Hər zaman olduğu kimi Azərbaycan müxalifəti aprelin 11-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak məsələsində də vahid mövqe ortaya qoya bilmədi. Artıq bir qism müxalifət partiyaları seçkilərdə iştirakdan imtina edərək boykot yolunu seçdi. İştirak etmək istəyən qismi də bir arayagələ bilmədi. Və müxalifət bu dəfə də seçkilərə dağınıq formada getmək zorunda qaldı.
Yaranmış durum Azərbaycan cəmiyyətindəki müxalifət elektoratını çaşqın vəziyyətə saldı. Azərbaycan müxalifətinin seçdiyi bu uğursuz taktika və yaranmış durumdan çıxmaq yolları ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətləşdik.
Müxalifətin bir araya gəlməsi mümkün deyil, seçkiyə dağınıq gedəcək
Növbədənkənar prezident seçkilərində Azərbaycan müxalifətinin bir araya gəlməsi qeyri-mümkündür. Bunu Gununsesi.info-ya açıqlamsında ADP sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, AXCP və Milli Şura artıq seçkidən imtina və boykot taktikasını bəyan edib: “Müxalifətin digər bir qismi fevralın 6-da bir araya gəlib vəziyyəti dəyərləndirib, ümumi bir mövqe qoyub, seçkidə birgə iştirakı müzakirə etsə də, müzakirələr uğrusuzluqla nəticələndi. Müxalifətin növbəti dəfə seçkilərdə birgə iştirakı alınmadı. Necə deyərlər, müxalifət bu seçkiyə də pərakəndə və dağınıq formada gedəcək. Artıq bundan sonra müxalifətin bir araya gəlməsi inandırıcı deyil”.
Müxalifətin bir araya gələ bilməməsinin səbəbi isə nailiyyətsizlik sindromudur
S.Cəlaloğlu müxalifətin bir araya gələ bilməməsinin və apardığı mübarizənin nəticəsiz olduğunu nailiyyətsizlik sindromu ilə izah edib: “Elmdə nailiyyətsizlik sindromu deyilən bir anlayış var. Əgər uzun müddət fəaliyyət göstərən şəxs, siyasi qrup, birlik nailiyyət əldə edə bilmirsə, o zaman sonrakı fəaliyyət onun özünə qarşı çevrilməyə başlayır. Necə ki, təyyarə havaya qalxanda hündürlüyü düzgün seçə bilməyəndə yerə düşməli olursa, siyasi qrup və insan uzun müddət fəaliyyət göstərib nəticə əldə edə bilməyəndə, bu fəaliyyət yekunda onun özünə qarşı dönməyə başlayır. Baxın, bu gün iqtidar qalıb bir kənarda Azərbaycan müxalifəti bir-biri ilə didişir, mübarizə aparır. Qarşılıqlı ittihamlarla çıxış edir. Bunun səbəbi də nailiyyətsizlik sindromudur”.
Müxalifət liderləri özlərində kişilik tapıb, nəfslərinə hakim kəsilərək uğursuzluq sindromundan xilas olmalıdırlar
ADP liderinin fikrincə, bu sindromdan xilas olmaq üçün ya situasiya dəyişməlidir və yaxud da hər bir siyasi lider özündə kişilik tapıb, bu baryeri aşmağı bacarmalıdır: “Mən belə bir vəziyyətdə həkim psixoloq kimi deyə bilərəm ki, əgər insan hədəfinə nail ola bilmirsə, o zaman üzləşdiyi uğursuzluğun səbəblərini dəyərləndirib gücü çata biləcəyi hədəflərin yollarını müəyyənləşdirməlidir. Yəni müxalifət prezident seçkisində uğur əldə etməyi bacarmırsa, o zaman parlament seçkilərində iştirak və ya digər proseslərdə iştirakı hədəfləməlidir. Elə bir siyasət yürütmək olar ki, hakimiyyətlə kəskin konfrantasiyaya getmədən normal müxalifət kimi də fəaliyyət göstərilə bilər”.
Müxalifət liderləri özlərini islah etməlidirlər…
S.Cəlaloğlu əlavə edib ki, yaranmış vəziyyətdə hakimiyyətin də günahı var: “Hakimiyyət özünə rəqib saydığı qüvvələrin fəaliyyətinə imkan vermir və onları sıxır. Lakin buna şərait yaradan da bizik. Müxalifət gücü çatmayan iddialarla çıxış etməklə hakimiyyətin əlinə bəhanə verir. O baxımdan yenidən vəziyyəti dəyərləndirib gələcək addımlarımızı müyyənləşdirməliyik. Yəni nəfsimizə hakim olmağı bacarmalıyıq. Biz ancaq öz nəfsimizə hakim olmaqla nəyəsə nail ola bilərik. Odur ki, ən ciddi problem budur və biz nəfsimizi islah etmək yolunda düşünməli, bundan xilas olmalıyıq. Bunun isə bir neçə yolu var. Bunun biri də gücümüz çatan hədəflər müəyyən etməkdir. Yəni gücünə uyğun hədəflər müəyyən etmək lazımdır”.
Çıxış yolu birlikdir
ADP sədri hesab edir ki, vəziyyətdən ikinci çıxış yolu birlikdə fəaliyyət göstərməkdir: “İkincisi, təklikdə məqsədlərə nail oluna bilinmirsə və hakimiyyətə gəlmək mümkün deyilsə, o zaman birlik yolu seçilməlidir. Bu gün Azərbaycanda heç bir siyasi müxalifət təkbaşına hakimiyyət uğrunda mübarizə aparmaq gücünə qadir deyil. Lakin bir araya gəlmir”.
Təkbaşına hakimiyyətə gələ bilmir, bir araya gəlməyə də mane olurlar
“Müxalifətin bir araya gələ bilməməsi isə anormalıqdır. Hakimiyyətə gəlməyə gücün çatmır, bir araya da gəlmirsən. Hələ bir mane də olursan. Bir araya gələndə eyni hədəfi vurmurlar, başlayırlar ziddiyyətə… Bu da nəticədə qeyri-müəyyənlik yaradır”- deyə, S.Cəlaloğlu vurğulayıb.
Elçibəydən sonra müxalifət bir araya gəlməyi bacarmır…
“Təəssüflər olsun ki, Azərbaycan müxalifətinin Elçibəydən sonra yaratdığı bütün birliklərin hamısı cəmiyyətdə qeyri-müəyyənliyə xidmət edib. Heç bir müxalifət birliyinin hədəfi və məqsədi bəlli olmayıb. Nəyə görə bir araya gəlindiyi bilinməyib. Bu birliklər bir tapmacaya dönüb”- deyə, ADP sədri qeyd edib.
O əlavə edib ki, Elçibəydən sonra müxalifət liderlərinin bir araya gəlməsi ancaq və ancaq müxalifət daxilindəki ziddiyyətlərin daha da kəskinləşməsinə və zəifləməsinə xidmət edib: “Siyasi liderlər arasında əskiklik, fərqlilik, müxtəliflik ola bilər və bu, başqa bir məsələdir, amma ziddiyət tamamilə fərqli bir şeydir. Bu səbəbdən də müxalifət qeyri-müəyyən vəziyyətə düşür”.
Müxalifət liderlərinin psixoloji problemləri var…
S.Cəlaloğlunun sözlərinə görə, mövcud vəziyyət dəyişməlidir: “Bunu biz müxalifət liderləri həll etməliyik. Buna nə iqtidar, nə Rusiya, nə İran mane olur. Sadəcə olaraq müxalifətdəki bəzi liderlər bir kompleksə giriblər və bundan xilas olmalıdırlar. Çünki bu liderlərdən bəziləri özlərini xəyali olaraq qəhrəman, bəziləri yeganə ideal müxalifət, bəziləri ideal demokrat, bəziləri özlərini dünyanın ən güclü adamı hesab edir. Yəni belə bir kompleksə düşən lidelərimiz var ki, onlar müxalifətin bir araya gəlməsinə imkan vermir”.
O bildirib ki, hər kəs özünə yenidən baxmalıdır: “Mən kiməm, nəyə qadirəm. Özünü radikal hesab edən adam keçmişinə baxmalıdır ki, hansı yollardan keçərək bu günə gəlmişik və bu vəziyyətə düşmüşük. Bax, real vəziyyət bundan ibarətdir”.
S.Cəlaloğlunun fikrincə, Azərbaycan müxalifət liderlərinin psixoloji durumundakı bu problem müxalifətin və cəmiyyətin bir araya gəlməsinə imkan vermir: “Cəmiyyət də aktiv olmadığından müxalifət liderləri xalqın, cəmiyyətin, dövlətin ziddinə qərarlar verirlər. Düşdüyümüz vəziyyət bundan ibarətdir”.
Özümüz istəməyənədək Allah da bizə kömək edə bilməz…
Yaranmış duruma gəldikdə isə S.Cəlaloğlu deyib ki, Allah da özünü dəyişmək istəməyən insana yardım etmir: “Biz özümüzü dəyişmək istəməyənədək Allah da bizə kömək etməyəcək. İnsan gərək özünün real gücünü dəyərləndirməyi və nəyə qadir olduğunu bilməlidir. Özünə tənqidi, obyektiv yanaşmağı bacarmalıdır. Ondan sonra hədəflərini müəyyən etməlidir. Lakin bizim lidelərdə belə hal yoxdur. Ancaq başqasını tənqid edirlər. Buna nə var ki, bunu nənəm də bacarar”.
Mürtəza
Gununsesi.info