Misirdə Tarix İnstitutunun ərəbcə nəşrlərinin təqdimatı olub

0
680

Misir Ərəb Respublikasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun ərəb dilindəki nəşrlərinin təqdimatı keçirilib.

Arazinfo.com-a Tarix İnstitutundan verilən məlumata görə, tədbiri Azərbaycanın Misirdəki səfirliyi təşkil edib.

Təqdimat mərasimində Tarix İnstitutunun nümayəndə heyəti, Misirin nüfuzlu elm və ictimai xadimləri, azərbaycanlı və misirli tələbələr iştirak ediblər.

Tədbirdə Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, professor Usamə Əl-Əbd və başqaları çıxış ediblər.

Yaqub Mahmudov ərəb dilindəki nəşrlər – “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “Çuxursəd hakimləri və İrəvan xanları” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitabları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra professor Usamə Əl-Əbdə Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.

Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Misirdəki səfirliyində azərbaycanlı və misirli tələbələrlə görüşüb. Görüşdə Misirdə təhsil alan azərbaycanlı tələbələr və Azərbaycan dilini öyrənən bir qrup misirli tələbə iştirak edib. Sonda tələbələrə Tarix İnstitutunun ərəb dilindəki nəşrləri təqdim olunub.