Nasistlərin izləri Argentinaya aparır (3)

0
631
Arazinfo.com  saytı yazıçı Əziz Mustafanın “Nasistlərin izləri Argentinaya aparır” adlı yazısının ikinci hissəsini oxucularına təqdim edir:

İspaniyada və Vatikanda olduqca yüksək səviyyədə qarşılanan Evita Peron adı çəkilən ölkənin ali  dövlət rəsmiləri ilə söhbətlərində nasistlərə məxsus milyonlarla ton qızılın və gümüşün, həmçinin hələ də Avropada gizli şəkildə yaşayan nasistlərin Argentinaya göndərilməsi məsələlərini müzakirə etmişdi. Xristiyan dünyasının Papası XII Piy Evitaya bu məsələdə yardım edəcəyini vəd etmişdi. 1947-ci ilin may ayında ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan gizli hesabatda Vatikan haqqında belə yazılmışdı: “Vatikan, nasistlərin və faşist Almaniyasının qızıllarının gizli şəkildə xaricə göndərilməsində birbaşa iştirak edən ən güclü leqal təşkilatdır.”

 

Müharibədən sonra 50 il Argentinada yaşayan Erik Pribke Amerikadan olan telejurnalist Sem Donaldsona müsahibə verməyə özündə cəsarət tapmışdı. Ola bilsin ki, o, keçmişdə etdiyi cinayətlərə görə artıq məsuliyyətə cəlb edilməyəcəyini düşünmüşdü. Amma o yanılmışdı. Amerikalı jurnalistə müsahibə verənə kimi o, sakit halda San-Karlos-de Bariloçe  şəhərində yaşayırdı. Ötən müddət ərzində Pribke Argentina vətəndaşı pasportu da almışdı. O, sakit, sözün əsl mənasında, rahat və problemlərdən uzaq bir həyat yaşayırdı.  Əgər şeytan onu yoldan çıxarıb amerikalı jurnalistə müsahibə verməsəydi, ömrünü də burada başa vuracaqdı… Amma İtaliya hökuməti ABŞ-ın “ABC” teleşəbəkəsində Pribkenin müsahibəsindən xəbər tutan kimi dərhal Argentinadan nasist caninin verilməsini-ekstradisiyasını tələb etdi. Argentina hökuməti isə onu İtaliyaya ekstradisiya etməkdən başqa çarəsi qalmadı. İtaliyada nasist canini mühakimə edərək, onu uzunmüddətli həbs cəzasına məhkum etdilər. İstintaqa verdiyi ifadəsində Pribke müharibənin sonlarına yaxın ingilislərə əsir düşdüyünü və oradan asanlıqla qaça bildiyini söyləmişdi. 1948-ci ilin sentyabr ayına kimi saxta pasportla İtaliyada yaşayan Pribkeni tanışları Vatikana göndərmişdilər. Pribke burada faşistlərə xüsusi rəğbət bəsləyən yepiskop Aloiz Xudalın yardımı ilə Beynəlxalq Qırmızı Cəmiyyətindən latış Otto Papenin adına pasport ala bildi. Bu cəmiyyətin verdiyi rəsmi göndərişlə Pribke ailəsini özü ilə götürərək Argentinaya getdi. Qeyd edək ki, həmin dövrdə gizli nasist təşkilatları və nasistlərə rəğbət bəsləyənlər yalnız Vatikan deyil, digər yollarla yüksək vəzifəli hitlerçilərin Afrika, Latın Amerikası da daxil olmaqla dünyanın müxtəlif ölkələrinə getməsini təmin edirdilər. Bu məqsədlə keçmiş SS zabitləri 1946-cı ildə gizli ODESSA  təşkilatı qurmuşdular. ODESSA gizli yollarla Hitler Almaniyasında yəhudi məsələsinin qəti şəkildə həllinə rəhbərlik edən Adolf Eyxmanı və Osventsim ölüm düşərgəsindəki məhkumlar üzərində qeyri-insani təcrübələr həyata keçirən eses həkim Yozef Mengeleni də xarici ölkələrdən birinə göndərməyə nail olmuşdu.

ODESSA-nın qurulmasında yalnız Hitler qarşısında hesabat verən Otto Skorsenin adı hallandırılır. Amma şübhəsiz ki, bu qurumun qurulması ideyası yalnız Skortsenə məxsus ola bilməzdi. Bu məsələdə şübhəsiz ki, faşist Almaniyasında ən yüksək vəzifələrdən birini tutan Henrix Himmlerin və adı Hitlerin varisi kimi çəkilən Martin Bormanın da az xidmətləri olmayıb. Borman çox güclü təşkilatçılıq istedadına malik idi və istər ölkə daxilində, istərsə də xaricdə keçirilən bütün gizli əməliyyatların koordinatorluğunu həyata keçirirdi. Bu baxımdan ODESSA alman dəqiqliyi ilə qurulmuşdu və olduqca ağır, gizli şəraitdə işləməsinə baxmayaraq qısa müddətdə 20 min nəfər yüksək vəzifəli nasistləri xairci ölklərə göndərə və orada onların müxtəlif adlar altında yaşmasını və işləməsini təmin edə bilmişdi.

Keçmişdə yüksək vəzifələrdən birini tutan nasist ailəsinin övladı olan və Argentinada anadan olan Hans Ulrix fon Krants almanların adı çəkilən ölkədəki gizli fəaliyyətləri ilə bağlı bir neçə kitab yazıb. O, həmin kitablarında nasistləri gizli şəkildə Argentinaya və dünyanın müxtəlif bölgələrinə qaçışını həyata keçirən ODESSA təşkilatı haqqında belə yazıb: “Bu qurum çox gözəl şəkildə quraşdırılmış mexanizm kimi işləyir. Onun öz mərkəzi, öz rəhbəri var. Hətta qurumun rəhbəri həbs edilsə belə, o, yenə də eyni tərzdə işini davam etdirəcək. Çünki burada hər kəs şəraitdən asılı olmayaraq öz işini, nə etdiyini və gələcəkdə nə edəcəyini yaxşı bilir. Ona görə də onlar öz funksiyalarını olduqca dəqiq həyata keçirirlər. Mənə elə gəlir ki, 1945-ci ilin may ayında III Reyxin məhv edildiyini söyləyənlər yanılırar. III Reyx  konkret çoğrafi ərazi olmadan da mövcuddur və fəaliyyət göstərməkdə davam edir. Əgər nə vaxtsa Yer kürəsində millətçilik yenidən baş qaldırsa, onda Hitlerin varisləri dərhal orada olacaq və yeni, daha təhlükəli IV Reyxin əsaslarının qoyulmasına yardım edəcəklər.”

ODESSA-nın fəaliyyətini araşdıran və bu işlə məşğul olduğu 6 il ərzində məsələ ilə bağlı müxtəlif adamlardan 200-dən çox müsahibə alan argentinalı tədqiqatçı Uki Qoni yazır ki, adı çəkilən qurumda yalnız almanlar deyil, həm də almanlar tərəfindən Fransada qurulan oyuncaq Vişi rejimi hökumətinin bəzi məmurları, Belçikadan və Xorvatiyadan olan nasist tərəfdarları ( reksistlər və ustaşlar), həmçinin Vatikanın dünyanın müxtəlif ölkələrindəki kilsələrində işləyən, onlara rəhbərlik edən katolik kardinalları da iştirak edirdi. Qoninin yazdığına görə bu insanlar Argentina hökumətində güclü təsirə malik idilər. Buna misal kimi Evita Peronun Avropaya səfərini misal gətirən tədqiqatçı onun çox uğurla nasistlərin maraqlarını müdafiə etməyi bacardığını yazıb. Evitanın Avropaya səfərini şərh edən alman jurnalisti Georq Hodel isə yazır ki, İspaniyada və Vatikanda olduqca yüksək səviyyədə qarşılanan Evita Peron adı çəkilən ölkənin ali  dövlət rəsmiləri ilə söhbətlərində nasistlərə məxsus milyonlarla ton qızılın və gümüşün, həmçinin hələ də Avropada gizli şəkildə yaşayan nasistlərin Argentinaya göndərilməsi məsələlərini müzakirə etmişdi. Xristiyan dünyasının Papası XII Piy Evitaya bu məsələdə yardım edəcəyini vəd etmişdi. 1947-ci ilin may ayında ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan gizli hesabatda Vatikan haqqında belə yazılmışdı: “Vatikan, nasistlərin və faşist Almaniyasının qızıllarının gizli şəkildə xaricə göndərilməsində birbaşa iştirak edən ən güclü leqal təşkilatdır.”

İtaliyada nasistlərin və onların var-dövlətinin Argentinaya göndərilməsində xüsusi rol oynayan multmilyoner Alberto Dodero ilə görüşən Evita nasistlərə himayəçilik göstərdiyinə görə ona xüsusi təşəkkürlər etmişdi. Evita İsveçrədə də adı çəkilən ölkə banklarında saxlanılan yüz milyonlarla dollar dəyərində olan alman qızıl-gümüşünün gizli şəkildə Argentinaya göndərilməsinə nail ola bilmişdi. Bəzi tədqiqatçıların fikrincə məhz Argentinaya göndərilən alman pulları Evitanın ərinin seçkilərdə qələbə çalmasında önəmli rol oynamışdı. Amma Argentinaya yalnız  tonlarla nasist qızıl-gümüşü göndərilmirdi. Argentina həm də yüksək ixtisaslı nasist kadrlardan istifadə edərək sürətli inkişafa başlamışdı. Məsələn, Argentina ölkəyə gələn alman mütəxəssislərinin, o cümlədən bir vaxtlar “Fokke-Vulf” konserninin zavodlarından birində işləyən aviakonstruktor Kurt Tankın layihəsi əsasında “Pulqui” adlı o dövr üçün olduqca müasir sayılan qırıcı-bombardmançı təyyarəsini istehsal etməyə başladı.  Həmin dövrdə Argentinanın İsveçrədəki səfiri Benito Lyambi nasistələrin və onların var-dövlətlərinin Argenitanaya daşınmasını həyata keçirən gizli xidmət idarəsi yaratmışdı. Bu işə Hollandiyaya məxsus gəmilər də cəlb edilmişdi. ODESSA isə öz növbəsində almanlara məxsus olan və Argentinaya göndərilən hər qəpikin də hansı məqsədlər üçün xərcləndiyini və harada saxlandığını, nasistlərin lazımi sənədlərlə təchizini və onların işlə təminatını xüsusi nəzarəti altında saxlayırdı. Bu qurumun fəaliyyətindən SSRİ, ABŞ və digər ölkələrin xarici kəşfiyyat orqanlarının uzun illər xəbər tuta bilməməsi isə günümüzdə belə ağlabatan görünmür. Görəsən adı çəkilən ölkələrin xüsusi xidmət orqanları nə üçün ODESSA-nın fəaliyyətinə göz yumublar. Bu, bir sirr olaraq qalmaqdadır. Ola bilsin ki, bəzi ölkələr  ODESSA-nın fəaliyyətindən hansısa gizli məqsədlər üçün istifadə ediblər.

Əziz Mustafa/Arazinfo.com

BIR CAVAB BURAXIN