Öldürüləndə çantasında bir köynək və diş fırçası olan baş nazir – TanımadığımızNƏSİB BƏY

0
892

O, 1881-ci ildə Gəncədə anadan olub. Ziyalı ailəsində dünyaya gəlib. İlk təhsilini Gəncədə ruhani məktəbində  alıb. 1902-ci ildə Odessaya gedərək, hüquq fakültəsində daxil olub. Nəriman Nərimanovun tələbə yoldaşı idi. Baxmayaraq ki, Nərimanov tibb, Nəsib bəy isə hüquq  üzrə təhsil alırdı, amma onlar çox yaxşı dost olublar. Onlarla birlikdə daha bir azərbaycanlı Xosrov bəy Sultanov da Odessada təhsil alıb. Bu üç tələbə sonradan Azərbaycanın ictimai-siyasi həyatında,  dövlət quruculuğunda çox müstəsna rol oynayıblar. Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru olub. Azərbaycanın ilk hərbi naziri olsa da,  sonradan nazirlik Qafqaz İslam ordusunun Azərbaycana gəlişi səbəbindən ləğv olundu. Amma mülki qiyafədə ilk dəfə nazir o olmuşdu.

 

Osmanlı jurnalisti ilə müsahibə

 

Azərbaycana 1918-ci ildə reportaja gələn Osmanlı dövlətinin jurnalisti ilə Azərbaycan Cümhuriyyətinin 2-ci baş naziri Nəsib bəy Yusifəbəylinin arasında maraqlı  dialoq yaşanır. Bu o zaman idi ki, hələ AXC yeni qurulmuşdu və hökumət Bakıya köçməmişdi. Bir sözlə, vəziyyət ağır idi. Belə məqamda Nəsib bəy AXC-nin mövqeyini ortaya qoyan sözlərlə türk jurnalistə müraciət edir:

Nəsib bəy: – Azərbaycana bir türk ordusu gələ bilər və lazımdır da. Ancaq qorxduğumuz bir mətləb var, türklər bizi İstanbuldan idarəyə qalxmasınlar. Bizim ədəmi-mərkəziyyət üzərinə qurulmuş proqramınız vardır, ona uymaq gərəkdir.

Jurnalist: – Siz bu ədəmi mərkəziyyət üsulunu rus idarəsinə qarşı irəli sürmüş bulunuyorsunuz. Türklərə gəlincə, onların ruslardan bir fərqi olmayacaqmı? Bu ədəmi-mərkəziyyətə nə lüzum var?

Nəsib bəy: – Azərbaycanın sosial yapısı tam başqadır. Bakı bir industri və işçi mərkəzidir. Sultan rejimi buradakı əhvala uymaz. Biz xalqın sinif və təbəqəsinin müsavatı üzərinə dayanan bir hökumət qurmaq fikrindəyiz. Çarlıq dövrünün aristokratik və feodal idarəsinə son verəcəyiz. Milliyyətçi və demokratik bir idarə istiyoruz. Halbuki,  Osmanlı padşahlığı rejim etibarı ilə çarlıq idarəsindən fərqsizdir. Əlbəttə ki, bu konu irq məhfumundan ayrılır. Əlbəttə ki, Osmanlı türkləri azəri türklərinin böyük qardaşıdır. Ancaq Bakı İstanbuldan idarə ediləməz, bunun üçün Müsavat firqəsinin ədəmi mərkəziyyət prinsipi Osmanlı idarəsinə qarşı da var olmalıdır ( Baykara H. Azərbaycan istiklal mücadelesi tarihi. İst., 1975 s.269-270).

Vallah, billah, yox yoxdu”

 

1919-cu il… Təsəvvür edin ki, Nəsib bəy baş nazir ola-ola yaşamaq üçün atasından borc pul istəyir. Bu tərəfdən də Cümhuriyyətin Ukraynadakı diplomatik nümayəndəsi olan Yusif Vəzir Çəmənzəminli oradakı həmvətənlərimizin ağır həyat şəraitini Nəsib bəyə çatdırır və ondan, Azərbaycan dövlətindən bir kömək istəyir. Ən maraqlı məqam isə budur ki, həmin vaxt səfir olmasına baxmayaraq, Yusif Vəzirin özü də məvacib almırdı. Kirayə qaldığı evin pulunu belə, zorən ödəyirdi.

“Mənə məvacib təyin edin. Heç olmasa kirayə pulunu verə bilim”- deyə müraciət etmişdi.

Yusif Vəzirə tapşırılan əsas missiya Ukrayna ilə Azərbaycan arasında münasibətləri bərpa etmək və Azərbaycan tarixini, ədəbiyyatını, mədəniyyətini orda təbliğ etmək idi. Yusif Vəzir işə çox həvəslə başlayır. Simferopolda olarkən səfir təyin edilir. Səfir təyin olunması barədə etimadnamə ona gedib çatmır. Çünki Xarici İşlər Nazirliyinin diplomatik kuryeri etimadnamə ilə birgə 8000 manat pulu səhvən Kiyevə aparır. Yollar və Kiyevdəki vəziyyət təhlükəli olduğundan işin arxasınca getmirlər. Yusif Vəzir mədəniyyətin və ədəbiyyatın təbliğində aktiv fəaliyyətə başlasa da, bəzi çətinliklər – ev və maliyyə problemi onun işini zora salır. Qeyd edək ki, hökumət diplomatik nümayəndə kimi ona maaş təyin etməmişdi. Buna görə də Yusif Vəzir hətta kirayə qaldığı evin pulunu verə bilmirdi. Bu haqda o, Cümhuriyyətin Xarici İşlər Nazirliyində Odessadan göndərdiyi məktubunda yazırdı:

“Xahiş edirəm tutduğum vəzifəyə görə mənə məvacib verəsiniz, işçilərin ştatını isə özüm sizə yollayacağam. Odessada pulsuz bir vəziyyətdə yaşayıram. Ayda 1200 manat mənzilpulu verirəm, çörəyin girvənkəsi isə 20 manatdır”.

Nəsib bəy əfsuslar olsun ki, onun bu xahişini yerinə yetirə bilmir. Amma Yusif bəy onunla görüşəndən sonra İstanbulu, Avropanı və oradakı universitetləri çox tərifləyir. Azərbaycanlı tələbələrin orada təhsil almasının vacibliyini vurğulayır. Nəsib bəy bu yolda əlindən gələni əsirgəmir. “Cümhuriyyətin məşhur 100 tələbəsi”nin xaricə göndərilməsinin ideyasını o verir və bu işdə müstəsna xidmətlər göstərir.

Xain plan

1920-ci il 28 aprel çevrilişindən sonra Nəsib bəy öldürüləcəyini bilib Gürcüstana keçmək istəyir. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən çoxu yenidən təşkilatlanmaq və bolşeviklərə qarşı mübarizəni təşkil  etmək üçün Gürcüstana yerləşmişdi.  O zaman Gürcüstan hələ sovetləşməmişdi, bolşeviklərin nəzarətində deyildi. Nəsib bəy sürücüsü ilə yola çıxır. Yevlaxdan Qarxunlu Əşrəf bəy adlı çox mötəbər bir bəy vasitəsilə Gürcüstana  keçmək istəyir. Əşrəf bəy çox adlı-sanlı bir adam idi və son dönəmdə parlamentin üzvü də olmuşdu. Lakin Nəsib bəy sürücüsü ilə yolda  gedərkən onları izləyən  bolşevik xəfiyyələri  tərəfindən qarşısı kəsilir. Nəsib bəy Cümhuriyyətin aparıcı şəxsi olduğundan, böyük nüfuza sahibləndiyindən onun aradan götürməsinin planını qururlar. Yolda onların qarşısını kəsib maşını gülləbaran edirlər. Bu hadisə Kürdəmirdə baş verir. Nəsib bəy ölür, amma sürücü ağır yaralansa da, aradan çıxır.
Nəsib bəyin də  cəsədini maşından çıxarıb bir tərəfə atırlar. Bolşeviklər elə bilirlər ki, Nəsib bəyin çamadanında qızıl, bahalı əşyalar, pul,  Cümhuriyyətin varidatı ola bilər. Açanda görürlər ki, orda çamadanda bir dəst köynək, diş fırçası yəni, gündəlik lazım olan bir-iki əşya var. Modern.az

Elmin Nuri

BIR CAVAB BURAXIN