Misir Liviyaya hərbi müdaxiləyə hazırlaşır

0
1337

Son dövrlərdə Liviya ətrafında cərəyan hadisələr tədricən yeni mərhələyə qədəm qoymaqdadır. Belə ki, Liviya Milli Razılıq Hökumətinə məxsus qüvvələrin qiyamçı general Xəlifə Həftərə qarşı aparılan döyüşlərdə uğurlar əldə etməsi ölkə xaricində bəzi qüvvələr tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, Həftərin uğursuzluğa dükar olması onu dəstəkləyən dövlətlər, o cümlədən Misir, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və digərləri tərəfindən narahatlıqla qarşılanıb. Rusiya dərhal Həftərə kömək üçün 15-16 ədəd qırıcı təyyarə, hərbi vertolyotlar,  həmçinin muzdlu əsgərlər göndərib. Xatırladaq ki, Həftərin tərəfində həmçinin Vaqnerin rəhbərliyi altında Rusiya muzdlularından təşkil edilən silahlı dəstələr döyüşür. Lakin bütün bunlara baxmayaraq Həftərin son döyüşlərdə uğursuzluğa dükar  olması onu dəstəkləyən ölkələr tərəfindən birmənalı qarşılanmayıb. Bu müstəvidə də Həftərin  son döyüşlərdə uğursuzluğa dükar olmasından ən çox narahat olan ölkələrdən biri Liviyaya qonşu olan Misirdir. Vəziyyətin dəyişdiyini görən Misir Həftəri xilas etmək üçün müxtəlif vasitələrə əl atmaqdadır. Bunu Misir tərəfindən Liviyaya  qarşı sərt addımlar atmağa hazırlaşması da bir daha təsdiq etməkdədir. Belə ki, bir neçə gün öncə prezident Abdel Fəttah əs-Sisi bildirib ki, Misir öz qoşunlarını Liviya ərazisinə yeritmək hüququna malikdir və zərurət yaranarsa, bunu edəcək. Bununla o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Liviya tərəfdarlarının hərbi bəyanatlarına və hərəkətlərinə cavab verib. Rəsmi Ankara çoxlu sayda təşkilat və dövlətin, o cümlədən Rusiya və ABŞ-ın dəstəklədiyi Liviyada sülh yolu ilə nizamlama planını rədd edib və güman ki, münaqişənin güc yolu ilə həllinə ümid edir.

Qahirənin qonşu ölkədə gedən vətəndaş müharibəsinə birbaşa müdaxiləyə hazırlaşması barədə açıqlamanı əs-Sisi Liviya sərhədinin yaxınlığında Sidi-Barrani hərbi bazasına səfəri zamanı verib. O, “liviyalı qardaşlara kömək” in qan tökülməsinə son qoymaq olmasından və Misir ərazisini terror qruplarından qorumaq zərurətindən danışıb. “Misirin Liviyaya istənilən birbaşa müdaxiləsinə indi beynəlxalq legitimliyə malik addım kimi baxılır”, – əs-Sisi bildirib.

Ertəsi gün isə Misir parlamenti onu dəstəklədi və qoşunların xaricə göndərilməsinə icazə verməyə hazır olduğunu bildirdi.

Yeri gəlmişkən onu da deyək ki, Əs-Sisi məlum açıqlamasında “Türkiyə” sözünü deməyib. Amma onun nitqinin kontekstindən belə çıxır ki, o, Ərdoğanın və Fariz Saracın rəhbərlik etdiyi Liviya hökumətinin bu yaxınlarda həyata keçirdiyi hərbi əməliyyatlara  birbaşa aidiyyəti var. Bu arada isə BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik Misir Prezidentinin açıqlamasını şərh edərkən deyib ki, Liviyaya lazım olan ən sonuncu şey kənar müdaxilədir.

“Liviyada tərəflərin öz ərazisində əcnəbi döyüşçülərə və hərbçilərə qətiyyən ehtiyacı yoxdur”, – deyə BMT rəsmisi bildirib.

Liviya hökumət qüvvələrinin sözçüsü Məhəmməd Kununu isə deyib ki, bizim üçün əhəmiyyəti olmayan açıqlamalar verənlər diqqətlərini ölkəsindəki terrora yönəltsinlər..

“Məlum şəxsin sözlərini bir qulağımızdan alıb digərindən buraxırıq. Vaxtlarını boş yerə itirməsinlər. Ölkələrindəki terrora diqqətlərini ayırmağı tövsiyə edirəm. Heç kim bizə ağıl öyrətməyə başlamasın”, – M.Kununu bildirib.

Hadisələrin gedişi göstərir ki, Liviya Milli Razılıq Hökumətinə məxsus güclərin Xəlifə Həftərin  komandanlığı altında Liviya Milli Ordusuna (LNA) endırdıyı ağır zərbələr isə Misiri çətin vəziyyətə salıb. Əvvəlcə Həftəri darmadağın olmaqdan xilas etmək üçün iyunun əvvəlində əs-Sisi Liviyada atəşi dayandırmaq təklifi ilə çıxış edib. Prezident həmçinin “Qahirə təşəbbüsü” adlandırılan və Liviyada normal həyatın bərpasını nəzərdə tutan atəşkəs  planını təklif edib.

Sisinin planında seçkilərin keçirilməsi, konstitusiyayönümlülüyün (Konstitusiya Bəyannaməsi adlandırılan) qəbul edilməsi və ölkənin üç regionunun Fezsan, Kirenaika və Tripolitaniyanın təmsil olunacağı Prezident Şurasının yaradılması nəzərdə tutulur. Kirenaikdə LIN, Tripolitaniyada isə  Liviya Milli Razılıq Hökumətinin mövqeləri güclüdür. “Qahirə təşəbbüsü” nün məlumatına görə, vətəndaş müharibəsinin hər iki iştirakçısına dəstək verən xarici qüvvələr tərəflərə danışıqlar masası  arxasında oturması üçün təzyiq göstərməlidirlər. Həftər Rusiya və Misirlə yaxşı əlaqələrə malikdir, Milli Razılıq Hökuməti isə Türkiyənin himayəsindən istifadə edir “Qahirə təşəbbüsü” ni Moskva və Vaşinqtonda bəyəndilər, onu Avropa İttifaqı və Ərəb Dövlətləri Liqası dəstəklədi. Amma Türkiyənin reaksiyası fərqli oldu. Ankarada Ərdoğan ilə görüşdən sonra Sarac Misirin təşəbbüsünü rədd edib. O bildirib ki, Həftər  layiqli cəza almalıdır. “Mən həftərçilərə deyirəm: bu, sonunuzun başlanğıcıdır. Liviyadan əl çəkin. Biz düşmənlə onların axırına çıxana kimi  mübarizə aparacağıq, döyüşləri yarımçıq dayanmayacağıq”, – Sarac bildirib.

Bu cür cəsarət son zamanlar döyüşlərdə Sarac güclərinin  qazandığı uğurlarla izah olunur. Sarac qoşunları Türkiyənin dəstəyi ilə uzun sürən döyüşlərdən sonra Həftər qüvvələrini Tripolidən uzaqlaşdıra bildi. Milli Razılıq Hökumətinin Daxili işlər naziri  Fəthi Başaqın hərbi bəyanatı da diqqəti cəlb edib. O qeyd edib ki, Həftərlə siyasi danışıqlar yalnız ona məxsus güclərin Sirt və əl-Cufradan çıxmasından sonra mümkündür. Guya bu iki şəhərdə Rusiya hərbi bazalar yaratmaq istəyir ki, buna Milli Razılıq Hökuməti mane olmaq istəyir. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə Almaniya mətbuatına açıqlamasında deyib ki, Liviya məsələsinin həll ilə bağlı danışıqlarda Xəlifə Həftər yer almayacaq. Həftər şansını itirib. Artıq onun üçün gecdir. Angela Merkelin də Haftarın Berlindəki hərəkətlərindən necə məyus olduğunu şəxsən gördüm.

O, Moskvada bizim atəşkəslə bağlı səylərimizdən fürsət kimi istifadə etmədi. Hücumu seçdi və ölkəyə rəhbərlik etmək istədiyini açıqladı. İndi isə küncə sıxılıb və atəşkəslə maraqlanır”, – Çavuşoğlu bildirib.

“Sirt və əl-Cufra keçməyə imkan verməyəcəyimiz qırmızı xəttdir”, – bunu Sidi – Barrani hərbi bazasında əs-Sisi bildirib. Bu iki şəhərin qarşıduran tərəflər arasında diqqət mərkəzində olması da təsadüfi deyil. Sirt körfəzinin sahilində “neft Aypara” yerləşir. Burada Liviyanın karbohidrogen ixracının 60% – ni təmin edən terminallar var. El-Cufrda isə ölkənin ən böyük aviabazası mövcuddur. Bu baza olmadan “neft Aypara” ya nəzarət etmək mümkün deyil. İyunun 6-dan etibarən Milli Razılıq Hökuməti gücləri Sirt və Əl-Cufranı ələ keçirmək məqsədi ilə “Qələbə yolu”əməliyyatına başlayıb.  Bu hücumda türk qoşunlarının oynadığı rol hələlik tam şəkildə  aydın deyil. “Əs-Sisi utanmadan bütün dünyaya bəyan edib ki, Türkiyənin “neft Aypara”sı ərazisinə buraxılmamasında maraqlıdır. Ankara və Qahirə çoxdan gərgin münasibətlərə malikdirlər. İndi Türkiyə Liviyada uzunmüddət qalmaq planlarına malik olduğunu açıqlayır. Misir isə artıq on illərdir ki, Liviya nefti və iqtisadiyyatına bağlıdır. Vətəndaş müharibəsinə baxmayaraq, Liviyada hələ də çoxlu sayda misirlilər işləyir”, – deyə Ali İqtisadiyyat Məktəbinin Şərqşünaslıq Məktəbinin baş müəllimi Andrey Çuprıgin bildirib. Ekspertin fikrincə, bölgədə vəziyyətin hansı istiqamətdə inkişaf etdiriləcəyi xarici oyunçulardan asılıdır. Hələlik əs-Sisinin mövqeyini yalnız onun köhnə müttəfiqləri olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri dəstəkləyiblər. Nə ABŞ, nə də Rusiya Misir Prezidentinin  verdiyi bəyanatla bağlı fikir bildirmədilər. Məlumdur ki, şənbə günü Rusiya və Türkiyə XİN başçıları Sergey Lavrovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Rusiya XİN-in mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı Yaxın Şərqdəki vəziyyət, o cümlədən  Liviyada atəşkəs rejiminin tezliklə qurulmasının zəruriliyi vurğulanıb.  Onu da deyək ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü iləbaş tutub.

“Hər kəs bundan sonra nə edəcəyini düşünür. Amma çətin ki, Liviyada marağı olan böyük oyunçular  bölgədə baş verənlərə biganə qalsınlar. Çətin ki, onların hər biri Türkiyə və Misir müharibəsində maraqlı olsun. Axı bu, 1967-ci ildən Yaxın Şərqdə olmayan nəhəng münaqişə olacaqdır. Bu münaqişədə isə itirən bütün tərəflər olacaq”, – deyə Çuprıgin bildirir.

Beləliklə Liviyada vəziyyət qeyri-müəyyən olaraq qalmaqda davam edir və hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini öncədən proqnazlaşdırmaq olduqca çətindir.

Əziz Mustafa

Arazinfo.com