Nəcməddin Ərbakan, Turqut Özal, Rəcai Qutanın müəllimi: Azərbaycanlı Zahid Kotku əfəndi

0
2322

Türkiyə Cümhuriyətində araşdırma apardığımız zaman soydaşlarımızdan biri söylədi ki, İstanbulda dövrünün çox böyük şəxsiyyəti, iman adamı, minlərlə insanı heyranına çevirmiş bir Azərbaycan türkü yaşamışdır. Onun barəsində də araşdırma aparıb Azərbaycandakı bacı və qardaşlarımıza məlumat versəniz yaxşı olar. Eşitdiyimiz bu xəbər bizim üçün yenilik idi.

Zatən bizim missiyamız Azərbaycandan kənarda yaşayan soydaşlarımızı arayıb tapıb bugünkü nəslə tanıtmaqdır. Bütün Türkiyəyə səs salmış bu tarixi şəxsiyyətin kimliyi ilə bağlı acgözlüklə məlumat əldə etməyə çalışdıq. Xəbəri bizə bildirən soydaşımız sadəcə bunları dedi:-Mehmed Zahid Kotku Azərbaycan türküdür.

         Bundan başqa heç bir informasiya verə bilməyən soydaşımız bu insanın da həyatını,keçdiyi yolu araşdırmağı bizə həvalə etdi. O an əlimizdən heç nə gəlmirdi, çünki biz Dənizlidə idik. İstanbul  planımıza daxil olmadığından bu məsələni sonraya saxladıq. Sadəcə həmyerlimizin adını, soyadını dəftərçəmizə qeyd edib, cari araşdırmalarımızı davam etdirdik.Dənizlidə qaldığımız müddətdə Mehmed Zahid Kotkubizi bir an olsun rahat buraxmadı. Ürəyimizdə bu insanın sorağının bu böyüklükdə olmasına rəğmən , nə üçün biz onun haqqında heç nə eşitməmişik… kimi suallar bütün damarlarımızı dolaşmaqda davam edirdi

         Nə isə, Azərbaycana döndük və başladıq Mehmed  Zahid Kotkunun barəsində məlumatlar toplamağa. Təbii ki, yeganə yardımçımız internet oldu.  İstəsəydik də başqa kimsədən onunla bağlı heç nə öyrənə bilməyəcəkdik. Ona görə ki, belə birisi  Azərbaycanda yox idi. Belə də deyə bilərik:”Belə bir oğlan anasından doğulmayıb”.

        Son fikri yarızarafat, yarıqəzəb şəklində ifadə edirik. Axı bizlər çox vaxt lazımlı məsələləri deyil, gündəmi işğal etmiş mənasız mövzuları araşdırmağa,məqalə, kitab yazmağa alışqanıq. Zahid Kotkudan nəfimiz nə ola bilər ki?    Heç  nə! Tarixdən başqa. Təssüflər olsun ki, əsl tariximizi yazıb gələcək nəsillərə ötürməyə heç də həvəsli  görünmürük.  Bəlkə də bu kimi çatışmamazlığımızdır ki, yerimizdə sayırıq.

       Zamanında Zahid Kotkunu və onun kimi digər soydaşlarımızın barəsində geniş, fundamental,  akademik araşdırmalar aparmış olsaydıq, dərk edərdik ki, toplum olaraq güclü genə malikik. Bizim millət olaraq yer kürəsində kölgədə qalmağımız ədalətli deyil. Axı Tusi, Lütfi Zadə, Kərim Kərimov ,Şeyx İsmail Siracəddin, Mehmed Zahid Kotku və adlarını çəkmədiyimiz yüzlərlə elm – ürfan adamlarımız olub. Osmanlı İmperatorluğunun Sədr-əzəmi olmuş Mehmed Rüştü Paşa bizim soydaşımız idi. Onun atası Şeyx İsmail  Siracəddin Əfəndi Azərbaycanın Kürdəmir rayonunda doğulub böyümüş, Osmanlı Türkiyəsində təhsil almış, yenidən Azərbaycana qayıtmışdır. Əfsuslar olsun ki, Çar Rusiyasının Azərbaycandakı  çinovnikləri Şeyx İsmail Siracəddin Əfəndini doğma elindən köçməyə məcbur etmişlər. O, yenidən Osmanlıya pənah aparmış və ömrünün sonuna kimi Osmanlı ərazisində yaşamış və orada da haqq dünyasına qovuşmuşdur…

       Son bir ilimizin müəyyən hissəsini Mehmed Zahid Kotku həzrətlərinin araşdırılmasına sərf etdik. Hər ötən gün bir yeni məlumat öyrənir və heyrətdən gözlərimiz hədəqəsindən çıxacaq dərəcədə böyüyürdü. İlahi,biz hansı səviyyədə olan insanımızı bu çağa kimi tanımamışıq!

        Türkiyə Cümhuriyyəti  Dövlətinin son 70 illik idarəçilik tarixinin çox ünlü simalarının yetişməsində, formalaşmasında çox böyük xidməti olmuş Mehmed Zahid Kotkunun barəsində bu günə kimi xəbərsiz yaşamağımız bizim üçün ayıb sayıla bilən bir məsələdir. Dünya vəTürkiyə şou aləmini əzbərdən  bilən Azərbaycan gəncliyinin milli ruhda yetişməsi üçün Mehmed Zahid Kotku böyük məktəb rolunu oynaya bilərdi. Təəssüf ki,çox zaman lazımsız məktəblərin tələbəsi olmağa daha çox can atırıq.Nə isə…

 Mehmed Zahid kotku kimdir?

Onun kimliyinə keçməmişdən öncə ruhuna bir nəzər yetirmənizi istərdik. Bildiyiniz kimi “SALAM” Allahın adlarından biridir.Son zamanlar salamı təmənnaya çevirənlərin çoxaldığı cəmiyyətdə yaşamaq məcburiyyətindəyik. O cür insanların nəzərinə çatdırmaq yerinə düşərdi ki, Mehmed Zahid Kotku Əfəndi”salam” verib də laqeydcəsinə ötənlər üçün məsləhət bilir: ”Salam sadəcə xoş arzu və diləklərin sözlə ifadə edilməsindən ibarət quru bir vəzifə deyildir. Həqiqətdə salam ,yolda qarşılaşdığımız bir qardaşımızın ehtiyacının olub, olmadığını, varsa bizdə nasılı olabiləntərəfin iöyrənib əlimizdən gələni etdikdən sonra yola davam etmək deməkdir.

Və yaxud hocala rhocası tələbələrinə həmişədeyərmiş Ömrünüzü boş yerə zövqü-səfa ilə para –pul xəstəsi olaraq məhv etməyin.Son peşmanlıq kimsəyə fayda verməmişdir”.

      Zahid Kotku Əfəndi tələbələrinə bilirsiniz nəyi aşılayırdı? Insanın mənəvi və fiziki sağlamlığı üçün vacib olan keyfiyyətləri. Hansılar idi o keyfiyyətlər?

     -Nəfsinizə müxalifət olun,az yatın,az danışın,mərd olun, dedi – qoduya qarışmayın, mümkün olduğu qədər kimsədən bir şey istəməyin,qətiyyən kimsə ilə münaqişə etməyin, kimsənin ayıbını görməyin və araşdırmayın, tam ədəbli olun, öləcəyinizi bilsəniz yalan danışmayın, icazəsiz başqasının evinə və ya otağına girməyin, tələskən olmayın, nəfsinizi daim qınayın, şeytana fürsət verməyin;  ayıq olun, sədəqəni unutmayın, erkən yatıb, erkən qalxın, Allahı və ölümü yaddan çıxartmayın, elədiyiniz yaxşılıqları və sizə olan pislikləri unudun…

     Türkiyə yazılı mənbələrində qeyd olunub ki,Mehmed Zahid Kotkunun ailəsi – yəni atası İbrahim, anası Səbirə xanım Şirvana bağlı keçmiş bir xanlıq olan Nuhadandır (Şəkidəndir).

       Daha sonra qeyd edilir ki, ailəsi Osmanlı –Rus savaşı nəticəsində Türkiyəyə köç etmiş müsəlmanlarla birlikdə gəlmişlər. Köç tarixi kimi 1877- ci il göstərilir. Hətta orası da qeyd olunur ki, İbrahim Əfəndi sevgili Peyğəmbərimiz – sallallahu aleyhi vessellem- sülaləsindən seyiddir.

       Şeyx İbrahim Əfəndi Azərbaycandan Osmanlıya pənah gətirəndən sonra dayanacaq məkan kimi Bursanı seçmişdir. Bursada Həmzə bəy mədrəsəsində dini təhsil alıb, ayrı – ayrı cami və məscidlərdə imamlıq etmişdir. Son çalışdığı yer Bursanın İzvat kəndindəki məscid olmuşdur. 1929-cu ildə vəfat edən Şeyx İbrahim Əfəndi elə İzvat Kəndindəki qəbristanlıqda  dəfn edilmişdir.

       Atasının “oğlum Məhəmməd” deyə çağırdığı Mehmed Zahid Kotku Əfəndi  1897-ci ildə Bursanın Kale kəndində, Şeyx İbrahim Əfəndinin Osmanlı Türkiyəsindəki ilk evində dünyaya gəlmişdir.  Kiçik Mehmedin üç yaşı olanda anası Səbirə xanım dünyasını dəyişmişdir.

      Oğlunun azyaşlı olduğunu düşünən Şeyx İbrahim Əfəndi çox tərəddüddən sonra ikinci dəfə evlənmək qərarına gəlir. Amma ailə quracağı qadının xasiyyəti, psixologiyası çox önəmli idi. Uyğunlaşa bilməyəcəyi yad psixologiyanın daşıyıcısı olan bir xanımla ailə qurmağının  övladlarına mənfi təsir edəcəyindən ehtiyat etdiyi üçün xeyli axtarışa baş vurdu.  Nəhayət adət-ənənə baxımından eyniyyət təşkil edən Fatma adında bir xanımla evləndi.

        Bu yerdə bir məsələni xüsusi olaraq qeyd etməyi vacib sayırıq. O zaman Osmanlıda çar rusiyasının təzyiqindən qaçıb canını qurtararaq məskunlaşmış müsəlmanların əksəriyyətinə dağıstanlı deyirdilər.Çox zaman çərkəz kimi də sənədləşdirirdilər. Bu gün həmin o yanlışlığın əziyyətini bizim kimi  araşdırmaçılar çəkir.   Soydaşlarımızın böyük əksəriyyəti mənsub olduqları millətin və bölgənin adını dəqiq bilmirlər.

         Mənbələrdə Şeyx İbrahim Əfəndinin ikinci dəfə evləndiyi Fatma xanımı dağıstanlı kimi qeyd etmişlər.  isə həqiqəti çox da əks etdirmir.Biz belə düşünürük.

         Fatma xanım Şeyx İbrahim Əfəndiyə üç qız övladı bəxş etmişdir.

          Mehmed Zahid Kotku Əfəndinin özündən 9-10 yaş böyük Əhməd Şakir adında qardaşı omuşdur. Qüdsdə və Çanaqqala döyüşlərində zabit kimi döyüşmüşdür.Cəbhədə xəstəliyi səbəbindən 28 yaşında şəhid olmuşdur.

          Oruc bəy ibtidai məktəbində oxuyan Mehmed Zahid Kotku Bursa sənət məktəbində təhsilini davam etdirmişdir. Birinci Dünya Müharibəsi başlayarkən onun 18 yaşı yeni tamam olmuşdu. Buna görə onu da əsgərliyə aparırlar. Altı il hərbi xidmət keçdikdən sonra, Osmanlı ordusunun Suriyadan geri çəkilməsi səbəbindən o tərxis olunur.

           Bursaya deyil,  İstanbula gəlir. İstanbul onun həyatını büsbütün dəyişir. O zaman məscid kimi fəaliyyət göstərən Ayasofyada namaz qılmaq ona nəsib olur. Namazdan sonra Cağalıoğlundakı Gümüşhanəvi Dərgahına gedən Zahid Kotku, buradakı mənəvi atmosferdən təsirlənir.

O, burada Dağıstanlı Ömər Ziyaüddin Əfəndi ilə tanış oldu. Bu tanışlıq sonralar Zahid Kotkunun bu böyük insandan dərs almasına gətirib çıxardı. Qısa zamanda o,özünü təsəvvüfə bağladı.

            1929-cu ildə atasının qəflətən ölümü səbəbi ilə İstanbuldan Bursaya qayıtdı.  Atasının imamlıq etdiyi İzvat kənd məscidinə imam təyin olundu. 1952-ci ilə kimi bu vəzifəni davam etdirdi. O, burada çoxlu tələbə yetişdirdi. Sonradan İstanbuldakı dostlarının israrlı tələbi ilə  ömrünü həmişəlik İstanbula bağladı.

            İstanbulun ayrı-ayrı camilərində, məscidlərində imam kimi çalışdı. 1958-ci ildə Fatih İsgəndər paşa Camisinə imam təyin edildi. Burada da sayı bilinməyən qədər tələbə yetişdirdi. 1980-ci ildə xəstə olmasına baxmayaraq Həcc ziyarətinə getdi. Ziyarətini başa vuraraq İstanbula salamat döndü, amma xəstəliyi xeyli şiddətlənmişdi. Bir aydan bir az çox ölüm-dirim mübarizəsi aparan Mehmed Zahid Kotku 1980-ci ilin 13 noyabrında mübarizə apardığı xəstəliyə məğlub oldu.  14 noyabrda Süleymaniyə Camisində qılınan cənazə namazından sonra Caminin ərazisindəki qəbristanlıqda dəfn edildi…

           O dövrün xatırlamalarına söykənərək Mehmed Zahid Kotkunun necə insan olduğunu öyrənmək mümkündür. Xatirələrdə qeyd olunur ki, rəhmətlik Zahid Kotku Əfəndi ilk görüşdəcə insanda sevgi və sayğı yaratmağı bacaran qabiliyyətə malik idi. Tanıdı, tanımadı,qarşısına kim çıxardısa salam verər, könlünü alardı. Çox güclü yaddaşı vardı. Şirin dillə danışardı. Çalışardı ki,sadə danışıb insanları başa sala bilsin. Həmsöhbətinin də danışması,  fikir bildirməsi üçün imkan yaradardı.  Xütbələrində ordunun önündəki komandan kimi igidcəsinə çıxış edərdi.

          Yolunu azmış birini tərbiyə edib haqqa gətirincəyə qədər böyük səbr göstərər, yarı yolda buraxmadan məqsədinə doğru irəliləyərdi.  Dostlarına qarşı vəfalı idi.Vaxtaşırı onları axtarar, diqqətini əsirgəməzdi. Süfrəsi daim qonaqlı-qaralı olardı.

Bir nəqşibəndi şeyxi olan Mehmed Zahid Kotkunun kökü Azərbaycanın Şəki bölgəsindəndir. Şəkinin hansı səmtindəndir,bu gələcək araşdırmalarımızın sayəsində dəqiqləşəcəkdir. Blizim üçün bunun heç bir önəmi yoxdur,amma bu gün Şəkidə qohumlarının qalib-qalmaması maraq dairəmizdədir…

          Mənəviyyatının rüşeymini qədim  Şəki əxlaqı təşkil edən nəqşibəndi təriqətinin görkəmli nümayəndəsi Mehmed Zahid Kotkunun çağdaş Türkiyə Cümhuriyyətinin inkişafındakı xidmətlərini saymaqla qurtaran deyil. Ən önəmlisi odur ki, o, İslam əxlaqı ilə müasirliyi sintez etməyi bacaran kadrların yetişməsinin özülünü qoymuşdur. Kimin nə deməsinə baxmayaraq 1970-ci ildən sonrakı Türk siyasətçilərinin daha vətənpərvərləri Mehmet  Zahid Kotkunun yetirmələridir.  Nəcməddin Ərbakan, Turqut Özal, Rəcai Qutan, Sabahaddin Zaim kimin tarixi şəxsiyyətlər Zahid Kotku Əfəndinin Türk xalqına bağışladığı nadir nemətlərdir.

         Kimsə cəsarət edib bu məlumatlara şübhə ilə yanaşmasın. Bu siyahını uzada da bilərdik, amma bu qədər məsləhətdir. Ürəyində şübhə toxumu cücərtmək niyyətində olanların diqqətinə üç faktı çatdırırıq. Birinci fakt  odur ki,rəhmətlik Turqut Özalın qardaşı Qorqud Özal xatirələrində yazır ki,”Turqut bəy Mehmed Zahidin tələbəsi olmuşdur.Tanışlıqları 1960-cı ildən başlamışdır.Çox yaxın münasibətləri vardı”.

         Professor Nazif Gürdoğan “Görünməyən Universitet”adlı kitabında aşağıdakıları da qeyd etmişdir: ”Dəyərli ustad ölkənin Osmanlıdan Türkiyə Cümhuriyyətinə keçməsinincanlı şahidi idi. Bir çox problemləri açıqca görürdü. Türkiyənin istehsalatda geri qaldığını söyləyirdi. Türkiyənin sənaye ölkəsinə çevrilməsinin labüdlüyünü anladırdı. Anadolu insanına  böyük düşünməyi o öyrətmişdi”.

         Bu iki fakt. Üçüncüsünü də yenə Türkiyənin “ODA TV” kanalı aşkarladı. Düzünü deyək , biz bu xəbəri eşitməmişdik. Sadəcə onu eşitmişdik ki ,Nəcməddin Ərbakanı özlərinə müəllim hesab edənlər eyni zamanda Mehmed Zahid Kotku Əfəndini də baş tacları sanırlar. Amma Türkiyə Cümhuriyyətinin bugünkü  Səhiyyə Naziri Fəxrəddin Qocanın Şeyx Mehmed Zahid Kotkunun tələbəsi olduğunu “ODA TV” aşkarladı. Ancaq qeyd etmək lazımdır ki, “ODA TV-nin məqsədi Fəxrəddin Qocanı yüksəklərə qaldırmaq deyil, kiçiltmək idi. Yenə sağ olsunlar, xəbərsizlər bildi ki, Qoca da Zahid Kotku adlı çeşmənin gözündən su içibmiş. Deməli heç nə təsadüfi deyilmiş. Şəxsi həyatını undaraq koronavirus adlı əsrin bəlasına qarşı gecə- gündüz yoruimadan mübarizə aparan bir nazir ancaq Mehmed Zahid Kotku məktəbinin məzunu ola bilərdi…

Mehmed Zahid Kotku Əfəndi xütbə oxuduğu zaman vaxtının müəyyən hissəsini ümummilli problemlərə həsr edərdi. O,üzünü camidə ona diqqətlə qulaq asan insanlara tutub deyərdi: ”Caminin qapısının ağzında sırayla düzülmüş avtomobilləri görürsünüz, mən bu mənzərəni seyr etdikcə narahatçılıq keçirirəm. Xarici ölkələrə çörək pulu qazanmaq üçün gedən insanlarnədən bu qədər çoxdur? Gedib pul qazanırlar, geri dönəndə də həmin pulu bu dəmir parçalarına verib Türkiyəyə gətirirlər. Olmazmı, orada qazandıqları pulu gətirib Türkiyədə sexlər,fabriklər tiksinlər?  Belə olarsa ac-yalavac vətəndaşlarımız iş yeri tapar, həm də İslam diyarı olan ölkəmizdə qalıb yaşamlarını sürdürərlər. Nəticədə xaricilərin köləsi olmaqdan qurtarmış olarıq…”

           Tələbələrinə yüksək vəzifə düşkünü və pul hərisi olmanın təhlükələrini anladan bu dahi insan, digər yandan da  Türkiyənin idarəçiliyinə namizəd olmanın vacibliyini anlatmağa çalışırdı.

            1956-cı ildə xütbədəykən bir əhvalat danışdı. Dedi ki, evdə əlimə toplu iynə qutusu götürdüm. Baxıb gördüm ki,xarici ölkə istehsalıdır. Bu an yer-göy başıma fırlandı.Əcəba dedim, adicə iynə belə istehsal etməyəcəyikmi?

             Hocalar hocası Mehmet Zahid Kotkunun o dövrün Türkiyəsinin gerçəkliklərini çılpaqliğı ilə ifşa etməsi, tələbələrindən bir qrupunu hərəkətə gətirdi. Başda Nəcməddin Ərbakan olmaqla , sonralar “Pancar Motor”a çevriləcək olan “Gümüş Motor” fabrikini qurdular. ”Gümüş” adı ,əlbəttə “Gümüşhanəvi Təkkəsi”ndən  götürülmüşdü…

              Əziz oxucular, xx əsrin Türkiyəsinin çatışmazlıqlarını yaşaya-yaşaya şam kimi əriyən həmyerlimiz Mehmed Zahid Kotku bugünkü Türkiyəni arzu edirdi.  Gördünüzmü, 70 il sənayeləşmə uğrunda gedən mübarizənin sonunda, Mehmed Zahid Kotkunun tələbələri Avropada və Dünyada söz sahibi olan hansı Türkiyəni inşa etdilər?

             Hocalar hocası çox güman ki, ruhən bugünkü Türkiyəni müşahidə edir və rahat şəkildə uyuyur. Artıq Türkiyə Cümhuriyyəti idxalçı ölkədən ixracatçı dövlətə çevrilmişdir…

          Şahin Aydəmir

       Osman Məmmədov