Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan panel müzakirələrində diqqət çəkən ən mühüm məqamlardan biri də Xocalı soyqırımı ilə bağlı erməni tərəfinin səsləndirdiyi fikirlər oldu.
Nikol Paşinyan bu soyqırımda “azərbaycanlıların əlinin olması” barədə Ayaz Mütəllibovun vaxtilə dediklərinə istinad etməyə uğursuz bir cəhd etdi və əlbəttə, cavabını da aldı. Bu cavablar sırasına Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun rəsmi açıqlamasını dərhal əlavə etməklə məsələni bağlamaq olardı, ancaq…
Məsələ burasındadır ki, bu fikir – yəni Ayaz Mütəllibovun Xocalı qətliamını azərbaycanlıların törətdiyi barədə mövqeyi bugün meydana gəlməyib. Ayaz Mütəllibov vaxtilə Xocalı faciəsindən onun hakimiyyətdən devrilməsi üçün istifadə edildiyini bildirmişdi. Həmin vaxt böyük qalmaqala səbəb olan açıqlaması zamanı AXC-ni onu bu qətliamın qarşısını almağa mane olmaqda və ya qətliama imkan verməkdə suçlamışdı.
Adi bir açıqlama idi: böyük bir faciə, qətliam baş vermişdi, ölkə rəhbəri müxalifəti ona mane olmaqda, müharibə aparan respublikanı iflic etməkdə suçlayır, bütün uğursuzluqlarında AXC-ni günahkar görürdü, AXC isə əksinə, bu qətliama Ayaz Mütəllibovun səriştəsizliyinin səbəb olduğunu bildirirdi.
Nəticə özünü çox gözlətmədi və bu qətliamdan bir həftə sonra Ayaz Mütəllibov istefa verdi.
O ərəfədə faciənin dəhşəti fonunda qarşılıqlı ittihamlar normal sayılmalıdır və əlbəttə ki, burda qətliamı törətməkdən yox, onun qarşısını almaqdan, daxili mübarizəyə başı qarışanların ciddi səhvlərindən söhbət gedirdi, bunun uşaq, qoca, qadın demədən, yüzlərlə insanı güllələyən erməni vəhşiliyinə heç bir aidiyyəti yoxdur.
Ancaq təəssüf ki, illərlə bu qarşılıqlı siyasi ittihamlar birilərinin əlində sui-istifadə vasitəsinə çevrildi. İş o yerə çatdı ki, kimə və hara işlədikləri bəlli olmayan Azərbaycandakı bəzi media orqanları Ayaz Mütəllibovun həmin açıqlamalarını kontekstdən çıxararaq, məqalələrinə saldılar və rusca tirajlanan bu məqalələr dərhal erməni mediasında manşetlərə daşındı. Nə qədər təəssüfverici olsa da, bu məqalələr hazırda da ermənilərin aktivliyi sayəsində internet resurslarında ciddi surətdə yayılıb.
Halbuki bütün bunların yalan, qarşılıqlı siyasi ittihamlardan doğan suçlamalar olduğunu hamı yaxşı bilirdi – elə o məqaləni yazanlar da.
Ancaq 1992-ci ildə isə Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən Serj Sərkisyanın 2000-ci ildə rəsmi müsahibəsi nə siyasi ittiham idi, nə də kiməsə cavab: bu, Xocalı ilə bağlı erməni düşüncəsinin ifadəsi idi.
Və bu müsahibə heç də erməni və ya rus jurnalistə verilməmişdi – məşhur ingilis jurnalisti, politoloqu, Karnegi Fondunun proqram direktoru Tomas de Vaala verilmişdi.
Müsahibə 2000-ci ilin dekabrın 15-də alınmışdı, o zaman Serj Sərkisyan Ermənistanın müdafiə naziri idi. De Vaal bu müsahibəni 2003-cü ildə Nyu Yorkda ingiliscə, 2005-ci ildə Sankt-Peterburqda rusca nəşr edilən “Qarabağ – qara bağ” kitabına daxil etmişdi.
Dərhal əlavə edək ki, kitab və orda əksini tapan məqamlar qətiyyən Azərbaycan və azərbaycanlıların mövqeyindən deyil. Bir çox məqamda Tomas de Vaal ciddi şəkildə xristian təəssübkeşliyi də nümayiş etdirir. Məsələn, Albaniya knyazı Həsən Cəlalı erməni kimi təqdim edir, Qandsazar məbədini alban tarixi abidəsi deyil, erməni məbədi sayır və Qarabağın “erməni knyazları və yepiskoplarının tarixi sığınacağı, müsəlman-türk dünyası qarşısında xristian sivilizasiyasının sonuncu forpostu” olduğunu yazır…
Əslində erməni liderlərin danışdığı kitabda Tomas de Vaalın əvvəldə vəd etdiyi “bitərəf qalmaq istəyinə” görə deyil, Sərkisyanın müsahibəsində işlətdiyi sözlərə görə bu kitab Azərbaycan həqiqətlərinin ifadəsinə çevrildi. Yalnız Sərkisyanın o sözünü biz dünyaya fakt kimi təqdim edəndə ermənilər “ayıldılar”və Tomas de Vaala qarşı hücuma keçərək, onu təhrif etməkdə, yalan tirajlamaqda ittiham etdilər.
De Vaal isə bunun ardınca Sərkisyanla müsahibənin tam mətnini dərc etdi və heç bir yanlış və təhrifə yol vermədiyini rəsmən elan etdi.
De Vaalın Sərkisyanla müsahibəsinin həmin hissəsini bir daha oxuculara təqdim etməklə, növbəti xatırlatmanı edək: nə vaxtsa azərbaycanlıların Xocalı qətliamında iştirakı ilə bağlı yalanı tirajlayan və bununla erməni mediasının “əsaslandığı mənbəyə” çevrilənlər heç olmasa bu gün ortaya çıxıb, o zaman bu addımı nəyin qarşılığında atdıqlarını mütləq deməlidirlər ki, tarixdə yalan qalmasın – nəvə-nəticələrimiz üçün ermənilərlə üz-üzə gələndə daha çox fakt olsun.
Beləliklə, Tomas de Vaalın Sərkisyanla müsahibəsindən sözügedən parça:
Tomas de Vaal: …Məndə olan məlumata görə, 366-cı alay sizə kömək edirdi, Xocalıda sizə dəstək olub və 1992-ci ilin sentyabrında Azərbaycanın hücumunun qarşısını almaq üçün rusların yardımı olub.
Serj Sərkisyan: Mən 366-cı alayın bəzi zabitlərinin müəyyən mənada iştirakını inkar etmirəm, amma, birincisi, bu alay bizə deyil, özlərinə kömək edirdi, çünki azərbaycanlılar “Qrad”la təkcə bizə deyil, 366-cı alaya da zərbə endiriblər. Odur ki, qoy onlar öz əməlləri barədə düşünsünlər.
İkincisi, 366-cı alayda çox sayda erməni zabiti var idi, onlar komandanlıqdan xəbərsiz bizə kömək edə bilərdilər. Və belə də etdilər. Qarabağ ordusunun hazırki komandanı, general-leytenant Seyran Ohanyan orada batalyon komandiri idi. O bizə necə kömək etməyə bilərdi? Amma bir neçə zabir bizə kömək edibsə, bunun 366-cı alayla heç bir əlaqəsi yoxdur.
Tomas de Vaal: Ordunun peşəkarlaşma dərəcəsindən danışırıqsa, mən də Xocalı ilə bağlı sual vermək istəyirdim. Çünki heç kim çox sayda azərbaycanlının Xocalıdan qaçarkən həlak olduğunu və bunun Əsgəran yaxınlığındakı hansısa Qarabağ dəstələrinin işi olduğunu inkar etmir. Amma, niyə siz bunu peşəkar Qarabağ əsgərlərinin deyil, qəzəblənmiş insanların törətdiyini deyirsiniz?
Serj Sərkisyan: Bilirsiniz, belə şeylər haqqında açıq danışmırlar. Nə demək mümkündürsə, onu deyirlər. Mən də belə edəcəyəm. Birincisi, Azərbaycanın keçmiş rəhbəri deyirdi ki, bu, ermənilər deyil, azərbaycanlılar özləri idi. Amma deyim ki, həqiqət başqa ola bilər. Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər.
Bundan başqa, demək olar ki, Stepanakertin (Xankəndi nəzərdə tutulur – red) tam yaxınlığında yerləşən Xocalı sakinləri oranı atəşə tutdular. Amma, zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu.
Bu gənclərin arasında Bakıdan, Sumqayıtdan qaçanlar da olduğunu nəzərə almaq lazımdır. Baxmayaraq ki, mənim fikrimcə çox şey şişirdilib. Azərbaycanlılara hər-hansı yeri Sumqayıtla eyniləşdirmək üçün bəhanə lazım idi. Amma onları heç cürə müqayisə etmək olmaz. Bəli, Xocalıda da həqiqətən dinc əhali var idi. Amma dinc əhali ilə birgə əsgərlər də var idi. Və güllə uçarkən dinc sakini əsgərdən fərqləndirmir, onun gözü yoxdur. Getmək üçün gözəl imkan olmasına baxmayaraq, dinc əhali orada qalırsa, deməli o da döyüş əməliyyatlarında iştirak edir…
Tomas de Vaal: Mənə elə gəlir ki, sadəcə olaraq, siz adətən dəhliz qoyurdunuz ki…
Serj Sərkisyan: Bu, əsasən Xocalıdan sonra belə oldu. Çünki əslində bizim müharibəmiz başqalarından bir qədər fərqlənirdi. Bizdə elə alındı ki, müəyyən etnik təmizləmə gedirdi. Başqa cür ola da bilməzdi…
Arazinfo.com