud taxıl əldə edildi. 1927-ci ildə hökumət 10 il müddətinə ödənilmək şərti ilə milyardlarla rubl dəyərində istiqraz buraxdı. Bu istiqrazlarla faktiki olaraq ölkə əhalisi talandı. Çünki istiqrazların nominal dəyəri demək olar sıfıra bərabər idi. 1937-ci ildə 20 il müddətinə yeni istiqraz buraxıldı. Amma vaxtı başa çatandan sonra əhaliyə ödənilmədi. 1957-ci ildə isə bu istiqrazların ödənilməsindən rəsmi qayada da imtina edildi və bunu pərdələmək üçün onun vaxtı daha 20 il müddətinə uzadıldı. 1947-ci ildə isə pul islahatları adı altında ərzaq kartoçkalarını ləğv etdilər və dövlət islahat adı altında 53 milyard rubl gəlir əldə etdi. Yeni pul buraxıldı və əllərdə olan pulun 10-nun bir hesabına dəyişdirilməsi və bu yolla əhalinin talanması baş verdi. SSRİ məkanında əhalinin talanmasının son akkordu isə banklarda olan əmanətlərə əl qoyulması oldu. Həmin dövrdə banklarda əhalinin 315,3 milyard rubl əmanəti vardı. SSRİ-nin dağılması ilə bu əmanətlər talandı və sonralar əhaliyə həmin məbləğə görə loru dildə desək dilənçi payı verildi…

Əziz Mustafa

BIR CAVAB BURAXIN