Ölülərin qonşusu: “Qurd qapısı” qəbiristanlığında yaşayan Nərgiz , qızı və 4 yaşlı nəvəsi…

0
863
 

“… Özüm Xaçmazın Bostançı kəndindənəm, 25 ilə yaxındır ki, Bakıda yaşayıram. Yaşamaq demək olarsa…Əvvəl evim var idi, sonra həyat yoldaşım rəhmətə getdi, əməliyyat olundum, borca düşdüm, evi satmaq məcburiyyətində qaldım. Gəlib qəbiristanlığa sığındıq”.

Bunu Bakının Qaradağ rayonun ərazisindəki “Qurd qapısı” qəbiristanlığında, qəbirlərin arasında, balaca komada məskunlaşmış 42 yaşlı Nərgiz Xələfova deyir. Virtualaz.org qəbiristanlıqda qızı və azyaşlı nəvəsi ilə birlikdə yaşayan bu qadının həyat hekayəsini araşdırıb.

Qadının qızı və nəvəsi ilə birlikdə hazırda yaşadığı bu koma cəmi 6-7 kvadratmer ola, ya olmaya. Komanın yarısını yarısını taxta parçalarından düzəldlən “çarpayı” tutur. Qalan hissəsində isə  odun sobası, üst-üstə yığılmış paltar bağlamaları, bir də içərisinə qab-qacaq olan şkaf yerləşir.

“Ev” sahibi deyir ki, hazırda 5-ci sinifdə oxuyan qızı Mariya və 4 yaşlı nəvəsi Xədicə ilə birlikdə yaşadığı bu otaqda 3-4 ay əvvələ kimi daha 6 nəfər – böyük qızı 4 uşağı və həyat yoldaşı ilə birlikdə yaşayırmış. Sonra onlar  Qızıldaş qəsəbəsində özlərinə kiçik bir daxma tikib qəbiristanlıqdan köçüblər.

“Görürüsünz də. Yaşayışımız dözülməzdir, “bomj” kimiyik. Yeməyə çörək tapmırıq. Əvvəl evdə işığımız da yox idi. Yazığı gələnlər gətirib 3-5 metr kabel verdilər, beləcə çətinliklə, mühafizəçilərlə dalaşa-dalaşa evə işıq çəkdim. Amma burada yaşamağa imkan vermirlər, iki il əvvəl gecə komamıza od vurmuşdular, bütün əşyalarımız yandı, şükür Allaha salamat qurtula bildik. Amma ondan sonra vəziyyətimiz lap çətinləşdi. İndi bizimlə heç maraqlanan yoxdur, hər yerə müraciət eləmişəm, məktub yazmışam.”, -deyə N. Xələfova ağlaya-ağlaya danışır.

“1-2 manatlıq ehsanla dolanırıq”

Qəbiristanlıqdakı bu tənha evin dövrəsində fırlanan itlər də diqqətimizi cəlb etdi. Onların ən təhlükəlisi zəncirlənsə də, yaxınlıqdan keçən atlara cuman alman “ovçarkası” bizi də yaman qorxutdu. Ev sahibi deyir ki, əgər bu itlər olmasa, burada yaşaya bilməzdilər. Nərgiz  sahibsiz itləri yedirib, əzizləyərək özünə öyrədib ki, onu təhlükədən qorusunlar.

Ölülərlə bir məkanda məskən salmış həmsöhbətim deyir ki, bura  gələndən ona qəbiristanlığın müdiri Həmid müəllimdən başqa heç kim kömək eləməyib. Yalnız o  imkan daxilində daş, sement verib ki, evinin uçuq-sökük yerlərini yamasın. Çörək olmayanda çörək, yağ olmayanda yağ üçün üz tutduqları adam da o olub. Ailənin yeganə gəliri isə qəbiristanlığı ziyarətə gələnlərin uşaqlara verdiyi 1-2 manat ehsandır.

Dolanışıq üçün evin yanında bir toyuq damı da düzəldiblər. Ətrafda da toyuq və ördəklər gözə dəyirdi. Amma saxladıqları heyvanlara da ortaq olanlar var. Müsahibim deyir ki, “tülkü yeyəni tülkü yeyir, qalsa, özümüz də yeyirik”.

Sosial yardım üçün pul istədilər

Başqa gəlir yeri olmayan ailə sosial yardım almaq üçün bütün sənədləri toplayıb. Amma deyir ki,  bu işi düzəltmək üçün rüşvət tələb etdiklərindən ümidini üzərək yardım almaq cəhdlərini dayandırıb.

Qadının danışdıqlarından: “İstədim ki, sosial yardım düzəldim, amma onu da vermədilər. Həm 4 körpə nəvəm himayəmdədir, həm qızım balacadır, özüm də çətin şəraitdə yaşayıram. Sənədləri yığıb apardım,  pul istədilər. Ümumiyyətlə, hara gedirəm pul istəyirlər. Pulum olsa, mən niyə burada  yaşayırdım ki?! Xaçmaz rayonunun Bostançı  kəndində torpağım var. İcra Hakimiyyətinə müraciət etdim ki, mənə kömək eləsinlər, bir otaq tikim. Mənə dedilər ki, get indiyə qədər qəbiristanlıqda necə yaşamısan, bundan sonra da yaşa, biz sənə kömək edə bilmərik”.

Nərgiz Xələfova bütün çətinliklərə baxmayaraq çalışır ki, 5-ci sinifdə oxuyan kiçik qızı Mariya dərslərindən qalmasın. Buna görə hər gün məktəbə getmək üçün bir kilometrdən çox məsafə qət edən qızını səhər alaqaranlıqda qəbiristanlığın içərisi ilə məktəbə qədər ötürür.

 

“Həm yataq otağıdır, həm mətbəx, həm də hamam…”

Ailə bu kiçik komanı həm yataq otağı, həm mətbəx, həm də hamam kimi istifadə edir. Müsahibim deyir ki, paltarı da orada yuyur, uşaqları yuyundurur, xörəyi də orada bişirir. Ocağı isə qəbiristanlıqdakı ağacların altından topladığı şam qozları, yıxılan quru ağacları doğramaqla yadırır. Bu işdə ona qızı və nəvəsi də kömək edir.

Qonşunun, tanışın olmaması onsuz da özünə qapanmış bu insanları bir az da qapalı edib. Ən yaxşı halda gördükləri qəbiristanlığı ziyarətə gələnlərdir. Onlar da ilk öncə bunu soruşurlar: “Ruhlardan qorxmursunuz?” Nərgiz xanıma bu ənənəvi sualı biz vermədik, özü verdi, özü də cavablandırdı.

“Məndən soruşurlar ki, qorxmursan, burada yaşayırsan? Əlbəttə qorxuram, tək yaşayıram, bir qonşum yoxdur. Adam bilmir ki, gecə yatanda başına nə iş gələcək. Bir də görürsən gecə  saat 3-də ətrafda ayaq səsləri gəzir, baxıram ki, adamlar gəzişirlər. Bilmirəm kimdirlər, hara gedirlər. Amma 7 ildir burada yaşayıram, bir dəfə də ruh görməmişəm. Mən elə özüm ruhu axtarıram, bəlkə dərdləşərəm, mənə kömək edər. Əlbəttə, mən də insanam, təklikdən qorxuram, amma nə edim, başqa yolum var?”

 

Hökumətdən kömək istəyir

Həmsöhbətim deyir ki, əlindən gəlməyən iş yoxdur, amma iş tapa bilmir. Vaxtilə pal-paltar, göyərti alverindən tutmuş “metallomda” fəhləyə qədər işləyib, indi isə…

“Ərim çoxdan rəhmətə gedib,  qardaşım illərlə qapımı açmır. Qohumlardan hərənin başı öz dərdinə qarışıb. Elə gün olub yeməyə çörəyimiz olmayıb, elə olub yeməyimiz olmur, çörəyi suda isladıb yeyirik.. Amma nə iş olsa işləyərəm, restoranda aşpaz, qabyuyan, kiminsə evini yığışdırmaqdan tutmuş fəhləyə qədər. Hər yerə gedirəm iş üçün biri deyir yaşın çoxdur, biri deyir köksən. Heç indiyə kimi işlə bağlı yaxşı adama rast gəlməmişəm. Bəlkə, hökumətimizdən kimsə bizə kömək edər, ümidim ancaq onlara qalıb…”-ölülərin “qonşusu” hekayəsinin mətbuatda işıqlandırılacağından ümidlənib deyir…

Gülnar Əliyeva

Foto Samirə Həsənovanındır

Virtualaz.org

BIR CAVAB BURAXIN