NATO Bakıya qadağanı götürür

0
538

Azərbaycan prezidentinin Brüssel səfəri xeyli uğurlu oldu. Çünki Azərbaycan NATO-ya doğru daha bir addım atdı.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, NATO ilə Azərbaycan arasında ikitərəfli əlaqələri tənzimləyən sazişin müddəaları razılaşdırıldı:

“Bu müqavilənin imzalanması ən geci NATO-nun gələcək sammitinə qədər baş tutacaq. Əsas məsələ odur ki, Azərbaycanla NATO arasında ikili münasibətlər möhkəm müqavilə üzərində qurulacaq. Bu, Azərbaycanın irəliyə doğru atdığı çox real addımlardan biridir. Azərbaycanın Ümumilli lideri Heydər Əliyev də NATO ilə əlaqələrə xüsusi fikir verirdi. O, NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulan Azərbaycan Ordusunun NATO standartları üzrə formalaşdırılması istiqamətində ciddi addımlar atmışdı. Belə ki, indi Azərbaycanın hərbi məktəblərində təhsil sistemi tam NATO standartlarına uyğundur. Orduda nizamnamə qaydaları, əsgər və komandir münasibətləri buna uyğun şəkildə formalaşdırılıb. Yeni paraflanmış müqavilədə Azərbaycanla NATO ölkələri arasında əlaqələrin hərbi sahədə də inkişaf etdirilməsi nəzərdə tutulur. Həmin müqavilə imzalandıqdan sonra Azərbaycan NATO ölkələrinin hamısından silah ala biləcək. Onu da deyim ki, artıq Fransa Azərbaycana silah sata biləcəyi barədə bəyanat yayıb. Bu da onu göstərir ki, NATO ölkələri içərisində bu proses artıq başlayıb. Bu da Azərbaycanın xarici siyasətinin uğurlarından biridir”.

Politoloq vurğulayıb ki, istər Azərbaycanla AB arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində, istərsə də NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bötüvlüyünə birmənalı dəstək ifadə olundu:

“Hətta Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müəqddəratını təyin etmə prinsipini daxil etmək cəhdi də iflasa uğradı. Artıq 2013-cü ildən başlayaraq, ildə 2 dəfə keçirilən NATO-nun zirvə toplantılarında Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq, müdafiə edilir. Bu onu göstərir ki, Qərb ölkələri ikili standartlardan, bəlli bir formada Ermənistana təəssübkeşlik göstərməkdən imtina edirlər. Münaqişənin danışıqlar yolu ilə həll edilməsi, etnik separatizmin rədd edilməsi və dövlətlərin sərhədlərinin müdafiə edilməsi prinsipi NATO-da ciddi surətdə özünü göstərməkdədir. Bu Azərbaycan prezidentinin Brüssel səfərindən əldə etdiyi ciddi nəticələrdən biridir”.

BIR CAVAB BURAXIN