Bu gün görkəmli salnaməçi Qulam Məmmədlinin (1897-1994) doğum günüdür. 97 illik ömründə böyük işlərə imza atan salnaməçi günümüzdə daha çox “Molla Nəsrəddin” jurnalı ilə bağlı açıqladığı nadir faktlara görə tanınır.
Kult.az 1923-cü ildən 1928-ci ilə kimi “Molla Nəsrəddin” jurnalında işləmiş Qulam Məmmədlinin son müsahibələrindən birində (“Şərq” qəzeti) jurnal haqda açıqladığı faktları təqdim edir:
“Molla Nəsrəddin”i Sultan Əbdülhəmid bağlatdırmışdı
“1907-ci ilin iyununda “Molla Nəsrəddin”də C.Məmmədquluzadənin imzasıyla “Erməni və müsəlman övrətləri” adlı bir felyeton çıxdı. Ruhanilər bu yazının əleyhinə, ziyalılar lehinə mətbuat səhifələrində çıxış etdilər. Bu arada “Molla Nəsrəddin”i bağladılar. Ziyalılar bunun təqsirini mollaların, axundların yazılarında, moizələrində, donoslarında görürdülər. Bir aydan sonra jurnal nəşrə başladı. Sonra tapdığımız sənədlərdən məlum oldu ki, jurnalın bağlanmasında mollaların heç bir iştirakı olmayıb. Osmanlıdan Sultan Əbdülhəmid Rusiya imperatoru II Nikolaya yazmışdı ki, sənin ölkəndə “Molla Nəsrəddin” adlı bir jurnal çıxır. O öz yazıları və karikaturaları ilə məni rüsvay edir. Xahiş edirəm, onu bağlatdırasan. İmperator İkinci Nikolay bu xahişə görə tapşırıb jurnalı bağlatdırır.
Mirzə Cəlil: “Jurnalı ermənicə çıxaraq”
İkinci dəfə jurnal 1917-ci il oktyabr inqilabından bir ay sonra bağlandı. C. Məmmədquluzadə demişdi ki, “biz belə deməmişdik”, – yəni Türkiyədən və İrandan qayıdan rus soldatları yol uzunu İran, Türkiyə və Azərbaycanın kənd və şəhərlərini talayırdılar. Bu barədə Mirzə Cəlilin sağ əli Əliqulu Nəcəfovun (Qəmküsar) “Molla Nəsrəddin”də çap olunmuş bir şeiri var. “Dinmə, danışma ona, saldatdı o”, – təxminən belə başlayır şeir. Bu şeirə görə bağladılar jurnalı. Jurnal üçüncü dəfə 1921-ci ildə Təbrizdə bağlandı. 1920-ci ildə, aprel inqilabından sonra Həmidə xanım Mirzə Cəlili məcbur etdi ki, mal-dövlətlərini götürüb İrana köçsünlər. Mirzə Cəlil Təbrizdə “Molla Nəsrəddin”i azərbaycanca nəşr etmək istədi. Lakin İran hökuməti buna razılıq vermədi – “Gərək jurnal farsca çıxsın” – dedilər. Mirzə Cəlil bunun cavabında dedi: “Təbrizdə ermənilər ermənicə qəzet çıxarırlar. Siz isə Azərbaycan dilində jurnal nəşr etməyə icazə vermirsiniz. Elə isə icazə verin, “Molla Nəsrəddin”i erməni dilində nəşr edim”. Nəhayət, azərbaycancaya icazə verildi, lakin çapdan çıxan səkkiz nömrə bizim tanıdığımız “Molla Nəsrəddin” deyildi.
Məmməd Səid “Molla Nəsrəddin”in qəddar düşməni idi
Mirzə Cəlil və Mərkəzi Komitə arasında mübahisə başladı. “Jurnal necə çıxacaq və nədən yazacaq?” Mirzə Cəlil deyirdi: “Sizdə mətbuat partiya orqanıdır, şəxsi adamlara qəzet çapına icazə verilmir. Mənsə “Molla Nəsrəddin”i özüm yaratmışam, özüm satmışam, özüm də nə istəmişəm, onu yazmışam. Buna icazə verəcəksinizmi?” Nəhayət, 1922-ci ilin dekabrında birinci nömrə (Təbrizdən sonra) çıxdı. Unutmuşam, ya həmin, ya da ki, sonrakı nömrədə Azərbaycan sağmalı inək şəklində təsvir edilmişdi. Əli vedrəli, bankəli, qab-qacaqlı kim varsa, inəyə hücum edib onu sağmaq istəyirdi. Bunlar İngiltərə, Fransa, İtaliya, ABŞ, Rusiya idi. Karikatura böyük hay-küyə səbəb oldu. Mirzə Cəlil bunlara cavabında deyirdi: “Azərbaycan neftini kəndlərimiz gedib qonşu respublikalardan birə on qat baha alıb yandırırlar ki, qaranlıqda qalmasınlar”.
Çox danışıq getdi. M.Cəlil təslim olmadı. M.S.Ordubadini jurnalın üstündə hərbi komissar təyin etdilər. Ondan icazəsiz heç bir yazı gedə bilməzdi.
Ordubadi hələ keçmişdən jurnalın əleyhinə yazanlardan biri idi. M.Cəlil Ordubadiyə yazdığı məktubunda deyir: “Səid, bildiyini elədin, gələn nömrədən mənim adım redaktor kimi o jurnalda yazılsa, mən bilirəm hara şikayət edəcəyəm”.
Ümumiyyətlə, Mirzə Cəlil və məsləkdaşlarının buraxdığı “Molla Nəsrəddin”in ən qəddar düşməni Ordubadi olub. Sübut üçün 20-30 sənəd göstərərəm.
1921-ci ildən sonra “Molla Nəsrəddin” tamam simasını itirdi. Mirzə Cəlil ağır mənəvi və sözün əsl mənasında, maddi çətinliklər içində qaldı. Nəhayət, 1930-cu ildə xəstələndi. 31-in sonunda ağır vəziyyətə düşdü. 1932-ci il yanvarın 4-də dünyanı tərk elədi”.