Bu gün İsrail Baş naziri Benyamin Netanyahu növbəti dəfə öz qərargahında müstəntiqlərin sorğu-sualına cavab verməli olacaq.
Mediainfo.az-ın İsrail mətbuatına istinadən verdiyi məlumata görə, müstəntiqlər Netanyahunun “1000” və “2000”cinayət işinə görə yeni izahatını alacaqlar. Sorğu-sualın 4 saatdan artıq davam edəcəyi gözlənilir. Qeyd edək ki, Netanyahuya qarşı açılan “1000” cinayət işındə onun ailəsi İsraildə marağı olan iş adamlarından bahalı “hədiyyələr” adı altında rüşvət almaqda günahlandırılır. Netanyahu iddia edir ki, bütün bu bahalı “hədiyyələr” iş adamlarından, o cümlədən tanınmış biznesmen Arnon Milçendən ona göstərilən səmimi və xoş münasibətin təzahürüdür. Amma şahidlər iddia edirlər ki, bütün bu bahalı “hədiyyələr”in verilməsinin təşəbbüskarı Netanyahunun həyat yoldaşı olub.
Netanyahuya qarşı açılan “2000” cinayət işində İsrail Baş naziri Britaniyadan olan milyarder Leonard Blavatniklə “Ediot Axronot” qəzetinə müştəri axtaran Nuni Mozes arasında vasitəçi olmaqda və bu zaman hər iki tərəfdən rüşvət almaqda günahlandırılır.
Qeyd edək ki, bu ilin avqust ayında Netanyahu ona qarşı açılan “4000” cinayət işinə görə müstəntiqlərin suallarına cavab verməli olmuşdu. Bu cinayət işinə görə Netanyahu Şaul Aloviçdən rüşvət alaraq onun haqqında mətbuatda müsbət məqalələr dərc etdirib. Netanyahu, onun həyat yoldaşı və oğlu ilə bağlı açılan cinayət işinin gələn ilin əvvəlində yekunlaşacağı və məhkəmə tərəfindən onlar haqqında hökm çıxarılacağı gözlənilir.
Əziz Mustafa