MKİ İran üçün işləyən casusları pulla ələ alıb

0
439

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Liviya və İranda işləyən isveçli mühəndis və onun iki oğlunu casusluq fəaliyyətinə cəlb edərək bu ölkələrin nüvə proqramı ilə bağlı sirlərini öyrənərək müxtəlif sobatajlar həyata keçirib.

Bu hadisənin tarixi 10-15 il əvvələ gedib çıxır.

Mərkəzi Kəşfiyyat İdarəsi bu iki ölkənin nüvə sirlərini öyrənmək məqsədilə isveçli Tinner ailəsinə casusluq üçün 10 milyon ABŞ dolları ödəyib. Bu ödəmələr nəğd şəkildə, içi pulla dolu çantalar vasitəsilə həyata keçirilir.

Hazırda Mərkəzi Kəşfiyyat İdarəsi öz casuslarını qorumaq məqsədilə ciddi mühafizə işləri həyata keçirir.

İsveçrəli Fredrik Tinner əslində avtomobil ixtiraçısı olub. Tinner İsveçrədə vakuum texnologiyası, borular, nasoslar, klapanlar üzrə ixtisaslaşmış şirkətin sahibi olub. Bu oyunda digər iştirakçı isə Pakistanın atom bombasının atası hesab olunan Əbdülqədir Xan olub.

Tinner ilkin dövrdə sülhsevər ixtiraçı olaraq ortaya çıxsa da, zaman keçdikcə onun adı nüvə qaçqmalçılığı ilə bağlı hallanmağa başlayıb. İran və Liviya kimi nüvə texnologiyasına sahib olmaq istəyən ölkələri qeyri-qanuni olaraq avadanlıqlarla təmin etməkdə şübhəli bilinib.
Tinnerə bu prosesdə iki oğlu – Urs və Makron da dəstək verməyə başlayıb. Fredrik Tinnerlə Əbdülqədir Xanın əməkdaşlığı isə 1990-cı illərin sonuna təsadüf edib. Həmin dövrdə Liviyanın gizli nüvə proqramı üçün Tinner santrifüj nasosu ilə təmin edilməsində vasitəçi olub.

İran “üçün” işləyən MKİ casusları

İsveçli ixtiraçının izinə düşən Mərkəzi Kəşfiyyat İdarəsi ondan casus düzətmək üçün oğlu Urs Tinnerdən istifadə etmək qərarına gəlib. 2000-ci ildə Urs Tinnerlə əlaqəyə keçən MKİ agentləri oğul Tinnerə qanunsuz fəaliyyətlərini davam etdirməklə yanaşı, onlar üçün casusluq etməyi təklif edib. Urs Tinner çox pul qazansa da, daha böyük pullara ehtiyacı olub və bu səbəbdən də onu razı salmaq MKİ agentləri üçün çətin olmayıb. Elə Urs Tinnerə də ixtiraçı atası və qardaşını MKİ üçün casusluq etməyə razı salmaq çətin olmayıb. Beləcə, MKİ agentləri 2003-cü ildə Avstriyanın İnsbruq şəhərində Tinnerlər ailəsi ilə görüşüb. Bu görüş zamanı Tinnerlərin MKİ üçün casus işləməsinin şərtləri razılaşdırılıb.

Liviya nüvə proqramından imtina edir

Beləcə, MKİ-nin agenti statusunu alan isveçrəli casuslar bir yandan qanunsuz fəaliyyətlərini davam etdirir, digər yandan isə MKİ-yə müştəriləri haqqında geniş informasiya ötürürlər. Üstəlik ABŞ mütəxəssisləri tərəfindən hazırlanan qüsurlu avadanlıqlar vasitəsilə müştərilərini sobataj etməyi bacarırlar. Bu xidmətin qarşılığı olaraq MKİ-dən 10 milyon dollar nəğd pul alırlar.

MKİ ilə əməkdaşlıq etmələrindən dörd ay sonra nüvə silahı əldə etməklə bağlı proqram çərçivəsində Liviyaya göndərdikləri avadanlıqlar yolda ələ keçirilir. Nəticədə Liviya nüvə silah proqramından vaz keçməyə məcbur olur və ABŞ bu durumdan razı qalır.

Atom allahı casusları satır

Beynəlxalq nüvə qaçaqmalçılığında önəmli şəxslərdən sayılan pakistanlı Əbdülqadir Xan bu dövrdə ciddi təzyiqlərlə üzləşməli olur və əməkdaşlıq etdiyi bəzi şəxslərin siyahısını açıqlayır. Bunun nəticəsində Tinnerlər ailəsi həbs edilir. Onların kompüterlərində nüvə qaçaqmalçılığı ilə əlaqədar çox əhəmiyyətli informasiyalar və sənədlər ələ keçir. Bu sənədlər təkcə İsveçrə müstəntiqlərinin deyil, beynəlxalq atom enerjisi mütəxəsislərinin də diqqətini çəkir. Buna baxmayaraq, həbs edilən Tinnerlər ailəsinin 3 üzvü 2006-ci ilin mayında həbsxanadan buraxılır. Bu şəxslərin azad edilməsi ABŞ-ın sayəsində baş tutur. 2006-cı ildən şərti azadlığa çıxan Tinnerlər haqqında araşdırma davam etdirilir. Ən son məlumata görə, ata Tinner hazırda İsveçrənin Haaqa şəhərində yaşayır. Jurnalistlərin suallarına isə “danışmamaq üçün iltizam vermişəm” deyərək sirləri açmır.

Qeyd edək ki, ilk dəfə Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəxəssisləri Liviyada araşdırma apardıqdan sonra bu ölkənin nüvə silahı hazırlamaq istədiyini ortaya çıxarıb. 2003-cü ildə Liviya və İranda araşdırma aparan mütəxəssislər müvə proqramında istifadə etmək məqsədilə qurulan vakuum nasoslarının normal istehsal edilmədiyini müəyyən ediblər. Bundan sonra vakuum nasoslarının izinə düşən mütəxəssislər bu xatalı qurğuların parçalarını ilk atom bombasının hazırlandığı Yeni Mexikodakı Los Alamos Laboratoriyasından çıxdığını və Almaniyadakı Pfayfer Vakuum Şirkətinin vasitəsilə yollandığını qeyd ediblər. Mütəxəssislər müəyyən ediblər ki, bu cihazlar bilərəkdən işləməyəcək formada istehsal edilib.

“Nyu York Times” qəzeti həmin dövrdə qeyd edirdi ki, Tinnerlər ailəsi ilə əməkdaşlıq edən Əbdülqadir Xan İranın nüvə stansiyalarını generatorla təmin etmək məqsədilə Türkiyədə iki sənaye avadanlığı istehsal edən şirkətlə işləyib. İran Türkiyədən gətirilən bu generatorları uranın zənginləşdirilməsi prosesinə montaj edib. Ancaq 2006-cı ildə mətbuatda xəbərlər gedib ki, bu generatorların fəaliyyətinin pozulması nəticəsində uranın zənginləşdirilməsi üçün istifadə edilən 50 nasos birdən partlayıb.

İranın Atom Enerjisi Agentliyinin o dövrdəki rəhbəri Qulamrza Ağazadə isə bəyan edir ki, generatorların qüsurlu olduğunu təsbit ediblər və artıq öz mütəxəssisləri bu cür avadanlıqları nəzarətdən keçirir. Teleqraf.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

11 − three =