Ötən həftə təmas xəttində gərginlik artmağa, atəşkəs daha tez-tez pozulmağa başladı, Azərbaycan və Ermənistan tərəf itkilər verdi. Gərginliyin indi də səngidiyini söyləmək olmaz.
Elə bu gərgin dönəmdə – martın 6-da Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Moskvada görüşüblər. Bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin də müzakirə ediləcəyi və önəmli açıqlamalar veriləcəyi gözlənsə də, ənənəvi bəyanatlar səsləndirildi.
“İkinci dərəcəli mövzu – Dağlıq Qarabağ”
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AzadlıqRadiosu-na deyir ki, “açıqlamaların geniş olmaması” onun da diqqətini çəkib. Səbəbini belə izah edir ki, səfər sırf Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyildi.
“Bu, rəsmi səfərdir. İki ölkə arasında münasibətlərə həsr olunub və Dağlıq Qarabağ problemi bu mövzuların içində ikinci dərəcəli mövzudur. Daha əvvəl baş tutan işgüzar səfərlər məhz Dağlıq Qarabağ məsələsinə birbaşa aid idisə, bu dəfə məqsəd fərqlidir. Ona görə də bu baxımdan təzə bir şey gözləmək düzgün olmazdı”, – T. Zülfüqarovun sözləridir.
Rusiya bəzi şeyləri anlamağa başlayıb?
Rusiya xarici işlər naziri Sergei Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra deyib: “Məzmunlu prosesə başlamaq üçün, ilk növbədə, Azərbaycanla Ermənistan arasında inamsızlığın səviyyəsini azaltmaq lazımdır… Uzun təmasların nəticələri bunu deməyə əsas verir”.
İndi tərəflər arasında başlıca problem, rusiyalı nazirin dediyi kimi, sadəcə, “inamsızlıq”dırmı?
Sözügedən açıqlamanı şərh edən politoloq Qabil Hüseynlinin fikrincə, “Rusiya bəzi şeyləri anlamağa başlayıb”. Ancaq əlavə edir ki, inamsızlığı yaradan nazir Sergei Lavrov-un özüdür. O, nazirin yaxınlarda verdiyi bir bəyanatı xatırladır: “Məhz o, Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyildir” bəyanatıyla tərəflər arasında inamsızlıq yaradıb. Bu gün də o inamsızlıq dərinləşir”.
Poliotoloqun sözlərinə görə, inamsızlığı doğuran səbəblərdən biri də Rusiyanın Ermənistanı “durmadan silahlandırması”, bəzi hallarda Ermənistanı “yeni təcavüzkar niyyətlərə təhrik etməsidir”.
“Bu durumda inamsızlıq elitar səviyyələrdə də güclənir. Məsələn, Elmar Məmmədyarovun özü bir neçə dəfə Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə nikbin olmadığını bəyan edib”, – politoloq belə deyir.
“Çıxış yolu görünmür”
Tofiq Zülfüqarov bildirir ki, son aylarda verilən bəyanatlar tərəflərin münaqişənin həllinə baxış müxtəlifliyini göstərir. “Təmas xəttində, cəbhədə vəziyyət gündən-günə gərginləşir, irimiqyaslı hərbi əməliyyatların başlanma təhlükəsi hə gün artır. Bunun qarşısını almaq üçün iki fərqli mövqe mövcuddur. Rusiya ilə Ermənistan təxminən eyni mövqedədirlər. Onların fikrincə, təmas xəttində atəşkəsin pozulma hallarının azalması yönündə tədbirlər görülməli, təhlükəsizlik gücləndirilməli, atışmalara son qoyulmalıdır. Azərbaycan da eyni mövqedədir. O da atəşkəsin pozulmamasını, gərginliyin azalmasını istəyir. Amma Azərbaycanın təklif etdiyi yol başqadır. Bakı təklif edir ki, real, substantiv danışıqlar başlanmalıdır. Bunun nəticəsində işğal olunmuş torpaqların, ən azı, bir qismi azad edilməli, beləcə, təmas xəttindəki gərginlik öz-özünə azalmalı və tərəflərin bir-birinə etimadı çoxalmalıdır. Bu da sülhə gətirib çıxara bilər. Bu yanaşma tam fərqlidir. Təəssüflər olsun ki, indiki vəziyyətdən çıxış yolu görünmür. Fikrimcə, bu gərginlik gündən-günə artacaq”.
T. Zülfüqarov AzadlıqRadiosu-nun “Bu o deməkdirmi ki, yaxın zamanlarda təmas xəttində atəşkəs daha tez-tez pozula bilər” sualını belə cavablayıb: “Təbii. Problemin həll olunmaması o problemin unudulması demək deyil. Problem çözülməlidir. Bu gün əsas problem təmas xəttində təhlükəsizlik deyil, təmas xəttində konfiqurasiya dəyişməlidir. İşğal edilmiş ərazilərin, ən azı, bir qismi ilkin mərhələdə azad olunmalıdır. Bu yöndə danışıqlar olmasa, təbii ki, gərginlik artacaq. Bu, aksiomdur. Hadisələrin bu istiqamətdə inkişafı qaçılmazdır”.
Politoloq Qabil Hüseynlinin fikrincə, Azərbaycan indiki məqamda çox ehtiyatlı tərpənir, münasibətlərin gərginləşməsində maraqlı deyil: “Hamı anlayır ki, Rusiya ilə qarşıdurmaya getmək Azərbaycana fayda gətirməz. Amma Rusiya tutduğu xətti davam etdirəcəksə, inamsızlığı və gərginliyi aradan qaldırmaq çətin olacaq”.