Ölümü ilə SSRİ rəhbərlərlərinə problem yaradan Vladimir Vısotski

0
766

Onun ölümünü gizlətməyə çalışdılar. Bu Kremlin göstərişi idi. Cəmisi iki qəzetdə “Veçernaya Moskva” və “Sovetskaya Rosiyya”da Vladimir Vısotskinin ölümü ilə bağlı bir cümlə yazıldı… Bir də çalışdığı Taqanka teatrının kassalarına bir elan vuruldu: “Vladimir Vısotski vəfat edib”. Bu elana baxmayaraq bir nəfər də olsun onun növbəti tamaşasına aldığı bileti geri qaytarmadı. İki gündən sonra “Veçernaya Moskva” qəzetinin baş redaktoru işdən azad olundu, digər baş redaktor isə ciddi cəzalandırıldı. Səbəb nə idi? Vladimir Vısotskinin vəfatı elə bir günə (25 iyul 1980-ci il) təsadüf edirdi ki, həmin vaxt SSRİ olimpiada həyəcanını yaşayırdı. Təbii ki, belə bir dövrdə qapalı şəhər elan olunan Moskva bütövlüklə sovet rejiminin nəzarəti altında idi. Və məlum olduğu kimi 1979-cu ildə SSRİ qoşunlarının Əfqanıstanda hərbi əməliyyatlara başlaması səbəbindən 50-dən artıq ölkə Moskva olimpiadasını baykot etmişdi və sözsüz ki, ilk dəfə sosialist ölkəsində keçirilən olimpiya oyunlarında yaşanan ən adi bir problem dünya ictimaiyyətində böyük səs-küyə səbəb olacaqdı. Bu baxımdan Vladimir Vısotskinin dəfni SSRİ rəhbərləri üçün böyük problem yaradırdı. İnsanlar stadionlardan, idman saraylarından Vısotski ilə son görüşə tələsəcəkdirlər. Belə də oldu. Nə DTK, nə də milis Vısotskinin dəfninə gələn on minlərlə insanın qarşısını ala bilmədi. Sadə insanlar, əfsanəvi müğənninin pərəstişkarları stadionların, idman komplekslərinin əvəzinə Vısotski ilə son görüşə tələsdilər. Dəfn böyük bir mitinqi xatırladırdı. Dövlətin icazə vermədiyi, ancaq insanların könüllü axışdığı mitinqə..

Vısotski bu dünyanın adamı deyildi. Özünü dərk edəndən bir fikir rahat buraxmırdı onu – zamanında gəlməmişdi dünyaya. Yaşadığı zamanla barışa bilməyən Vladimir Vısotski zamana öz sözünü deməyi bacardı. Deyə bilməyənlərin əvəzinə də dedi. Dediklərinə görə milyonlarla insan onun pərəstişkarı oldu, onu sevdilər. Bu insan kütlələrinin sayı-hesabı yox idi. Əslində yazdıqlarında, oxuduqlarında həqiqətdən başqa qeyri-adi bir şey yox idi. Qeyri-adi yalnız Vısotskinin cürəti, Vısotskinin iradəsi idi…

Yaradıcılığının hər addımı uğur, şəxsi həyatının hər addımı uğursuzluqla müşayiət olunurdu. Zamanından qisas alırdı. İçkiyə və narkotikə aludəçiliyi onu həyatdan ayırmağa tələsdirirdi. Daha doğrusu Vısotski öz dünyasının sakini olmağa tələsirdi.


Azadlıq onun daxilində idi. Heç nə və heç kim bu azadlığın qarşısını ala bilməzdi. Məqsədli şəkildə tənqid atəşlərinə tutulmasının, xüsusi orqanlar tərəfindən daima nəzarətdə olmasının fərqinə varmırdı Vısotski. O, öz qanunları ilə yaşayırdı. Mövcud rejimdə, bu qadağalar burulğanında fransız xanımı, aktrisa Marina Vladiylə evlənməyi isə ona qarşı təzyiq göztərənlərə ən qəzəbli cavabı idi. Həm də Vısotski yaxşı bilirdi ki, onun ilk lent yazılarına bağlı qapılar arxasında sovet çinovnikləri böyük həvəslə qulaq asırlar.

Vladimir Vısotski kino yaradıcılığında da öz sözünü demiş aktyorlardan idi. “Qısa görüşlər”, “Vertikal”, “Tayqanın sahibi”, “İki dost xidmət edirdi”, “Yeganə yol”, “Pis yaxşı adam”, “Sannikov torpağı”, “Çar Pyotrun Arapı evləndirməsi haqda nağıl”, “Mister Mak-Kinlinin qaçışı”, “Görüş yerini dəyişmək olmaz” filmlərində çəkilmişdi.

Vladimir Vısotski yaradıcılığının gücü onda idi ki, o həm düşündürürdü, həm də əyləndirərək müsiqi zövqü bəxş edirdi. Repertuarının zənginliyindən asılı olmayaraq yaratdığı bütün əsərlərdə dərin hikmət və məntiq var idi. Bütün oxuduqlarının sonluğu isə eyni notla bitirdi – ədələt, haqsızlıqları törədənlərə sərt etiraz və haqqa çağırış. Bu çağırışın nəticəsi idi ki, Vısotskinin dinləyici auditoriyası təkcə SSRİ məkanı ilə məhdudlaşmırdı, Sovetlər birliyinin hüdudlarından çox-çox uzaqlarda da onu sevə-sevə dinləyidilər.


Cəmi 42 il yaşadı. Bu 42 ildə dillər əzbəri olan 800-dən artıq mahnının müəllifi oldu. Ölümü ilə həyatının bir çox sirlərini və müəmmalarını da özü ilə apardı. Onun vəfatı haqqında qəzetlərdə heç nekroloq da yazılmadı.

İnsanlar onu son mənzilə göz yaşlarıyla və onun bəstələdiyi mahnılarla yola salırdılar. Ancaq bu dəfə Vladimir Vısotskinin ifasında yox, Vısotski sevgisini qəlblərində yaşadan minlərlə pərastişkarın ifasında. Modern.az/İlham Cəmiloğlu

BIR CAVAB BURAXIN