Onun irsini araşdıran tarixçi alimlər böyük mütəfəkkirin fars kimi təqdim edilməsinin elmi əsası olmadığını deyirlər
Dünya şöhrətli alim Nəsrəddin Tusinin hansı millətdən olması müzakirə predmetinə çevrilib. Buna səbəb isə The Vintage News-da yayımlanan “Təkamül nəzəriyyəsini Darvindən 600 il əvvəl ortaya atan islam alimi kimdir?” başlıqlı yazı olub. Məqalədə Tusinin “Əxlaqi-Nasiri” adlı əsərində Darvin doğulmamışdan 600 il əvvəl təkamül nəzəriyyəsinin sadə bir nümunəsini irəli sürdüyü qeyd olunub və onun islam dünyasının ən böyük alimlərindən olduğu nəzərə çatdırılıb. Müzakirə mövzusuna çevrilən və narazılıqla qarşılanan məqam isə Nəsrəddin Tusinin fars alimi kimi təqdim olunmasıdır. Məsələni tarixçi alimlərlə müzakirə edib Tusinin hansı millətdən olduğunu araşdırmağa çalışdıq. Müsahiblərimiz bildirdilər ki, bu cür tanınmış şəxslərin milli kimliyi barədə hər zaman danışılır və müxtəlif xalqlar onlara sahiblənməyə çalışırlar.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli“Kaspi”yə açıqlamasında dedi ki, Nəsrəddin Tusi türkdür və bunu tarixi mənbələr sübut edir. Əsas fakt isə onun babalarının Ordubadda yaşamasıdır: “İskəndər bəy Münşi “Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi)” mənbəsində Hatəm bəy Ordubadini Tusi nəslinin nümayəndəsi, nəvə-nəticələrindən biri kimi təqdim edir. Orada yazılır ki, Hatəm bəy XIII əsrin görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin nəslindəndir və ordubadlı Məlik Bəhramın oğludur: “O, yüksək səviyyəli və gözəl bir əsli-nəsəbə malikdir, öz ali şəcərəsi cəhətdən sanki fəzilət ümmanının bir incisidir. O, bəşəriyyətin ustadı Nəsir əl-millət vəd-din Tusinin – Allah onun ruhuna can versin – nəslindəndir”. Onun ata-babaları nəsilliklə Ordubadın kələntərləri olublar. Hatəm bəy Ordubadi də əvvəlcə Ordubadın kələntəri olub, daha sonra isə şəxsi bacarığına görə I Şah Abbasın hakimiyyətinin əvvəllərində saraya dəvət edilib. Məsələ ondadır ki, insanlar daim eyni məkanda yaşamırlar, bir yerdən başqa yerə köçürlər. Köçməyə gəzməklə və digər səbəblərlə yanaşı, təhsil almaq istəyi də səbəb olurdu. Bilirsiniz ki, “Şərq aləmi” deyilən bir anlayış var. Şərqin əsas təhsil mərkəzləri iri şəhərlərdə yerləşirdi. Ona görə də təhsil almaq istəyənlər həmin şəhərlərə üz tuturdular. Məsələn, Ərdəbildə doğulan Şeyx Səfiəddin Şiraza gedir ki, orada təhsil alsın. Nəinki orada yaşamaq, hətta Şirazda doğulmuş olsaydı belə, bu, onun türk olmadığı anlamına gəlmir. Tusinin babaları da eynən bu cür yerdəyişmə ediblər”.
D.Əzimlinin fikrincə, Nəsrəddinin Tusa köçməsi, orada boya-başa çatması, təhsil alması onun fars olduğunu göstərən fakt deyil. Çünki onun nəslinin nümayəndələri indi də Ordubadda yaşayır: “Doğrudur, onun Həmədanda doğulması barədə də fikirlər var. Ümumiyyətlə, bu tip şəxsiyyətlər haqda müxtəlif fikirlər deyilir. Məsələn, Nəsimi ilə bağlı müxtəlif iddialar var. Amma onun Şamaxıda doğulması faktdır. Bu mənada, Tusinin də babalarının əslən Ordubaddan olması tarixi mənbələrdə əksini tapıb. Bəlkə də, o, Həmədanda doğulub, sonradan Tus şəhərinə köçüb. Bizi maraqlandıran əsas məsələ odur ki, o, bir azərbaycanlı, bir türkdür. Əsas odur ki, dünyaya belə bir tarixi şəxsiyyət vermişik. Bu məsələnin ortaya çıxmasında AMEA Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudlunun böyük əməyi var. Onun rəhbərliyi altında “Dünyanı bəzəyən Abbasın tarixi” adlı mənbə nəşr olundu. Bu, çox böyük mənbədir. Dünya tarixində mühüm mənbələrdən sayılır. Demək olar ki, Azərbaycan tarixşünaslığı bu mənbə ilə başlanır və o, hazırda əlimizdədir. Buna əsasən də, Tusinin azərbaycanlı olduğunu deyə bilərik”.
Tarix elmləri doktoru, professor Şahin Fazil qeyd etdi ki, bu cür insanların konkret məkanı olmur, onlar bütün dünyanın insanlarıdır və bu sıraya haqqında danışdığımız Nəsrəddin Tusi də daxildir: “Bildiyiniz kimi, tarixi Azərbaycan ərazilərinə bir çox hücumlar olub. Gah monqollar, gah səlcuqlar, gah da elə osmanlı türkləri, rumilər ölkəmizi işğal ediblər. Demək olar ki, çox yerdə belə olub. Ona görə də bu gün haradasa təmiz bir xalq olduğu şübhə yaradır. Hamı bir-birinə qaynayıb-qarışıb. Amma elə dahilər var ki, onlara azərbaycanlı deyə bilirik. Məsələn, Nizami farsca yazsa da, o, Azərbaycanın böyük mütəfəkkiridir. Sırf təxəllüsə görə mühakimə yürütmək olmaz. Məsələn, Cəlaləddin Ruminin təxəllüsü türklərə bağlı olsa da, o, fars şairidir. Bu söz Tusiyə də aiddir və ona “Tusi” olduğuna görə fars demək olmaz. Mən özüm dəfələrlə Tusda olmuşam. Bizdəki kimi, orada da Tusi ilə bağlı müəyyən məkanlar, eksponatlar var. Bilirsiniz ki, o, Marağada rəsədxana tikdirmişdi. Həmin rəsədxananın müəyyən hissələri həm Tehranda, həm də Tusda saxlanılır”.
Həmsöhbətimiz Tusinin Azərbaycanla bağlılığı olmadığını deməyi mümkünsüz hesab edir. Azərbaycan tarixçisi İskəndər Münşi Hatəm bəy Ordubadinin Nəsrəddin Tusinin nəslindən olduğunu qeyd edibsə, deməli, Nəsrəddin türk alimidir: “Münşi azərbaycanlı olmağına baxmayaraq, farsca yazıb və həmin əsəri dilimizə mən özüm tərcümə etmişəm. Orada qeyd olunub ki, Şah Abbas Ordubada gələndə özü ilə baş vəziri olan Hatəm bəy Ordubadini də götürür. Onun azərbaycanlı olması isə şübhəsizdir. Başqa bir fakt mərhum alimimiz Seyidağa Onullahi ilə bağlıdır. O, tarix elmləri doktoru, professor idi və Cənubi Azərbaycan milli-azadlıq hərəkatında iştirak etmişdi. Azərbaycana gəldikdən sonra araşdırmalar apararaq öz şəcərəsini – nəsil ağacını tərtib etdi. O, əsil-kökünü 13-cü əsrə qədər çatdırdı və ulu babasının Nəsrəddin Tusi olduğunu sübut etdi. Onullahi Azərbaycan Astarasından idi”.
Ş.Fazil onu da qeyd etdi ki, farsca yazmaq o dövrün ənənəsi idi. Şairlər də, tarixçilər də əsərlərini farsca və ya ərəbcə yazırdılar. Bu səbəbdən, Nizami haqda deyilən sözlər Tusiyə də aiddir və onun farsca yazması fars olması anlamına gəlmir: “Mən bir tarixçi kimi düşünürəm ki, Hatəm bəy Ordubadinin və Seyidağa Onullahinin Tusi nəslindən olması Nəsrəddinin türklüyünü göstərən əsas faktlardır. Təbii ki, hər kəs bu cür insanları öz adlarına çıxmağa, öz ölkələrinə mənsub etməyə çalışır. Ermənilər, mənfur düşmənlərimiz də bu cür hərəkətlər edirlər. Şairlərimizi, şeirlərimizi, musiqilərimizi, ənənələrimizi özlərininkiləşdirirlər. Guya ki, dolma onlarındır. Bunu ortaq xörək kimi qəbul etmək olar, amma adından da görünür ki, bu, türk sözüdür. Və yaxud da “Sarı gəlin” mahnısı. Onlarda sarı gəlin sözümü var? Mahnını bizim dildə oxuyub deyirlər ki, guya bu, erməni mahnısıdır. Bu cür faktlar çoxdur. Əlbəttə ki, Tusi dünyanın ən böyük dahilərindən biridir. Müəyyən faktlar məni onun azərbaycanlı olduğunu deməyə vadar edir. Tarix əvvəl-axır sübut edəcək ki, kim kimdir. Azərbaycanda Tusi adına küçə var. Mən istərdim ki, onun heykəli də qoyulsun. Pedaqoji universitet də Tusi adına idi. Bu ad boşuna qoyulmamışdı. Deməli, əllərində əsas olub ki, universiteti belə adlandırıblar. Yenə də deyirəm, bütün hallarda, dünyanın böyük alimi kimi onunla fəxr edirəm və azərbaycanlı olduğuna əminəm”.
BDU-nun dosenti Atamoğlan Məmmədli də Nizami kimi Tusinin də dəfələrlə fars alimi kimi təqdim olunmasına təəssüflənir. Hesab edir ki, bunun əsas səbəbi əsərlərini farsca yazmalarıdır: “Həqiqətdir ki, Nəsrəddin Tusi türk ədibi, yazarı, alimi olub və müxtəlif sahələri yüksək səviyyədə bilib. Milli mənsubiyyətinə gəlincə, xarici mətbuatda fars kimi qeyd olunmasına reaksiya vermək lazımdır, ancaq belə halları bir qədər də təbii qarşılamalıyıq. Ən çox da avropalılar farsca yazanı fars kimi təqdim edirlər. Onların baxış bucağı budur. Bu, o demək deyil ki, Tusi türk alimi deyil. O, elm aləmində türk alimi kimi tanınır. Təhriflər adətən iki səbəbdən olur. Ya qərəzli şəkildə, bilərəkdən fars kimi yazılır, ya da dediyim kimi, yaradıcılıq dili əsas götürülür. Belə faktları səbirlə qarşılamaqla mübarizə aparmaq lazımdır. Məlumdur ki, o zaman türk dövlətlərinin çoxunda fars dilindən istifadə olunub. Səlcuqlar da, osmanlılar da farsca yazırdılar. Elə Səfəvilər dövlətində də fars dilindən istifadə olunub”.
A.Məmmədli xatırlatdı ki, səfəvilərdə sarayda türkcə danışılsa da, inzibati aparat, yəni idarəetmə dilində farscadan istifadə olunub: “Marağada, həmin rəsədxana olmuşam. Hazırda baxımsız haldadır, abadlıq işləri aparılmır. Tusi orada cənubi azərbaycanlıların cəm halda yaşadığı bölgədə fəaliyyət göstərib. Tehran o zaman elə də məşhur deyildi, Rey şəhəri yanında kiçik bir qəsəbə hesab olunurdu. Tusi orada, Tusda və digər yerlərdə – yəni mədrəsələr olan yerlərdə fəaliyyət qururdu, həmin təhsil ocaqlarında dərs verirdi. Yəni sadaladıqlarımın hamısı türk arealı idi və orada azərbaycanlılar yaşayırdı. Onun adı hazırda İranda da əbədiləşdirilir”.
Fəlsəfə doktoru Aytək Məmmədova da alimin milli mənşəyi, mənsubiyyəti ilə əlaqədar məsələnin hər zaman aktual olduğunu diqqətə çatdırdı və onun türklərə rəğbətini türk əsilli olmasının təsdiqi kimi qiymətləndirdi: “1258-ci ildə monqollar Bağdadı işğal edərkən İbn əl-Füvəti əsir düşüb, 1261-ci (659) ilin əvvəllərindən Nəsrəddin Tusinin yanında yaşayıb. İbn əl-Füvəti yazıb ki, Nəsrəddin Tusi Marağaya gələndə oradakı zadəgan ailəsindən olan Fəxrəddin Loğman Məhəmməd oğlu Maraği ilə görüşüb ona belə bir tapşırıq verib – İrbil, Mosul və Əlcəzirəyə getsin, son 40 il ərzində Marağa və Təbrizi tərk etmiş ailələri vətənə qayıtmağa razı salsın. Fəxrəddin Maraği 500-ə qədər ailəni geri qaytara bilib. Bu, Azərbaycan alimi Nəsrəddin Tusinin öz həmvətənlərinə dərin məhəbbət hissini ifadə edir. Türkiyənin görkəmli mütəfəkkiri Hilmi Ziya Ülkən (1901-1974) ismaili məzhəbinin XIII əsrdə ən parlaq bir dövrü olduğunu xatırladarkən Xorasanda bu məzhəbə mənsub alimlərin toplandığını qeyd edir. Bildirir ki, ismaili məzhəbinin ən məşhur simalarından biri o sırada Kuhistan valisi olan Nasirəddin Əbülfəth ibn Mənsur özü ədəbiyyatçı olduğu kimi ətrafına da zamanın tanınmış təsəvvüf, fəlsəfə və riyaziyyatçı alimlərini toplayırdı. Xoca Nəsir Tusi prinsip baxımından ismailliliklə eyni əsildən olan imami məzhəbindən olduğu üçün Nasirəddinin məclisinə qatılmaqda gecikmədi və orada çox yaxşı qarşılandı. Qeyd edim ki, o dövrdə hamı müsəlman kimi qeyd olunurdu, ona görə də alimin milləti haqda konkret və qəti danışmaq bir az çətinlik yaradır. Amma ümumi gedişata baxdıqda onun türk olduğunu demək olur”.