Əziz Mustafa
II Dünya müharibəsində faşist Almaniyasının məğlub edilməsində kəşfiyyatçıların böyük xidmətləri olub. Qeyd edək ki, həmin dövrdə sovet kəşfiyyatı özünün ən yüksək inkişaf dövrünü yaşamışdır. Dünyada ilk fəhlə-kəndli hökuməti olan SSRİ-yə müxtəlif ölkələrdə yaşayan ayrı-ayrı adamların rəğbətindən məharətlə istifadə edən sovet kəşfiyyatı yüzlərlə insanı öz xeyrinə casusluğa cəlb etmişdi. Onların arasında yüksək vəzifələr tutan dövlət məmurları, hərbçilər, siyasi xadimlər də az deyildi. Hitler hakimiyyətə gələndən sonra bütün diqqətini faşist Almaniyasının sirlərinin öyrənilməsinə yönəldən SSRİ kəşfiyyatı adıçəkilən ölkəni əsas hədəf seçdi. Ötən əsrin iyirminci illərinin sonlarından başlayaraq, sovet kəşfiyyatı Almaniyaya onlarla casus göndərdi və bu ölkədə çoxlu kəşfiyyat ocaqları yaratdı. Bu qurumlardan çoxu bir-birilərinin fəaliyyətindən xəbərsiz idilər. Lakin sovet kəşfiyyatı Almaniya da daxil olmaqla, Avropada daha geniş casusluq şəbəkəsi qurmaq istəyirdi. Bu məqsədlə Moskva olduqca çevik hərəkət edən və özünü bütün təhlükələrdən, necə deyərlər, sığortalamağı bacaran mahir bir kəşfiyyatçını – Leopold Trepperi Almaniyaya göndərməyi qərara aldı.
Leopold Trepper 1904-cü il fevralın 23-də Rusiyanın Novıy-Taq şəhərində anadan olmuşdu. Uşaqkən o, inqilabçılara qoşularaq qeyri-adi bacarığı ilə diqqəti cəlb etmişdi. Məhz bu xüsusiyyətlərinə görə də onu kəşfiyyat sıralarına qəbul etdilər (Qeyd edək ki, sonralar o, müəyyən səbəblərə görə, Polşa vətəndaşlığını qəbul etmişdi). Sovet hakimiyyətinin ilk illərində müxtəlif kəşfiyyat tapşırıqlarını yerinə yetirən Trepper 33 yaşında artıq DTK polkovniki idi. Trepperin fəaliyyətinin zirvəsi isə onun faşist Almaniyasına qarşı həyata keçirdiyi ağlasığmaz casusluq əməliyyatlarıdır. 1938-1945-ci illərdə o, nəinki Almaniyanı, həm də bütün Avropanı heyrətə salan kəşfiyyat əməliyyatları həyata keçirmişdi. Onun qurduğu kəşfiyyat şəbəkəsi -”Qızıl xor” qrupu müharibə dövründə SSRİ-yə lazım olan çoxlu sirləri ötürə bilmişdir və bununla da o, faşizm üzərində qələbəyə əvəzsiz töhfə vermişdir.
Ticarət kəşfiyyata xidmət edirdi
Bu gün də fəaliyyəti tədqiq edilən məşhur “Qızıl xor” qrupu haqqında istər SSRİ, istərsə onun varisi olan Rusiyada, eyni zamanda Qərb ölkələrində onlarla kitab yazılıb. Buna baxmayaraq, qrupun fəaliyyəti haqqında qələmə alınan hər hansı yazı indinin özündə də oxucuların diqqətini cəlb edir. Həqiqətən də, II Dünya müharibəsi ərəfəsində və müharibə dövründə “Qızıl xor”un üzvləri faşist Almaniyasının paytaxtı Berlində, Parisdə və Brüsseldə mühüm əhəmiyyətə malik kəşfiyyat işləri aparırdılar. Qeyd etdiyimiz kimi, bu kəşfiyyat qrupuna Leopold Trepper başçılıq edirdi. “Ələkeçməz” ləqəbli kəşfiyyatçı Trepper Berlinə 1938- ci ilin avqust ayında göndərilmişdi. O, Kanada vətəndaşı Adam Mikler adı altında bütün Almaniyanı əhatə edən gizli şəbəkə yaratmalı idi. Adam Mikler qısa müddətdə nəinki Almaniyanı, həm də bütün Avropanı hörümçək toru kimi əhatə edən və vahid mərkəzdən idarə olunan casusluq şəbəkəsi yaratdı. Trepper özünə rezident mərkəzi kimi Belçikanın paytaxtı Brüsseli seçmişdi. Bunun da bir səbəbi vardı. Belə ki, ovaxtkı Belçika qanunlarına görə, buradan digər ölkələrə qarşı casusluq fəaliyyəti ilə məşğul olanlar cinayət məsuliyyətinə cəlb edilmirdilər. Trepper (Adam Mikler) də casusluq şəbəkəsi yaradarkən bu amildən istifadə etdi. Almaniyaya və digər ölkələrə qarşı casusluq fəaliyyətini pərdələmək məqsədi ilə Trepper Leo Qrosfogelin firması ilə sıx ticari əlaqələr qurur. Qrosfogellə Trepper hələ Fələstində işləyərkən tanış olmuşdular. Qrosfogel Moskvanın tapşırığı ilə Trepper tərəfindən SSRİ-nin xeyrinə casusluq fəaliyyətinə cəlb edilmişdi. Əvvəlcə, onlar ayrı-ayrılıqda fəaliyyət göstərirdilər. Sonra isə öz fəaliyyətlərini Avropa ölkələrinə keçirməyi qərara aldılar və bu məqsədlə “Forin eksellent reynkout kompani” şirkətini qurdular. Onlar, əvvəlcə, bu şirkətin filiallarını Skandinaviya ölkələrində, sonra isə Belçikada və Fransada açdılar. Əslində bu filiallar daha çox kəşfiyyat mərkəzləri idilər və orada çalışanların böyük əksəriyyəti SSRİ kəşfiyyat orqanlarında xüsusi təlim keçmişdilər. Bu şəxslərin hamısı Almaniyanın, Fransanın və İtaliyanın ali dairələri ilə sıx əlaqələr yarada bilmişdi və vaxtaşırı Moskvaya xüsusi əhəmiyyətli məlumatlar ötürürdülər.
Bu arada isə beynəlxalq aləmdə hadisələr gözlənilməz bir məcrada davam edirdi. 1939-cu ilin avqust ayında SSRİ ilə Almaniya arasında bir-birilərinə hücum etməmək barədə anlaşma imzalandı. Anlaşmaya əsasən, Moskva Berlinə Polşada, Berlin isə Moskvaya Baltikyanı respublikalarda mane olmamalı idilər. Bu isə faktiki olaraq Polşa və Baltikyanı Respublikaların Almaniya və SSRİ arasında bölüşdürülməsi demək idi. Anlaşmanın imzalanmasından az sonra, sentyabr ayının 1-də Almaniya qoşunları Polşaya daxil oldular. Polşa ilə hərbi yardım barədə anlaşması olan Fransa və Böyük Britaniya isə buna cavab olaraq, Almaniyaya müharibə elan etdilər. Beləliklə, 1939-cu il sentyabr ayının 1-də II Dünya müharibəsi başladı. Yaranmış yeni şəraitdə Moskva Trepperdən tələb etdi ki, casusluq fəaliyyətlərinin ağırlıq mərkəzini Böyük Britaniyaya keçirsinlər. 1940-cı ildə Almaniya sürətli hücuma keçərək, Belçikanı ələ keçirdi. Almaniya tanklarını bu uğurlu hərbi əməliyyatda iki nəfər Bolqarıstan diplomatı, həmçinin Trepperlə Qrosfogelin də əyləşdiyi limuzin müşayiət edirdi. Hər iki casus tankların hücum əməliyyatları və planları barədə məlumat toplayaraq Moskvaya ötürürlər. Trepperin qazandığı uğurlar və Mərkəzə göndərdiyi kəşfiyyat məlumatları o qədər əhəmiyyətli və çox idi ki, Moskvada onları analiz edib, çatdıra bilmirdilər. Ona görə də SSRİ Kəşfiyyat İdarəsi (Dövlər Təhlükəsizlik Komitəsi həmin illərdə belə adlanırdı-red.) məlumatların Trepperin qərargahında saf-çürük edilərək Moskvaya göndərilməsini vacib bildi. Bu məqsədlə onun yanına iki kəşfiyyatçı uruqvaylı tələbə Vinsente Alamo (kapitan Viktor Sukalov) və Karlos Alamo (Mixail Makarov, daxili işlər naziri Molotovun qohumu) göndərildilər. Eyni zamanda Trepperin rütbəsi artırılır və ona general-leytenant rütbəsi verilir. Buna paralel olaraq, Trepper SSRİ-nin Qərbi Avropadakı kəşfiyyatının rezidenti təyin edilir. Yeni vəzifədə daha çevik işləmək üçünsə Belçikada əyləşmək uyğun gəlmirdi. Ona görə də Trepper rezident qərargahını Parisə köçürür. Belçikada isə öz yerinə – rezident vəzifəsini həyata keçirməyi köməkçisi Kentə həvalə edir. Leo Qrosfogel də Trepperlə bərabər Parisə gəlir. Çünki almanlar Belçikanı işğal edərkən onun bütün əmlakını və ticarət obyektlərini əlindən almışdılar. Parisdə Trepperin tapşırıqları əsasında yerli fransızlardan ibarət xüsusi kəşfiyyat qrupu təşkil edən Qrosfogel, demək olar ki, Fransanın yüksək vəzifələrdə işləyən əksər dövlət xadimlərini ələ ala bilir. O, həmin adamların vasitəsilə Fransa və Almaniyaya aid gizli sirləri ələ keçirərək, Moskvaya göndərir. Parisdə Trepper “Simeks” adlı yeni bir şirkət qurur.
Onun yeni şirkəti Yelisey sarayı ətrafında, “Todt” hərbi inşaat təşkilatının yaxınlığında yerləşir. Bu təşkilatın yanında isə “Lido” adlı kafe açır. Yeri gəlmişkən xatırladaq ki, Almaniya 1940-cı ilin ortalarında Fransanı işğal etmişdi. “Todt” hərbi inşaat təşkilatı isə Hitlerin tapşırığına əsasən, La-Manş boğazı ətrafında uzaqmənzilli topçu briqadalarının yerləşdirilməsi üçün strateji əhəmiyyətli müdafiə qurğularının, yeraltı bunkerlərin inşası ilə məşğul olurdu. Bu obyektlərin inşası üçün lazım olan inşaat materialları ucuz qiymətlərlə “Simeks” və “Simeksko”dan alınırdı. Trepperin şirkətinin ucuz və keyfiyyətli inşaat materialları, tikinti işlərinin aparılması üçün kranlar, betonqarışdıran maşınlar, yol çəkilməsində istifadə olunan texnika almanların rəğbətini qazanmışdı. Hər iki şirkətin almanlarla əməkdaşlığı o qədər genişlənmişdi ki, bu, dərhal general De Qollun başçılıq etdiyi Fransa Müqavimət Hərəkatının diqqətini cəlb etmişdi. Onlar müharibədən sonra almanlarla əməkdaşlıq etdiyinə görə hər iki şirkətin məhkəməyə verilməsi barədə qərar qəbul edərək, onların fəaliyyətini nəzarətə götürmüşdülər. Amma sonra onlar müəyyən etdilər ki, hər iki şirkət həm müqavimət hərəkatının üzvlərinə, həm də almanlar əleyhinə işləyən digər gizli təşkilatlara maliyyə yardımı göstərir. Həqiqətən də, Trepper şirkətlərinin əldə etdiyi gəlirlərin bir hissəsini kəşfiyyat əməliyyatlarına, yüksək səviyyəli məmurların və hərbçilərin ələ alınmasına xərcləyirdi. Moskva ilk dəfə almanların hərbi birləşmələrini SSRİ ilə sərhədə göndərməsi barədə kəşfiyyat məlumatlarını da Trepperdən almışdı. Trepper kəşfiyyat fəaliyyətini daha da intensivləşdirmək üçün sonralar “Qızıl xor” adı verilən gizli mərkəz yaratmışdı.
Alman kəşfiyyatı izə düşür
“Qızıl xor”un fəaliyyətinə almanlarla sıx əlaqələrdə olan Paris fahişələri də cəlb edilmişdilər. Onlar yüksək mükafat əvəzində alman zabitləri və ali vəzifəli məmurlardan məlumatlar əldə edərək, Trepperin yardımçılarına ötürürdülər. Trepper həm də müxtəlif vasitələrlə yüksəkvəzifəli alman zabitlərini SSRİ-nin xeyrinə casusluğa cəlb etmişdi. 1941-ci ilin mayında Trepper Almaniyanın istər kəşfiyyat orqanlarında, istərsə də Reyxstaqda özünün casuslarını yerləşdirmişdi. Qeyd edək ki,Trepper məşhur kəşfiyyatçı Rixard Zorge ilə eyni vaxtda Almaniyanın SSRİ-yə hücum edəcəyi vaxtın tarixi barədə məlumat göndərmişdi. Amma Moskvanın hər iki kəşfiyyatçının məlumatlarına mü-nasibəti birmənalı olmadı. Belə ki, Stalin bu kəşfiyyatçıların Almaniyanın SSRİ-yə 1941-ci il iyun ayının 20-22-də hücum edəcəyi barədəki məlumatlarını təxribat adlandırmışdı. Hətta o bu barədə məlumat verən kəşfiyyatçıların Almaniyanın xeyrinə işləyib-işləməməsi barədə araşdırma aparılması barədə göstəriş də vermişdi. Almaniya SSRİ-yə hücum edəndən sonra Berlindəki sovet səfirliyi fəaliyyətini dayandırmağa məcbur oldu. Həmin vaxt diqqəti cəlb etməmək üçün “Qızıl xor” öz məlumatlarını səfirliyin feldyeger rabitəsi vasitəsilə həyata keçirirdi. “Qızıl xor” məcbur olub xüsusi təyinatlı gizli məlumatları radio ilə göndərməyə başladı. Amma 1941-ci ilin iyun ayının sonlarında alman kəşfiyyatı bu məlumatları ələ keçirərək, “Qızıl xor”un izinə düşür. Ona görə də Trepper Moskva ilə radiorabitənin mərkəzini Brüsselə keçirir. Bu məqsədlə xüsusi kuryer kəşfiyyat məlumatlarını Parisdən Brüsselə gətirir və oradan da məlumatlar birbaşa Moskvaya göndərilir.1941-ci ilin sonlarında alman kəşfiyyatı Brüsseldəki radiomərkəzin izinə düşür. Alman kəşfiyyatı radiomərkəzdə axtarış apararaq alman dilində yazılan kəşfiyyat materialını, gizli yazışmalar üçün boyanı ələ keçirirlər. Axtarışa rəhbərlik edən alman zabiti Pipe otaqda olan üç nəfərin həbs edilməsi barədə göstəriş verir.
Həbs edilənlər arasında Mixail Makarov – Karlos Alamo da vardı. Məhz Makarov işgəncələrə dözməyərək sovet kəşfiyyatının Brüsseldəki fəaliyyəti barədə məlumat verir. Nəticədə almanlar qısa müddətdə Avropadakı sovet kəşfiyyatının izinə düşürlər. Abver (alman kəşfiyyatı) həmçinin ələ keçirilənlərdən aldığı məlumatlar əsasında müəyyən edir ki, Brüsseldəki casusluq şəbəkəsi aşkar olunduqdan sonra SSRİ kəşfiyyatı ağırlıq mərkəzini Parisə keçirib. 1942-ci ildə alman kəşfiyyatı Parisə radioötürücülərin yerini müəyyən etməyə imkan verən xüsusi texniki vasitələr gətirir. Həmin cihazların köməyi ilə müəyyən edilir ki, Paris ətrafındakı rayonlardan birindən Moskvaya xüsusi məlumatlar ötürülür. Bundan əlavə, 1942-ci ilin iyun ayında alman kəşfiyyatı Parisdə Moskvaya gizli məlumatlar göndərən iki Polşa vətəndaşını, ər-arvad Hert və Mira Sokolları həbs edir. Əvvəlcə, onların hər ikisi ağır işgəncələrə məruz qalmalarına baxmayaraq, heç bir tərəfdaşını ələ vermir. Amma sonra Mira ərinin Gestapo tərəfindən güllələnmə təhlükəsi altında olduğunu hiss edərək dözmür və bildiyi bütün sirləri açır. O, nəinki gizli şifrələrin kodunu, həm də üzdən tanıdığı bütün casusların adlarını, hətta təşkilata Trepperin başçılıq etdiyini də söyləyir. Onun Abverə verdiyi məlumatlar əsasında Trepperin ən yaxın əməkdaşlarını həbs edirlər. Abver həmçinin Berlində sovet kəşfiyyat şəbəkəsinin izinə də düşür. Qeyd edək ki, həmin vaxtda Berlində sovet kəşfiyyat qrupuna ober-leytenant Xarro Şultse-Boyzen rəhbərlik edirdi. O, reysmarşal Göringin sevimlisi idi və bütün gizli sənədlərə əli çatırdı. Boyzenə həm Berlinin ali dairələrində, həm də Moskvada inanırdılar. O və həyat yoldaşı Libertas 1936-cı ildən sovet kəşfiyyatına işləyirdilər. Libertas həm də Almaniya Təbliğat Nazirliyində çalışırdı. Onu işi ilə bağlı tez-tez xarici səfərlərə göndərirdilər ki, bu da gizli məlumatların sovet kəşfiyyatına təhlükəsiz ötürülməsinə imkan verirdi. Bu qrupa həmçinin İqtisadiyyat Nazirliyində yüksək vəzifələrdən birini tutan Arvid Xarnak da daxil idi. Onlar sovet kəşfiyyatına işlədikləri dövrdə 500-dən çox xüsusi əhəmiyyətli məlumatları Moskvaya ötürmüşdülər.
Həbslər və edamlar
Moskvaya ötürülən gizli məlumatlara “açar” tapan Abver hələ 20-ci illərdən sovet kəşfiyyatına işləyən yazıçı və rejissor Adamn Kukxofun də izinə düşür. Eyni zamanda Trepperin casusluq şəbəkəsində işləyən mühəndis-rabitəçi, doktor Kuxmerovun da casusluq fəaliyyəti Abverə məlum olur. Kuxmerov Almaniya sənayesində tətbiq edilən çertyojları, alman ordusunda istifadə edilən “yer-hava” tipli raketlərin, uzaqdan idarə edilən bombaların, radiolokasiya qurğularının texniki göstəricilərini əldə edərək, Moskvaya göndərirdi. Bu qrupda yalnız bir rabitəçi vardı. Hans Koppi adlanan bu şəxs kifayət qədər texniki biliyə malik deyildi. Ona görə də o, qısa müddətdə üç ötürücü stansiyanın sıradan çıxmasına səbəb olmuşdu. Brüsseldəki qrupun rəhbəri Kent məsələnin araşdırılması üçün Berlinə gizli teleqram göndərir. Bu teleqramı oxuyan Abver 1942-ci il avqust ayının 30-da 117 nəfəri həbs edir. Onların çoxu işgəncələrə dözməyərək yoldaşlarını ələ verirlər. Kuxmerov da daxil olmaqla, 6 nəfər (5 kişi, 1 qadın) isə bütün işgəncələrə dözərək susurlar. Amma axırda onların da əsəbləri tab gətirmir. İşgəncələrdən boğaza yığılan Kuxmerov iki dəfə özünü öldürmək istəyir. Amma hər dəfə də gözətçi duyuq düşərək ona mane olur. Nəhayət, istintaq zamanı Kuxmerov 6-cı mərtəbədən özünü ataraq həlak olur. Digər 5 nəfər də özlərini öldürməyə imkan tapırlar. 1942-ci ilin dekabr ayında məhkəmə 64 nəfər casusa ölüm hökmü çıxarır. Bunun ardınca Gestapo “Simeks” və “Simeksko”nun fəaliyyəti ilə maraqlanır. Məlum olur ki, Avropanın əksər ölkələrindəki casusluq şəbəkələri məhz bu iki şirkət tərəfindən maliyyələşdirilir. Lakin Gestapo nə bu şirkətlərin rəhbərinin, nə də onun köməkçilərinin izinə düşə bilir.
Trepperi həkim ələ verir
Trepper imkan tapan kimi gizləndiyi binadakı otaqlardan birindən baş verən hadisələr barədə Moskvaya məlumat verir. O, ələ keçməyən əməkdaşlarını Fransanın cənubuna göndərmək və orada fəaliyyətlərini bərpa etmək istəyirdi. İzi itirmək üçünsə o, özünü yalandan yandırmaq və öldüyü barədə gestapoda rəy yaratmaq istəyirdi. Lakin gözlənilmədən vaxtilə onun dişini müalicə edən həkim axtarışda olan Trepperi tanıyır və bu barədə Gestapoya məlumat verir. 1942-ci il dekabr ayının 5-də Trepperi həbs edirlər. Gestapo Trepperi öz tərəfinə çəkmək üçün ona qarşı hər hansı cəzaya əl atmır. Bundan istifadə edən Trepper öz köməkçilərindən Qrosfogel və Kats barədə Gestapoya məlumat verir, həmçinin o, bəzi sirləri də açır. Çünki Trepper bilirdi ki, onsuz da gestapo istəsə, bu sirləri ondan işgəncə yolu ilə alacaq. Gestapo Trepperdən SSRİ kəşfiyyatını aldatmaq üçün radio oyununda istifadə etmək istəyirdi. Trepper özünü elə göstərir ki, guya buna razıdır. Kəşfiyyatçı həmçinin özünün həbs edilməsi barədə məlumatların gizli saxlanılmasını Gestapodan xahiş edir. Bundan əlavə, o, Gestaponu inandıra bilir ki, Moskvaya sağ-salamat olması və fəaliyyətini davam etdirməsi barədə məlumat versin. Bu məlumatı Moskvaya ötürərkən o, həbs edilməsi ilə bağlı bəzi detallar barədə Mərkəzə xəbərdarlıq edə bilir. Bundan əlavə, o, şəhərə gəzməyə çıxarkən risk edərək hələ azadlıqda olan casus qadına həbs edilməsi barədə məlumat ötürə bilir. Yalnız bundan sonra o, Moskva ilə radio oyuna başlayır. Çünki Moskvada artıq onun həbs edilməsi barədə xəbərdar olmuşdular. Radio oyunda Trepper o qədər Gestaponun rəğbətini qazanmışdı ki, artıq ona bir nəfər mühafizəçi ilə şəhərə gəzməyə çıxmağa icazə verirdilər. Bundan istifadə edən Trepper qaçmaq barədə plan cızmışdı. O, onu müşayiət edən Villi Berq adlı almanla növbəti dəfə şəhərə çıxarkən ondan maşından düşərək aptekə getmək üçün icazə verməsini xahiş edir. Heç nədən şübhələnməyən Berq buna etiraz etmir. Trepper yaxşı tanıdığı aptekin arxa qapısından çıxaraq qaçmağa nail olur. Dərhal Sen-Jermendəki pansionatlardan birinə gedərək, orada gizlənən Trepper müharibənin sonuna kimi burada qalır.
Müharibədən sonra Trepper Moskvaya gəlir və birbaşa SSRİ Kəşfiyyat İdarəsinə gedir. Trepperə elə gəlirdi ki, müharibənin udulmasında xüsusi xidmətlərinə görə o, dərhal Stalin tərəfindən qəbul ediləcək və onu ali mükafatlardan biri ilə təltif edəcəklər. Amma Trepper yanılmışdı. Onu nəinki Moskvada xüsusi təntənə ilə qarşılayırlar, əksinə, həbs edirlər. Çünki Stalin Trepperin almanların xeyrinə işlədiyi qənaətində idi. Buna görə də onu saysız-hesabsız sorğulara tuturlar. Alman kəşfiyyatına işlədiyini etiraf etməsi üçün Trepperə ən ağır işgəncələr verilir. Amma o, bunlara mətanətlə dözərək bildirir ki, könüllü şəkildə SSRİ-nin xeyrinə casusluq edib və heç vaxt vətəninə – fəhlə-kəndli hökumətinə xəyanət etməyib. Nəhayət, uzun işgəncələrdən sonra Trepperə on il iş verirlər. 1955-ci ildə heç bir günahı olmadığı üçün o, bəraət alır və həbsdən azad edilir. Bundan sonra Trepper, əvvəlcə, Polşaya, oradan isə İsrailə köçür. Trepper – bu əfsanəvi kəşfiyyatçı 1982- ci ildə dünyasını dəyişir. Onun Almaniyadakı qeyri-adi casusluq fəaliyyəti bu gün də Avropa kəşfiyyat orqanları tərəfindən təqdirlə və hörmətlə qarşılanır. Onun müharibə dövründəki fəaliyyəti barədə Qərbdə çoxlu sayda kitab yazılıb. Lakin onun qədrini yalnız SSRİ-də bilmədilər. Ona görə ki, həmin illərdə SSRİ-də hər addımbaşı düşmən axtarırdılar. Trepperin fəaliyyəti bu gün də kəşfiyyat mərkəzlərində öyrənilir. (son)