Müəllif Hüquqları Agentliyi “Uzundərə” qədim xalq rəqsinin erməni rəqsi kimi təqdim olunması ilə bağlı mövqeyini açıqlayıb.
MHA-dən APA-ya verilən xəbərə görə, son günlər müxtəlif KİV-də bu il iyunun 5-də Rusiyanın Moskva şəhərində keçirilən erməni toy mərasimində Azərbaycan musiqisinin erməni musiqisi kimi səsləndirilməsi barədə informasiyalar yayılıb. Müəllif Hüquqları Agentliyi bu məlumatla bağlı bildirir ki, toydan çəkilmiş və Youtube-də (https://www.youtube.com/watch?v=ir0Skn-ZIbE) yerləşdirilmiş videoda Azərbaycanın qədim milli rəqslərindən olan “Uzundərə”nin sədaları altında rəqs edildiyi göstərilir.
“Uzundərə” rəqsi böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 1910-cu ildə yazdığı “O olmasın, bu olsun” musiqili komediyasında (komediya 1911-ci ildə tamaşaya qoyulmuşdur) və həmin komediya əsasında 1956-cı ildə çəkilmiş eyniadlı filmdə gəlinin gətirilməsi səhnəsində səsləndirilir.
Azərbaycan xalqına məxsus folklor nümunələrini, o cümlədən milli rəqsləri mənimsəmək və özününküləşdirmək erməni mədəni siyasətinin tərkib hissəsinə çevrilib. Vaxtilə ermənilər qədim Azərbaycan nəğmələrini toplayaraq arxivləşdirib, sonradan onları öz dillərinə çevirərək, erməni nümunələri kimi nəşr etdiriblər. Üstəlik çoxlu Azərbaycan musiqi folklor nümunəsi not şəklində dərc edilib. Bu sıraya daxil olan “Uzundərə” və “Ceyranı” Azərbaycan rəqsləri də XIX əsrin axırlarında bu “üsulla” dərc edilərək, bir neçə ildən sonra erməni rəqsləri kimi təqdim olunmağa başlanıb. XVII-XVIII əsrlərin, daha çox da XIX əsrin elə bir erməni əlyazmasına rast gəlmək çətindir ki, onlarda qədim Azərbaycan mahnıları və havaları olmasın. Onların mətnlərinin çoxu Matenadaranda və Ermənistanın digər arxivlərində saxlanılır. Mövcud faktlar göstərir ki, ermənilər tərəfindən xalq mahnıları və havaları kimi təqdim olunan nümunələrin tam əksəriyyəti (90%-ə yaxın) Azərbaycan xalq mahnılarına əsaslanır.
Saysız-hesabsız erməni etirafları barədə ətraflı məlumatları Kamran İmanovun Azərbaycan, rus, ingilis, fransız və türk dillərində çapdan buraxılmış “Erməni yadelli nağılları” (“Armyanskiye inarodnıye skzaki”) kitabından əldə etmək olar. Keçmiş ənənələrinə sadiq qalan ermənilər son vaxtlar Azərbaycan musiqisini erməni nümunələri kimi rəqəmli yazı formasında da yaymağa başlayıblar. Onlar bu məqsədlə ayrı-ayrı ölkələrdə xüsusi səsyazma studiyaları yaradırlar. Hələ bir neçə il əvvəl Rusiya ərazisində Azərbaycan musiqilərini erməni nümunələri kimi yazıb yayan “Ani-Rekords” adlı səsyazma studiyası fəaliyyət göstərirdi. Studiyanın “erməni rəqsləri” kimi təqdim etdiyi rəqslər sırasına digər milli rəqslərimizlə yanaşı “Uzundərə” də daxil edilmişdi.
Müəllif Hüquqları Agentliyinin səyləri nəticəsində Rusiyanın müvafiq dövlət orqanı “Ani-Rekords”un fəaliyyətini dayandırıb və lisenziyasını ləğv edib.
Göstərilən faktlardan göründüyü kimi, erməni plagiatçılığı məqsədyönlü şəkildə ardıcıl olaraq həyata keçirilən bir “siyasət”dir.
Bildiririk ki, “Uzundərə” rəqsinin erməni rəqs nümunəsi kimi təqdim etmək cəhdləri yeni deyil. Belə ki, 2011-ci ildə Rusiyanın “Mir” Dövlətlərarası Teleradio Şirkətində Ermənistan haqqında yayımlanan sənədli filmdə və 2013-cü ilin 18 dekabrında Rusiyanın ORT kanalında yayımlanan “Жить здорово” verilişində erməni mətbəxinə həsr edilən 20 dəqiqəlik süjetdə Azərbaycanın “Uzundərə” qədim xalq rəqsi erməni rəqs nümunəsi kimi təqdim edilib.
Ümumiyyətlə, hər bir erməni ədəbi oğurluğu, o cümlədən yuxarıda göstərilən oğurluq halları barədə Müəllif Hüquqları Agentliyi tərəfindən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına rəsmi etiraz məktubları göndərilib, həmçinin bu barədə geniş, tarixi əsaslara söykənən arayışlar hazırlanaraq kütləvi informasiya vasitələrində yayılıb, saytlarda yerləşdirilib. Qeyd edilən fakt uzun illərdən bəri davam edən erməni ədəbi və musiqi oğurluğunun növbəti bir nümunəsidir. Bu da “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının tələblərini pozulması deməkdir.
Bununla əlaqədar Müəllif Hüquqları Agentliyi müvafiq beynəlxalq strukturlara növbəti dəfə rəsmi etirazını bildirəcək.