Nikahdankənar kommunistlər, sovet rəhbərlərinin intim həyatı, SSRİ-də seks

0
887

Nikahdankənar kommunistlər, sovet rəhbərlərinin intim həyatı, SSRİ-də seks

Mixail Qorbaçovun SSRİ hakimiyyətinin sükanı arxasına əyləşməsindən sonra getdikcə istiləşən SSRİ-ABŞ münasibətləri bir çox sahələrdə özünü büruzə verirdi.

Belə sahələrdən biri də elektron və yazılı mətbuat idi. 1986-cı ildə teleaparıcı Vladimir Pozner Fil Donaxo ilə sovet-Amerika efir məkanlarını əlaqələndirən telekörpülərdən birini reallaşdırdı. İki ölkə sakinləri televiziya vasitəsilə bir-birlərinə sual verərkən ən yadda qalan məqam amerikalı iştirakçının sualına verilən cavab idi.

Atlantik okeanının o tayından SSRİ ilə maraqlanan amerikalı qadının “Bizim telekanallardakı reklamlarda hər şey seksin ətrafında cərəyan edir. Sizdə də belə reklam varmı?” – sualına SSRİ təmsilçisi kimi, “Sovet qadınlarının komitəsi”nin nümayəndəsi, “Leninqrad” mehmanxanasının administratoru Lyudmila Nikolayevna “Bizdə seks yoxdur. Bunun qəti əleyhinəyik” – deyə cavab verdi.

Həmin vaxtdan bu günədək belə bir məşhur ifadə qalmaqdadır: “SSRİ-də seks yox idi”. Bu həqiqətənmi belə idi? Sovet imperiyasının sıravi vətəndaşlarından tutmuş ən yüksək vəzifəli şəxsləri doğrudanmı təsadüfi intim əlaqələrə, nikahdankənar münasibətlərə yol vermirdilər? Publika.az SSRİ-i rəhbərlərinin gizli intim münasibətləri haqda araşdırmanı təqdim edir:

Proletariatın dahi rəhbərinin sevgi üçbucağı

İlk öncə qeyd edək ki, imperiyanın qurucusu və rəhbəri Vladimir İliç Leninin eşq macəraları, o cümlədən arvadbazlığı haqda faktlar uzun illər olduqca məxfi saxlanılsa da, sonralar hər şey təfərrüatı ilə məlum oldu. Məlum oldu ki, Lenin hələ gənclik yaşlarından bir neçə qadınla intim həyat yaşayıb. Qızlara eşq elan etmiş Volodya sevgililərini bir neçə dəfə dəyişib.

Sürgündə yaşamış SSRİ-nin gələcək qurucusu siyasi fəaliyyətlə yanaşı, intim macəralara da baş vururdu. Onun Frosya adlı qadınla bir ilə yaxın eşq macərası yaşaması haqda söz-söhbətlər mətbuatın gündəmini uzun müddət zəbt etdi. Ulyanov evləndikdən sonra da həyat yoldaşına dəfələrlə xəyanət edib. Özü də SSRİ rəhbərinin arvadını yad qadına dəyişməsi halları bir neçə dəfə təkrarlanıb. Krupskaya ilə evli olmuş Vladimir İliçin İnessa Armandla intim münasibətləri sonuncu olsa da, birinci də deyildi. Lenin bu qadını o qədər sevirdi ki, fransızlar onu həbs edəndə SSRİ rəhbəri kimi Parisin Moskvadakı bütün nümayəndələrini məhv etdirəcəyi xəbərdarlığını səsləndirməkdən belə çəkinmədi. Leninin ciddi hədələrindən sonra sevgilisini onun özünə qaytardılar. Məşuqəsinə qovuşmuş proletariat rəhbəri arvadına onun gözləri qarşısında xəyanət edirdi.

Sürgündə, Kremldə seks – arvadbaz Stalin

İki əlin barmaqlarının sayı qədər insan istisna olmaqla SSRİ-də heç kim ədəbi nəşrlərdən birində redaktor vəzifəsində çalışan, ötən əsrin 70-ci illərində televiziyada görünməyə başlayan Konstantin Kuzakovun atasının kim olduğunu bilmirdi. Kuzakov özü də bu barədə susaraq heç nə demir, soyadının və atasının saxtalaşdırılması haqda anası ilə birlikdə gizlədikləri sirrini heç kimlə bölüşmürdü.

1997-ci ildə vəfat etmiş redaktor ölümündən bir il əvvəl “Arqumentı i faktı” nəşrinə müsahibəsində “Hələ uşaq yaşlarımda bildim ki, mənim atam İosif Stalindir”- deyərək sükutu pozdu. Kuzakovun anası gənc yaşlarında həmyaşıdlarından olduqca ciddi xarakteri ilə seçilsə də, sonradan xarakterində bəzi dəyişikliklər yaranmışdı. Əvvəllər ərdə olmuş Matrena (bəzi mənbələrdə Marina kimi qeyd edilir-müəl) mahir yalançı, Arxangelsk vilayətindəki Solvıçeqodsk şəhərində sürgün həyatını yaşayan İosif Cuqaşvili tərəfindən aldadılaraq onun sevgi toruna salınmışdı.1911-ci ilin yanvarında bura sürgün edilən Stalin burada həmin qadınla tanış olur. Onların əlaqələri intim münasibətlərə çevrilir və doqquz ay sonra Konstantin dünyaya gəlir. Atası gürcü olan qarayanız körpə qadının ərindən olan sarısaç bacı və qardaşlarından kəskin seçilirdi.

Matrena uşağın adını Konstantin qoydu. Körpənin doğum haqqında sənədlərində onun atasının adı İosif yox, qadının ərinin adı Stepan qeyd edildi. Halbuki o, 2 il əvvəl dünyasını dəyişmişdi. Bir sözlə, sovetlər ittifaqının ən uzunömürlü rəhbəri olmuş İosif Stalin arvadbazlığa, intim sərgüzəştlərə hələ gənc yaşlarından, sürgündə oldugu illərdən başlamışdı. Ləqəbini dəyişib Koba kimi inqilabi fəaliyyət göstərən ailəli İosif Cuqaşvili Turuxansk diyarının Kureyka kəndinə sürgün ediləndə də dinc dayanmırdı. 35 yaşlı Koba 1914-cü ildən 1916-cı ilə qədər bu kənddə 14 yaşlı Lida Pereprıqinanın evində yaşayanda da dünyaya iki körpə göz açır. Onlardan biri körpə yaşlarında dünyasını dəyişir. 1917-ci ilin aprelində dünyaya gələn ikinci körpənin sənədlərində isə onun adı və soyadı Aleksandr Cuqaşvili kimi qeyd edilir. Lakin sonralar uşağın soyadını Davıdovla əlavə edirlər. Jandarm 14 yaşlı qızla sevişən məhkum Koba haqqında təhqiqatlara başlayır. İosif cəzasının ağırlaşmasının qarşısını almaq üçün nikahdankənar münasibətdə olduğu yeniyetmə ilə evlənəcəyinə söz verir. Koba təbii ki, sevmədiyi, sadəcə intim əlaqədə olduğu qızla evlənmir. O, Kureyka kəndini tərk edir. Sonralar başqasına ərə gedərək dünyaya daha səkkiz uşaq gətirmiş Lida dəfələrlə Stalinə məktublar yazsa da, İosif ona cavab vermir. Qadının bu məktubları bütün sirrlərin üstünü açır.

1956-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri həmin faktları xüsusi gizli məktubda ölkə rəhbəri Nikita Xruşşova təqdim edir. Atası Stalini ancaq qəzet manşetlərində görən, onun haqqında məlumatları, xəbərləri mətbuatdan oxuyan Aleksandr Davıdov, habelə Stalinin digər nikahdankənar oğlu Konstantin Kuzakov heç vaxt ataları ilə hər hansı ünsiyyətdə olmamışdılar. SSRİ rəhbəri onlarla bircə dəfə olsa belə, maraqlanmamışdı. Stalin heç nikahdan doğulan oğlanlarını sevmirdi, nəinki intim macəralardan doğulan övladlarını…

Rəsmi nikah və 6 abort

Sürgündəki macəralardan qalmayan, 25 yaşında Yekaterina Svanidze ilə evlənən Stalinin ilk qanuni nikahından növbəti oğlu Yakov dünyaya gəlir. Arvadı öldükdən bir neçə il sonra ikinci dəfə evlənən ehtiras xəstəsi Stalin Nadejda Alliluyeva ilə evlənir. Stalinin ikinci nigahından bir qızı və bir oğlu dünyaya gəlib. Lakin bu evliliyin də maraqlı intim tərəfi mövcuddur.

Nadejda Alliluyevanın tibb kartoçkasında onun 10 dəfə abort etməsi qeyd olunub. Stalinin arvadının həkimi qadının ərinin seks xəstəsi olduğunu nəzərdə tutaraq bir dəfə astadan demişdi: “Bədbəxt qadın heyvanla yaşayır”. Nadejda Alliluyevanın özünü öldürməsi bəlkə də canına qəsd etməsindən daha çox, canını Stalindən qurtarması idi. Ziyafət məclislərində tabeliyindəki şəxslərin arvadlarına söz atan, əylənən Stalin bundan sonra balerinalar və müğənnilərlə əylənməyə başladı. Stalinin birinci arvadı gürcü olsa da, ikinci arvadı gürcülərə bənzəsə də, onun intim münasibət qurduğu bütün qadınlar milliyyətcə ruslar idi – Vera Davıdova, Nataliya Şpiller və balerina Olqa Lepeşinskaya…Balerina Marina Semyonova adlarını sadaladığımız qadınlardan Stalinin daha tez-tez görüşdüyü məşuqələrindən olması ilə seçilir. Otuzuncu illərin ortalarında diktator Kremldə məşhur balerina ilə gecə saat 2, 3 radələrində görüşür, bir neçə saat əylənirdi. Diktatorun Vera Davıdovaya “sevgisi” haqqında Avropada “Stalinin sevgilisi” adlı kitab işıq üzü gördü.

Bir dəfə məşhur müğənni konsertdən sonra Stalinin evinə gətirilir. Gecə saatlarında qadını başdan ayağa süzən diktator “Bəlkə işığı söndürək? Qaranlıqda söhbət daha maraqlı olur” – deyib, Vera Davıdovnanın cavabını gözləmədən işığı söndürərək qadının üstünə atılır. 18 yaşlı Valya İstominova isə Stalinin tamah saldığı sonuncu qadın olur.

Seksdə “özündən sonra iz qoymayan” kommunist

Stalinin varisi sayılan, lakin bir sıra səbəblər üzündən onun postunu ələ keçirə bilməyən Lavrenti Beriya da qadınlarla intim macəralardan qalmırdı. Diktatorun sağ əlinin həyat və fəaliyyəti araşdırılanda onun nikahdankənar övladının dünyaya gəlməsi faktı üzə çıxdı. Müasirləri Lavrenti ilə eşq yaşamış məşuqələrindən birinin xatirələrinə əsasən qeyd edirlər ki, bir dəfə intim məqamda qadının gözlərini Stalinin portretinə zilləməsi Lavrentinin narazılığına səbəb olur: “Nə baxırsan ona? Ölkənin sahibi mənəm, Stalin deyil”. Arvadbaz diktatordan fərqli olaraq xələfi, SSRİ-nin üçüncü rəhbəri Nikita Sergeyeviç Xruşşov eşq macəralarına bir qədər gec başlamışdı. Gənclik illərində bütün diqqətini karyera qurmağa yönəldən Nikita əsasən Ukraynadan olan qızlara maraq göstərir, lakin Kobadan fərqli olaraq əndazəni aşmırdı.

Üstəlik, Xruşşov “özündən sonra iz qoyan” kommunist deyildi. O, görüşdüyü qadınların hamilə qalmalarına yol vermirdi. Xruşşov iki dəfə nikaha girmişdi. Bu evliliklərdən onun beş övladı dünyaya gəlmişdi. Lakin Stalin kimi Xruşşovun da birinci arvadı xəstəlikdən, cavan yaşında dünyasını dəyişdi. Yefrosinya adlı bu qadın 1920-ci ildə vəfat etdi. Nikita 4 il arvadsız qaldı. Onun 1924-cü ildə evləndiyi Nina Kuxarçuk xaricə səfərlərdə iştirak edən SSRİ rəhbərlərinin ilk arvadı kimi tarixə düşdü. Nina Nikitaya 3 övlad bəxş etdi. Xruşşovun istefaya göndərilməsindən sonra onun kabinetində əyləşən Leonid İliç Brejnev öz hisslərini çoxmilyonlu SSRİ xalqı və dünya ictimaiyyəti qarşısında gizlədə bilməyən yaşlı sovet rəhbəri kimi tarixə düşdü. Məşhur “yoruldum, gəl öpüşək” zarafatının müəllifi öpüşməyi çox sevirdi. Düzdür, o, kişilərlə dost kimi öpüşürdü, lakin yaxşı ombası olan qadınlara arxadan baxmaq kimi vərdişlərini gizlədə bilmirdi. Brejnevin dodaqlarından öpdüyü Almaniya Demokratik Respublikasının rəhbəri Erix Honekkerlə məşhur fotosu bir neçə dəfə böyüdülərək küçələrdən də asılmışdı. Brejnevin qadınlara xüsusi marağı isə hətta rəsmi tədbirlərdə də açıq-aydın sezilirdi. Gözəl qadına həm öndən, həm arxadan baxan SSRİ rəhbərinin həkimlərindən biri üstüörtülü “72 yaşda qadınlara bu qədər maraq göstərən qocanı birinci dəfədir görürəm” – demişdi. Leonid Brejnev həm də qadın kardların irəli çəkilməsinə böyük həvəslə razı olurdu: “Qadınlarmı? Biz əlbəttə onlara kömək edirik”. “ Xarici səfərlərə gedən SSRİ rəhbərinin arvadını bir çox hallarda özü ilə aparmamasının sirlərini sonralar Kremlin ən məşhur tərcüməçisi Viktor Suxodrev açdı. Onun sözlərinə görə, Brejnev xarici səfərlərin qeyri-rəsmi hissəsində intim “qəbul”lara da yer verir, əcnəbi gözəllərin “dadına baxırdı”.

Belə macəralardan biri də 1973-cü ildə Kemp-Deviddə, SSRİ rəhbəri ABŞ prezidenti Niksonun qonağı olanda baş vermişdi. ABŞ prezidenti yarızarafat – yarıgercək ona yanındakı gənc qadını təqdim edən Brejnevi nəzərdə tutaraq “Onu qoruyun” – demişdi. Brejnevin sevgilisi özündən 40 yaş balaca, gənc və gözəl tibb bacısı idi. Onlar arasındakı intim əlaqə bir müddət davam etsə də, xüsusi xidmət orqanları həmin macəranı cidd-cəhdlə ört-basdır etdilər.

SSRİ-nin atılmış gələcək rəhbəri, etibarsız məşuqə

Brejnevdən xarakteri ilə fərqlənən digər SSRİ rəhbəri Yuri Andropov sələfindən ondan olaraq qadınlarla çox sevgi macərası yaşamamışdı. 19 yaşına qədər Yuliya adlı qızı sevən Andropovun nə üçün onunla evlənməməsi ilə bağlı bir versiya mövcuddur – sevgilisinin gözlənilmədən Andropovdan üz döndərməsi. Ruhdan düşməyən Yuri yeni eşq axtarışına çıxır. Və 21 yaşında Nina adlı qızla tanış olur. Birinci sevgisi daşa dəyən gənc sözün əsl mənasında hədəfi dəqiq vurmuşdu. Dövlət bankının yerli şöbəsinin rəhbərinin qızı olan Nina həm də etibarlı qız idi. Buna görə də Yurinin ilk həyat yoldaşına çevrildi. Lakin bir qədər sonra Yurinin taleyinə ikinci nikah da nəsib olur.

Andropov 25 yaşında Petrozavodskda Tatyana adlı qızla tanış olur. Çox keçmədən gənclər arasındakı əlaqələr sevgi münasibətlərinə çevrilir. 1940-cı ildə cütlük nikaha girir. Bu nikahdan onların bir övladı dünyaya gəlir. SSRİ rəhbərliyi vəzifəsini 73 yaşında ələ keçirən Konstantin Çernenko sevdiyi qızları və arvadlarını dəyişən kommunistlərdən idi. Gənclik illərində bir müddət Lyudmila adlı qadınla eşq macərası yaşayan Konstantin ona aid “sevgi kitabı”nı birdəfəlik bağlayaraq Faina ilə tanış olur. Fainanın ciddiliyi və ağlı Konstantin tərəfindən yüksək qiymətləndirildiyindən Çernenko bu qadınla bir evdə yaşamağa başlayır. Çox keçmədən cütlüyün Albert adlı oğlanları və Lidiya adlı qızları dünyaya gəlir. SSRİ-də nikahdankənar evlilik yaxşı qəbul edilmirdi. Maraqlıdır ki, Konstaninlə Faina da bir müddət rəsmi nikaha girməmişdilər. Onların qeyri-rəsmi nikaha əsaslanan evlilik həyatları ömürlük olmadı. Xarakterlərin uyğunsuzluğu Konstantinin Anna adlı qadınla ailə qurmasına səbəb oldu.

Anna SSRİ-nin gələcək rəhbərinə 3 övlad bəxş etdi. Ötən əsrdə ərazisinə görə dünyanın ən böyük imperiyası sayılan SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov orta məktəbdə oxuduğu illərdə sevdiyi qızla yollarını ali təhsil almağa başlayanda ayırıb. Tələbə adını alan Mixail Raisa Qorbaçova ilə elə tələbəlik illərində tanış olublar. Birlikdə rəqs edən cütlüklər sonradan dərinləşən münasibətlərini rəsmiləşdirməyə qərar veriblər. 90-cı illərin ortalarında SSRİ-nin sonuncu rəhbərinin Yevdakiya adlı qadına sevgi macərası haqqında yazı xarici mətbuatda işıq üzü görsə də, bununla bağlı söylənilənlər təqdiqini tapmadı.

Sadaladığımız faktlardan da göründüyü kimi, “Sovet qadınlarının komitəsi”nin nümayəndəsi, “Leninqrad” mehmanxanasının sadəlövh administratoru Lyudmila Nikolayevnanın söylədiklərindən fərqli olaraq SSRİ-də nikahdan əlaqələr, intim münasibətlər, seks mövcud olub. Özü də həm sadə vətəndaşlar, həm də birinci şəxslər səviyyəsində. Əgər belə olmasaydı Sovet İttifaqı abortların miqyasına görə dünyada birinci yeri tutmazdı.

Anar Tağıyev

BIR CAVAB BURAXIN