Ölüm nə çətin işdi?! – Qulu Ağsəs

0
686


 

Kult.az “Ulduz” jurnalının baş redaktoru, tanınmış şair Qulu Ağsəs yeni şeirini təqdim edir:

Çox da salıb dünyanı eynəyim gözdən – nolar
Ağız suyuyla bitir dodaqda söz də – nolar…

Ölüm nə çətin işdi, gör nə gözəl cəzan var,
Dörd tərəfin köpəksə, demək, mühafizən var…

Yer tərpənir – tərpənsin, sallanarsan budaqdan
Bir də gördün əl edir kimsə sənə uzaqdan…

Nə lazım, uzaqbaşı bircə otağın ola
Gecənin bir yarısı qəfil qonağın ola…

Sevəsən bu gəlişi başdan ayağa kimi
Küsdürəndə ağlaya qoynunda çağa kimi…

Gedəndə könlünü də yalvar-yapış apara
Gün görməmiş dərisin gün çıxmamış apara…

… Gedə, bir də qapından əcəl girəndə gələ
Günəş xəstə dünyaya şüa verəndə gələ…

 

BIR CAVAB BURAXIN