Nisə Rzayevanın həyat dramından fraqmentlər

0
563

 

(Nisə Rzayevanın üçünə)

Bu gün Mingəçevir Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist Nisə Rzayevanın üç mərasimi idi. Belə bir gündə onu xatırlamaqla təsəlli tapmağa çalışdıq.

Nisə Rzayevanın ürək sirdaşı Solmaz Əliyeva Nisə xanım Rzayeva haqqında ürək ağrısı ilə danışdı: “Nisə xanım Mingəçevir şəhərinin ictimai-mədəni həyatında, eləcə də qonum-qonşu arasında böyük hörmət sahibi idi. Belə bir insanın ölüm xəbəri, təbii ki, məni də sarsıtdı. Onunla 20 ilə yaxındır qonşu idik. Dərdimiz-sərimiz bir idi. Son günlər o, ürək ağrısından və təyziqdən şikayət edərdi. Deyirdim, ay Nisə, yaş özünü göstərir də…. O isə zarafatla: “Sən mənə 80 yaş verərsən? – deyirdi. Hə, onu da deyim ki, Nisə xanım həmişə özünə fikir verən qadın idi. Yemək-içməyinə qarşı çox tələbkar idi. Yaxşı yeməklər bişirərdi… Hətta hər əlamətdar bayram günlərində, xüsusilə Novruzda bişirdiyi aşdan mənim də payımı gətirərdi”.

Söhbətinin bu yerində göz yaşlarına hakim ola bilməyən Solmaz xanım daha sonra dedi: “Nisə xanım yuduğu paltarları axşamlar ciyədə saxlamazdı. Amma o gün eyvana çıxanda gördüm ki, Nisə xanım paltarları yığmayıb. Dedim, yəqin, nəvələrigilə gedib. Ertəsi gün nəvəsinə zəng vurub ondan hal-əhval tutumaq istədik. Dedilər ki, bəs bu tərəflərə gəlməyib. Sən demə, o, elə evinin hamamında ürək tutmasından vəfat edibmiş…”

Solmaz xanımla söhbətdən sonra on il bundan əvvəl Nisə xanımla Mingəçevirdəki görüşümüz yadıma düşdü. Onda o bizə öz həyatından, fəaliyyətindən ətraflı söz açmışdı, biz də onun dediklərinə əsasən bir yazı ərsəyə gətirmişdik. Təəssüf ki, bu gün həmin yazını tapa bilmədik. Odur ki, yaddaşımıza güvənərək onun dediklərinə işıq salmağa çalışdıq. Cəbrayıl şəhərində dünyaya göz açmış, hələ kiçik yaşlarından valideynlərini itirmiş, Ordubaddakı uşaq evində böyümüş, bir müddət Gəncə Toxuculuq Kombinatında çalışmış və bu müəssisənin dram dərnəyindən yolunu Gəncə Dövlət Dram Teatrına salmış (1967-69-cu illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrına (orada çalışan ilk aktrisa o olub), daha sonra isə Mingəçevir Dövlət Dram Teatrına dəvət olunub), uğursuz ailə həyatı yaşamış Nisə xanım Prezident təqaüdü alanadək nələr keçirdiyini belə ifadə etmişdi: “Nə gizlədim, elə günlərim (xüsusilə, qızım ali məktəbdə oxuyan illərdə) olub ki, çoxları üçün adi görünən şirinçaya belə, həsrət qalmışam, tikələrimi bəzən göz yaşlarımla islatmışam. Bu kimi çətinliklərə rəğmən, kimsəyə ağız açmamışam, qapılar döyməmişəm. Çünki belə şeylər mənim təbiətimə yaddır. Mətləbdən uzaqlaşmadan bildirirəm ki, iki ildir ki, həyatın şirin olduğunu da dərk etməyə başlamışam”.

Yadımdadır, onda Nisə xanıma belə bir sualla da müraciət etmişdik: “Elə isə, hansısa tamaşada öz həyatınızı oynamısınızmı?” O: “Sevil”də həyatımın müəyyən anlarını yaşamışam. Bir zamanlar oynadığım “Ana”da (Səlma rolunda) baş verən hadisələri isə sonradan öz həyatımda oynamalı oldum. Belə ki, maddi vəziyyətimizin pisliyi ucbatından Rusiyaya üz tutmuş böyük oğlumun az sonra ölüm xəbəri gəldi”, – cavabını vermişdi. Üstəlik, əlavə etmişdi ki, bəs Xuramanı, Mediyanı da oynamaq niyyətində olubmuş.

Nisə xanım kino sahəsində bəxtinin gətirməməsindən gileylənmişdi: “Hüseyn Hüseynzadənin “Dəli Kür” filmində Mələk surətinə dəvət olundum. Amma iş elə gətirdi ki, Meğridə qastrol səfərində olduğumuza görə çəkilişlərə gələ bilmədim. Təəssüf ki, Şahmar Ələkbərzadənin də təklifini indi unutduğum səbəb ucbatından reallaşdıra bilmədim. Necə deyərlər, kinonun şahlıq quşu başıma dəfələrlə qonsa da, ondan bəhrələnə bilməmişəm. Təbii ki, bütün bunlara görə peşmanam. Elə bu da mənim üçün sadaladıqlarım (ailəmin dağılması, oğlumun vəfatı) itkilər kimi bir şeydır. Bu mənada bu sənət aləmində qurban deyil, qurbanlar vermişəm”.

Nisə xanımla bağlı indiyədək nə bir film çəkili, nə də kitab yazılıb. Bununla bağlı isə yarızarafat, yarıgerçək belə demişdi: “Mənim həyatım filmə, kitaba sığmaz ki… Yenə sağ olsun jurnalistləri, heç olmasa, hərdən məni – əyalətdə yaşayan aktrisanı da arayırlar. O ki qaldı başıma gələnlərlə bağlı xatirələrə… Sözün düzü, bununla bağlı xalq şairi Bəxtiyar Vahabzadəyə müraciət etmək istəmişəm. Amma nədənsə, cəsarət eləməmişəm…”

Qeyd edək ki, Nisə Rzayeva martın 8-də 80 yaşında dünyasını dəyişib. Aktrisa ilə Mingəçevir Dövlət Dram Teatrında vida mərasimi keçirildikdən sonra o, şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Qvami Məhəbbətoğlu, Esmira Hidayətova

BIR CAVAB BURAXIN