“Münaqişə həll edilməyənə qədər bölgədə müharibə təhlükəsi qalmaqda davam edəcək”

0
461

Son dövrlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında Ermənistan rəhbərliyi tərəfindən qeyri-konstruktiv təklifləri irəli sürülməsi,  o cümlədən danışıqların formatını dəyişdirmə cəhdləri davam etməkdədir.  ATƏT Minsk Qrupu həmsədrlərinin bununla əlaqədar danışıqların formatının dəyişilməz olduğunu və münaqişənin Madrid priinsipləri əsasənda həllnin vacibliyini bildirməsinə baxmayaraq Paşinyan yenə də qondarma rejimin nümayəndələrinin guya 3-cü tərəf kimi hələ o vaxt beynəlxalq təşkilatlar tərəfindən guya qəbl edildiyini iddia etməkdə davam edir. Bəs Paşinyanın belə bir mövqeyi  bölgəni haraya sürükləyir?  Bizi maraqlandıran bu və digər suallara cavab almaq üçün tanınmış politoloq  Qabil Hüseynliyə müraciət etdik.

– Qabil müəllim, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllini hər vasitə ilə uzatma cəhdləri davam edir. Bu baxımdan Ermənistanın Baş naziri Nikol Paşinyanın danışıqların formatını dəyişdirmə cəhdləri ATƏT Minsk Qrupu tərəfindən qəbul edilmədi. Buna baxmayaraq Paşinyan yenə dəguya sülh danışıqlarında qondarma rejimin 3-cü tərəf kimi guya tanındığını iddia etməkdə davam edir. Doğrudanmı Paşinyan həmsədrlərin məsələ ilə bağlı məlum bəyanatı ilə hesablaşmaq istəmir?

– Ermənistanın danışıqların həllinə mane olmaq üçün daim  müxtəlif bəhanələr gətirdiyi və problemin aradan qaldırılmasına hər vasitə ilə mane olduğu heç kəsə sirr deyil. Ona görə də belə hesab edirəm ki, Paşinyanın danışıqların formatının dəyişdirilməsi ilə bağlı cəhdlərinə ATƏT Minsk Qrupu tərəfindən layiqli cavab verildi. Məsələ ilə bağlı ATƏT Minsk Qrupu həmsədrləri verdikləri bəyanatda birmənalı şəkildə bir daha bəyan etdilər ki, danışıqların formatının dəyişdirilməsi yol verilməzdir və münaqişə Madrid prinsipləri əsasında həll edilməlidir. Eyni zamanda iki ölkə prezidentlərinin görüşü barədə də razılıq əldə edilib. Yəni faktiki olaraq Ermənistan rəhbərliyinin danışıqların formatının dəyişdirmə cəhdləru  iflasa uğrayıb. Lakin əgər bundan sonra da Paşinyan danışıqların formatını dəyişdirmək üçün cəhdlərə baş vurursa, bu onun siyasi naşılığının nəticəsidir. Ümumiyyətlə qondarma rejimin nümayəndələri heç vaxt sülh danışıqlarında tərəf kimi qəbul edilməyib. Bu günə kimi də münaqişənin həlli ilə bağlı danışıqlar Azərbaycanla Ermənistan rəhbərliyi arasında aparılıb. Əgər Paşinyan bunu başa düşmək istəmirsə, bu onun öz günahıdır.

– Nikol Paşinyanın münaqişənin həllinə münasibətdə atdığı addımlar göstərir ki, o, faktiki olaraq “nə sülh, nə müharibə” siyasətinə üstünlük verir. Onun belə bir mövqeyi bölgədə yenidən münaqişənin alovlanmasına gətirib çıxara bilərmi?

– Şübhəsiz ki, Paşinyanın  münaqişənin həllinə münasibətdə həyata keçirməyə cəhd etdiyi “nə sülh, nə də də müharibə” siyasəti Azərbaycanı qane edə bilməz. Çünki Azərbaycan işğala məruz qalan ölkədir və ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Bu müharibə nəticəsində 1 milyona yaxın azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşüb. Müharibə nəticəsində Azərbaycana 350 milyard dollar zərər dəyib. Üstəlik uzun illərdir tərəflər arasında sülh danışıqlarının davam etməsinə baxmayaraq Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe nəticəsində problemin aradan qaldırmaq mümkün olmur. Ona görə də istənilən halda münaqişənin həllində ortaya atılan “nə sülh, nə də müharibə” cəhdləri, problemin olduğu kimi saxlanılması Azərbaycana sərf edə bilməz. Müharibənin həllində “nə sülh, nə də müharibə” siyasəti yalnız Ermənistana və onların havadarlarına, o cümlədən Rusiyaya sərf edə bilər. Ümumiyyətlə Rusiya sözdə münaqişənin həllinə tərəfdar olsa da, faktiki baxımdan əməli fəaliyyətində problemin aradan qaldırılmasını istəmir.  Mən bununla bağlı bir fakta diqqəti cəlb etmək  istəyirəm. Belə ki, aprel müharibəsindən sonra təcili şəkildə Ermənistana səfər edən Rusiyanın Baş naziri Dmitri Medvedevin  dediklərini xatırlatmaq yerinə düşər. Aprel döyüşlərində Azərbaycanın uğurlarından narhat olan Medvedev Ermənistanda açıq –aşkar şəkildə bildirdi ki, münaqişənin olduğu kimi həll edilmədən saxlanılması daha məqsədə uyğundur. O bununla da Rusiyanın münaqişənin həllində maraqlı olmadığını bir daha təsdiq etmiş oldu. Rusiya ilə yaxşı münasibətləri olan Ermənistanı Kremlin forpostuna çevirən eks prezidentlər  Koçaryan və Sarkisyan rejimi də münaqişənin həllində hər vasitə ilə “nə sülh, nə müharibə” siyasətini davam etdirmək yolu tutmuşdular. Paşinyan hakimiyyətə gəldikdən sonra da eyni siyasətin davam etdirilməsi cəhdləri  ara vermir. Yenə də açıq deyək ki, münaqişənin həllinə mane olan, onun aradan qaldırılmasını istəməyən yeganə qüvvə Rusiyadır. MDB məkanındakı Rusiya tərəfindən  ortaya atılan münaqişələrin bu günə kimi beynəlxalq təşkilatlar tərəfindən həll edilməsinə imkan verməyən yenə də Rusiyadır. Rusiya Abxaziyada, Cənubi Osetiyada,  qondarma Dnestryanı respublikada, o cümlədən Dağlıq Qarabağda münaqişənin  dondurlmuş vəziyyətdə saxlanılması üçün bütün imkanlardan istifadə edir. Çünki bu münaqişələrin həll olunmamış vəziyyətdə saxlanılması Rusiyaya bölgə ölkələrini öz təsiri altında saxlamağa, onlara  təzyiq göstərməyə imkan verir. Əlbəttə Rusiyadan fərqli olaraq beynəlxalq aləm MDB məkanındakı “dondurulmuş” münaqişələrin sülh, dinc danışıqlar yolu ilə həllinə tərəfdardırlar. Lakin Rusiyanın sözdə münaqişənin həllinə tərəfdar olduqlarını deməsinə baxmayaraq, problemin aradan qaldırılmasına hər vasitə ilə mane olma cəhdləri davam edir. Qaldı ki, münaqişə həll edilməyənə qədər bölgədə müharibə təhlükəsi qalmaqda davam edəcək.

-Qabil müəllim belə bir fikir vurğulanır ki, Paşinyan tərəfindən gündəmə gətirilən, ancaq uğursuzluğa dükar olan  danışıqların formatını dəyişdirmə planı Rusiyada hazırlanaraq Ermənistan rəhbərliyinə ötürülüb…

– Ermənistan de-fakto müstəqil dövlət olmadığı üçün Rusiyadan gələn istənilən tapşırığı həyata keçirməyə məcburdurlar . Vaxtı ilə Koçaryan və Sarkisyan rejiminin yeritdiyi siyasət Ermənistanən faktiki olaraq müstəqilliyini itirərək Rusiyanın quberniyasına,forpostuna çevrilməsinə gətirib çıxarıb. Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən qərbyönümlü siyasət yeritməyə cəhd etsə də Moskva buna imkan vermədi. Ona görə də hadisələrin gedişi göstərir ki, Ermənistan yenə də Rusiya tərəfindən idarə edilməkdədir.  İnkişaf etmiş ölkələrin böyülk zəkaları, uzaqgörən siyasətçiləri xalqlarını irəliyə, tərəqqiyə doğru apardıqları halda Rusiya bunun əksinə hərəkət edir.  Ona görə də bundan həm bölgə ölkələri xalqları, həm də sadə ruslar əziyyət çəkmədə davam edirlər.

-ABŞ prezidenti Donald Tramp Suriyaya məxsus olan Golan təpələrini İsrailə “hədiyyə” etdi. Trampın belə bir addımı Daölıq Qarabağ münaqişəsinə münasibətddə analoji insidentin əmələ gəlməsinə səbəb ola bilərmi?

-Tramp siyasətçi deyil və onun bu hərəkətləri göstərir ki, bir dövlət rəhbəri kimi beynəlxalq hüquqdan xəbəri yoxdur. Axı Tramp kimdir ki, Suriyaya məxsus  ərazini İsrailə verir. Onun buna hüquq yoxdur və səlahiyyətlərı də çatmır. Beynəlxalq qurumlar, o  cümlədən BMT tərəfindən Golan təpələri Suriyanın ərazisi hesab edilir. İsrail Colan təpələrini 1967-ci ildə işğal edib. Ancaq bu günə kimi heç bir dövlət Colan təpələrini İsrail ərazisi kimi tanımayıb. Beynəlxalq hüquq normaları da Colan təpələrinin Suriyaya məxsus olduğunu təsdiq edeir. 1975-ci ildə Helsinkidə qəbul edilən yekun aktında da ikinci dünya müharibəsindən sonrakı dövlət sərhədlərinin toxunulmazlığı qəbul edilib. Helsinki yekun aktında qəbul edilən dövlətlərin sərhədlərinin tanınmasının əsas təşəbbüskarlarından biri də ABŞ olub. Amma siyasətdən, beynəlxalq hüquqdan xəbəri olmadığını nümayiş etdirən Tramp öz ərazisi kimi Suriya torpağını İsrailə verir. Bu təhlükəli insidentlərə gətirib çıxara bilər. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Azərbyacan işğal altında olan ərazilərini heç kimə güzəştə getmək niyyətində deyil.

-Trampın  Suriyaya məxsus Colan ərazilərini İsrailə verməsini Krımı işğal edən Rusiyanın maraqlarına uyğun hesab etmək olarmı?

-Rusiya hər vasitə ilə Krımı işğal etməsinə haqq qazandırmaq istəyir. Ancaq bütün bunlar beynəlxalq hüquq normalarının, Helsinki yekun aktının kəskin şəkildə pozulması deməkdir. Belə hesab edirəm ki, Tramp hakimiyyətdən gedəndən sonra onun yerinə gələn daha uzaqgörən ölkə rəhbərləri beynəlxalq hüquq normalarının bərpası üçün əllərindən gələni edəcəklər. Çünki istənilən halda beynəlxalq hüquq normalarının pozulması zəncirvari reaksiya verərək bəşəriyyəti dəhşətli fəlakətlərə, dünyanın hər yerində yeni müharibələrə sürükləyə bilər. Tramp və onun kimiləri rəhbərlərdən sonra belə bir təhlükənin aradan qaldırəlacağı şübhə doğurmur…

Əziz Mustafa

Arazinfo.com