“Öz dələduzluğuna məni də qoşmaq istəyirsən…?” – Aslan İsmayılov

0
632

Facebook səhifələrimin izləyicilərinin sayı artıqca çoxlarının bundan əndişələndiyini görməmək mümkün deyil. Son dövrlər, xüsusilə aldıqları məvacibləri haqq etdiklərini sahiblərinə göstərmək istəyən qüdrətlər, onun ətrafındakı yal peşəkarları cürbəcür reket nəşrlərdə, dələduzluğa, reketə görə məhkum olunmuşlar, haqqımda onlarla məqalə yazıb olmazın böhtanlarını və təhqirlərini yağdırırlar. Məqsədləri mənim üçün aydındır. Bunların bircə damardan ibarət məntiqlərinə görə işimi, gücümü atıb bunlara cavab verməklə məşğul olacam. Əsla özlərini yormasınlar. Mən onların sahiblərinin sahiblərinə cavab vermək gücündəyəm və bu tör-töküntüyə vaxt sərf etmərəm. Bir də yadda saxlayın, mənim səbrim böyükdür, tələsməyin. Sadəcə səhifə izləyiciləri üçün bunların necə murdar olduqlarını göstərmək üçün son günlər tirajlanan bir böhtanı (şərhdə) nəzərinizə çatdırıram.

Təxminən 5 il bundan əvvəl bir nəfər Bayramxan adlı biri ofisimə gəlib yetimxanada böyüdüyünü, elə orada böyümüş bir xanımla ailə qurduğunu, ömrü boyu yığdığı pula mənzil aldığını və MTK tərəfindən aldadıldığını bildirib ona yardımçı olmağımı istədi. Bayramxanın məzlum sifətinə inanıb “VİZA” hüquq firmasının baş direktoru Kənan Məmmədovu yanıma dəvət edib ofis hesabına işi götürüb lazımi tədbirlər görməsini, ehtiyac olarsa məni də cəlb etməsini dedim. Bayramxan dərhal özü istənilən qonorarı ödəməyə hazır olduğunu bildirdi və xahiş etdi ki, məhkəmələrə müraciət etməyə ehtiyac yoxdur, əgər mən MTK-nın sahibinə zəng edərəmsə onun mənzilini dərhal qaytararlar. Onda mən xahiş etdim ki, 200 manata bir formal müqavilə bağlasın ki, zəng edəndə rəsmi müqaviləm olduğunu bildirim. Bayramxan dərhal 200 manatı ödəyib müqavilə bağladı. K.Məmmədov müqaviləni və 200 manatın kassa mədaxil orderini ona verdi. Bayramxan MTK-nın sahibinin telefonunu mənə verdi və mən öz mobil telefonumdan həmin şəxsi yığıb nə üçün pulunu alıb mənzili təhvil vermədiklərini soruşdum. Həmin şəxs məni tanıdı və xahiş etdi ki, onu Bayramxanla birgə qəbul edib dinləyim, çünki hər şey başqa cür olub. Ertəsi gün saat 11-ə ofisimdə görüş təyin etdim. Təxminən saat 10.30-da Bayramxan yanıma gəlmək istədi. Eyni məsələni iki dəfə dinləməmək üçün Bayramxana həmin şəxslərlə birlikdə otağıma gəlməsini dedim. Saat 11-də Bayramxanla 3 nəfər otağıma daxil oldu. Elə davranışlarından gördüm ki, bunlar bir birini tanıyan şəxslərdir. Zəng etdiyim şəxs bildirdi ki, o, “Rahat Məkan”-nın sahibidir, yanındakı iki nəfər isə Bayramxanın yaxın adamları və mübahisənin iştirakçılarıdır, onun isə mübahisəyə aidiyyatı yoxdur. Məndən xahiş etdi ki, yanındakı şəxsləri dinləyim, sonda hansı qərarı qəbul edərəmsə o, icra edəcək. Onlardan biri dedi ki, biz Bayramxanla birlikdə ev alqı-satqısı ilə məşğuluq və dəfələrlə Bayramxandan faizə pul götürmüşük, hər dəfə də qarant kimi Bayramxanın adına müqavilə ilə mənzil rəsmiləşdirmişik. Bayramxandan aldıqları pulu faizləri ilə, artıqlaması ilə qaytarıblar. Bu yerdə Bayramxan dedi ki, pulu tam qaytarmayıbsınız, mən də sizə demişdim ki, şikayət edəcəm. Həmin şəxs cavab verdi ki, pulu tam qaytarıblar, ancaq bəzi gecikmələr olduğundan Bayramxan faiz üstünə faiz hesablayıb. Bu söhbətdən dərhal sonra hamısına otağımdan çıxmalarını və faiz işləri ilə məşğul olmadığımı dedim. Təxminən 10 dəqiqə sonra Bayramxan tək otağıma daxil olub dəqiqliyi ilə bu sözləri dedi: ”Aslan müəllim, mən bunları çoxdan tanıyıram, qorxaq adamlardır, Sizdən isə daha çox qorxurlar, əgər siz onlara desəniz, onlar mənzilin özünü, ya da pulunu mənə verəcəklər. Məndə aldığımı 50-50-yə Sizinlə böləcəm”. “Dələduzun biri dələduz, öz dələduzluğuna məni də qoşmaq istəyirsən” deyib onu otaqdan qovdum. Bir müddət sonra Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Azər Tağıyev mənim onu təhqir etməyimlə bağlı şikayəti əsasında iş başlatdı. Mən dediklərimi etiraf etdiyimə görə mənə töhmət də elan etdilər. Bu yaxınlarda Bayramxanın ərizəsi əsasında baxılan işlə bağlı şahid qismində Yasamal rayon məhkəməsində keçirilən iclasa dəvət etdilər və orada da olanları dedim.
Bu uzun yazı ilə vaxtınızı aldığıma görə məni üzrlü sayın. Sadəcə məqsədim bir daha bu murdar insanların nələrə qadir olduqlarını Sizə göstərmək idi. Burada yazdıqlarımı isə hər kəs araşdıra bilər. Bir daha haqqımda böhtan yağdıranlara deyirəm, Siz murdarlardan fərqli olaraq bütün həyatım boyu atdığım hər bir hərəkətimə görə cavab verməyə hazıram! Sizi kimi çirkaba bulaşmamışam! Siz isə xirtdəyinizə qədər çirkabın içindəsiniz və yuyulmağınız da mümkün deyil!

BIR CAVAB BURAXIN