Ohanesyan Bakıdakı klinikanın “qəssab”ını axtarır

0
616

Rusiya İstintaq Komitəsinin rəhbəri, general Aleksandr Bastrıkin bir neçə qadının ölümündə ittiham edilən və beynəlxalq axtarışa verilən azərbaycanlı plastik cərrah Elçin Məmmədovun işi üzrə istintaqı erməni müstəntiq Harri Ohanesyana tapşırıb.

Bu barədə Harri Ohanesyan özü “Komsomolskaya Pravda”ya bildirib.

Elçin Məmmədov Rusiyada çənə-üz cərrahiyəsi üzrə sertifikat alıb, Moskvadakı klinikalarda plastik cərrah kimi işləyib. Əslində isə Azərbaycanda Tibb Universitetini pediatr ixtisası üzrə bitirib və cərrah deyil.

Elçin Məmmədov Rusiya prezidentinin tabeçiliyində olan “Volınskiy” xəstəxanasında da çalışıb. Rusiya hüquq-mühafizə orqanlarının istintaq materiallarına əsasən Məmmədov tibbi təhsil haqda sənədləri elə məharətlə saxtalaşdırıb ki, ona hətta Rusiyada estetik cərrah sertifikatı da verilib. Ona qarşı irəli sürülən iddialar bir müddət Rusiya məhkəmələrində araşdırılıb və barəsində dələduzluq və insan ölümündə günahlandırma maddələr ilə qiyabi həbs qərarı verilib. İstintaq materiallarına əsasən Məmmədovun cərrahlıq fəaliyyətindən bir neçə qadın zərər çəkib, biri ölüb. Barəsində həbs qətimkan qərarı verilərkən o artıq Rusiyanı tərk etmişdi.

Rusiya hüquq-mühafizə orqanları “qəssab” ləqəbi verdikləri Məmmədovun əvvəlcə Avropa ölkələrindən birinə getdiyini bildiriblər. Lakin daha sonra onun Azərbaycanda olduğu, hətta klinikalardan birində işlədiyi üzə çıxıb. Bir neçə əvvəl bu qalmaqal Rusiya mətbuatında qaldırılanda E.Məmmədov Azərbaycan telekanallarının efirinə çıxaraq barəsində irəli sürülən ittihamların əsassız olduğunu, qadının ölümündə rolunun olmadığını bildirmişdi.

“Məmmədovun vəkilləri məni və Rusiyanın ekspertiza təsisatlarını məhkəməyə veriblər. Məsələ bundadır ki, Məmmədovun həm Rusiya, həm Azərbaycan vətəndaşlığı var. Azərbaycan tərəfi onu bizə verməkdən imtina edib, təklif ediblər ki, cinayət işini onlara verək. Azərbaycan mətbuatında isə yazıblar ki, Məmmədovun işini Rusiyada erməni araşdırır və o, milli zəmində təqib olunur”-Harri Ohanesyan “Komsomolskaya Pravda”ya bildirib.

Müstəntiq deyib ki, Elçin Məmmədov Azərbaycanın hüdudlarını tərk edən kimi İnterpol tərəfindən saxlanılacaq. Onun Rusiyada plastik cərrah kimi işləməsinə şərait yaradan vəzifəli şəxslər də cəzalandırılacaq.

“Komsomolskaya Pravda”nın Elçin Məmmədovun əməlləri ilə bağlı geniş reportajında deyilir ki, bir vaxtlar Rusiya telekanallarında ulduz olan Məmmədov 2012-ci ilə qədər Moskvanın elit rayonlarından birində-Miçurinsk prospektində və Novıe Sadı küçəsində iki klinika açıb. Onun “Lüks MKlinik” adlı estetik klinikaları hələ də işləyir.

Jurnalist sifətini tanınmaz dərəcədə dəyişmək istəyən pasiyent adı altında Miçurinsk küçəsində, varlıların yaşadığı binada yerləşən “Luks MKlinik”ə gedib. İnzibatçı Natalya ona bildirib ki, əvvəlcə konsultasiya üçün həkimin qəbuluna yazılmaq lazımdır. Əməliyyatı isə o biri klinikada edirlər.

“Əvvəlcə ora getmək lazımdır, gərək müzakirə edəsiniz ki, sizə sifətinizi necə dəyişmək lazımdır. İstənilən halda pasportunuzu dəyişməli olacaqsınız, çünki sizi yeni sifətlə aeroporta buraxmazlar”-inzibatçı deyib.

İnzibatçı “pasiyentə” deyib ki, əməliyyatı onların aparıcı plastik cərrahı Məmmədov edəcək.

-Hansı Məmmədov, Elçin Məmmədov?-jurnalist soruşub.

-Yox, Rusif. Elçin Bakıda işləyir, Rusif onun qardaşıdır.

-Bəs Bakıda necə, əməliyyat olunmaq mümkündür?

-Bəli, buyurun, inzibatçı Kristinanın nömrəsidir. Zəng vurun, sizi Elçinlə calaşdıracaq.

-Bəs hansı Məmmədova əməliyyat etdirsəm yaxşıdır?

-Hər ikisi güclü mütəxəssisdir, çoxdandır işləyirlər.

-Bəs sizdə reanimasiya şöbəsi yoxdur, birdən nəsə oldu?

-Narahat olmağa dəyməz, bizdə həkim-reanimatoloq var, üstəlik əməliyyatdan qabaq analizlər götürülür.

Müxbir həmin Kristina ilə əlaqə saxlayıb, məlum olub ki, Bakıda Elçin Məmmədova burunun formasını dəyişdirmək istəyənlər 350 min rubldan keçməlidir. Sifətin dartılması 150 min, dodaqların və yanaqların şişirdilməsi 200 min rubldur.

10 il bundan qabaq özünü Məmmədovun bıçağının altına yıxıb burnunun formasını dəyişdirmək istəyən moskvalı Anna Spitsina isə hələ də komadadır. İndi onun 44 yaşı var, qidanı qadına şprislə yeridirlər. Əri Kirill Spitsin deyir ki, 2009-cu ildə Məmmədov işi ört-basdır etmək üçün ona 200 min dollar təklif etmişdi. “Dedi pulu götürməsən başqa yerdə həvəslə götürəcəklər. Elə də oldu. Ertəsi gün müstəntiq yeni ekspertiza təyin etdi və ekspertiza rəyi kökündən dəyişdi. Nəticədə günah anestezioloqun üstündə qaldı”-o deyir.

İstintaq materiallarına əsasən cərrahiyyə əməliyyatı zamanı anestezioloq Andrey Yesakov Məmmədovun göstərişi ilə qadının təzyiqini minimal həddə-50/30-a qədər endirib. Bu, həkimə əməliyyatı asan və tez etmək üçün lazım idi. Məmmədovun metodu belədir ki, pasiyentin təzyiqini kəskin aşağı salsın və nəticədə yara az qanasın. Lakin Annanın beyni uzun müddət qanla qidalanmadığından o beyin ölümü keçirib və komaya düşüb.

Elçin Məmmədov hazırda Bakıdakı “Dobromed” klinikasında plastik cərrah işləyir və Rusiyadakı qalmaqala, beynəlxalq axtarışa verilməsinə baxmayaraq pasiyentlər sarıdan korluq çəkmir…Virtual.az.org

BIR CAVAB BURAXIN