Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası (5)

0
1109

AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN 100 İLLİYİNƏ Nəsib bəy Yusifbəyli

Azərbaycan Cümhuriyyətini xaricdən gözləyən təhlükəni görərək açıq şəkildə deyirdi ki, Rusiya Azərbaycanın istiqlalını tanıyarsa, onunla hesablaşarsa o zaman ruslarla əməkdaçlq etmək, hətt onlara neft satmaq mümkündür: “Bunlar olmayınca hökumət Sovetlərə neft verməz. Lakin bunlar deyirlər ki, yolu şərtsiz açın, gəlsinlər. Buna heç bir hökumət, heç bir işçi, Türk demokratiyası, heç bir azərbaycanlı razı olmaz”. Azərbaycan Cümhuriy¬yətinin timsalında Azərbaycan xalqı bir millətin taleyində önəmli rol oynayan ideyaları (istiqlal, müstəqil parlament, müstəqil ordu, bayraq və s.) əldə etdikdən sonra, onu Sovet Rusiyasının əli ilə yıxıb yerində «müstəqil Sovet Azərbaycanı» qurmağı qəbul edə bilməzdi. Ancaq o zaman az sayda da olsa Nəriman Nərimanov kimi, bəzi azərbaycanlılar inanırdılar ki, Sovet Rusiyasının əli ilə Azərbaycanda sosializm əsaslı hökumət qurmaq lazımdır. Hələ, 16 iyul 1919-ci ildə Həştərxan Vilayəti (quberniyası) Xalq Maarif vahidi direktoru kimi Nəriman Nərimanov Azərbaycan Respublikası Hökumət Başçısı Nəsib bəy Yusifbəyliyə yazdığı bir məktubunda Osmanlı türkləri ilə deyil rus bolşev¬ik¬lərlə bir yerdə hərəkət etməyin siyasi-ideoloji əsaslarını verməyə çalışırdı: “Mən türkləri Qafqaza dəvət etmək tərəfdarlarına qarşı daim ciddi şəkildə çıxış etdim. Hətta mənim Duma salonunda oxuduğum son dərs də tamamilə bu mövzuya həsr olunmuş edilmişdi və mən indiki vəziyyətinizi təsbit və aydın şəkildə göstərmişdim. Əgər pantürkizm və panislamizm düşüncələrini yayarkən mən bir kommunist kimi sizin qəti əleyhinizə çıxmışdım, lakin Türkiyə qanadı altına girmək cəhdinizə, bir psixoloq kimi lütfkaranə baxırdım. Türkiyə “zəfərlə” gəlib rüsvayçılıqla getdi. Bağışlayın, siz İngiltərənin çəkmələri altında əzilə-əzilə onu müsəlman kütləsinə tərifləməyə başladıqdan sonra isə daha mənim nəzərimdə ideyalı adamlar, milləti və xalqı sevən adamlar deyilsiniz (sizi müsəlman meşşanları arasında iştirak edən də bu idi), bir ovuc fabrik sahibinin və mülkədarın maraqlarını müdafiə edənlər”. Doğrudur, Nərimanovu qanadının altına alan Sovet Rusiyası Azərbaycana sözdə «zəfərlə» gəldi, ancaq Türkiyədən fərqli olaraq ləyaqətlə, şərəflə getmədi və bü ölkəni 70 il müstəmləkəsi kimi idarə etdi. Bunu, yalnız 27 aprel işğalınının üstündən bir qədər keçdikdən sonra dərk edəcək Nərimanov hələ, buna qədər müstəqil Azərbaycanın baş nazirinə yazırdı ki, «qızıl əsgərləri xarüqələr yaradan bütöv bir dövlətin (yəni Rusiyanın – F.Ə.) həyatı ilə oynamaq olmaz, amma siz cinayətkarcasına bu cür oynadınız” və s. Nəsib bəy Yusifbəyli isə Nərimanova və onun kimi düşünənlərə cavab olaraq Parlament kürsüsündən bildirirdi ki, milli istiqlalçı kimi bütün qüvvələrə bir nəzər ilə baxır: «Mənim tutduğum nə bolşevik, nə də menşevikdir. Mən yalnız vətənimizin, istiqalliyyətimizin düşmənlərini tuturam. Onlar öylə adamlardır ki, hər zaman fikirləri bizim hüququmuza və istiqlalımıza təcavüz etməkdir və yaxud idarə tərzimizi dəyişmək üçün çalışmaqdır. Bunlar bizim düşmənlərimizdir». Bütün bunları nəzərə alaraq Rəsulzadə Türkiyədə mühacirətdə yaşadığı dövrdə “Yeni Qafqaziya” dərgisində yazırdı ki, ümumilikdə, Nəsib bəy xalqçı, idealist, millətpərvər, demokrat və liberal bir şəxsiyyət olmuşdur: «Nəsib bəyin şəxsiyyətini, onu yetişdirən mühitin xüsusiyyətini kamilən təhlil etmək və nəticədə mərhumun tutduğu həqiqi mövqeyi olduğu kimi təsbit etmək üçün məqaləmizin həcmi müsaid deyildir. Bu qədər söyləyə bilərik ki, o, milli Azərbaycan demokratiyasının yetişdirdiyi ən tipik müməssil¬lərindən biridir. Elə bir müməssil ki, milli Azərbaycan hərəkatının istiqlala müncər olan qayəsini formulə etmək onun ismilə mərbutdur». Fikrimizcə, M.Ə.Rəsulzadənin silahdaşı, məsləkdaşı Nəsib bəy haqqında dedikləri o qədər doğru, dürüst və səmimidir ki, bu deyilənlərə əlavə bir söz demək çox çətindir. Rəsulzadənin Yusifbəyli ilə bağlı dediklərində diqqəti çəkən məqamlardan biri də, Nəsib bəyi milli Azərbaycan ideyasının müəllifi kimi göstərməsidir. Bu onun göstəricidir ki, Rəsulzadə memarı olduğu Azərbaycan Cümhuriyyəti ideyasında Nəsib bəyin rolunu daha üstün verməklə öz ləyaqətinin ucalığını ifadə etmişdir. Başqa sözlə, Rəsulzadənin bu fikirlərindən belə nəticə çıxarmaq olar ki, milli və müstəqil Azərbaycan ideyasının nəzəri-ideoloji müəllifi Rəsulzadə, siyas hədəfçisi isə Nəsib bəy olmuşdur. belə ki, Nəsib bəy Rəsulzadənin nəzəri-ideoloji şəkildə irəli sürdüyü milli və müstəqil Azərbaycan ideyasını siyasi bir tələb kimi ifadə etmişdir. Deməli, Azərbaycan Cümhriyyəti iki böyük liderin nəzəri-ideoloji və siyasi praktiki əməllərinin nəticəsidir. Bu mənada bu iki böyük Azərbaycan Türkünün Azərbaycan Cümhuriyyətinin yaranması və inkişafında göstərdiyi xidmətlər misilsizdir. M.Ə.Rəsulzadə Yusifbəyliylə bağlı eyni fikirləri 1923-cü ildə Türkiyədə nəşr olunan “Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkül və şimdiki vəziyyəti” əsərində də əks etdirmişdir. Azərbaycan Cümhuriyyətinin qurucusu həmin kitabında yazırdı ki, Nəsib bəy Qafqasiyada türk milliyətpərvərliyini tərvic edən d\y\rli xadimlərmizdəndir: “Nəsib bəy qüvvətli bir qələmə malik olduğu kimi, hərarətli də bir natiq idi. Ona görə də qüvvətli iman sahibi və demokrat bir adamdı”. Qeyd edək ki, Yusifbəyli Azərbaycan milli istiqlal ideyasına sona qədər sadiq qalmışdır. Belə ki, o, Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən qısa bir müddətdən sonra yaxın silahdaşlarıyla (Nağı Şeyxzamanlı və b.) görüş zamanı demişdir: “Azərbaycan istiqlalını qurduq. Ancaq onu saxlaya bilmədik. Əbədi düşmənimiz olan ruslar güclü qüvvələri ilə vətənimizi işğal etdilər və istiqlalıçıza son qoydular. Müqəddəs ölkəmiz rusların istilası altına keçdi. Ancaq inandığımız və iman etdiyimiz bir şey varsa, o da bizə təsəlli verməkdədir. Ruslar zülmləri, vəhşilikləri ilə xalqımızı nə qədər əzirlərsə əzsinlər, əbədi olaraq qala bilməzlər. xalqımızn beyninə yerləşdirdiyimiz istiqlal məfhumundan mənəvi varlığımıza hopmuş hürriyyət ruhunu söküb ata bilməzlər. Onlar buna nail olmaq üçün vəhşiliyi və qəddarlığı ilə məhur olan Neronu köməyə çağırsalar da yenə müvəffəq ola bilməzlər”. N.Yusifbəyli Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra 1920-ci ilin iyun-iyul aylarında naməlum şəkildə şəhid olmuşdu. Burada onun hansı şəkildə şəhid olması ilə bağlı geniş müzakirə açmadan yalnız onu qeyd etmək istərdik ki, bütün hallarda Nəsib bəy Yusifbəyli Azərbaycan Türk millətinin, Azərbaycan Cümhuriyyətinin böyük şəhid oğullarından biridir. O, yalnız Azərbaycan Cümhuriyyətinin baş naziri kimi deyil, milli Azərbaycanın siyasi istiqlalının ilk müəlliflərindən biri və şəhid oğlu olaraq sonsuz sevgiyə və hörmətə layiqdir. Beləliklə, böyük turançı Əli bəy Hüseynzadənin Türklük, İslamlıq və Müasirlik «üçlüy»ü, M.Ə.Rəsulza¬də¬¬nin və N.Yusifbəylinin bu «üçlük» əsasında Azərbaycan türkçülüyü ideyasını – azər¬baycançılığı irəli sürməsi bir təkamülün nəticəsi idi. Bu təkamülün kökü nə qədər qədimlərə gedib çıxsa da, çağdaş mərhələdə onun yeni cizgiləri 19-cu əsrdə meydana çıxmış, 20-ci əsrin əvvəllərində isə Azərbaycan milli ideyasının və onun bariz nümunəsi olan Azərbaycan Cümhuriyyətinin yaranması ilə nəticələnmişdir. Azər¬baycan Cümhuriyyətinin əsaslan¬dığı milli-demokratik dəyərlər əsasında ölkə bütün vətəndaş¬ların maraqlarına uyğun olaraq idarə olunmuşdur. Hətta, həmin dövrdə Azərbaycan Milli hökumətinə müxalif olan, Azərbay¬can parlamentində təmsil olunan bütün siyasi-ideoloji qüvvə¬lərin (bolşeviklər, menşeviklər, ittihadçılar və b.) nümayəndə¬ləri belə, bu dövlətin ədalətliliyini dəfələrlə etiraf etmişlər. Bir sözlə, Azərbaycan Cümhuriyyəti etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların ortaq dövləti olmuşdur ki, bu işdə ən başlıca rollardan biri də Nəsib bəy Yusifbəyliyə aiddir. Bunu, vaxtilə M. Əmin Rəsulzadə belə ifadə etmişdir: “Sadə bu mərbutiyyət Nəsib ismini Azərbaycan tarixində ölməz və unudulmaz bir ismi halına qoymaq üçün kafidir. Nisan matəmində intiqam əhdini təcdid edən milli istiqlal nəslinin qeyrətini təhrik edən böyük amillərdən biri də heç şübhəsiz Nəsib bəyin şəhadətidir. Müzəffər istiqlal nəslinin ilk edəcəyi təşəkkür vəzifələrindən birincisi siyasi azərbaycançılığın ilk mübəşşirlərindən Nəsib bəy adını davam etdirmək və Bakı ilə Gəncədə ona bir abidə qoymaqdan ibarət olmalıdır!”. Ancaq təəssüf ki, bu günə qədər Bakıda ya da Gəncədə Nəsib bəy Yusifbəyliyə layiq bir abidə ucalda bilməmişik. Görünür, 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, o cümlədən M.Ə.Rə¬sulzadə, Nəsib bəy Yusifbəyli və başqaları haqqında dediklərindən doğru nəticə çıxara bilməmişik. H.Əliyev 28 may Respublika günü münasibətlə keçirilən tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında mühüm rol oynamış şəxsiyyətlərimiz, o cümlədən N.Yusifbəyli haqqında çox qiymətli fikirlər irəli sürərək demişdir: “Birinci Dünya müharibəsinin bitməsi ilə əlaqədar olaraq dünyada baş vermiş dəyişikliklər, sosialist inqilabı nəticəsində Rusiya imperiyasının dağılması, Azər-bay¬canda müstəqil dövlət yaratmaq üçün şərait meydana gətirdi. Azərbaycanda geniş vüsət almış milli azadlıq hərə¬katı bu dövrün səciyyəvi cəhətlərindən hesab edilməlidir. Məhz belə bir şəraitdə Azərbaycanın demokratik qüvvələri, siyasi xadimləri 1918-ci il mayın 28-də ilk Azərbaycan Demokratik Respublikasının yarandığını elan etdilər. Həmin gün Azərbaycan xalqının tarixinə böyük və əlamətdar bir hadisə kimi daxil olmuşdur. Biz bu günü Respublika günü, Milli İstiqlal bayramı kimi qeyd edirik. Bu bayramı qeyd edərkən, biz o zaman Azərbaycanın milli azadlığı, istiqlaliyyəti uğrunda, Azərbaycan Demokratik Respublikası yaranması uğrunda mübarizə aparanları, demokratik dövlətin təşkil olunmasında iştirak edənləri, onun rəhbərliyində fəaliyyət göstərənləri – Məmmədəmin Rəsulzadəni, Fətəli xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi, Məmmədhəsən Hacınskini və başqalarını böyük minnətdarlıq hissi ilə yad edirik. Onların parlaq həyatı, böyük fəaliyyəti və Azərbaycan xalqı qarşısında xidmətləri heç vaxt unudulmayacaqdır». Heydər Əliyev başqa bir çıxışında da də N.Yusifbəylinin, M.Ə.Rəsul-zadənin və başqa dövlət xadimlərimizin, mütəfəkkirlərimizin Azərbaycan xalqının ictimai-siyasi və fəlsəfi fikir tarixindəki yerini çox müsbət qiymətləndirmiş, onlara münasibətdə obyektivliyin gözlənilıməsini açıq şəkildə ifadə etmişdir: «1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Azərbaycan tarixində böyük siyasi-ictimai hadi¬sə¬dir. Belə bir demokratik dövlətin mövcud olması və müəy¬yən qədər fəaliyyət göstərməsi Azərbaycanın sonrakı dövr¬lərinə təsir edibdir. Düzdür, bu demokratik respublika cəmi 23 ay fəaliyyət göstərdi, sonra isə təslim oldu. Mən bu fikrə yenə qayıdacağam. Biz tariximizi həmişə obyektiv təhlil etməliyik və bugünkü nəslə, gələcək nəsillərə düzgün çatdırmalıyıq. Təəssüf ki, əvvəlki dövrlərə aid tariximizdə çox faktlar təhrif olunubdur, indi də təhrif edilir. Əgər o vaxt bir istiqamətdə təhrif olunurdusa, indi başqa bir istiqa¬mətdə təhrif edilir. Tarixçilərimizin borcudur ki, bu qüsuru aradan götürsünlər. Ancaq biz deməliyik ki, demokratik respublika, onun liderləri Məmmədəmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Məmmədhəsən Hacınski və başqaları çox böyük işlər görüblər. Onlar Azərbaycanı müstəqil bir dövlət kimi dünyanın bir qisminə tanıtdılar, bir neçə tədbir gördülər». Bu mənada hesab edirik ki, Nəsib bəy Yusifbəyli bu gün Azərbaycanın ən böyük şəhərlərində (Bakı, Gəncə və b.) və həmin şəhərlərin ən görkəmli yerlərində abidəsi ucaldılmalı olan ən layiqli dövlət xadimlərimizdən, mütəfəkkirlərimizdən biridir. Ən azı ona görə ki, o bugünkü Azərbaycan Respublikasının müstəqilliyi uğrunda şəhid olmuş baş nazirdir. Bu gün torpaqları rus-erməni hərbi birləşmələri tərəfindən işğal altında olan bir dövlət və millət üçün Nəsib bəy Yusifbəyli örnəyini öyrənmək və tanımaq son dərəcə zəruridir. Hər halda Azərbaycan xalqı bilməlidir ki, onun milli varlığı və müstəqilliyi uğrunda şəhid olan Nəsib bəy Yusifbəyli kimi baş naziri, böyük şəxsiyyəti də olmuşdur!!!

Yazı Dos., Dr. Faiq Qəzənfəroğlu (Ələkbərli)

BIR CAVAB BURAXIN