Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi…

0
668

Azərbaycan Cumhuriyyətinin 100 illiyinə…
VIII YAZI
Mühacirət dövrünün Azərbaycan türk ziyalılarından Əhməd bəy Ağaoğlunun (1868-1939) fəlsəfi irsi çoxşaxəliliyi ilə fərqlənirdi. Rusiyada, Qərbi Avropada, Yaxın və Orta Şərqdə  şərqşünas, ədəbiyyatşünas, tənqidçi alim kimi tanınmış Ə.Ağaoğlu qədim və orta əsr türk fəlsəfəsi, antik fəlsəfə, zərdüştilik, islam fəlsəfəsi, eyni zamanda orta və yeni dövr Avropa fəlsəfəsini dərindən öyrənmişdir. Mühacirət dövründə, yəni 1920-1940-cı illərdə o, «Uç mədəniyyət» (1920), «Sərbəst insanlar ölkəsində» (1930), «Sərbəst firqə xatirələri» (1931-1932), «Rus ədəbiyyatının ümumi səciyyələri» (1932), «İran və inqilabı» (1934), «Mən kiməm?» (1936-1939), «Tanrı dağında» (1939, İstanbul) və s. əsərlərini qələmə almışdır.
Yuxarıda da qeyd etdiyimiz kimi, Ə.Ağaoğlu mühacirətdə yaşayan və Azərbaycanın istiqlal davasını aparan bir çox Azərbaycan türk ziyalılarından bir qədər fərqli yol tutmuşdu. Belə ki, Ə.Ağaoğlu Malta sürgünündən (1919-1920) sonra, N.Nərimanovun da razılığı üzrə Azərbaycana qayıtmaq şansı olduğu halda, Türkiyəyə üz tutmuş və ömrünün qalan hissəsini, böyük ölçüdə Türkiyə türklüyü uğrunda mücadiləyə həsr etmişdir. 1921-ci ildə Sovet Rusiyasının işğalı altındakı Azərbaycana rəhbərlik edən N.Nərimanova yazdığı məktubunda Ə.Ağaoğlu vətənə qayıtmamasına üç səbəb 1) bolşeviklərlə həmfikir olmamasını; 2) türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə qalmasını; 3) onu əsarətdən qurtaran Ankaraya (Atatürkə) namus borcunun olmasını göstərmişdir. Bu səbəblər arasında türklüyə xidməti özünün ali vəzifəsi hesab edən Ə.Ağaoğlunun fikrincə, türkülük bölünməyə qəbul etməyən tamdır. Beləliklə, türklüyə xidmət çərçivəsində Türkiyə türklüyü uğrunda mübarizəni də özünün vicdani borcu hesab edən Ə.Ağaoğlunun mühacirət dövrü yaradıcılığında mərkəzi yeri islam-türk mədəniyyətinin, ədəbiyyatının, fəlsəfəsinin, demokratiyasının və s. inkişafı tutmuşdur.
Ə.Ağaoğlunun ikinci mühacirət dövründə qələmə aldığı ilk əsərlərdən biri «Üç mədəniyyət»dir (1919-1920, Malta) ki, bu kitabında ziyalı üç fərqli – İslam, Avropa və Budda-Brəhmən mədəniyyətlərinin müqayisəsini aparmış,  bununla da müsəlman-türk dünyasının cəhalətdən, əsarətdən, mədəniyyətsizlikdən və s. qurtulmağın yollarını göstərməyə çalışmışdır. Deməli, Ağaoğlu XX əsrin əvvəllərində olduğu kimi, müsəlman-türk dünyasının oyanışı və inkişafı uğrunda mübarizəni davam etdirmkədə idi. Ziyalı hesab edirdi ki, hansı xalqlar mədəniyyətin bütün sahələrində inkişafa nail olublarsa, digər mədəniyyətə sahib millətlər üzərində hökmran vəziyyətə gəlmişlər. Onun fikrincə, hazırda Avropa-Qərb mədəniyyəti məhz belə bir qalib mövqeyə çatmış, İslam və Budda-Brəhmən mədəniyyətləri isə məğlub duruma düşmüşlər. Ə.Ağaoğlu yazır: «Yenilmə iki cürdür: maddi və mənəvi. Maddi yenilmə o qədər açıqdır ki, artıq zənn edirəm hamımızın beynimizə qədər girdi. Yenilmənin bu qismi bu gün deyil, üç yüz ildən bəri başlamışdır. İslam cəmiyyətləri bir-birinin ardınca və gurultulu bir tərzdə yıxılmaqda və məhv olmaqdadır. Bir çox bağımsız-müstəqil islam hökumətlərindən tək bir dənəsi bu gün özünü qoruya bilmədi. İslamiyyətin son sağlam qalası olan Osmanlılıq da bugünkü pərişan halına düşdü. Artıq bu qədər yıxılma inkar olunacaq kimi deyildir. Bütün bu pərişanlıqlar, bu yıxılmalar, şübhəsiz Qərb mədəniyyəti ilə olan mücadilənin doğrudan-doğruya sonucudur».
Ə.Ağaoğluya görə, İslam və Budda-Brhəmən mədəniyyəti mənəvi baxımdan da Qərb mədəniyyətinə yenilərək, onun şəxsiyyət və özəlliklərini qəbul və iradəsinə tabe olmaq məcburiyyətində qalmışlar. Müsəlmanların və buddistlərin bütün sahələrdə avropalıları təqlidə başladıqlarını irəli sürən Ə.Ağaoğlunun fikrincə, bununla da islam ölkələrində qədim ənənələrə dayanan mühafizəkarlarla Avropa mədəniyyəti tərəfdarları çarpşmağa, ölüm-dirim mücadiləsi verməyə başladılar. Ağaoğlu yazır: «Bir tərəf əskini, ənənəni qorumağa çalışır, o biri tərəf isə bu mühafizəkarlığın ölüm demək olduğunu təqdir edərək, Avropa mədəniyyətini almaq sayəsində varlığını davam etdirməyə çabalayır. Həyatın hər günkü təcrübələri, olayları bu ikinci cərəyana haqq verməkdədir. Avropa mədəniyyətindən qorunmaq istəyən bütün cəmiyyətlərin və özəlliklə islam mədəniyyətinə mənsub olanların hər gün tükənib getməkdə olduqlarını görürük… Sel kimi axıb gələn və qarşısında öz türündən əngəllər görməyən Avropa mədəniyyəti hər şeyi sürükləyib götürür. Bu halda tək çarə yenə o mədəniyyətə isinişmək, onu qəbul etməkdir».
Ziyalı qeyd edir ki, Avropa mədəniyyətini qəbul edənlər arasında fikir ayrılığı vardır. Bəziləri mədəniyyəti elm və fənnə bağlayaraq, Avropa mədəniyyətinin süzgəcdən keçirilməsini və onun yalnız bu tərəfinin qəbul edilməsini irəli sürdükləri halda, başqaları Qərb mədəniyyətinin tam şəkildə mənimsənilməsinin tərəfdarıdırlar. Sonuncuların fikri ilə həmrəy olan Ağaoğlu yazır ki, bir mədəniyyət zümrəsi bölünməz bir bütündür, parçalanmaz, süzgəcdən keçrilə bilməz: «Qalibiyyət və üstünlüyü qazanan onun bütünüdür. Yoxsa ayrı-ayrı filan və yaxud filan qismi deyildir. Avropa sahəsində elm və fənn başqa çevrələrdən ziyadə gəlişirsə, bunun səbəbləri o çevrənin bütünündə aranmalıdır, bugünkü Avropa elm və fənni doğrudan-doğruya öz şərtlərinin və ümumi ünsürlərinin bir əsəridir». Bu baxımdan Ağaoğluya görə, Qərb mədəniyyətini tam qəbul etməli, yalnız geyimlərimizi, evlərimizi, müəssisələrimizi deyil, beynimizi, görüş tərzimizi, qəlbimizi, zehniyyətimizi də ona uyğunlaşdırmalıyıq və bundan kənarda qurtuluş yoxdur.
Alimin fikrincə, türk-müsəlman xalqlarının Qərb mədəniyyətini mənimsəməsi, heç də onların milli  şəxsiyyətini və özünəməxsusluğunu itirməsi demək deyildir. Çünki, yalnız əsasən dil və başqa özünəməxsusluqları (menitalitet) nəzərə almasaq, hər bir millətdə dəyişməyən, ölümsüz bir özəllik yoxdur. Belə ki, tarix boyu hər bir millətin həyatında bir neçə dəfə din, hüquq, əxlaq və s. sahələrdə dəyişiklikər olmuşdur. Ağaoğlu yazır: «Bununla bərabər, bir millətin tarixində ən sağlam olan və həmən dəyişməzlik dərəcəsinə varan amil dildir, yəni yalnız dildir ki, mahiyyəti dəyişmədən özəlliyini daşıyır». Bir sözlə, Ağaoğlunun fikrincə, hər bir millət özünəməxsus xüsusiyyətləri saxlamaqla yanaşı, həmişə dəyişməyə, inkişafa meyillidir. Bu baxımdan mədəniyyət sahəsində məğlub durumda qalan və Qərb mədəniyyətini mənimsəməyə məcburiyyətində olan müsəlman-türk xalqları da, bu addımı atmaqla milli şəxsiyyətlərini itirməyəcəklər.
Fikrimizcə, Ə.Ağaoğlu «Üç mədəniyyət» əsərində islam-türk mədəniyyətinin inkişafı, yəni din, əxlaq, dövlət, cəmiyyət, demokratiya və s. sahələrdə irəli sürdüyü bir sıra görüşlərinin davamı olaraq «Sərbəst insanlar ölkəsində» utopik, siyasi-fəlsəfi əsərini yazmışdır. Ağaoğlunu bu utopik əsəri yazmağa məcbur edən isə din, əxlaq, cəmiyyət, dövlət, hökumət, demokratiya və s. sahələrdə Qərb ölkələrinin əldə etdiyi nailiyyətlərin müsəlman-türk dünyasında, ilk növbədə Türkiyədə əsasən, gerçəkləşməməsi idi. Ağaoğlu özü bu əsərini qələmə almasını, sətiraltı mənada belə izah edir: «Türk milləti dahi rəhbərinin (Atatürkün) təşviqi ilə Cümhuriyyət kimi ən kamil bir idarə şəklini həqiqətə çevirmişdir. Fəqət bu çox incə, çox zərif və ona görə də çox müşkül olan dövlət üsuli-idarəsinin inkişafı və möhkəmlənməsi üçün Cümhuriyyət bizdən, yəni türk millətinin fərdlərindən bəzi mənəvi xüsusiyyətlər tələb edir». Ağaoğlunun türk millətinin fərdlərində görmək istədiyi «bəzi mənəvi xüsusiyyətlər» vətəndaşların azad və sərbəst yaşamaları, ölkənin azad və demokratik şəkildə idarə olunması, maarif və mədəniyyət müəssisələrinin çoxaldılması və s. ilə bağlı idi. O yazır: «Azadlıq yüksək bir vergidir. Azad ola bilmək üçün çox nəcib olmaq lazımdır. Fikir təmizliyi, söz təmizliyi və hərəkət təmizliyi azadlığın əsaslarıdır. Özünü ələ ala bilməyənlər azad ola bilməzlər. Söz sadəliyi və yaşayış sadələyi azadlığın əsaslarıdır».
Bizə elə gəlir ki, Ə.Ağaoğlunun «Mən kiməm?» etik-fəlsəfi əsəri də, ideya təkamülü baxımından «Üç mədəniyyət», «Sərbəst insanlar ölkəsində» traktatlarının davamıdır. Burada o, daha çox insan problemi və əxlaq fəlsəfəsinə toxunsa da, yenə də məsələni Qərb və Şərq cəmiyyətlərini müqayisə şəklində qoymuş və izah etməyə çalışmışdır. Əsərdə başlıca qayəni insanın «ikiləşməsi», gah xeyir, gah da şər obrazında çıxış etməsinin səbəbləri təşkil edir. Müəllifə görə, ağla qara, gündüzlə gecə arasındakı bənzəyiş insanın İçilə Çölü arasındakı bənzəyişdən daha çoxdır. O yazır: «Zahirim batinimə əsəbi və küskündür, batinim zahirimə lənət oxuyur! Demək, mən, mənim mənliyim bu imiş, bu yan-yana gəlməyən, bir-birini inkar edən, bir-birindən iyrənən təzadlar imiş, eləmi? O halda mən qəribə, nə əcaib yarıdılşam. Əcaba, siz də mi beləsiniz, o birilər də belədirlərmi?».
Alim yazır ki, insanın söz aləmi ilə iş aləmi, təsəvvürdəki fəaliyyətlə həqiqi fəaliyyət arasında çox dərin fərqlər olur, onlar nəinki bir-birinə bənzəyir, hətta bir-birini inkar edirlər. Kənardan baxanlar isə belə adamları «dəyişkən», «qeyri-sabit» və s. adlandırırlar. Halbuki burada gunahkar insan deyil, bütün bunlar onun İçilə Çölü arasındakı təzaddan irəli gəlir. Ağaoğlunun fikrincə, əslində buruda problem insanın İçi ilə bağlı deyil, çünki insanın İçi xeyirə xidmət edir. O yazır: «Doğrusunu söyləmək lazım gəlsə, mənim İçim çox yaxşı təbiətli, xoş niyyətli, yaxşılıq sevən, başqaları üçün xeyir istəyən, qəhrəmanlığa aşiq, sədaqətə, doğruluğa məftun bir varlıqdır; elə buna görədir ki, mən danışıq və təsəfvvür aləmində qəhrəmanlıqdan, doğruluqdan, sədaqətdən, vətəndaşlara yaxşılıq eləməkdən hərarətlə, həyəcanla söz açır, yazıram və sizi inandırram ki, bunları edərkən çox səmimiyəm» . Azərbaycan aliminə görə, əgər problem insanın İç dünyası ilə bağlı deyilsə, deməli onu insanın Çölündə axtarmaq lazımdır. Çünki insan sözdən hərəkətə, əmələ keçəndə İçi onu tərk edir və yerini Çölünə verir. Ağaoğlu yazır: «O (insanın Çölü) isə yerinə və şəraitinə uyğun uyğun düşünülmüş və hesablanmış hərəkətlər etdiyindən məni də arxasında sürükləyir. Və baxırsan ki, səhərçağı əleyhinə danışıdığım işi günortadan sonra böyük bir imanla həyata keçirməkdəyəm. İmanı məxsusi olaraq nəzərə çarpıdırıram. Çünki həqiqətən Çölüm belə vəziyyətlərdə tam bir mömin olmağı da bacarır».
Əhməd bəyin fikrincə, insanın İçilə Çölü arasındakı bütün təzadların bircə qaynağı var – Eqoizm! O yazır: «Çölümün ən canlı səciyyəsi özünü istəməkdir, öz nəfsini və faydasını hər şeydən üstün tutmaqdır. Əsas bəla budur, digər təzadlar bundan doğur». Yoxsa, insanın İçi çox yüksək, nəcib, əsil insani duyğularla doludur; insaniyyət, haqq, Vətən və vətəndaş uğrunda mal və nəfs fədakarlığı onun ən çox sevdiyi şeylərdir. Bir sözlə, insan İçində qüvvətli bir altruizm, yəni başqalarının yaxşılığı uğrunda özünü qurbanvermə eşqi vardır. Ancaq insanın İçi nə qədər altruistdirsə, Çölü də bir o qədər eqoistdir.
İnsanın İçilə Çölü arasındakı bu təzadları araşdıran Ə.Ağaoğlu qeyd edir ki, eqoizm və altruizm insanda sonradan əmələgəlmə xüsusiyyətlər deyil, bunlar bioloji, yəni lap əzəldən varlıqla bərabər doğulan amillər imiş. Hətta bu xüsusiyyətlər heyvanlarda da var. O yazır: «Xülasə, canlı kainat bu iki əsas üzərində bərqərar olmuşdur. Lakin varlıqlar təkamül etdikcə altruizm xüsusiyyəti eqoizm üzərində qələbə çalır. Hətta heyvan növləri yüksəldikcə, bunun müqabilində fədakarlıq və bərabərlik kimi altruizm əlamətləri də qüvvətlənmişdir. Əksinə, altruizm xüsusiyyəti az olan heyvan növləri isə dəyişilməkdədir».
Ağaoğlu qeyd edir ki, bu iki amillə bağlı instinkt hərəkət edən heyvanlardan fərqli olaraq, şüurlu insanlar təcrübələrindən, müşahidələrindən nəticə çıxarmaq etibarilə özlərində alturizmi inkişaf etdirməyə çalışırlar. Ancaq bəzi millətlər, xüsusilə Qərb cəmiyyətləri alturizm instinktini inkişaf etdirdikləri halda, Şərq xalqları eqoizmə yuvarlanmışdır. Belə ki, Şərqdə bir şəxs milyonların arasında yaşadığı halda heç kəs ona diqqət yetirmir, təkbaşına buraxılır: «Xəstələri, acları, evsizləri heç kəs düşünmür, vecinə almır. Hələ yoxsul və işçiz yaşlıların qayğısına qalmaq, əlillərin fikrini çəkmək kimsənin ağlına gəlmir. Qərbdə isə belə deyil. Hər kəsin haqqında düşünülür və nəticədə unudulan bir kimsə qalmır. Qərb cəmiyyəti bütün bunları vətəndaşlarının izzəti-nəfslərini incidən və təhqir edən mərhəmət şəklində deyil, onların qarşısında bir borc və vəzifə kimi yerinə yetirir». Ağaoğluna görə, eqoizmlə altruizm arasındakı müvazinətin Qərbdə altruizmin, Şərqdə isə eqoizmin xeyrinə bu qədər pozulmasının səbəbləri 1) Ailə və ailədə qadının vəziyyəti; 2) Məktəb və ədəbiyyatın təsiri; 3) Çox uzun sürən anarxist istibdadın təsiri və sairdir.
Dos., Dr. Faiq Qəzənfəroğlu (Ələkbərli)

BIR CAVAB BURAXIN