Müşahidəçilərin sayının artırılması münaqişə bölgəsində gərginliyi aradan qaldıra bilmyəcək

0
508

 

Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqların dalana dirəndiyi bir vaxtda Ermənistan münaqişə bölgəsində atəşkəsin pozulması nəticəsində verdiyi itkilərdən özünü sığortalamaq üçün yollar axtarmaqdadır. Bu baxımdan Ermənistanda münaqişə bölgəsində atəşkəsin pozulmasını qeydə alan müasir izləmə mexanizmlərinin quraşdırılması, həmçinin ATƏT müşahidəçilərinin sayının artırılması ilə işğal edilmiş Azərbaycan ərazilərində özlərini rahat hiss edəcəklərinə ümidlər bəsləyirlər. Bu müstəvidə də əksər erməni politoloqlar may ayının 15-də Azərbaycan tərəfindən Ermənistana məxsus “Osa” zenit-raket kompleksinin məhv edilməsindən sonra ATƏT MQ həmsədrləri tərəfindən verilən bəyanatda atəşkəsin pozulmasına görə Azərbaycanın “günahlandırılmasını” az qala böyük uğur hesab edirlər. Ona görə də əksər erməni politoloqlarının fikrincə, cəbhədə atəşkəsin pozulmasının “günahkarı”nın Azərbaycan olması səbəbindən bunu qeydə alan texniki vasitələr Bakını bu məsələdə “ittiham ” etməyə, hətta ona qarşı sanksiyaların gündəmə gətirilməsinə imkan verəcək. Buna paralel olaraq Ermənistanın ali dairələrində belə hesab edirlər ki, münaqişə bölgəsinin monitorinqini aparan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşikin başçılıq etdiyi müşahidəçilərin sayının artırılması qoşunların təmas xəttində Azərbaycanın əl-qolunu bağlayaraq işğal altındakı ərazilərimizin ilhaqına zəmin hazırlayacaq. Münaqişənin həllində ermənipərəst mövqedən çıxış edən ATƏT Minsk Qrupu həmsədrləri də son bir ildə dəfələrlə münaqişə bölgəsində ATƏT müşahidəçilərinin sayının artırılmasını dönə-önə gündəmə gətirməkdə idilər. Belə bir fikir vurğulanırdı ki, prezidentlərin Sankt-Peterburq görüşündə əldə edilən razılığa əsasən Azərbaycan münaqişə bölgəsində atəşkəsin pozulmasını qeydə alan texniki vasitələrin quraşdırılmasına və ATƏT müşahidəçilərinin sayının artırılmasına razılıq verməlidir. Aydın məsələdir ki, belə bir variantın reallaşması münaqişə bölgəsində Ermənistanın maraqlarına cavab verərək işğal edilmiş ərazilərimizin itirilməsi ilə barışmağa məcbur olmaq anlamına gəlir. Ona görə də Azərbaycan buna razılıq vermirdi. Bununla belə Bakı qarşı tərəfin bəzi bəhanələrini aradan qaldırmaq və sülhsevərliyini nümayiş etdirmək üçün həmsədrlərin regiona səfəri ərəfəsində münaqişə bölgəsindəki ATƏT müşahidəçilərinin sayının artırılmasına razılıq verib. Bakının bu addımının Ermənistanda sevinclə qarşılanmasına baxmayaraq əksər hərbi ekspertlər bunun cəbhə xəttində gərginliyin aradan qaldırılmasında hər hansı rol oynaya bilməyəcəyi qənaətindədirlər. Hərbi ekspertlərin fikrincə münaqişə bölgəsində monitorinq aparan ATƏT müşahidəçilərinin sayının artırılmasının bölgədə atəşkəsin pozulmasının qarşısını almağa imkan verəcəyi iddiaları illüziyadan başqa bir şey deyil. Məsələ ilə bağlı “Yeniavaz.com”-a açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov münaqişə bölgəsində monitorinq aparan ATƏT müşahidəçilərinin sayını artırılmasının atəşkəsin pozumasının qarşısını ala bilməyəcəyini söylədi: “Münaqişə bölgəsində atəşkəsin pozulmasının kimlər tərəfindən həyata keçirilməsini müəyyən etmək heç vaxt mümkün deyil. Cəbhənin bu və ya digər hissəsində atəşkəs müntəzəm olaraq pozulur və pozulmaqda davam edəcək. ATƏT müşahidəçilərinin sayı dəfələrlə artırılsa belə atəşkəsin kim tərəfindən pozulmasını müəyyən etmək qeyri-mümkündür. Əslində bütün bunlar bölgədə mövcud status-kvonun qorunub saxlanılmasına xidmət edən bəhanələrdir”.

Hərbi ekspert belə hesab edir ki, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsinə və qarşı tərəfin məlum güclər tərəfindən müdafiə edilməsinə baxmayaraq işğal altında olan ərazilər azad edilməyinə qədər bölgədə müharibə təhlükəsi qalmaqda davam edəcək: “Ona görə də ermənilərin münaqişə bölgəsindəki müşahidəçilərin sayının artırılması və atəşkəsin pozulmasını qeydə alan texniki vasitələrin quraşdırılması ilə özlərini sığortalamalarına ümid etmələri boş illüziyalaran, özləri-özlərini aldatmaqdan başqa bir şey deyil”.

Əziz Mustafa

BIR CAVAB BURAXIN