Moskvadan Qarabağa dair qəribə bəyanat eşidildi: “Bu, uydurmadır…”

0
303
 

Moskvanın guya Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək barədə təklif verdiyi uydurmadır. Belə bəyanatla Rusiya XİN-in informasiya və mətbuat Departamentnin direktorunun müavini Artyom Kojin çıxış edib.

Moskvanın Azərbaycan və Ermənistan prezidentləri arasında bu ilin payızında görüş təşkil edəcəyi haqda məlumatı bu günlərdə “İzvestiya” qəzeti Rusiya XİN-dəki mənbələrə istinadən yaymışdı. Bildirilirdi ki, Minsk Qrupunun digər həmsədrlərinin, konkret olaraq Fransanı prezidentlərin görüşünü təşkil etmək təşəbbüsü heç bir nəticə verməyib. Beləliklə də prezidentlərin görüşünün təşkili məsələsi ancaq Rusiyanın öhdəsindən gələcəyi məsələyə çevrilib.

İndi Rusiya XİN bu məlumatı təkzib edir və belə görünür ki, heç rəsmi Moskvanın da Qarabağ danışıqlarını bərpa etməyə həvəsi yox imiş. “Biz “İzvestiya” qəzetinin 17 iyul tarixli “Moskva Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edir” başlıqlı məqaləsinə diqqət yetirdik. Qeyd etmək istərdik ki, məqalədə faktiki qeyri-dəqiqliyə yol verilib. Orada Rusiya XİN-dəki mənbəyə istinadən deyilir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqlarında, hansı ki, bu danışıqlar guya ATƏT XİN rəhbərlərinin Mauerbaxdakı görüşündə baş tutub, təklif verilib ki, həmin zaqafqaziya dövlətlərinin rəhbərlərinin Moskvada görüşü təşkil edilsin. Bu, həqiqətə uyğun deyil”-Kojin qeyd edib.

Bu, xeyli qəribə bəyanatdır. Əgər Rusiya tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək üzərində işləmirsə, buna səy göstərmirsə o zaman onun Minsk Qrupunun həmsədri kimi rolu nədən ibarətdir? Axı danışıqlar dayanıb, Ermənistan tərəfi cürbəcür bəhanələr irəli sürərək və  hansısa “yerinə yetirilməyən öhdəliklər” barədə bəhs edərək münaqişənin nizamlanmasına dair son vaxtlar diplomatların tez-tez işlətdikləri ifadə ilə desək, substansiv danışıqlardan yayınır.

Rusiya isə hər dəfə bunu vurğulamaqdan çəkinmir ki, münaqişə üzərində faktiki nəzarət, o cümlədən danışıqlar prosesinin təşkili missiyası və hərbi əməliyyatların dayandırılmasında həlledici söz haqqı məhz ona məxsusdur. O zaman Rusiya tərəfi prezidentlərin danışıqları barədə təklif verməyibsə bu, heç də yaxşı vasitəçilik deyil. Bu, Moskvanın münaqişənin nizamlanması ilə bağlı laqeydliyini göstərmirmi?

Fərhad Məmmədov

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eleven − six =